• şənbə, 27 Aprel, 04:40
  • Baku Bakı 14°C

Miqrantları sevməyən şəhər Səfər Fotolar

08.01.14 09:39 2288
Miqrantları sevməyən şəhər Səfər Fotolar
I yazı
Hər hansı bir ölkəyə ayaq basarkən heç kəs taksi sürücüləri qədər mükəmməl bələdçilik edə bilməz. Xüsusən, əgər onlar söhbətcildirlərsə, getdiyin ölkə və ya şəhər haqqında internet materiallarından, gedib-gələnlərin söhbətlərindən, baxdığın filmlərdən, oxuduğun kitablardan daha yaxşı məlumat əldə edə biləcəksən. Yaxşı ki, məni Sankt-Peterburqun Pulkova-1 hava limanından şəhərin mərkəzinə aparan taksi sürücüsü də maraqlı həmsöhbət oldu. Gah yolboyu şəhərin ayrı-ayrı hissələri haqqında məlumat verir, gah havanın soyuğundan şikayətlənir, tez-tez yağan yağışı London havası ilə müqayisə edir, gah da suallarımızı cavablandırırdı. İmperatorlar şəhəri tarixiliyi ilə nə qədər fəxr etsə də Sovet İttifaqının şinelindən çıxan şəhər görkəmini də qətiyyən itirməyib. Tarixi daha qədimlərə söykənən arxitektor binalar nə qədər tarixilikdən bəhs etsə də, sovet dövründən qalan qastronomlar, mağazalar, poçt şöbələri, trolleybuslar adamda bir qədər nostalji hisslər oyadır. Hərçənd az sonra şəhərə ekskurs Piterin əsl aristokrat və tarixi simasını daha dolğun göstərəcəkdi. Hələlik isə narın yağışın avtomobilin pəncərəsini döyəcləyən şüşələrindən əzəmətli şəhərin ucsuz-bucaqsız parklarını və qeyri-adi arxitekturasını seyr edirəm. Sürücüdən əhalinin dolanışığı haqqında maraqlananda dedi ki, təqaüdçülər 5 min rubl (120 AZN) alır. Ona görə də hamısı təqaüd yaşında da işləyir. Çox güman ki, bu sözü özünün də təqaüd yaşını çoxdan keçməsi ilə əlaqədar söylədi.
Hər ölkədə olduğu kimi, kasıb və varlı insanları var Peterburqun. Küçələrdə şütüyən ən son model və köhnə “Jiquli” markalı maşınlardan da bunu anlamaq çətin deyil.
Rusiyaya pəncərə
Vaxtikən Rusiyadan Avropaya pəncərə açmaq məqsədi ilə salınan şəhərin özü indi dünyanın Rusiyaya pəncərəsinə çevrilib. Pyotr hələ üç əsr bundan əvvəl bu şəhərin təməlini qoyanda buranın Avropaya pəncərə olmasını nəzərdə tutub. O vaxtdan bəri bu şəhər Rusiya tarixinin şahidi olub. Bir sözlə, hansı prizmadan baxsan Peterburq Rusiyanın ən əhəmiyyətli iqtisadi, elmi, mədəni və tarixi şəhəri sayılır.
Sankt-Peterburqu görməyə gələn turistlər çox zaman Rusiyada rast gəlmədikləri mehribanlıqla üzləşdiklərini deyirlər. Elə özüm də bunun şahidi oldum. Bütün suallarına nəzakətlə cavab verir, çaşdığın yolları izah edir, hətta hara getmək barədə məsləhət də verirlər. Bəlkə həm də buna görə hər il Rusiyanın bu mədəniyyət mərkəzinə milyonlarla turist gəlir. Bu isə paytaxt Moskvaya gələn turistlərin sayından çoxdur. Bunu şəhər gəzintisinə çıxarkən Tamara adlı bələdçi qadın da dedi. “Əgər dünyanın gözəlliyi, tarixi binaları ilə ölçülən şəhərlərinin siyahısının reytinqi açıqlansa Sankt-Peterburqun adına orada mütləq yer tapılar. Bunu dünyanın hər yerində etiraf edirlər. Bu şəhər həm də ona görə gözəldir ki, yalnız burada “Bəyaz gecələr” var. İnsanlar bu gecələrdə romantik gəzintiyə çıxa bilirlər. Yalnız bu şəhərdə ayrılan körpüyə rast gələ bilərsiniz”.
Yeni ilin gəlişi ilə əlaqədar yenə də şəhər turistlərlə doludur. Rusiyanın ayrı-ayrı şəhərlərindən gələnlər daha çoxdur. Piterdə 6 milyona yaxın insan yaşayır. Şəhərə tanışlıq üçün bələdçilər Peterburqun bütün dünyada məşhur olan əsas prospekti – Nevski prospektindən başlayırlar. Küçə boyunca arxitektor tikililəri görüb 300 il öncə bu şəhərin yerləşdiyi ərazinin bataqlıq və meşədən ibarət olduğuna inana bilmirsən. Təkcə bu küçədə 200-dən çox bina yerləşir. Bunların 180-dan çoxu isə arxitektor binalardır. Qəhrəman şəhərin görkəmini özündə əks etdirən tarixi abidələr diqqət çəkir. «Bu şəhəri dünyanın heç bir şəhəri ilə müqayisə etmək olmaz. Çünki bura bataqlıq üzərində qurulub. Planla qurulan bu şəhər hazırda dünyanın ən gözəl meqapolislərindən biridir. Bu şəhərə cins şalvar və idman ayaqqabısında gələndə belə, turistlər özlərini 18-19-cu əsrlərdə hiss edirlər”.
Şəhərin mərkəzindəki tarixi abidələr YUNESKO-nun dünya mirası siyahısına daxildir. Elə buna görə də heç bir binanın görkəminə toxunulmur.
Kanalları və çaylarına görə, Sankt-Peterburqu uzun zamandır “Şimalın Venesiyası” adlandırırlar. Çayların üzərində 50-dən artıq körpübar. Hər birinin də maraqlı tarixçəsi. Turistlərin sayı artdıqca Sankt-Peterburqu turist məkanı kimi Venesiya ilə rəqabətdə görürlər.
Şəhərin əsas kilsəsi sayılan Kazan kilsəsi, Neva çayı üzərində əzəmətli körpü, “Qış sarayı”nın binası, İsakievski kilsəsi, Ermitaj kompleksi, Peterqof, Petropavlovski qalası, Avrora kreyseri, Pyotrun yay sarayı, Suvorov meydanı, klassik yazıçı və şairlərə qoyulan abidələri heyranlıqla izləyirəm. Qumilyov, Puşkin, Maksim Qorki, Yesenin, Lermontovun abidələrinin qarşısından keçərkən bələdçi onların Sankt-Peterburqa bağlılıqları haqqında həvəslə danışır. Şəhərdə ziyarət edilən 200-dən çox muzey sırasında klassiklərin də ev muzeyləri var. Dostoyevski, Puşkin, Blok, Axmatova və başqalarının mənzil muzeylərini ziyarət etmək üçün turistlər uzun-uzadı növbə gözləyirlər.
Şəhərdəki mavi günbəzli müsəlman məscidini tarixi tikili kimi təqdim edirlər. Belə ki, inqilabdan sonra bir çox kilsələrlə bərabər o məscidi də bağlayıblar. 1956-cı ildə yenidən məscid açılıb və istifadəyə verilib. Bura 4000 insan namaza gəlir. Hazırda məscidin çöl tərəfində konstruksiya işləri aparılır.
Piterdə diqqət çəkən məqamlardan biri də yol hərəkəti qaydaları ilə bağlıdır. Əhali qaydalara hörmətlə yanaşır. İntellektual idarəetməni də insanlar özləri tənzimləyir. Bəlkə bu üzdən Peterburqun adı ən az avtomobil qəzaları baş verən ölkələr sırasındadır.
Piter metrosu zahirən Bakıdakına bənzəyir. Qatarların rəngi də, quruluşu da. Xətlərin sayı çox olsa da sxem o qədər mürəkkəb deyil. Yəni istədiyin ünvana asanlıqla gedib çıxa bilirsən. Sadəcə, fərq ondadır ki, metrostansiyaların içərisində qəzet, kitab köşkündən başqa heç bir ticarət köşkünə rast gəlmirsən. Stansiyaların divarlarında da iri reklamlar gözə dəymir. Bir də qatarların hərəkəti çox intensivdir. Yəni ən azından qatarlar arasındakı məsafə heç 2 dəqiqə də çəkmir.
Miqrantlara möhtac
Bu şəhərdə miqrantları sevmirlər, amma onlarsız da ötüşə bilmirlər. Küçələrdə xüsusən Orta Asiyadan olan miqrantlara hər addımbaşı rast gəlmək olur. Onlar küçə süpürürlər, ayaqyolu təmizləyirlər, ən yaxşı halda hava limanında yük daşıyırlar. Otel, restoran və kafelərdə ofisiant işləmələri isə onlar üçün az qala ən prestijli iş sayılır. Rusiyanın miqrantların əməyinə möhtac olması Piterdə göz qabağındadır. Ölkə miqrantlar əleyhinə nə qədər qanunlar qəbul etsə də, nə qədər qaydaları sərtləşdirsə də, nə miqrantlar Rusiyadan qopa bilir, nə də ölkə onlardan. Əslində, Piter küçələrindəki ideal təmizliyə görə miqrantlara minnətdar olmalıdır. Havanın necəliyindən asılı olmayaraq hər tində əlində süpürgə və xəkəndaz olan orta asiyalı görmək mümkündür. Rusların özləri isə adətən bu cür işlərdə çalışmırlar. Miqrantlarla hər dəfə rastlaşdıqca «Onlar vaqonlarda yaşayırlar, antisanitariya yayırlar. Çoxlarının sənədləri yoxdur. Qonaq kimi gəlirlər, sonra da çıxıb getmirlər. Onlar gələndən sonra şəhərdə cinayətlər baş verir, xəstəliklər artır. İnsanlar axşam saatlarında şəhərə rahat çıxmağa qorxurlar» - deyən taksi sürücüsünün söylədiklərini xatırlayırdım. Üzərində «təmir işləri görürük» sözləri yazılan iri elan gəzdirən özbək qadın bir neçə ildir ki, Peterburqda yaşadığını söylədi: «Bir neçə nəfər yığışıb yataqxanada qalırıq. Belə yaşamaq bizə ucuz başa gəlir. Yoxsa hansısa binada mənzil tutsaq, o qədər pulu ödəyə bilmərik. Burada miqrantlar üçün ən yaxşı yaşayış elə yataqxanalardır. Allah eləməsin ki, bizi şəhər kənarındakı düşərgəyə aparsınlar. Çünki bizim üçün geriyə yol yoxdur. Ölkəmizdə burada qazandığımızı da əldə edə bilmirik». Doğurdan da şəhərin ayrı-ayrı yerlərində divarlara yapışdırılan «Yataqxana - 200 rubl» elanlarına rast gəlmək olur. Həmin yataqxanalarda miqrantlar 15-20 nəfər yığışıb bir otaqda qalırlar. Şəhərin insanlar gur olan yerlərində, xüsusən metro stansiyalarının qarşısında xüsusi təyinatlı polis dəstələrinə rast gəlmək olur. Bir neçə dəfə Orta Asiyadan olan miqrantların sənədlərini yoxlayan xüsusi təyinatlılarla rastlaşdıq.
Azərbaycanlılara gəlincə, həm şəhərdə, həm də vilayətdə özlərinə dolanışıq qurublar. Orta Asiyadan gələnlərdən fərqli olaraq çoxu işini ehtiyatlı tutub – vaxtında sənədlərini qaydaya salıblar. Məsələn, Sankt-Peterburq vilayətinin Nikols şəhəri azərbaycanlıların kompakt yaşadığı yerdir. Onlar əsasən miqrantlarla bağlı qanunlar gündəmə gəlməmişdən çox-çox əvvəl köçüblər bu qəsəbəyə. Əsasən tərəvəz bazalarında, kafelərdə çalışır, ticarətlə məşğul olurlar. Özlərinə qarşı yad münasibəti də hiss edirlər. Bununla belə, miqrantlara olan aşağı münasibətə, soyuq rəftara baxmayaraq hələ ki, bu yerləri tərk etmək fikirləri yoxdur: «Bəlkə qocalanda Azərbaycana qayıtdıq» - deyirlər. Ancaq xoşuma gələn o oldu ki, dolanışıqlarını Rusiya həyatına uyğunlaşdırsalar da, yaşayış tərzləri dəyişməyib. Avtomobillərində yalnız Azərbaycan müğənnilərinin mahnılarına qulaq asır, telekanallarımızdan ölkəmiz haqqında məlumat alırlar. Hətta, mobil telefonlarına zəng gələndə də bizim müğənnilərin mahnıları eşidilir. İstər-istəməz adamın qəlbinə bir doğmalıq axır. Adam özünü lap Azərbaycandakı kimi hiss edir...
Təranə Məhərrəmova
Bakı-Sankt-Peterburq

banner

Oxşar Xəbərlər