• şənbə, 20 Aprel, 15:44
  • Baku Bakı 23°C

Minimum əməkhaqqının artması iqtisadi fəallığa müsbət təsir göstərəcək

12.02.19 19:26 681
Minimum əməkhaqqının artması iqtisadi fəallığa müsbət təsir göstərəcək
Bu günlərdə dövlət başçısı İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli, 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilir. Sözügedən sərəncamın ölkədə iqtisadi fəallığa mümkün təsiri barədə iqtisadçı ekspertlərin rəyini öyrəndik.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov söylədi ki,son illər Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərarlar qəbul edilir: "Bu il də istisna təşkil etmədi. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir. Sərəncam ölkə Prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani şəkildə göstərdi. Son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. O, bu addımları dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalmalara səbəb olduğu 2016-cı il başa çatan kimi, yəni 2017-ci ilin yanvar ayında da atdı. Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8% azalmasına baxmayaraq, Prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə "yox” demədi. İlham Əliyev ölkənin iqtisadi durumundakı çətinliklərə, maliyyə çətinliklərinə baxmayaraq, bu vəziyyətdə də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin yanında olduğunu bir daha göstərdi. 2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə başçısı eyni addımları növbəti 2018-ci ilin əvvəllərində də atdı. 2019-cu il iqtisadi yüksəliş ili olacaq və bu səbəbdən də cənab İlham Əliyev bu ilki əməkhaqqı artımlarının ölkədəki iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədi. Minimal əməkhaqının birdən-birə 38,5% - 50 manat artımına getmək Prezident qətiyyətinin ifadəsi, onun əhalinin aztəminatlı təbəqəsinə münasibəti və bütövlükdə ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Son fərmanla Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaq. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım baş verəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu, mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək. Minimum əməkhaqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq, heç bir müəssisə öz işçilərinə bundan az əməkhaqqı verə bilməz. Əmək qanunvericiliyinə əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Minimum əməkhaqqının artırılması ilə ölkədə inflyasiyanın da artacağına dair səslənən fikirlərin heç bir əsası yoxdur. Hökumət bu artımları da, minimum əməkhaqqının artımını da 2019-cu il üçün öncədən proqnozlaşdırıb. Beynəlxalq təşkilatların da Azərbaycanda inflyasiya barəsindəki proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür”.
İqtisadçı-ekspert Pərviz Heydərov sözügedən sərəncamın əhəmiyyəti haqda danışdı: "Burada bir şeyi nəzərə almaq lazımdır ki, atılan bu addım işgüzar aktivlikdir. Yəni, əsas məqsəd sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu mənada, minimum əməkhaqqının artırılması vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edir. Yəni, qərar istər özəl, istərsə də dövlət sektorunda əmək müqaviləsi ilə çalışan vətəndaşların gəlirlərinin artmasına ciddi təsir edəcək. Həmçinin bu qərar sahibkarlıq qurumları, yəni hüquqi şəxslər üçün sosial vergilərin verilməsinə də öz təsirini göstərəcək. Əvvəl minimum əməkhaqqı 130 manat təşkil edirdisə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər həmin limit daxilində vergi ödəyirdi. Minimum əməkhaqqının artması ilə əlaqədar olaraq onların ödəmələrinin də həcmi artacaq. Bu da dolayı yolla olsa da, iqtisadi fəallığı təmin edəcək. Hesab edirəm ki, minimum əməkhaqqının qaldırılmasına dair sərəncam sahibkarlıq strukturlarında əmək müqavilələrinin sağlamlaşmasına da gətirib çıxaracaq. Çünki sahibkarlar özləri də bu işdə maraqlı olmağa başlayacaqlar. Yəni qərar, müəyyən miqyasda iqtisadi aktivliyin yüksələcəyinə zəmin yaradır. Minimum əməkhaqqının artması, həmçinin pul kütləsinin artmasına şərait yaradacaq. Bu məqam da özlüyündə iqtisadi fəallığa təsirini göstərəcək”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər