Minsk qrupundan kənar Dağlıq Qarabağ danışıqları
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildən çoxdur fəaliyyət
göstərir. Lakin indiyədək Ermənistanın məsələyə qeyri-konstruktiv yanaşması
nəticəsində münaqişə həllini tapmayıb. Elə bu səbəbdəndir ki, hər zaman bu
vasitəçilik missiyasına alternativlər haqqında müxtəlif fikirlər səsləndirilib.
Bu günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirləri diqqətdən kənarda
qalmayıb.
O, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun
vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə
görüşünun təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab
verib: "Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək.
Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda
təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir".
Maraqlıdır ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.
Belə olan halda Rusiya tərəfindən müxtəlif formatlarda görüşlərin keçirilməsi
dedikdə nə nəzərdə tutulur?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən əlavə digər
formatda ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü də nəzərdə tutula bilər:
"Yəni, bu konfliktdə olan tərəflərdən ayrıca görüşlərdir. Ola bilsin ki,
parlamentlər səviyyəsində hansısa görüşlər olsun. Öncədən nə isə demək
çətindir. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək müxtəlif görüşlər olub. Təkcə Azərbaycan və Ermənistan
xarici işlər nazirləri görüşməyiblər. Zaxarovanın fikirləri həm də o demək
deyil ki, prezidentlər görüşəcək. Prezidentlərin görüşü üçün mütləq şəkildə
əvvəlcə xarici işlər nazirləri bir araya gəlməlidir və irəliyə aparan hansısa
təklifləri yaxınlaşdırmalıdırlar”.
R.Musabəyov əlavə etdi ki, xalq diplomatiyası məsələsi ilə Xarici
İşlər Nazirliyi məşğul olmur: "Düzdür, bu istiqamətdə müəyyən səylər var. Misal
üçün, Avropa Birliyi tərəfindən dəstəklənən LİNKS Araşdırmalar Mərkəzi var və
bu təşkilat Azərbaycan və Ermənistan parlamentariləri, vətəndaş cəmiyyəti
nümayəndələri, eləcə də jurnalistlər arasında görüşlər təşkil edirdi. Mümkündür
ki, bu istiqamətdə də müəyyən fəallıq müşahidə olunsun”.
"Atlas"
Araşdırmalar Mərkəzinin sədri, Qərb Universitetinin Tətbiqi Politologiya
Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Rusiya XİN
təmsilçisinin açıqlamasında "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı müxtəlif formatlarda təmaslar istisna deyil” fikri iki hissədən
ibarətdir. Birinci hissədə ona işarə edilir ki, vacib deyil, münaqişənin həlli
ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olsun. Burada istisna olaraq
alternativ formatlar da mümkündür. Bu mənada ilk ağlıma gələn Türkiyə oldu.
Çünki hazırda Türkiyə xaricində hansısa bir ölkənin Dağlıq Qarabağ məsələsində
fəal olduğunu görmək mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, yaxın
günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə həmkarı Putinlə
görüşməlidir. Bu görüşdə əsas müzakirə mövzularından biri də məhz Qarabağ
münaqişəsidir. Ona görə də düşünürəm ki, Zaxarova bəlkə bu çərçivədə
danışıqların aparılmasının mümkünlüyünü nəzərdə tuta bilərdi.Eyni zamanda, üçtərəfli format da ola bilər. Bilirsiniz ki, Suriya
məsələsində Türkiyə, Rusiya və İranın uğurlu vasitəçiliyi davam edir. Müəyyən
mənada problemin həlli də yaxınlaşır. Bu format gələcəkdə digər regional
münaqişələrin həllinə də cəlb oluna bilər. Həmin bu üç dövlət Azərbaycana qonşu
olan dövlətlərdir və onların bölgədəki sabitlikdə marağı olmalıdır,
münaqişələrin həllinə çalışmalıdırlar. Bəlkə də Zaxarova bu formatı nəzərdə
tutub. Hadisələrin gedişatı necə olacaq, bunu gələcəkdə izləyəcəyik. Amma fakt
ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti artıq yararsızdır. Böyük ümid
bəsləyirdilər ki, prezidentləri görüşdürüb, guya münaqişənin həllində ciddi
irəliləyiş əldə edəcəklər. Lakin Cenevrə görüşündən heç bir nəticə çıxmadı.
Çünki Ermənistan işğala son qoymaq və mərhələli həll planını qəbul etmək
istəmir. Bu da bir daha göstərir ki, Minsk qrupu çərçivəsində münaqişəni həll
etmək çox çətin olacaq. Ona görə də biz özümüz də alternativ formatların
fəaliyyət istiqamətlərinə diqqət yetirməliyik və indiki məqamda Türkiyənin
fəallığı Azərbaycanın maraqlarına cavab verir”.
E.Şahinoğlu vurğuladı ki, xalq diplomatiyası da alternativ yollardan
biridir: "Bu formatdan Azərbaycan çəkinmir. Ölkəmiz iki istiqamətdə xalq
diplomatiyasını inkişaf etdirməyə çalışır. Bunlardan biri Sülh Platformasıdır.
Azərbaycan o ermənilərlə əməkdaşlığa hazırdır ki, onlar işğala son qoyulmasını
istəyir, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Bu günlərdə Tbilisidə Sülh
Platformasının görüşü keçirildi və idarə heyəti təsis edildi. İdarə heyətinin
üzvlərindən 6-sı azərbaycanlı, 6-sı isə erməni olacaq. Bu məsələdə digər
istiqamət isə icmalarla bağlıdır. "Dağlıq Qarabağın Azərbaycanlı İcması”
İctimai Birliyinin rəhbərliyi erməni icması ilə dialoqun tərəfdarıdır və
görüşməyə hazırdırlar. Çox təəssüf ki, Ermənistanın işğalçı hakimiyyəti buna
müxtəlif əngəllər törədir”.
Bəxtiyar MƏMMƏDLİ