Minsk qrupunun həmsədrləri niyə gəlib, nə etdilər?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə
bağlı bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfər
etdilər. Vasitəçilərin bu səfərinin məqsədi münaqişə tərəflərini biri-birinə
yaxınlaşdırmaq, problemin həllinə nail olmaq olsa da, nəticə hər kəsə bəllidir.
Yəni, həmsədrlərin səfəri həmişəki kimi yalnız bəyanat verməklə başa çatdı.
Minsk qrupu həmsədrlərinin səfərindən öncə bir çox ekspertlər bu
"ziyarətin” də nəticəsiz qalacağını bəyan etmişdilər. Çünki son 24 ildə
vasitəçilər nə işğalçını tanıda biliblər, nə də işğala məruz qalan tərəfin
torpaqlarının azad olunmasına nail olublar. Ümumilikdə ATƏT-in Minsk qrupu
həmsədrlərinin regiona səfəri nə ilə yadda qaldı, yekun olaraq nəyi
dəyərləndirmək mümkündür?
Mövzu ilə bağlı politoloq
Natiq Miri "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, ATƏT Minsk qrupu
həmsədrlərinin bölgəyə səfərinin yekunlarını qiymətləndirərkən bu səfərin
səbəbini aydınlaşdırmaq lazımdır: "Səfər öncəsi həmsədrlər bəyan etdilər ki,
mövcud vəziyyəti öyrənmək üçün regiona gəlirlər. 24 ildən sonra ATƏT-in Minsk
qrupu həmsədr dövlətlərinin bu nəticəyə gəlməsi bilavasitə göstərir ki, bu
qurum heç bir işlə məşğul deyil. Sadəcə protokol xatirinə və ATƏT-dən ayrılmış
maliyyəni bir növ mənimsəmək üçün regiona səfər edirlər. Çünki bu səfər
çərçivəsində konkret heç bir təkliflər ortaya qoyulmadı. Həmçinin aprel
döyüşlərindən sonra substantiv danışıqları birmənalı sabotaj edən tərəf
Ermənistandır. Bu yöndə Ermənistana nəinki Rusiya tərəfindən, digər həmsədr
dövlətlər tərəfindən də hər hansı bir təzyiqlər olunmur. Bu gün sülh masası
arxasında danışıqlar predmetinə Ermənistan heç cür ciddi yanaşmır. Belə olan
təqdirdə, bu səfərin hansı nəticələri ola bilərdi? Düşünürəm ki, həmsədrlərin
bu səfəri yalnız atəşkəsin qorunması və status-kvonun davam etməsinə hədəflənib”.
N.Mirinin sözlərinə görə, ola bilsin ki, yaxın müddətdə bu çərçivədə
münaqişə tərəflərinin xarici işlər nazirləri səviyyəsində görüş təşkil olunsun:
"Bununla da ATƏT-in Minsk qrupu həmsədr dövlətləri öz işlərini müəyyən
müddətlik bitmiş hesab edəcəklər. Ancaq Azərbaycan dövləti bununla razılaşmalı
deyil. Düşünürəm ki, 24 il bizim üçün yaradılan prosesin arxasınca sürünməyimiz
yetər. Bundan sonra Azərbaycan özü proses yaratmalıdır. Həm Ermənistan, həm də
həmsədr dövlətlər Azərbaycanın yaratdığı prosesin arxasınca gəlsinlər. Bundan
ötrü nə etmək lazımdır? Təbii ki, həm siyasi, həm də hərbi yöndə fəaliyyət
lazımdır. Yəni, bir tərəfdən diplomatik danışıqlar aparılarkən, o biri tərəfdən
lokal da olsa, hərbi əməliyyatlar həyata keçirilməli və bir çox strateji
obyektlər, mövqelər tədricən azad olunmalıdır. Belə olduğu təqdirdə,
Ermənistanı çox asanlıqla sülh masası ətrafına gətirmək mümkün olacaq. Yoxsa
biz bundan sonra da 24 il ATƏT-in bizim üçün qurduğu və planlaşdırdığı bu
prosesin arxasınca sürünməli olacağıq”.
Politoloq Qabil Hüseynli bildirdi ki,
həmsədrlərin bu səfərini nəticəsiz adlandırmaq olar: "Çünki onlar sanki bir
turist səfəri kimi İrəvana getdilər, oradan da Bakıya gəldilər. Məsələ
burasındadır ki, həmsədrlər bəlli stereotiplərdən heç cür xilas ola bilmirlər.
Bu da ondan ibarətdir ki, onlar regionda baş verən hadisənin məğzini özündə
ifadə edə biləcək siyasi dəyərləndirmə verə bilmirlər. Yəni işğaldan
danışırlar, amma işğalçı kimdir - onun adını çəkmirlər. İşğal edilmiş
ərazilərdən danışırlar, bu torpaqların kimə məxsus olduğunu deməyə cəsarətləri
çatmır. Həmsədrlər çətinə düşəndə isə, kimin işğalçı, kimin işğala məruz qalan
olmasının aydınlaşdırılmasını tarixçilərin üzərinə atırlar. Bu, daş dövründə
baş vermiş hadisə deyil ki, onu tarixçilər araşdırsınlar. Qarabağ münaqişəsi yaxın
illərin hadisəsidir və uzağı, 25-30 illik tarixi var. Hadisəni həll etmək
istəyiriksə, onu doğuran səbəbləri düzgün bilməyik. Ermənistan Azərbaycana
hücum edərək, 20 faiz torpağını qəsb edib. Bunun nəticəsində Xocalı, Qaradağlı,
Bağanis-Ayrım soyqırımıları baş verib. 1 milyondan artıq insan doğma
yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu faktlar nəzər
alınmayacaqsa, biz məsələni nə cür obyektiv həll edə bilərik? Məsələyə siyasi
qiymət verilməlidir ki, qəsbkarlıq həyata keçirilib və bunu da Ermənistan edib.
Bu ölkənin təcavüzkar olması vurğulanmalıdır və Ermənistana qarşı siyasi,
iqtisadi sanksiyalar tətbiq edilməlidir. Həmsədrlər Ermənistanla elə danışırlar
ki, sanki o bir mələkdir. Əlbəttə, ikili standartlar var, amma bu o demək deyil
ki, həqiqətləri danmaq lazımdır”.
Q.Hüseynlinin fikrincə, həmsədrlər bu məsələdə status-kvonun
dəyişməsini istəmirlər: "Əgər həmsədr dövlətlər bu problemin həllini
istəsəydilər, onda beynəlxalq ictimai rəydə məsələnin həqiqi mənzərəsinin
formalaşmasına dəstək verməliydilər. Bundan sonra məsələ həll edilməlidir. Qarabağ
məsələsində az-çox fəal görünən amerikalı həmsədrdir. Fransa və Rusiya
həmsədrləri yenə də hər şeyi "malalamaqla” məşğuldurlar. Bu isə həmsədrlik
missiyasına tamamilə ziddir”.
Bəxtiyar MƏMMƏDLİ