• cümə axşamı, 25 aprel, 10:06
  • Baku Bakı 14°C

Minimum vaxt itkisi, maksimum şəffaflıq

30.06.18 09:00 787
Minimum vaxt itkisi, maksimum şəffaflıq
İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib. Bu, Prezident İlham Əliyevin imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb. İcraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib.

Tədbirlər Planına əsasən, bu dövlət orqanlarına, mallar gömrük sərhədindən keçirilənədək, qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. Bununla bağlı Gömrük Məcəlləsində, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.

Sənədə görə, idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-ə qədər tətbiq olunmalıdır. Tədbirlər Planında gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bununla bağlı icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə, İqtisadiyyat Nazirlikləri və aidiyyəti qurumlar müəyyənləşdirilib. İcraçı dövlət qurumlarına gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaltmaq, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkil etmək, gömrük rəsmiləşdirilməsi zamanı "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsini təmin etmək tapşırılıb. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları ilə Dövlət Gömrük Komitəsi arasında razılaşdırma sənədinin imzalanması nəzərdə tutulur. Gömrük proseduralarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər bu ilin sentyabrın 1-dək yekunlaşmalıdır.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, bu sərəncam gömrük sahəsində olan bir sıra neqativ halların aradan qaldırılmasına səbəb olacaq: "Ümumiyyətlə son illər gömrük sahəsində çox ciddi islahatlar həyata keçirilir. Bir çox proseslərin insan faktoru olmadan elektron vasitələrlə həyata keçməsində, bəyannamələrin elektron şəkildə verilməsində əsas məqsəd bu sahədə şəffaflığı təmin etməkdir. Həmçinin gömrük sahəsində bu günə qədər olan bəzi neqativ halların qarşısını almaq və bundan sonrakı mərhələdə yaxşı şərait yaratmaq üçün belə addımlar atılır. Cənab Prezidentin bir qədər əvvəl kiçik və orta sahibkarlığın inkişafı, həmçinin gömrük sahəsində sadələşdirmə ilə bağlı imzaladığı bu sərəncamlar ölkəmizdə sahibkarlığın inkişafına əhəmiyyətli təsirini göstərir. Burada əsas məqsəd ölkəmizə məhsul idxal və ixrac edən sahibkarların işində yaranacaq problemlərin qarşısını almaqdır”.
Millət vəkili Azər Badamov bu addımı yüksək qiymətləndirdiyini bildirdi: "Cənab Prezidentin tapşırığı ilə bu günə qədər gömrük sahəsində bir çox sadələşdirmə tədbirləri həyata keçirilib. Həmçinin qanunlarda bəzi dəyişikliklər olub. Gömrük sahəsində "Bir pəncərə” sisteminin tətbiq edilməsi, "Yaşıl dəhlizin” yaradılması bütün maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlərdəndir. İndi isə idxal edilən malların elektron formada əvvəlcədən bəyan edilməsi idxalçıların və ixracatçıların işlərinin daha da asanlaşmasına, vaxt itkisinin minimuma endirilməsinə şərait yaradacaq. Gömrük elə bir sahədir ki, orada şəffaflıq maksimum dərəcədə təmin olunmalıdır. Məhsulların gətirilməsində və aparılmasında heç bir problem olmamalıdır. Bu da maliyyənin hesabatlılığının təmin edilməsində, həm də gəlirlərin müəyyən edilməsində əsaslı rol oyanacaqdır”.
Günel Azadə

banner

Oxşar Xəbərlər