• cümə, 19 Aprel, 17:39
  • Baku Bakı 25°C

Minsklə Brüsselin münasibətləri pisləşir

25.04.17 10:00 1203
Minsklə Brüsselin münasibətləri pisləşir
Belarusla Avropa İttifaqı arasında bərpa olunan münasibətlər yenidən pisləşmək təhlükəsi ilə üzləşib. Səbəb kimi də, Belarus hakimiyyət orqanlarının paytaxt və ətraf yerlərdə nümayişçilərə qarşı həyata keçirdiyi sərt tədbirlər göstərilir. Xalqa və parlamentə müraciətində prezident Aleksandr Lukaşenko da bunu etiraf edib. Belarus-Avropa münasibətləri ilə bağlı vəziyyətə qiymət verən prezident "doğrudanmı biz əvvəlki dövrlərə qayıdırıq”, - deyib. O etiraf edib ki, bu yaxınlarda start götürən dialoq Avropa məmurlarının Belarus hakimiyyət orqanlarının martın 25-dəki nümayişlərə neqativ münasibətindən sonra pisləşə bilər. "Bəsdirin bizə mütəmadi olaraq "siz həddən artıq güc tətbiq etdiniz” kimi ittihamlar irəli sürdünüz”, - deyə prezident Aleksandr Lukaşenko Avropa İttifaqının Belarus hadisələrinə reaksiyasına cavab olaraq bildirib.
Xatırladaq ki, həmin hadisələr zamanı hüquq-müdafiəçiləri minə yaxın aksiya iştirakçısının həbs edildiyini yazıb. Şəhərin mərkəzində insanları yaşından və orada hansı səbəbdən olması məqsədindən asılı olmayaraq tutub aparıblar. A.Lukaşenkonun sözlərinə görə, bu hadisələrdən sonra xarici işlər naziri Vladimir Makeyi daha əvvəlki kimi, Avropada xoş, gülərüzlə qəbul etmirlər. "Xarici işlər nazirimiz artıq sizin ölkələrə səfər etməyə çəkinir. O, artıq orada təzyiqlərlə üzləşəcəyindən ehtiyat edir”, - deyə prezident bildirib.
Halbuki, vaxt var idi Minsk və Brüssel arasında qarşılıqlı səfərlər xeyli artmışdı. Əksəriyyət hesab edirdi ki, tərəflər arasındakı problemlər artıq geridə qalıb. Hətta Belarusun Avropa İttifaqının tərəfdaşlıq proqramlarına üzv qəbul olacağı da bildirilirdi. Bütün bu məsələlərdə, daha dəqiq desək, Belarusla Avropa İttifaqı arasında münasibətlərin normallaşmasında Minskin Moskva ilə münasibətlərinin gərgin olması da az rol oynamamışdı. Lakin bu yaxınlarda iki ölkə prezidentinin görüşüb problemləri müzakirə etməsi Moskva ilə Minsk arasındakı gərginliyi aradan qaldırmış oldu. Rusiya Belarusun yığılıb qalan borclarını hissə-hissə ödəməsinə razılıq verdi, eləcə də bu ölkədən kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağanı aradan qaldırdı. Maraqlıdır ki, prezident xalqa müraciətində əvvəlcə yaxın ətrafının onun hazırladığı müraciəti birbaşa kağızdan oxuyub. Lakin birdən-birə müraciəti kənara qoyaraq emosiya ilə çıxış etməyə başlayıb. Belə bir hal isə ilk dəfə deyil. Rusiya ilə də münasibətlər gərgin olanda Lukaşenko "Rosselnadzor”un rəhbərinin ünvanına sərt tənqidlər səsləndirmiş, onu məhkəmə ilə hədələmişdi. Ardınca da Rusiya ilə neft-qaz gərginliyində Gömrük Məcəlləsinin imzalamaqdan imtina etmiş, Avrasiya İqtisadi İttifaqının iclasına getməmişdi. Hətta bəyan etmişdi ki, Avrasiya strukturlarındakı nümayəndələrini geri çağıracaq.
İndi isə baş verənlər göstərir ki, ölkənin Avropa İttifaq ilə də münasibətləri dalana dirənir. Özü də Qərb strukturlarından yalnız Avropa İttifaqı ilə münasibətlər pisləşir. Belə ki, Belarus prezidentinin Birləşmiş Ştatlara qarşı hər hansı iradı yoxdur. "Bu gün biz bir-birimizi eşidir və qulaq asırıq”,- deyə o, ikitərəfli münasibətlərə qiymət verərkən bildirib.
Bununla yanaşı, Belarusun yaranmış vəziyyətdə Beynəlxalq Valyuta Fondu ilə münasibətləri və qarşıdakı danışıqları asan keçməyəcək. Belarus prezidenti müraciətində bu strukturla aparılan danışıqların bir sıra "sirlərini” açıb. Rəsmi Minsk qurumdan kredit almaq niyyətindədir və yaxın bir-iki ildə subsidiya almağa can atır. Lakin fondun Belarus qarşısında qoyduğu ağır şərtlər var. BVF kreditin müqabilində kommunal xərclərin artırılmasını istəyir. Bu isə ölkədə sosial vəziyyəti ağırlaşdıra bilər. "Biz bir il və yaxud ilyarım müddətində mənzil-kommunal xərclərini 100 faiz artıra bilmərik. Bu, ölkədə və cəmiyyətdə vəziyyəti nəzarətdən çıxara bilər”, - deyə prezident vurğulayıb. Onun sözlərinə görə, BVF-nun ekspertləri müddətin 4-5 ilə kimi artırılması barədə razılıq veriblər. Yəni kommunal xərclərin qiymətləri hissə-hissə artırılacaq. Rəsmi Minsk dövlət sektorunda da islahatlar aparmaq niyyətində deyil. Qeyd edilir ki, bu strukturların qeyri-effektivliyi iqtisadiyyat və bank sektoru üçün təhlükəyə çevrilir. Ekspertlərin sözlərinə görə, Beynəlxalq Valyuta Fonduna prezidentin iqtisadi siyasətlə bağlı digər bəyanatları da xoş gəlməyəcək. O bildirib ki, hər hansı bir liberallaşma olmayacaq. Belarus prezidenti hətta ticarət və antimonopol nizamlama üzrə nazirə qiymətlərin əvvəlki qayda ilə nizamlanması prosesinə qayıdılması barədə tapşırıq verib. "Bu cür bəyanatlar Beynəlxalq Valyuta Fondu ilə kredit proqramları ilə bağlı razılaşma imzalamaq ümidlərinə birdəfəlik nöqtə qoymuş olur”, - deyə belaruslu iqtisadçı Yaroslav Romançuk bildirib. "Ölkə daxilindən səslənən bəyanatları nəzərə alsaq, BVF ilə danışıqlar böyük ehtimalla uzanacaq və yaxın gələcəkdə hər hansı bir müsbət dəyişikliklərə gətirib çıxarmayacaq”, - deyə iqtisadçı Anton Boltoçko da əlavə edib.
Beləliklə, Aleksandr Lukaşenkonun dediklərindən də bəlli olur ki, Avropa Belarus təbliğat maşınının xarici qüvvələrin rolu barədəki fikirlərinə inanmır. Belarus prezidenti də çıxışında bu məsələyə toxunub və bildirib ki, "insanlar əllərində silah ölkəmizə daxil olmağa çalışırlar”. Bu iddianı hüquq müdafiəçiləri və yerli müşahidəçilər ona görə inandırıcı saymırlar ki, bu sözlər heç bir halda təsdiqinin tapmır. Məsələn, Ukraynadan silah dolu maşının ölkə ərazisinə daxil olması barədə insident davam etmədi və Ukrayna tərəfinin təzyiqləri ilə Belarus sərhədçiləri özləri ondan imtina etdilər. Hakimiyyət orqanlarının Bobryuskdakı düşərgədə yaraqlıların hazırlandığı barədə xəbərlər də təsdiqini tapmadı.
Hadisələrin bundan sonrakı gedişinin necə olacağı hazırda hamını ən çox düşündürən sualdır. Görünən odur ki, Belarus Qərblə münasibətləri gərginləşdirməyə üstünlük verəcək. Minskin Rusiya ilə sıx münasibətləri bərpa etməyə üstünlük verməsi və fikir ayrılıqlarının aradan qalxdığını söyləməsi də bu ehtimalı gücləndirir.
Azər
banner

Oxşar Xəbərlər