• şənbə, 20 Aprel, 03:45
  • Baku Bakı 15°C

Miqrant məsələsi Aİ liderləri arasında mübahisə yaradır

29.12.17 19:05 713
Miqrant məsələsi Aİ liderləri arasında mübahisə yaradır
Avropanın ən ciddi problemlərindən biri kimi diqqət mərkəzində olan miqrant məsələsi quruma üzv dövlətlər arasında əməlli-başlı fikir ayrılığı yaratmaqda davam edir. İş o yerə çatıb ki, Avropa İttifaqının son toplantılarında üzv dövlətlər miqrantlarla bağlı kvota müzakirələrində bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Ölkələrin bir qismində kvota məsələsi entuziazm doğursa da, digərləri buna qarşı çıxıblar. Məsələn, İtaliya və Yunanıstanın Afrikadan Aralıq dənizi vasitəsi ilə nəzarətsiz halda gələn miqrantlara qarşı təkbaşına mübarizə apardığı bir vaxtda, onların qonşuları öz sərhədlərini qorumağa üstünlük verirlər.
Bu böhranı Aİ-yə üzv ölkələr arasındakı münasibətlər tarixində ən irimiqyaslı böhran da adlandırırlar. Avropa Komissiyasının Aralıq dənizindən keçərək Aİ-yə girməyə çalışan qanunsuz miqrant axınının qarşısını almaq üçün 10 bəndlik fəaliyyət planı fiaskoya uğradı. Məqsəd Aİ-yə, özəlliklə, cənubda Yunanıstan və İtaliyaya daxil olan miqrantlara nəzarəti və onların qeydiyyatını gücləndirmək idi. Plan, həmçinin insan alverçilərinin daşıdığı miqrantları xilasetmə əməliyyatlarını artırmağa çağırırdı. Adətən miqrantlar bu təhlükəli yolda həlak olur, qayıqlar batır. Qaçqınların Aİ ölkələri arasında bölgüsünü ən çox istəyən İtaliyadır. Təkbaşına miqrantlara qarşı mübarizə aparmaqdan təngə gələn Roma son vaxtlar açıq şəkildə hədə dolu bəyanatlar verir.
Ümumiyyətlə, tək Afrika deyil, Suriya, İraq və Yəmən də daxil olmaqla, Yaxın Şərq ölkələrində müharibə və zorakılıqların davam etməsi bu bölgələrdən Avropaya qeyri-leqal miqrant axınının daha da yüksəlməsinə səbəb olur. Miqrant axınlarına münasibətdə Avropada mövcud olan müxtəlif yanaşmaları ümumi şəkildə iki hissəyə ayırmaq olar. Daha çox mühafizəkar mövqeyi ilə seçilən dairələr Avropa ölkələrinin miqrantlarla bağlı siyasətinin sərtləşdirilməsini tələb edirlər. Onların fikrincə, Avropa ölkələrində fərqli mədəniyyət nümayəndələrinin formalaşdırdığı geniş icmalar yerli sivilizasiyanın mövcudluğunu təhlükə altına alır. Liberal mövqeli dairələr isə miqrant axınının məhdudlaşdırılmasını deyil, düzgün istiqamətləndirilməsini təklif edirlər. Aİ-nin mərkəzi strukturları məsələ ilə bağlı ortaq razılığa gəlməklə, yeni siyasət yürütməyə və problemi nizamlamağa çalışır. Yeri gəlmişkən, Macarıstan, Polşa və Çexiyanın Avropa Komissiyasının (AK) miqrantlarla bağlı müəyyən etdiyi kvotadan imtina etmələri qurum daxilində ciddi gərginlik yaradıb. Bu etirazdan sonra Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans rəsmən bəyan edib ki, "artıq Macarıstan, Çexiya və Polşaya qarşı məhkəmə iddiası qaldırıblar. Ötən il bu ölkələr bizim təqdimatımızı nəzərə almayaraq özlərinin hüquqi öhdəliklərini yerinə yetirməyib, Yunanıstan və İtaliya ilə həmrəylik nümayiş etdirmək istəmədilər”. AK rəsmisinin belə bir qəzəbli bəyanatı nə Avropa İttifaqının sədri Donald Tuska, nə də adları çəkilən ölkələrə təsir edib.
Ötən həftənin sonu Brüsseldə keçirilən sammitə Avropa İttifaqına üzv olan ölkələri dəvət edən Tusk onlara ünvanlanan məktubu oxuyub. Bəyan edib ki, miqrantlarla bağlı məcburi kvota qurum daxilində parçalanmaya səbəb olub. Bundan qaçmaq üçün isə kvota sisteminin qeyri-effektiv bir qayda kimi ləğvini təklif edib. Tuskun bu demarşına Avropa Komissiyasının miqrasiya üzrə komissarı, milliyyətcə yunan olan Dimitris Avramopulos dərhal reaksiya verib. Yunanıstan İtaliya kimi Aralıq dənizi vasitəsilə miqrantların ən çox üz tutduğu ölkələr sırasındadır. Bu dəniz vasitəsilə Yaxın Şərq və Şimali Afrika ölkələrindən minlərlə miqrant bu ölkələrə axışıb gəlir. O bildirib ki, bu səbəbdən də Aİ rəhbərinin təklifi heç bir halda qəbul edilə bilməz: "Qorxuram ki, onun sözləri siyasi parçalanma yaratsın. Sədrin vəzifəsi üzv dövlətləri bir yerə yığmaqdır. Tusk isə mənim fikrimcə, bizim ümumi birlik işimizə xidmət etmir”. Bundan bir neçə gün əvvəl Avropa İttifaqı daxilində miqrantlarla bağlı müxtəlif fikir ayrılıqları səbəbindən parçalanmaya yol verilməməsini Almaniya kansleri Angela Merkel səsləndirib. "Aİ-yə üzv dövlətlər arasında həmrəylik olmalıdır. Aİ çərçivəsində tam həmrəylik miqrasiya böhranının baş verməməsi üçün zəruridir. Lakin bir sıra sahələr var ki, orada bu məsələdən danışmaq mümkün deyil və mən də bunu düzgün hal saymıram”.
Merkel və Avramopulosdan fərqli olaraq Polşa, Çexiya, Slovakiya, Macarıstan Donald Tuskun fikirlərini yüksək qiymətləndiriblər. "Ən müsbət olan odur ki, nəhayət, Avropa lideri, adi lider yox, Avropa İttifaqının rəhbəri ümumi qəbul edilən həqiqəti səsləndirdi”, - deyə Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib. Ona Çexiya baş naziri Andrey Babiş dəstək verib. Onun sözlərinə görə, kvotalar qeyri-leqal miqrasiyanın qarşısını ala bilməz. "Euronews” agentliyi xəbər verir ki, Aİ liderlərinin qarşıdan gələn sammitində D.Tusk yaxın altı ay ərzində sığınacaq verilməsinin yeni qaydalarını işləyib hazırlamağı təklif edib. Lakin onu Aİ ölkələrində əvvəl mövcud olan kvota sistemi formasında məcburi qaydada tətbiq etməyəcəklər. Miqrasiya siyasətini Şərqi Avropa ölkələrini təmin edəcək formada dəyişmək təklif olunur. Artıq belə bir təklifi Almaniya kansleri Angela Merkel irəli sürüb. O, Donald Tuskun təklifini "düşünülməmiş” adlandırıb və əlavə edib ki, belə bir hal Avropa İttifaqının bütövlüyünə zərbə vura bilər. Lakin bu məsələdə Tusk Merkellə razı olmadığını bildirib. Onun qənaətincə, "dördlük” qəti şəkildə miqrantlarla bağlı qaydaların sadəcə sərtləşməsinin tərəfdarıdır. O, əlavə edib ki, həmin ölkələr Liviya ilə sərhədlərin möhkəmləndirilməsi üçün 35 mln. avro ayırıblar. Bu isə o deməkdir ki, adları çəkilən ölkələr Yunanıstan və Polşa ilə həmrəydirlər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər