• şənbə, 20 Aprel, 03:09
  • Baku Bakı 15°C

Miqrasiya proseslərinin idarə olunması dövlətin prioritet sahələrindən biri hesab olunur

14.03.17 13:00 3316
Miqrasiya proseslərinin idarə olunması dövlətin prioritet sahələrindən biri hesab olunur
"7 ilə yaxındır ki, Azərbaycanda yaşayıram. Buraya təhsil almaq üçün gəlmişəm. Əvvəllər hər dəfə bura gələndə miqrasiya məsələləri ilə bağlı müxtəlif sənədlər tələb olunurdu ki, bu da bizim işimizi xeyli çətinləşdirirdi. Müxtəlif qurumlardan sənəd toplamaq olduqca çətin idi. Lakin Azərbaycanda bu sahədə son iki ildə oturuşmuş bir sistem fəaliyyət göstərir və bu kimi problemlər artıq arxada qalıb. Yeni sistemin fəaliyyəti mənimlə yanaşı bu ölkəyə gələn digər miqrantları da qane edir. Təbii ki, müsbət məqamları qeyd etməklə yanaşı bəzi çatışmazlıqları da vurğulamalıyam. Məsələn, qan testi üçün hər dəfə fərqli miqdarda rüsum tələb olunur. Bir il 50, daha sonra 70, bu il isə bu məbləğ 90 manatadək qalxıb. Belə problemlərin öz həllini tapmasını arzu edirəm”.
Bu sözləri bizimlə söhbət zamanı Azərbaycana təhsil almaq üçün gələn Ali Osman Düğdü dedi. Ölkəmizdə Osman kimi miqrant olaraq uzun müddət yaşayan, təhsil alan, işləyən minlərlə mühacir var. Azərbaycan inkişaf etdikcə buraya xaricdən axın edənlərin sayı da günü-gündən artmaqdadır. Bəs görəsən miqrantlarla bağlı hansı yeni tədbirlər görülüb? Miqrantların hüquq və vəzifələri qanunvericilikdə necə tənzimlənir? Gəlmələrə cəmiyyətdə münasibət necədir və onların cəmiyyətə inteqrasiya etməsi üçün nə etməliyik?
Azərbaycan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib
2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çıxış edərək, bəzi məqamları vurğulayıb. O qeyd edib ki, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin, idarəetmə sisteminin inkişaf etdirilməsinin, qanunsuz miqrasiyanın qarşısının alınmasının, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin və müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin vahid dövlət orqanı tərəfindən aparılması bu sahədə işlərin effektivliyini daha da artırıb: "Ötən dövr ərzində miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə qanunvericilik bazası möhkəmləndirilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti işini müasir tələblərə uyğun qurub. Məlum olduğu kimi, müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Hazırda biz İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid oluruq. Dünyada, ümumilikdə, 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşüb. Vətəndaşlığı olmayan şəxslərin sayı isə 10 milyona yaxınlaşıb”.
F.Nəbiyev deyib ki, bu gün Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və görülən işlər həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: "Bununla belə, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik iqtisadi inkişaf, aparılan uğurlu xarici siyasət ölkəmizi miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimiz mənşə ölkəsindən müasir və sürətlə inkişaf edən tranzit və təyinat ölkəsinə çevrilib. Bununla yanaşı, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amil kimi qeyd edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb. "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə” prinsipinin tətbiqi haqqında” imzalanmış 2009-cu il 4 mart tarixli Fərmanın tətbiqi bu sahədə operativliyi, sənədləşmənin sadələşməsini və həllini gözləyən bir çox problemin aradan qaldırılmasını təmin edib. 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi istər MDB, istər Avropa, istərsə də digər dövlətlərin marağına səbəb olub və ölkəmizin bu sahədəki təcrübəsi həmin dövlətlər tərəfindən öyrənilməkdədir.
"Düzgün idarə olunan miqrasiya prosesləri dövlətə müəyyən töhfələr verə bilir”
Miqrasiya Resurs Mərkəzinin rəhbəri Hüquqşünas Azər Allahverənov bildirdi ki, bu sahədə görülən tədbirlərdən ən vacibi Miqrasiya Məcəlləsinin qəbul olunması idi: "Əvvəllər qanunvericilikdə bununla bağlı bəzi ziddiyyətli məqamlar var idi və bu ziddiyyətli məqamlar müəyyən tədbirlərin həyata keçməsinə maneə olurdu. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin qəbul edilməsi olduqca vacib bir məsələ idi. Həmçinin Miqrasiya Məcəlləsi qəbul olunduqdan sonra vaxtaşırı olaraq ayrı-ayrı müddəalar üzrə təkmilləşdirilərək, çoxsaylı qanun və normativ aktlar qəbul olunub. Miqrantların Azərbaycana gətirilməsi, qaytarılması və s. kimi vacib məsələlər sırf qanunvericiliklə tənzimlənir. Artıq bu işdə yeni müddəaların tətbiq olunmasına başlanılıb. Azərbaycana gəlib qeydiyyata düşən müvəqqəti və daimi əsaslarla yaşayan əcnəbilərin hüquqi statusu ilə bağlı bir sıra normativ aktlar qəbul olundu. Miqrasiya proseslərinin idarə olunması dövlətin prioritet sahələrdən biri hesab olunur. Azərbaycan həm də tranzit ölkə olduğuna görə, ölkəyə çoxsaylı insan axını olur. Bir çoxları burada daimi, yaxud müvəqqəti əsaslarla yaşamağa üstünlük verir. Bütün bunlar yeni yanaşmanın tətbiq olunmasını tələb edir”.
Ekspertin sözlərinə görə, əsas məqamlardan biri də miqrasiya proseslərində vahid pəncərə sisteminin tətbiq edilməsidir: "Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi fəaliyyətlərlə bağlı açıq qapı xidmətinin tətbiq olunması bu sahənin daha da inkişafına təkan verdi. Vahid pəncərə sisteminin tətbiqi Dövlət Miqrasiya Xidmətinin zəruri məlumatlarının geniş təbəqələrə çatdırılması və digər məsələlər artıq öz həllini tapıb”.
Ekspert bildirdi ki, miqrasiya haqqında cəmiyyətdə yanlış təsəvvür formalaşıb: "Bir çoxları miqrasiyanın problemli bir məsələ olduğu qənaətindədir ki, əslində bu, heç də belə deyil. Təcrübə göstərir ki, miqrasiya proseslərinin idarə olunmasına nail olan dövlətlər bu sahədən xeyli gəlir əldə edir. Yəni, düzgün idarə olunan miqrasiya prosesləri dövlətə müəyyən töhfələr verə bilir. Dünyada bir çox çağırışlar aktual hesab olunsa da, bu gün Avropa İttifaqında miqrasiya sahəsində humanitar böhranın yaşandığı bəllidir. Çünki Avropanın ərazisində yüz minlərlə insan qaçqın qismində çox qısa müddətə Avropaya daxil olmuşdur. Bu da Avropa İttifaqına daxil olan dövlətlərin daha çevik reaksiya verməyə məcbur edir. Amma təbii ki, dövlətlər belə bir axının olmasına hazır deyil. İqtisadi böhran, sərhədlərin bağlanması, qaçqınların kütləvi şəkildə çıxarılması və hətta ordunun bu prosesə cəlb olması Avropa ölkələrinin bu prosesə hazır olmadığının göstəricisidir. Amma Azərbaycanda belə bir təhlükə yoxdur. Bu gün bizim üçün ən önəmli məsələlərdən biri qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaqdı. Dövlət Miqrasiya Xidməti Daxili İşlər Nazirliyi ilə birgə bu sahədə xeyli işlər görüb. Ölkə ərazisində qeyri-qanuni əsaslarla yaşayan əcnəbi miqrantların aşkar edilərək, onlarla bağlı müəyyən qərarlar verilib. Qeyri-qanuni miqrantların müəyyən qismi leqallaşdırılaraq ölkə ərazisində qalmağına icazə verilib. Digər bir qisminin 48 saat ərzində ölkədən çıxarılmasına qərar verilib və müvafiq qaydada deportasiya olunub. Əsas siyasət məhz bununla bağlıdır”.
"Burda insanlar nə təkəbbürlüdür, nə soyuqqanlı, nə də zalım”
"Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı bizimlə söhbətində bildirdi ki, Azərbaycanda məskunlaşmış miqrantlar üçün dil kursları təşkil etmək, Azərbaycan dilini mənimsəmələrinə kömək etmək onların cəmiyyətimizə inteqrasiya etməsi üçün ən birinci addımdır: "Dilimizi bilən bizlərdən biri olur, bu, tarix boyu təsdiqini tapmış ifadədir. Ölkəmizdə təxmini hesablamalara görə 1 milyona yaxın miqrant yaşayır ki, onların əksəriyyəti dilimizi bilir, adətlərimizdən xəbərdardır. Mən Novruz bayramını azərbaycanlılar qədər gözəl qeyd edən miqrantlar da görmüşəm. Dilimizi yaxşı bilən yüzlərlə miqrant var. Öz ölkəsindəki maddi problemlərdən, dini və ya siyasi baxışlarına görə sıxışdırılmadan qaçan, ölkəmizdə məskunlaşan miqrantlar üçün peşə kurslarının təşkil edilməsi də lazımlı addım ola bilər. Ali təhsili olmayan, lakin işləmək və güzəranını qurmaq məcburiyyətində olan miqrantlar ölkəmizdəki fabrik və zavodlarda işləyə bilmək üçün əmək kurslarına gedə, işi öyrənə bilər. Bundan başqa, təhsili yaxşı səviyyədə olan, bizim ölkədə rahat iş tapa bilən yüzlərlə miqrant da var ki, onların təcrübəsi və bacarığı ölkəmiz üçün əhəmiyyətli ola bilər. Hələ 90-cı illərin əvvəllərində, ölkəmizdə informasiya texnologiyaları nisbətən zəif inkişaf etdiyi dövrdə xaricdən gələn, bu sahədə mütəxəssis olan onlarla miqrant rahatlıqla iş tapmışdır”.
Ekspertin fikrincə, miqrantların cəmiyyətimizə rahat inteqrasiyası üçün bizdən dəstək görməyə ehtiyacları var: "Çox miqrant var ki, əvvəlcə özü gəlib bura, bir müddət yaşayıb, burdakı həyatı bəyənib uyğunlaşdıqdan sonra ailəsini də gətirib. Evlənmək yaşı çatan miqrantların azərbaycanlı ailəsinə gəlin və ya kürəkən olması da inteqrasiyanın bir yoludur. Ailə ən səmimi, ən məhrəm yerimiz olduğu üçün o, özünü orda yad hesab etməyəcək. Ümumiyyətlə, bizim genimizdən gələn xüsusiyyətimizə görə, ölkəmizə gələn miqrantlar bura tez uyğunlaşır. Burda insanlar nə təkəbbürlüdür, nə soyuqqanlı, nə də zalım. Bizi digər millətlərdən fərqləndirən əsas amil də budur”.
"Miqrasiya Məcəlləsinə diqqət və maraq digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən olduqca böyükdür”
Hüquqşünas Xəyal Bəşirov deyir ki, "Azərbaycan müstəqil dövlət statusunu qazandıqdan sonra dünya birliyinin üzvünə çevrilməsi səbəbindən artıq sovetlər birliyində olduğu kimi qapalı dövlətdən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə açıq bir dövlətə çevrilməklə yanaşı, bizim vətəndaşlarımız da sərbəst şəkildə xarici dövlətlərə emmiqrasiya etməkdə sərbəstlik qazandılar. Bu səbəbdən də beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cəmiyyətimiz üçün yeni üzvlər olduğundan, bu cür şəxslərin, beynəlxalq hüquqda olduğu kimi miqrantlar qismində hüquq və vəzifələrinin mövcudluğu məsələsi ortaya çıxdı. Azərbaycan Respublikasında miqrantlarla bağlı məsələlərə dövlət səviyyəsində mühüm önəm və dəyər verilməsinin bariz nümunəsi olaraq təkcə bir faktı qeyd etmək olar ki, prezident İlham Əliyev tərəfindən 25 iyul 2006-cı il tarixdə 2006-2008-ci illəri əhatə edəcək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında sərəncam verilmişdir. Qeyd etdiyim bu proqram çərçivəsində "Miqrasiya proseslərinin tənzimlənməsi sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi və təşkilati tədbirlərin görülməsi”, "Xarici siyasət sahəsində”, "Sosial-iqtisadi sahədə”, "İnformasiya, elm və təhsil sahəsində” çoxsaylı mühüm tədbirlərin həyata keçirilməsi kimi mühüm məsələlər öz əksini tapıb. Dövlətimiz tərəfindən miqrasiya sahəsində qeyd etdiyimiz bu mühüm islahatlar xəttinin davamı olaraq, Azərbaycan Respublikasının prezidenti tərəfindən 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman verildi. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının məhz bu zaman yaradılmasına çox böyük ehtiyacın olması ilə yanaşı bu xidmətin yaradılması bu sahədə atılmış əvəzolunmaz addımlardan biri idi. Bundan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi, Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi və bu kimi bir sıra digər məsələlərlə bağlı mühüm tədbirlər görülüb. Artıq 2013-cü ildə qəbul edilmiş və miqrantlarla bağlı demək olar ki, ən xırda detallarına qədər bütün məsələlərin əks olunduğu və tənzimləndiyi Miqrasiya Məcəlləsi qüvvədədir. Onu da vurğulamaq vacibdir ki, ilk dəfə olaraq ölkəmizdə qəbul edilmiş Miqrasiya Məcəlləsinə diqqət və maraq digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən olduqca böyükdür”.
"Miqrasiya prosesinin özündə xüsusi bir psixoloji çətinlik var”
"Gənc Psixoloqlar" İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc açıqlamasında bildirdi ki, hər bir cəmiyyətin, millətin özünəməxsus dəyərləri, mədəniyyəti, davranış normaları var: "Sözsüz ki, bunu ən çox tamamilə başqa bir cəmiyyətə gedərkən daha rahat hiss etmək olur. Ancaq hər hansı fərqli mədəniyyətlə, fərqli ölkə ilə turist kimi tanış olmaqla, oraya köçüb yaşamaq eyni hisslər yaşatmır insana. Buna görə də miqrasiya prosesinin özündə xüsusi bir psixoloji çətinlik var. İnkişaf etmiş ölkələr adətən miqrantlar üçün xüsusi adaptasiya kursları təşkil edirlər. Bu kurslar mədəni fərqliliklərin yarada biləcəyi psixoloji çətinlikləri qismən də olsa aradan qaldıra bilir. Lakin kurslardan əlavə, yerli insanların miqrantlara yanaşma tərzi də psixoloji çətinliyin yaranmasında və ya onun həll olunmasında çox vacibdir. İnkişaf etmiş dövlətlərə miqrantların daha çox üz tutması bu ölkələrin insanlarında miqrantlara qarşı normal münasibətin formalaşması ilə nəticələnib. Lakin az inkişaf etmiş ölkələrdə, orta intellektual səviyyənin aşağı olduğu cəmiyyətlərdə miqrantlara qarşı münasibət yaranan psixoloji çətinliyi daha da gərginləşdirir".
Şəbnəm Mehdizadə
Qeyd: Bu yazı Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə təşkil edilən yazı müsabiqəsinin qaliblərindən biri olub
banner

Oxşar Xəbərlər