• cümə, 29 Mart, 15:00
  • Baku Bakı 14°C

“Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxıb”

25.09.14 12:46 908
“Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxıb”
ADP sədri Sərdar Cəlaloğlu həbsdə olan hüquq müdafiəçilərinin, QHT rəhbərlərinin müdafiəsi məqsədilə Birləşmiş Hüquq Müdafiə Mərkəzi adı altında yaradılan, sonradan adı dəyişdirilərək Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi adlandırılan qurumun artıq faktiki siyasi partiyaların bloku kimi fəaliyyətə başladığını bildirib.
S. Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, siyasi partiyalar bir araya gələrək müəyyən bir mərkəz yaradıbsa, bu, həmin mərkəzin siyasi bir bloka çevrilməsi, ən azı siyasi blok kimi fəaliyyət göstərməsi ilə nəticələnməli idi və bu gün müşahidə edilənlər də budur.
Qeyd edək ki, Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində KXCP, Müsavat, ADP, Ümid, ALDP, Azadlıq, Böyük Azərbaycan, Azad Demokratlar, VİP və AXP bir araya gəlib. Mərkəzin son toplantısında proporsional seçki sisteminin bərpasına dair ümumxalq referendumunun keçirilməsi təşəbbüsü və 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərinə münasibətin müəyyənləşməsi məsələləri də daxil olmaqla, 2018-ci ilə qədər demokratikləşmə konsepsiyasının hazırlanması barədə təkliflər üzrə sənədlərin hazırlanması qərar alınıb.
Bu qərarları şərh edən S. Cəlaloğlu deyib ki, siyasi partiyalar hüquq-müdafiə təşkilatlarının funksiyalarını üzərlərinə götürə, o funksiyanı yerinə yetirə bilməzlər. Sadəcə, siyasi partiyalar hüquq və azadlıqlarının qorunmasını siyasiləşdirə, yaxud onun siyasi yollarını reallaşdıra bilər: “Biz gedib insan hüquqları və azadlıqları ilə məşğul olan QHT ola bilmərik ki?! İnsan hüquq və azadlıqlarını qoruyuruq, lakin metod və üsullarımız siyasi olduğuna görə bizim bu hüquqların qorunması ilə bağlı yaratdığımız təşkilatlar da siyasi mahiyyətlidir. Qanun da bizə ictimai təşkilatlar yaratmağa icazə vermir”.
S. Cəlaloğlu deyib ki, Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində bir araya gələn partiyalar parlament, o cümlədən qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak edə bilər: “Şəxsən mən Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin seçki blokuna, siyasi bloka çevrilməsinin tərəfdarıyam”.
S. Cəlaloğlu Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin iclaslarına sədrlik edən KXCP sədri Mirmahmud Mirəlioğlunun da artıq Milli Şuranın üzvü olmadığını söyləyib: “Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxıb, Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təsisçilərindən biridir və Mərkəzin iclasları KXCP-nin qərargahında, Mirmahmud Mirəlioğlunun sədrliyi altında keçirilir. Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində Milli Şuraya üzv olan şəxslər yoxdur”.
banner

Oxşar Xəbərlər