• şənbə, 27 Aprel, 05:52
  • Baku Bakı 14°C

Minskdə Ermənistana zərbə

26.10.13 07:30 1389
Minskdə Ermənistana zərbə
Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB ölkələri dövlət başçılarının zirvə toplantısı keçirildi. Toplantıda Belarus, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan və Moldova prezidentləri, Qırğızıstan baş nazirinin birinci müavini və Türkmənistan baş nazirinin müavini iştirak edib. Sammitin gündəmində iqtisadi, humanitar və təhlükəsizlik sahələrinə aid 14 məsələ olub.
Yığıncağı açan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus öz suverenliyi və müstəqilliyini MDB ölkələri ilə sıx əməkdaşlıq olmadan təsəvvür etmir: “Bundan başqa, biz son əsrdə vahid ailə kimi bərabər yaşadığımız xalqlarla əməkdaşlıq olmadan özümüzü uğurlu dövlət kimi də görə bilmərik. MDB dövlət başçılarının sammitində qəbul olunan qərarlar bütün üzv ölkələrin maraqlarına cavab verir”. Belarus prezidenti bildirib ki, məsələlərin böyük bloku terrorçuluq və hüquq pozuntuları ilə mübarizə mövzusuna həsr olunub. A.Lukaşenko iclasda 2014-2016-cı illərdə terrorçuluq və ekstremizmlə mübarizədə əməkdaşlıq barədə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniyaya qarşı tədbirlər, cinayətkarlıq və insan alveri ilə mübarizə üzrə proqramların təsdiqləndiyini söyləyib.
Toplantıda korrupsiya ilə mübarizə üzrə dövlətlərarası Şuranın yaradılması haqqında saziş və yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizəyə dair konsepsiya da bəyənilib. Bundan başqa, iclasda 2014-cü ildə “MDB-nin mədəniyyət paytaxtları” dövlətlərarası proqramının həyata keçirilməsi qərara alınıb. Gələn il MDB-nin mədəniyyət paytaxtları kimi Almatı (Qazaxıstan) və Oş (Qırğızıstan) seçilib. A. Lukaşenko Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı qərarları xüsusi qeyd edib: “2015-ci il Böyük Vətən müharibəsi veteranları ili elan olunub. Vahid yubiley mükafatları haqda qərar qəbul edilib”. 2014-cü ildə MDB-də sədrlik Belarusdan Ukraynaya keçəcək.
Gürcüstan MDB-yə dəvət edildi

Sammitdə maraqlı məqamlardan biri Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanı MDB-nin tərkibinə qayıtmağa çağırması oldu. Belarus prezidenti Gürcüstanın MDB-ni tərk etmək üçün müəyyən səbəbləri olduğunu söyləyib: “Gürcüstanda və o cümlədən ölkə rəhbərliyində dövlətlərimizin həyatına aid siyasi və iqtisadi məsələlərin müzakirə olunduğu meydançaya malik olmağı istəyən adamlar var. Ümid edirəm ki, Gürcüstan bu çağırışı qəbul edəcək”. A.Lukaşenko sözdən əmələ keçməyin vaxtı çatdığını deyərək, Gürcüstana MDB-yə heç olmasa, müşahidəçi statusunda qayıtmağı təklif edib.
Putin Ukraynanı seçim etməyə çağırdı

Rusiya prezidenti Vladimir Putin isə Azərbaycan və Ukrayna ilə müvafiq layihələrin həyata keçirildiyini deyib. O, Bakıya son səfərinə də toxunub: “Mən bu yaxınlarda Azərbaycanda oldum. Böyük məmnuniyyətlə gördüm ki, Bakı necə də inkişaf edir. Şəhərin mərkəzində gəzərkən Bakının ecazkarlığına bir daha əmin oldum. Əgər insanlar bizim ölkələrdə nə baş verdiyini bilsələr maraqları daha da artacaq”. Rusiya prezidenti Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı imzalamağa hazırlaşdığı sazişə də toxunub: “Avropa Birliyi ilə assosiasiyaya qoşulmaq Ukraynanın öz suveren işidir, lakin Kiyev AB ilə müqavilə bağlayandan sonra Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqına qoşula bilməyəcək. Biz nə lehinə, nə də əleyhinəyik. Bu, ümumiyyətlə, bizim işimiz deyil – bu, Ukrayna xalqının, prezident, parlament və hökumətin qismində Ukrayna rəhbərliyinin suveren hüququdur” - deyə Rusiya prezidenti Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib. O deyib ki, assosiasiya sazişi çərçivəsində AB ilə Ukrayna arasında azad ticarət zonasının yaradılması nəzərdə tutulub: “Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın yaradılması üçün lazım olan hüquqi baza artıq başa çatmaq üzrədir. Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş isə razılaşmanın final mərhələsindədir” - deyə Putin bəyan edib. Dövlət başçısının sözlərinə görə, bununla bağlı müvafiq razılıq əldə olunub. “Biz razılaşmışıq ki, İttifaq balanslı makroiqtisadi və büdcə siyasəti aparsın. Həmçinin, Avrasiya nəqliyyat və energetika şəbəkəsinin yaradılmasını da planlaşdırırıq”- deyə prezident vurğulayıb.
Rusiya prezidenti MDB-nin qarşısında duran perspektivlərdən də danışıb. O qeyd edib ki, MDB əsas diqqətini iqtisadi sahəyə yönəltməlidir. Putin MDB ölkələrində iqtisadi inkişafın azalmasından narahat olduğunu vurğulayıb. O qeyd edib ki, 2012-ci ildə bu artım 3,4 faiz olsa da, bu il 1,8 faizə düşüb. “Bu, ciddi elementdir. Eyni zamanda MDB ölkələri arasında daxili mal dövriyyəsinin azalmasını diqqətdə saxlamaq lazımdır”. Dünyada müşahidə olunan iqtisadi böhrana diqqəti çəkən Putin bildirib ki, MDB ölkələrinin özünün inkişaf gündəliyi, böyük investisiya formalaşdırmaq imkanları var. “Bunun üçün əhəmiyyətli addım MDB-də azad iqtisadi zonalar yaradılması barədə 2011-ci ildə imzalanmış sazişdir”- deyə Putin qeyd edib. Putin MDB-də turizm sahəsinin inkişafı üçün strategiyanın qəbul olunmasının vacib olduğunu da deyib. O, bu ölkələrdə mədəni-tarixi əhəmiyyətli yerlərin olduğunu deyərək, onların tanıdılması üçün regional nəqliyyat infrastrukturunu genişləndirməyi vacib sayıb.
Sarkisyanın xahişi

Ermənistan prezidenti Serj Sarkisyan Gömrük İttifaqına daxil olan ölkələrin prezidentlərindən xahiş edib ki, ölkəsinin bu ittifaqa qoşulmasına dair bütün sənədləri ratifikasiya üçün mümkün qədər tez təqdim etsinlər. Bu barədə Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına girməsinə dair “yol xəritəsi” dekabrda təqdim olunacaq. “Sarkisyan dövlət başçılarına müraciət edib ki, zəruri sənədlərin imzalanmasını ləngitməsinlər. Ermənistanla danışıqlar rahat gedir və Qırğızıstanla danışıqlardan fərqlənir. Ermənistan deyir ki, o, bütün razılaşmaları ratifikasiya etməyə hazırdır. Ermənistan ona bütün sənədləri ratifikasiya edib üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə başlamaq üçün cəmi bir neçə ay vaxt lazım olduğunu deyir” - deyə Şuvalov bildirib.
Ekspertlər Sarkisyanın bu tələskənliyinin səbəbinin Azərbaycanla bağlı olduğunu bildirirlər. Belə ki, Azərbaycan prezidenti Gömrük İttifaqına daxil olan Belarus və Qazaxıstan prezidentləri ilə Ermənistanın bu ittifaqa qoşulmasını ən azından ləngitmək üçün iş aparır. Qeyd edək ki, Lukaşenko Gömrük İttifaqının sammiti ərəfəsində deyib ki, Ermənistanı bu təşkilata üzv qəbul etmək üçün Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, Ermənistan nə bu gün, nə sabah, nə o biri il ittifaqa üzv ola biləcək. Gömrük İttifaqının sammitində prezidentlər Ermənistanın bu təşkilata qəbul olunmasına dair heç bir rəsmi sənəd imzalamayıblar, ancaq şifahi bəyanatla kifayətləniblər.
“Türkiyə Gömrük İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır”

“Türkiyə Gömrük İttifaqına üzv olmaq deyil, İttifaqla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Nursultan Nazarbayevin Minskdə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. “Mən bilirəm ki, digər ölkələr daha çox Gömrük İttifaqı ilə əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdırlar. Bu ittifaq qapalı çevrə deyil. Qurum digər ölkələrlə əməkdaşlıq üçün açıqdır” - deyə nazir vurğulayıb. Türkiyə XİN-dəki mənbə isə bildirib ki, Nazarbayevin bu sözləri onlar üçün sürpriz olub.
Ermənistanın Gömrük İttifaqına üzvlüyü nə vəd edir?

Ekspertlər qeyd edir ki, Gömrük İttifaqına daxil olmaq üçün böyük mərhələlərdən keçmək lazımdır. Bu mərhələlər isə Ermənistan üçün qeyri-məqbuldur. Sadəcə, Ermənistan bu ittifaqa Rusiyanın təkidi ilə daxil olmağa cəhd edir və Rusiya bu addımla Ermənistanı bir növ ələ salır. Onların qənaətincə, Rusiya bütün dünyaya göstərmək istəyir ki, Ermənistan heç kimdir. Kreml Ermənistanın Avropa tərəfə getməməsi üçün ölkənin Gömrük İttifaqına qoşulmasına təhrik edir. Hazırda Ermənistan gərgin dövr yaşayır və ölkənin bu vəziyyətə düşməsi vaxtilə apardığı məntiqi siyasətin nəticəsidir. Hamı başa düşür ki, Ermənistan artıq nüfuzunu itirib. Düşmən ölkəyə futbol topu kimi baxır, ələ salırlar. Bütün bunlar Ermənistanın vaxtilə həyata keçirdiyi siyasətin nəticəsidir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər