• çərşənbə axşamı, 16 aprel, 10:31
  • Baku Bakı 14°C

Minsk qrupu tərəfindən Ermənistana təzyiq daha da güclənməlidir

13.04.17 11:30 841
Minsk qrupu tərəfindən Ermənistana təzyiq daha da güclənməlidir
İmperialist dövlətlər tərəfindən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər zamanla özlərini bu ərazilərin sahibi kimi aparmağa, dənizdən-dənizə uydurma "böyük Ermənistan” xüylasına qapılmağa başlayıblar. 1988-ci ildən etibarən azərbaycanlıların Ermənistandan deportasiyası, Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş qaldıran erməni separatçılığı, ardınca başladılan müharibə də bu amala xidmət edib. 1994-cü ilə qədər davam edən müharibə nəticəsində Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağı, həmçinin 7 inzibati rayon da daxil olmaqla, ümumilikdə Azərbaycanın 20 faiz ərazisini işğal edib, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olublar. İşğalçı Ermənistan beynəlxalq qurumların çağırışlarına, beynəlxalq hüququn prinsiplərinə əhəmiyyət vermir.
İndiyə qədər münaqişənin həlli məqsədilə prezidentlər səviyyəsində keçirilən bütün görüşlərdə Ermənistan tərəfi qeyri-konstruktivlik nümayiş etdirib, əsassız tələblər irəli sürməklə həm işğalçı siyasətindən əl çəkmədiyini büruzə verib, həm də münaqişənin həllini yubadıb. İşğalçı dövlətin başçısı Serj Sarkisyan danışıqlar prosesində küncə sıxıldığını hiss edən kimi hər hansı vasitə ilə cəbhə xəttində təxribatlar törətməyə, bununla da vəziyyəti gərginləşdirməyə can atıb. Sonuncu dəfə ötən ilin aprel ayında Ermənistan silahlı birləşmələri tərəfindən növbəti təxribatın törədilməsinə cəhd, Azərbaycan ordusunun buna layiqli cavab verməsi, nəticədə 4 gün ərzində şiddətli döyüşlərin getməsi buna daha bir nümunədir.
Həmin döyüşlərdə Silahlı Qüvvələrimizin ön cəbhədəki kiçik bölməsi əks hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurub, işğal altında saxlanılan bir neçə strateji yüksəkliyi və əraziləri azad edib. Bununla dünyaya, o cümlədən münaqişənin həlli ilə məşğul olan həmsədr dövlətlərə, xüsusən də işğalçı Ermənistana əyani sübut olunub ki, sülh danışıqları nəticə vermədiyi halda Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə tam qadirdir. Məhz aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin "dondurulmuş münaqişə” olmadığı diqqət mərkəzinə gəldi, danışıqların intensivləşdirilməsi, ərazi bütövlüyünün dəstəklənməsi, sülh prosesinin başlanması üçün ilkin mərhələdə 5 rayonun azad edilməsi barədə çağırışlar olub. Prezidentİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün bunlar barədə bir daha söhbət açıb. O, ilin əvvəlindən beynəlxalq fəaliyyətin çox uğurlu olduğunu, birinci rübdə 7 xarici səfər etdiyini dilə gətirib. Bu səfərlərin çox böyük əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı bildirib ki, beynəlxalq konfranslarda şəxsən iştirak etməsi ölkəmizin maraqlarının təmin edilməsi üçün çox önəmlidir. Prezident İlham Əliyev həm Davos Ümumdünya İqtisadi Forumunda, həm də Münxen Təhlükəsizlik Konfransında ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdığını söyləyib.
Ölkə başçısı İlham Əliyev Pakistan və İran İslam Respublikalarına, Qətər dövlətinə, Fransaya edilən səfərləri də bu baxımdan əhəmiyyətli hesab edib. Qeyd edib ki, bütün rəsmi səfərlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub: "Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir”.
Prezident İlham Əliyev bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz. Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik”.
Dağlıq Qarabağda keçirilən qondarma "referendum”a diqqət çəkən ölkə başçısı deyib ki, bu "seçki” ilə Ermənistan özünü bir daha biabır və ifşa edib: "Onlar orada nə qədər çox qanunsuz "referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu "referendum”u pislədilər. Bəyan etdilər ki, bu "referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əslində, bu "referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər. Əlbəttə ki, bütün beynəlxalq aləm bu "referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular”.
Prezident İlham Əliyev Azərbaycan qanunlarını bir neçə dəfə kobudcasına pozan, Dağlıq Qarabağa qanunsuz səfərlər edən, dövlətimizi, xalqımızı təhqir edən Aleksandr Lapşinin xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında ölkəmizə təhvil verilməsinə, Bakıya gətirilməsinə də münasibət bildirib. Bu hadisəni ədalətin bərpası, beynəlxalq hüququn aliliyi kimi qiymətləndirən Azərbaycan Prezidenti deyib ki, ekstradisiya ilə bağlı olan bütün məsələlər beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Ölkə başçısı əminliklə bildirib ki, bu, bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə də, onun kimilərinə də dərs olub.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına bağlanıldığını da xatırladan Prezident İlham Əliyev deyib ki, bu da tarixi hadisədir: "İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək. Cocuq Mərcanlının bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi”.
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev mövzuya dair açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini hər zaman aydın şəkildə səsləndirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında da dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu söyləyib: "Prezident qeyd etdi ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və bilməyəcək. İnanıram ki, Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyi nəticəsində problemin həlli istiqamətində mühüm addımlar atılacaq. Amma bunun üçün ölkə rəhbərinin də vurğuladığı kimi Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar”.
Millət vəkili R.Rzayev 2017-ci ilin müvafiq dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin, mövqeyinin gücləndiyini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, apardığı danışıqlar ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə səbəb olub.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər