• cümə axşamı, 28 mart, 21:28
  • Baku Bakı 13°C

Minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksinə yürüş edib - Fotolar

31.03.18 11:25 1053
Minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksinə yürüş edib - Fotolar
Martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunub.

Yürüşdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkəmizin bütün bölgələrindən vətəndaşlar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Sonra 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar yürüş başlayıb.

Azərbaycan Respublikası Prezidentinin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən təşkil olunan yürüş Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından Memorial Kompleksə qədər davam edib.

Minlərlə insanın qatıldığı yürüşdə "Erməni vandalları cəzalandırılsın!”, "Ermənistanın 100 illik terroru!”, "1918-ci il soyqırımını unutmadıq!”, "Xocalıya ədalət!” şüarları səsləndirilib.

Yürüş iştirakçıları Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra onların ruhuna dualar oxunub.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Bu məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.













banner

Oxşar Xəbərlər