• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

Minsk danışıqları politoloqlarımızın gözü ilə

14.02.15 07:05 1001
Minsk danışıqları politoloqlarımızın gözü ilə
Elman Nəsirov: “Vəziyyətin köklü şəkildə pisləşmə ehtimalı da var”
Fikrət Sadıxov: “Ukrayna böhranı qısa müddətdə həll olunmayacaq”

Ukrayna böhranının həlli ilə bağlı Minskdə aparılan danışıqlar başa çatıb. Minskdə Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri arasında əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk və Luqansk separatçıları, ATƏT) tərəfindən imzalanıb. Danışıqların nəticələrinə görə, fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəs haqqında razılıq əldə olunub. Həmçinin razılaşmaya görə, ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi, Ukraynanın 2015-ci ilin sonuna qədər konstitusiya islahatları həyata keçirməsi nəzərdə tutulub. Tərəflər Donbasın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiya və dil hüququ məsələlərində razılığa gəliblər. Əldə olunan razılaşma ilə bağlı “Kaspi” politoloqların mövqeyini öyrənib.
Politoloq Elman Nəsirov hesab edir ki, Minskdə əldə olunan razılaşma daha ciddi hesab oluna bilər: “Çünki sentyabr ayında Ukrayna münaqişəsinin həlli üçün birinci Minsk danışıqları təmas qrupu tərəfindən aparılırdı. Lakin fevralın 12-də keçirilən danışıqlarda 4 dövlətin - Fransa, Almaniya, Rusiya və Ukraynanın rəhbərləri iştirak edirdi. Minskdə əldə olunan razılaşma müsbət dəyərləndirilsə də, biz dəfələrlə razılaşmaların əldə olduğunu, amma yerinə yetirilmədiyinin şahidi olmuşuq. Bu dəfə razılaşmanın yerinə yetirilməsi üçün dövlət başçıları tərəfindən təminat verilməsinə baxmayaraq, tərəflərin bir-birlərinə inamı çox deyil. Çünki Almaniya kansleri Angela Merkel Rusiyanı razılaşmanı pozacağı təqdirdə yeni sanksiyalarla təhdid edib. Lakin mən hesab edirəm ki, Minskdə əldə olunan razılaşma münaqişənin həllində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Amma bu münaqişə çox mürəkkəbdir. Çünki vəziyyətin köklü şəkildə pisləşmə ehtimalı da var”.
Onun sözlərinə görə, fevralın 15-dən etibarən atəşkəsin qorunacağı təqdirdə Ukraynanın şərqində münaqişənin həlli üçün sülh sazişinin bağlanmasına şərait yarana bilər: “Əgər ağır silahlar və hərbi texnika təmas xəttindən geri çəkilsə, atəşkəs mütəmadi olaraq qorunsa, onda uzunmüddətli sülh üçün ümidlər yaranacaq. Belə addımlar sülh üçün münbit şərait yaradacaq. Hər şey tərəflərin razılaşmaya əməl etməsindən asılıdır. Amma razılaşmaya əməl olunmasa, Minskdə əldə olunan razılaşmanın perspektivi şübhə altında qalacaq”.
Politoloq qeyd edib ki, Minsk razılaşmasında Ukrayna dövlətinin ərazi bütövlüyü müdafiə olunub: “Donbasda hakimiyyəti əlində saxlayan qondarma respublikaların görüşdə iştirakına baxmayaraq, münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulub. Prezident İlham Əliyevin də Münhen Təhlükəsizlik Konfransında qeyd etdiyi kimi, Ukraynanın şərqində olan münaqişə dövlətlərin ərazi bütövlüyünün qorunmasını gündəmə gətirib. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər. Çünki prezident dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geniş muxtariyyət verilə bilər. Buna görə də, Ukrayna münaqişəsinin həllində tətbiq olunan mexanizm, yəni həmin ərazilərə xüsusi statusun verilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində böyük dövlətlərin nəzərində ola bilər və onlar bu praktikadan münaqişənin həlli üçün istifadə edə bilərlər. Hazırkı durumda Minsk razılaşmasına görə, qondarma respublikalara səlahiyyətlərin verilməsi məsələsi öyrənilməli və onun bizim münaqişənin həllində tətbiq edilməsi nəzərdən keçirilməlidir”.
Politoloq Fikrət Sadıxov Minskdə Ukrayna böhranının həll edilməsi üçün danışıqların saatlarla uzanmasının münaqişənin gərginliyindən xəbər verdiyini bildirib: “Tərəflərin razılığa gəlməsi təqdirəlayiqdir. Lakin münaqişənin həlli üçün ilk öncə atəşkəsin qorunması vacibdir. Amma mən belə mürəkkəb böhranın qısa müddətdə həllinə inanmıram. Çünki görüşdə iştirak edən tərəflərin maraqları toqquşduğuna görə, Ukraynanın şərqində böhranın həlli üçün uzun müddət vaxt lazımdır. Biz öz təcrübəmizdən də görürük ki, atəşkəs haqqında müqavilə imzalamaq elə də çətin deyil. Əsas problem razılaşmanın şərtlərinə əməl edilən zaman yaranır. Əgər atəşkəs qorunsa, tərəflər əldə etdikləri razılaşmanı yerinə yetirsə, onda ümidlər yarana bilər. Lakin mən münaqişənin tezliklə həll olunmasına inanmıram”.
Politoloq qeyd edib ki, Ukraynanın şərqindəki böhran ilə Dağlıq Qarabağ problemi oxşardır: “Bizim münaqişədə də atəşkəs elan olundu, məsələ böyük dövlətlərin nəzarəti altına keçdi. Lakin hələ də nəticə yoxdur. Ukrayna böhranı da qısa müddətdə həll olunmayacaq”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər