• cümə axşamı, 28 mart, 19:00
  • Baku Bakı 13°C

Miqrantlarla bağlı yeni təhlükə?

26.07.13 09:58 3183
Miqrantlarla bağlı yeni təhlükə?
“Əgər deportasiya olunsaq taleyimiz necə olacaq. Özümüzə güclə çörəkpulu qazanırıq. Bizim üçün geri- öz ölkəmizə qayıtmaq çox çətindir ”- bu fikirlər Rusiya telekanallarının küçələrdə miqrantlarla keçiridiyi sorğular zamanı səslənir. Miqrantları hər addımda izləyən deportasiya təhlükəsi xüsusən ölkədə qanunsuz yaşayan miqrantların başbəlasına çevrilib. Xüsusən bu narahatlıq Rusiya prezidenti Vladimir Putinin Moskva, Sankt-Peterburq şəhərlərində, eləcə də həmin vilayətlərdə çalışan əməkçi miqrantlarla bağlı qanunvericilikdə dəyişikliyi imzaladıqdan sonra yaranıb. Belə ki, ölkə başçısı əməkçi miqrantlar və miqrasiya qaydalarını pozanlar üçün cərimələrin artırılması və deportasiyası ilə bağlı miqrasiya qanunvericiliyinə dəyişiklikləri təsdiqləyib. Sənəd həftənin çərşənbə günü hüquq məlumatları portalında yer alıb.
Müvafiq qanuna edilmiş dəyişikliklərə görə, Rusiya Federasiyasının qeyd olunan bölgələrində qanunsuz yaşayan əmək miqrantları və ya miqrasiya qeydiyyatı qaydalarını pozan əcnəbi vətəndaşlar 7 min rubladək cərimə olunacaqlar. Həmçinin onları ölkədən deportasiya təhlükəsi gözləyir. Qeyd edək ki, indiyədək ölkədə miqrasiya qaydalarını pozan miqrantlar üçün cərimənin məbləği 5 min rubla qədər olub. Digər regionlarda həmin cərimə məbləği yenə də qüvvədə qalır.
Federal Miqrasiya Xidməti bu ilin sonunadək müxtəlif qanun pozuntuları yuaradan 1 milyon xarici vətəndaşı deportasiya etməyi planlaşdırır. Rəsmi rəqəmlərə görə 2013-cü ilin ilk yarısında Rusiyaya 10 milyon miqrant gəlib. Bu da ötən keçən illə müqayisədə 12 faiz artıqdır. Miqrasiya ilə bağlı ən böyük problem isə MDB ölkələrinin vətəndaşları ilə bağlıdır. Belə ki, Rusiya ilə həmin ölkələr arasında vizasız rejimin mövcudluğu miqrasiya sahəsində problemləri daha da qəlizləşdirir.
Ucuz əməyin çətinliyi
Qeyd edək ki rusiyalıların miqrantlara münasibəti dəyişməz olaraq qalır. Belə ki, onlar miqrantları ölkələri üçün real təhlükə hesab edirlər. Demək olar ki, ölkə əhalisinin yarısı miqrantların Rusiyada yaşamasının və çalışmasının qəti əleyhinədir. Rusiayada keçirilən sosial sorğular da bunu təsdiqləyir. Ölkə əhalisinin fikrincə, miqrantlar əmək bazarında rəqibə çevrilirlər.
Rusiya Federal Miqrasiya Xidməti bundan sonra ölkədə miqrantların işə alınmasını bəzi yeni şərtlərə bağlamaq qərarına gəlib. Şirkətlərin işçi alarkən miqrantlara ən son növbədə müraciət etmələrini istəyən federal miqrasiya xidmətinin başçısı Konstantin Romadanovski “İnterfax”a müsahibəsində “əvvəlcə iş yeri yaxınlığındakı məhəllə sakinlərinin işə götürməlidir. Əgər onlardan bu işə tələb olmazsa, o zaman Rusiya vətəndaşları alınmalıdır. Yox, əgər yenə də iş yeri boş qalsa, iki ay gözlədikdən sonra miqrantlar işə alınmalıdır” deyib.
Rusiyalılar fikirləşirlər ki, miqrantların ucbatından ölkədə cinayətlərin sayı artır, hətta axın ölkənin mədəni səviyyəsinə təsir göstərir. Xüsusən, Moskva şəhərinin sakinləri ölkədə fəaliyyət göstərən miqrantların onların həyat tərzinə maneçilik yaratdıqlarını bildirirlər. Sorğuda iştirak edənlərin 35 faizi mədəniyyət, təhsil və elmin səviyyəsinin aşağı düşməsinin Rusiya üçün, 28 faizi isə terror aktlarının ölkə üçün təhlükə yaradacağı fikrindədir.
Məlumatlara görə, miqrantlar ölkənin əsas fəhlə qüvvəsini təşkil edir və törədilən cinayətlərin 20 faizi də onların əli ilə baş verir. Hətta əksər ağır cinayətlərin də məhz miqrantlar tərəfindən törədilməsi ilə bağlı statistikalar açıqlanır. Həbsxana məhbusları arasında çoxlu miqrantların olduğu bildirilir. Bu o deməkdir ki, Rusiya vətəndaşlarına nisbətən onlar daha çox və ağır cinayətlər törədirlər və onlara uzunmüddətli cəzalar verilir. Məhkəmələrin də miqrantlara kəsdiyi cəzalar şərti yox, real müddətləri əhatə edir. Çoxları hesab edir ki, miqrantların ucuz əməyi ölkəyə baha başa gəlir. 46 faiz rusiyalının fikrincə, ümumiyyətlə xaricilərin ölkədə müvəqqəti yaşayışına qadağa qoymaq lazımdır.
450 min azərbaycanlı əməkçi
Rusiya əhalisinin ictimai narazılığı ilə bağlı miqrasiya ilə bağlı qanunvericilikdə dəfələrlə dəyişiklik və əlavələr olunsa da rusiyalılar bununla hələ ki qane olmurlar. Maraqlıdır Rusiya prezidentinin bugünlərdəki fərmanı ölkə əhalisinin narahatlığını nə dərəcədə həll edəcək?
Həm Moskva, həm də Sankt-Peterburqda kifayət qədər azərbaycanlıların yaşadığını, üstəlik onların arasında sənədlərinin qaydasında olmayanların da olduğunu düşünsək mənzərənin ümumilikdə ürəkaçan olmadığı qənaətinə gəlmək olar. Ekspertlər problemin 450 min azərbaycanlı əməkçi miqranta şamil olunacağını qeyd edirlər. Belə ki, onların böyük bir qismi tikintidə, Rusiya bazarlarında fəaliyyət göstərir.
Miqrantlar üzrə ekspert Azər Allahverənov mətbuata açıqlamasında bildirib ki, Moskva və Sankt-Peterburqda nə qədər qanunsuz azərbaycanlı miqrantın fəaliyyət göstərdiyini demək mümkün deyil: «Çünki onlar qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqlarına görə, onların sayı barədə konkret statistik rəqəm söyləmək çətindir. Onların dəqiq sayı yalnız həmin miqrantlar deportasiya olunandan sonra bəlli ola bilər». Ekspert hesab edir ki, azərbaycanlı miqrantlar digərlərindən fərqli olaraq daha çox qanuna riayət edirlər. Bu baxımdan, Moskva və Sankt-Peterburqda qeydiyyatı olmayan miqrantların sayı çox azdır. Çünki əvvəlki dövrlə müqayisədə indi miqrantların qeydiyyata alınması xeyli asanlaşıb”.
Hər hansı təhlükə yoxdur
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, Moskva və Sankt-Peterburqda yaşayan azərbaycanlıların əksəriyyəti daimi yaşama hüququ almış şəxslərdir və qanundakı dəyişiklik onlara şamil oluna bilməz: «Qanun ölkəyə yeni gələnlərə şamil olunacaq. Bu vaxta qədər status alanlara aidiyyatı olmayacaq”. Ekspert azərbaycanlı miqrantların Rusiyadan çıxarılma hallarının mövcud olduğunu da istisna etmir: “Bu cür hallar var. Rusiyaya müvəqqəti gələnlərin ölkədə qalmasına məhdudiyyətlər qoyulur. Amma kütləvi deportasiya halları yoxdur». Ə.Əliyevin sözlərinə görə, ümumiyyətlə, Rusiyada yaşayan miqrantların sayı haqqında dəqiq məlumat yoxdur. Belə ki, ölkədə Azərbaycan vətəndaşı olan və Rusiya Federasiyasının vətəndaşı olmayan bir milyona yaxın miqrant yaşayır: “Amma onların deportasiyası ilə bağlı hər hansı təhlükə yoxdur».
Diasporlarla İş üzrə Dövlət komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm hesab edir ki, yeni qanunvericiliyə görə cərimələrin artırılması Rusiyada yaşayan azərbaycanlıların durumuna o qədər də təsir etməyəcək: “Əvvəla, azərbaycanlıların bir çoxu artıq uzun illərdir orada yaşayır. Onların bir çoxunun oturum izni və işləmək üçün müvafiq dövlət idarələrindən icazələri var. Rusiyada qanunsuz yaşayan azərbaycanlıların sayı ildən-ilə azalmağa doğru gedir. Çox az miqdarda soydaşımız orada müvafiq sənədlər olmadan çalışırlar”. Komitə rəsmisinin sözlərinə görə, son illərdə Azərbaycandan Rusiyaya üz tutan miqrantların sayı ölkəmizdə gedən iş prosesləri ilə əlaqədar xeyli azalıb: “Bu baxımdan, qanunsuz yaşayan miqrantalar üçün cərimələrin artırılması onların durumuna ciddi təsir göstərməyəcək. Bu, kütləvi şəkildə deportasiyaya səbəb ola biləcək hadisə deyil». Sənədləri qaydasında olmayan, yəni Rusiyaya yeni üz tutan azərbaycanlı miqrantlara gəlincə, E.Miraləm qeyd edib ki, artıq 2006-cı ildən etibarən Rusiyada miqrantların ölkəyə gəlişi ilə bağlı müxtəlif qanunlar qəbul edilib. Belə ki, həmin qanunların qəbulundan sonra komitə tərəfindən Rusiyada yaşayan azərbaycanlıların miqrasiya və əmək qanunvericilikləri ilə bağlı maarifləndirilməsi sahəsində işlər görülüb: “Azərbaycandan gedən miqrantlarla, azərbaycanlılarla orada fəaliyyət göstərən diaspora təşkilatları ilə əlaqə saxlayıb hüquqi prosedurlar barədə məlumat verilir. Ümumiyyətlə, Rusiya dövlətini müvafiq dövlət qurumları bu işə ciddi nəzarət edirlər. Ona görə də miqrantların orada qanunsuz məskunlaşması halları get-gedə azalmağa başlayır. Hesab edirik ki, artıq onlar ora gedən azərbaycanlılarla bağlı kifayət qədər məlumatlıdırlar. Ona görə də qanunvericiliyə uyğun olaraq davranmağa çalışırlar. Bu baxımdan, ciddi problem gözlənmir».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər