• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Minlərlə insana sevinc bəxş edən addım

25.05.18 19:02 1045
Minlərlə insana sevinc bəxş edən addım
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşılır. Çünki, bu, demokratik dəyərlərin başlıca meyarlarından biridir. Bununla yanaşı, ölkəmizdə humanizm ənənələrinin təşəkkül tapması və möhkəmlənməsi də daim diqqət mərkəzində saxlanılıb. Xüsusən də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulub. Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə gətirilməsindən öncə bu sahədə vəziyyət heç də ürəkaçan olmayıb. Belə ki, Azərbaycanda həm keçmiş sovetlər ittifaqı zamanı, həm də dövlət müstəqilliyini bərpa edəndən sonra Cinayət Məcəlləsində ölüm cəzası nəzərdə tutulub. Rəsmi statistikaya görə, 1988-ci ildə 5 nəfər, 1989-cu ildə 6 nəfər, 1990-cı ildə 3 nəfər haqqında ölüm hökmü icra edilib. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik yerinə yetirilib. Ali Sovetə o dövrdə sədrlik edən İsa Qəmbərov 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində, buna səlahiyyəti olmadığı halda rədd edib və bu barədə müvafiq fərmanlar imzalayıb. Ölkəyə rəhbərlik edən Əbülfəz Əliyev isə 1993-cü il yanvarın 5-də ölüm cəzasına məhkum olunmuş iki şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman verib. Beləliklə, 8 nəfər haqqında ölüm hökmü icra olunub, bir nəfər bu hökm icra edilənə qədər həbsxanada vəfat edib.
Lakin 1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gətirilməsindən sonra demokratikləşmə mərhələsinə qədəm qoyan Azərbaycanda humanist aktların həyata keçirilməsi ənənəsi formalaşıb. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edib, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutub. Onun humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlaratması, o cümlədən cinayət törətmiş və bu əməlindən peşmançılıq keçirən şəxslərin 1995-ci ildən başlayaraq bağışlanması, 1998-ci ildən ölüm hökmünün icrasının dayandırılması, vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırıb. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycanın o dövrdəki Cinayət Məcəlləsində ölüm cəzası ilə əlaqədar olan maddələrə yenidən baxılıb. Bununla bağlı Milli Məclisin qəbul etdiyi qərarlarda 21 maddədən ölüm cəzası götürülüb. 1998-ci ildə ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilib. Həmin il yanvarın 22-də ümummilli lider H.Əliyev bəyanat verərək ölüm hökmünün ləğv edilməsi təşəbbüsünü irəli sürüb. Bəyanatda ölüm hökmü ilə bağlı bütün məsələləri ətraflı təhlil edən ulu öndər bildirib ki, Cinayət Məcəlləsində ölüm hökmü ilə əlaqədar olan bütün maddələr dəyişilməlidir və bu hökmə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəzlənə bilər. O, bununla əlaqədar Milli Məclisə qanunvericilik təşəbbüsü ilə təqdimat göndərib. Həmin il Milli Məclis ölüm hökmünün tamamilə ləğvi ilə əlaqədar təşəbbüsü dəstəkləyərək tarixi qərar qəbul edib. Beləliklə, Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Bu amil də xüsusi qeyd edilməlidir ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməmişdən hələ 3 il öncə ölüm hökmünü ləğv etməklə, yüksək humanizm nümayiş etdirib.
Ümummilli lider Heydər Əliyevin humanistliyin nəticəsində Azərbaycanda əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ulu öndər Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə, hətta 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən də 2003-cü ildən indiyə qədər imzalanan çoxsaylı əfv fərmanları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib. 2016-cı ilin Novruz Bayramına qədər Prezident İlham Əliyev sayca 29-cu əfv sərəncamı imzalayıb. Dövlət başçısı həmin müddətə qədər 6 min 472 nəfər məhkuma azadlıq bəxş edib. Ümumilikdə müstəqilliyimiz dövründə 11 dəfə amnistiya aktı, 64 dəfə əfv sərəncamı icra olunub ki, bunlar sayəsində minlərlə insan azadlığa qovuşub, yaxud cəzası yüngülləşdirilib.
Mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında daha bir sərəncamı imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub. Bundan başqa, Nardaran hadisələrində təqsirləndirilən Babayev Nadir Ağaəli oğlu, Qasımov Əliağa Mahmud oğlu, Cabbarov Hilal Dəmir oğlu, Qurbanov Ələkbər Tofiq oğlu, Şahbazov Fail Atabala oğlu, Şahbazov Natiq Atabala oğlu, Quliyev Məmmədhənfə Əbdülrəhman oğlu, "2012-ci il Avroviziya işi"ndə təqsirləndirilən Abdullayev Valeh Məmmədağa oğlu, həmçinin AXCP üzvü Fərəcov Elnur Hüseynqulu oğlu və yazıçı Şəkərov Saday Əsəd oğlu da əfv olunanlar arasındadır.
Bütün bunlar Azərbaycan dövlətinin daim humanizm siyasətinə üstünlük verdiyini növbəti dəfə nümayiş etdirir. Bu siyasət xalq tərəfindən dəstəklənir. Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə prezident İlham Əliyevin bu addımını alqışladığını bildirib. Qeyd edib ki, bu dəfə əfv sərəncamı 634 nəfərə şamil olunsa da, ümumilikdə minlərlə insana sevinc bəxş edib: "Azərbaycan tarixində əfv sərəncamları çox olub. Ümummilli lider Heydər Əliyevin dövründə, eləcə də onun siyasi kursunun davamçısı prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan indiyə qədər çoxsaylı əfvlər, amnistiyalar olub. İlk dəfədir ki, bu sayda məhkumun adı olan əfv sərəncamı imzalanır. Bu həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədardır. Əgər nəzərə alsaq ki, əfv olunan hər bir insanın ailə üzvləri, yaxın-uzaq qohumları, dost-tanışları bu xəbəri sevinclə qarşılayır, o zamana minlərlə insana sevinc bəxş edildiyinin fərqinə vararıq. Prezident İlham Əliyev atdığı növbəti belə addımla öz humanistliyini növbəti dəfə nümayiş etdirib. Əfv olunan insanlara səslənirəm ki, dövlət başçısının humanistliyindən sui-istifadə etməsinlər, təkrar cinayət əməli törətməsinlər, bir daha zindana düşməsinlər, cəmiyyətin digər üzvləri kimi normal həyatlarını yaşasınlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər