• şənbə, 20 Aprel, 11:42
  • Baku Bakı 14°C

Mirhəsən Seyidov yenidən “İrəli”nin İdarə Heyətinin sədri seçildi

19.12.16 18:32 2062
Mirhəsən Seyidov yenidən “İrəli”nin İdarə Heyətinin sədri seçildi
Dünən "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. Dövlət himninin səsləndirilməsindən, reqlamentin müəyyənləşdirilməsindən sonra konfrans işinə başlayıb və birliyin 2014-2016-cı illərdəki fəaliyyəti haqda video-çarx nümayiş olunub. Qeyd edilib ki, iki il ərzində birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 genişmiqyaslı layihə, o cümlədən "Mənim gənclər təşkilatım", "Şəxsi inkişaf", "Münaqişə tərəfi Azərbaycan", "Xaricdən milli baxış", "Region gənclərinin əməkdaşlıq forumu", "Multikultural dəyərlərin təbliği", "Azərbaycan gəncliyinə dəstək" (SAY) və s. həyata keçirib. Həmin tədbirlərdə ümumilikdə iki mindən çox gənc iştirak edib. "İrəli"nin "Bakı-2015" birinci Avropa Oyunlarına dəstək məqsədilə təşkil etdiyi kampaniyaya on minlərlə gənc qoşulub. Bununla yanaşı, "İrəli" İctimai Birliyi 1700-dək gənci əhatə edən 18 layihəni dəstəkləyib. İctimai Birliyin radiosu olan "İradio" qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, gənclərin sevimli radiosuna çevrilib. O da qeyd olunub ki, son iki ildə "İrəli" İctimai Birliyi yeni üzvlərin cəlb olunmasını genişləndirmək üçün onlayn qeydiyyat sistemini daha da təkmilləşdirib. Son iki ildə 3854 gənc İctimai Birliyin sıralarına daxil olub. Bu müddətdə dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib.
Daha sonra keçirilən səsvermə nəticəsində Mirhəsən Seyidov yenidən "İrəli" İctimai Birliyinin sədri seçilib. O çıxışında deyib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində bu gün ölkə gəncləri onlar üçün yaradılan əlverişli imkanlardan istifadə edir və mühüm uğurlar qazanır: "Birlik ötən iki ildə qarşıya qoyulan əsas hədəflərə nail olub. Son iki ildə Azərbaycanın 60-dan çox regionunda, o cümlədən qoşunların təmas xəttində müxtəlif tədbirlər keçirilib. "İrəli" İctimai Birliyi "Bakı-2015" birinci Avropa Oyunları zamanı olduğu kimi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının da təbliğində fəal iştirak edir. Birliyimizlə səmərəli əməkdaşlığa görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə, Gənclər və İdman Nazirliyinə, Prezident yanında Gənclər Fonduna, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fonduna və digər qurumlara minnətdarlıq edirik”.
Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır: "Ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyətini dəstəkləyən bir sıra dövlət qurumları fəaliyyət göstərir. Hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatı var. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevindirici haldır ki, Azərbaycandakı gənclər təşkilatlarının, o cümlədən "İrəli" İctimai Birliyinin üzvləri olan gənclərimiz ölkəmizin inkişafında fəal iştirak edirlər. Onlara daha böyük nailiyyətlər arzulayıram”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 1993-cü illərdə yaşanan hadisələrdən söz açıb: "Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclər sahəsində dövlət siyasəti formalaşdırıldı, bu sahəyə yüksək diqqət və qayğı göstərilməyə başlandı. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Dövlət gənclər siyasətini uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə dövlət proqramları qəbul olundu, mühüm tədbirlər reallaşdırıldı. Bunun sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. "İrəli" İctimai Birliyinin hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndiririk. Gələcəkdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inanırıq”.
Qeyd edək ki, konfransa başlamazdan əvvəl "İrəli” İctimai Birliyinin 350 nəfər üzvü, həmçinin təşkilatın sədri və idarə heyəti nümayəndələrindən ibarət heyət Fəxri Xiyabanı ziyarət edib, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və güllər qoyub. Daha sonra heyət Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi də ehtiramla yad edib, "Əbədi Məşəl” abidəsinin önünə əklil və güllər qoyub.

Şəfa Tapdıq


banner

Oxşar Xəbərlər