• cümə, 19 Aprel, 22:29
  • Baku Bakı 24°C

Minskdə Azərbaycanla bağlı nəşrlərin təqdimatı olub

05.09.19 18:34 1068
Minskdə Azərbaycanla bağlı nəşrlərin təqdimatı olub
Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib.
Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, Belarus ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyev açaraq kitabda haqqında yazılan insanların Azərbaycanın təbliği ilə bağlı gördükləri işlər barədə məlumat verib.
Müəllif Fuad Hüseynzadə çıxış edərək başda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov olmaqla kitabın təqdimatına dəstək göstərənlərə öz minnətdarlığını bildirib. O qeyd edib ki, bu kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə hazırlanıb: "Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”.
Bildirib ki, kitabda 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: "Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Kitabda Belarusda yaşayan 3 soydaşımızın da müsahibəsi yer alıb”.
Azərbaycanın Belarusdakı səfirinin birinci katibi Cavid İbayev çıxış edərək Azərbaycan diasporunun fəaliyyətinin təbliğində belə kitabların çapının əhəmiyyətli olduğunu deyib. Digərləri də çıxış edərək kitabın çapını dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi yolunda atılan müsbət addım kimi qiymətləndiriblər. Qeyd edilib ki, belə kitabların ingilis və rus dillərində də çap olunması önəmlidir.
Xatırladaq ki, bundan öncə kitabın Rusiya (Moskva, Krasnoyarsk və Samara şəhərlərində) İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya, Litva və Ukraynada da təqdimatı keçirilib. Qeyd edək ki, tədbir çərçivəsində "Turizmin internetdə təbliği yolları” adlı kitabçanın da təqdimatı olub. Kitabça Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək" layihəsi çərçivəsində çap edilib.
Tədbirdə iştirak edən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev deyib ki, məqsədləri Azərbaycan turizminin onlayn müstəvidə təbliğini gücləndirməkdir.
"Aristokrat" turizm şirkətinin Belarus nümayəndəliyinin rəhbəri Qəzənfər Məmmədov isə bildirib ki, Azərbaycana turist axınını artırmaq üçün dövlət tərəfindən turizmin təbliğinə yardım edilməlidir.
Təqdimatda Belarusun "Kali-Laska" turizim şirkətinin baş direktoru Nataliya Milevskaya, "Deyli Turs" şirkətinin baş direktoru Yekaterina Kondratyuk və "Tvoy Sled" turizm agentliyinin baş direktoru Yekaterina Konovalenko da iştirak ediblər. Onlar öz çıxışlarında Azərbaycanın turizm potensialının Belarusda təbliği üçün əməkdaşlığa və birgə layihələrin keçirilməsinə hər zaman hazır olduqlarını qeyd ediblər.
Tədbirin sonunda hər iki kitabın müəllifləri Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Şəfiqə Məmmədovaya tədbirin keçirilməsi üçün şərait yaratdığına görə təşəkkür ediblər.
banner

Oxşar Xəbərlər