• cümə axşamı, 28 mart, 13:03
  • Baku Bakı 16°C

Miqrasiya Xidmətinin rəisi Meksika səfiri ilə görüşüb

17.04.18 16:24 637
Miqrasiya Xidmətinin rəisi Meksika səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrsiya xidməti müşaviri Firudin Nəbiyev Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşündə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən və bu münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün görülən işlərdən danışıb.
Xidmət rəisi Meksikanın qanunverici orqanı tərəfindən Ermənistan-Azərbaycan, DağlıqQarabağmünaqişəsi vəXocalısoyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Bildirib ki, Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkan kimi tanınır. Əlbəttə, təhlükəsiz ölkələr sırasına daxil edilən respublikamızda bu cür tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Firudin Nəbiyev son illər Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat və digər sahələrdə beynəlxalq layihələrin həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və bütün bunların nəticəsi olaraq 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində cənab İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsini məmnunluqla diqqətə çatdırıb.
Ölkəmizdə əldə olunan uğurların və respublikamızın əlverişli coğrafi mövqeyinin miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxardığını qeyd edən F.Nəbiyev vaxtı ilə ölkə ərazisini tərk etmiş vətəndaşların geriyə dönmə tendensiyasının artdığını və Azərbaycanın miqrasiya baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini bildirib. Respublikamızın miqrasiya qanunvericiliyi haqqında söhbət açan Xidmət rəisi ölkəmizdə ilk dəfə qəbul edilmiş Miqrasiya Məcəlləsinə digər ölkələrdə böyük marağın olduğunu deyib. Ölkəmizin miqrasiya sahəsində BMT, BMT QAK, BMqT, Aİ, MSİBM və s. kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı dərinləşdirdiyini söyləyib. Qeyd edib ki, görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə miqrantların hüquqlarının müdafiəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Turizmin inkişafı ilə bağlı görülən işlərə toxunan Xidmət rəisi 2017-ci ilin əvvəlindən "ASAN Viza” sisteminin tətbiqi nəticəsində ölkəmizə gələnlərin sayının artım dinamikasından bəhs edib. O cümlədən ölkəmizdən Avropa və digər ölkələrə qanunsuz yolla getmək üçün tranzit ölkəsi kimi istifadə hallarına qarşı səmərəli mübarizə tədbirlərindən söhbət açıb.
Dünyada baş verən miqrasiya prosesləri barədə fikir mübadiləsi ilə davam etdirilən görüşdə F.Nəbiyev 2017-ci il dekabrın 4-dən 6-dək Meksikanın Puerto-Vallarta şəhərində keçirilən "Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt”ın qəbul ediləcəyi hökumətlərarası konfransın hazırlıq görüşündə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin də iştirakı barədə danışıb. Miqrasiya üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, bu sahədə idarəetmənin gücləndirilməsinin və təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqinin qarşıya qoyulmuş məqsədlərə daha tez çatmaqda öz töhfəsini verəcəyinə inam ifadə edən Xidmət rəisi Azərbaycanın bu istiqamətdə öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Səfir Rodriqo Labardini Azərbaycanın miqrasiya sahəsində müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib. Azərbaycanın mövcud miqrasiya idarəçiliyi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Diplomat iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

banner

Oxşar Xəbərlər