MİNİMALİST ŞEİR NECƏ YAZILIR

MİNİMALİST ŞEİR NECƏ YAZILIR

24 Dekabr 2015, 11:28 2658
Minimalist poeziya xüsusi dəbdəbəyə malik olmasa da, xüsusi diqqət tələb edir. Bir tərəfdən bu həm d verlibrdi (ciddi qafiyə ölçülərindən azad şeir. Bu cür şeir üçün bütün qafiyə, heca ölçülərindən imtina edilməsi xarakterikdir – X.N.), həm nəsrin ritmə salınmasıdı, həm də ironik poeziyadı. Digər tərəfdən, bu həm də söz, ağıl oyunudu, qafiyə qaydaları haqda “ev tapşırığı”dır. Başqa sözlə, bu həm incəsənətdi, həm də incəsənətlə oyun.
Minimalist poeziyaya məhz incəsənət oyunu, sözlə oyun kimi nəzər yetirək. Oyunçu və tamaşaçı varsa, oyun başlaya bilər. Burda hər şey qaydasındadı, minimalist şair də var, oxucuları da. Lakin, qaydasız oyun olmur. Bəs minimalist poeziya bizə hansı qaydaları təklif edir? Gəlin, minimalist mətnlərdə sözün qrammatik forma prosedurlarını aşkara çıxarmağa çalışaq.

Söz oyunu — bu, lüğətlə razılaşsaq, dil elementlərinin gülüş effekti yaratmaq məqsədi ilə istifadəsidir. Söz oyunu dil qaydaların; pozaraq dilə yaradıcı münasibət göstərir.
1. Unudulmayan görüşlər
2. Unudulan görüşlər (Ruslan Elinin) (Rus şairi, ədəbiyyatçısı, 1963-2001 – X.N.)
Burda əslində bölünməyən bütöv sözün hissələrə bölünür və “yeni” sözə xüsusi (hazırkı halda minimalistik) məna verilir.

Paronimlərlə oyun (oxunuşu bənzər, mənası fərqli sözlər X.N.) —
Əşyaların yerdəyişməsi
Hisslərin yöndəyişməsi (İvan Axmetyev - (Rus şairi, 1950 X.N.)

Minimalsit şeir omonimlərdən də xali deyil. Bu “Estetik effekt”dir, yəni söz hissələrə bölünür və bir-birinə uyğunlaşdırılır.

Mürəkkəb sözlərin bölünməsi ilə —
Təksən
Tək
Sən (İvan Axmetyev)
Böyük və ya kiçik dərəcəli bütün poeziya səsyazmadı, minimal poeziyada isə bu özünüdərk hesab oluna bilər.
Olduqca namərddir
qıZıl arı
z-z-z-z-z-z-z-z-z-z-z-z-z-z ( Tatyana Mixaylovskaya) - (Rus şairi, nasiri, ədəbi redaktor – 1943 - X.N.)

“Qafiyəli əks-səda” üsulu—

O gənc kimdir mənə baxır?
gözləri
axır...axır...axır... (Tatyana Mixaylovskaya)

Minimalist poeziyada sözün formasına və mətndə yerləşməsinə də xüsusi diqqət yetirilə bilər.

Məktub qrafikası üsulu

Alma gülü rəngindədi sifətimiz
Kimik biz?
Hardanıq?
Əllərimizlə keçmişə toxunan gözlər
soruşur
və küncə doğru
əyilir
di (Aleksandr Makarov-Kratkov) (Rus şairi, 1959 - X.N.)


Konkret poeziyadan götürülən üsullar da var—
məəəəəən
səəəəəəən
məəəəəən
səəəəəəən (İvan Axmetyev)

Minimalist poeziyanın lakonikliyi və yığcamlığı bir çox mətnləri aforizmlərə yaxınlaşdırır.

Aforizmləşməyə nümunə, daha doğrusu aforizmin imitasiyası —

Qrafomaniya xəyali hamiləlik kimidir (Ruslan Elinin)

***
Bütün şənbə, bazarlar
ailənin sərhədlərini ölçürük (İvan Axmetyev)

Bu cür aforistik deyimlərin xüsusiliyi ondadır ki, onlar mövzunu daha çox nisbi mövqedə əhatə edir.

Alkoqolun
bütün əksiklikləri ilə bərabər

müsbət olmasa da
cazibədar xüsusiyyətləri var (İvan Axmetyev)

***
Hətta axmaqlar da
karma qanunlarını öyrənir
onun nə olduğunu bilmədən (Tatyana Mixaylovskaya)

Çevrilmənin bayağılığı üsulu

insan meymundan yaranmayıb
amma meymun
insana çevrilib (Ruslan Elinin)

Minimalist poeziyada əsas yeri şifahi nitqə müraciət tutur. Poeziya oxunmalıdır, eşidilməlidir, bu qanundur. Amma minimalist poeziya danışıq dilini təqlid edir, onda “yaşayır” və onun üzərində ömür sürür.
Xanımlar, cənablar və yazıçılar (Ruslan Elinin)

Elə mətn yoxdur ki, içərisində başqa şairlərə istinad olmasın. Bu, şifahi konstruksiyanın inşa qanunudur. Burda iki problem var. Birincisi, mətnin yeniliyi hansı pillədədir və sitatların sayı müəllifin öz fikirlərini üstələmir. İkincisi, müəllif hansı mətnlərə istinad edir. Əgər bunlar oxucuya çox da tanış deyilsə, həmin mətnləri göndəriş kimi qəbul etməyəcək. Əgər onlar çox məşhurdursa, yeni mətnə münasibət lazımi ölçüdə olacaq.
“Senton” qaydası (böyük ehtimalla oxucuya tanış olan şeir sətirlərindən toplanaraq yaranan şeir – X.N) minimalist poeziyanın xarakterik cizgilərindən biridir.
Ruslan Elinin birbaşa deyir: Mən dəfələrlə danışılan nəsnələr haqda danışacağam.
Bu mənada Boris Vantalovun (Rus şairi, nasiri, ədəbi tənqidçi - 1950 - X.N.) mətnləri “Sitatın sonu” adlanır. Başqa “ağıllı” kitabları oxumağa vaxtı olmayanlar üçün bu mətnlər əsl xəzinədir. Vantalovda A.Kamyudan, böyük yaradıcılıq gecələrindən, Böyük Sovet Ensiklopediyasından seçmələr, bir sözlə hər şey var. Bütün bunlar şəxsi aforizm deyimləri ilə növbələnir, hansı ki, hər hansı məşhur şəxsin adına yazıla bilər.
“Təfəkkür prosesini qəbuledicinin lazımi dalğa üzərində qurulması ilə müqayisə etmək olar. Əksəriyyət mövzunu eyni diapazonda qəbul edir. Ancaq dahilər kənara çıxır” - Boris Vantalov deyir.
Lakin sitatların arxasında heç nə dayanmır. Vantalov açıq-aydın etiraf edir: “Mən sitatlardan dairə yaradıram.”
İkincilik, plagiatlıq, təkrarçılıq, şifahi mətnlərdə həyatı real həyatdakı kimi mövcudluğu da postmodernizmin və həm də minimalist poeziyanın xüsusiyyətlərindəndi .

Öp məni
sənin öpüşün
mənə sülhdən və hərbdən
daha şirindir
(ataların və oğulların
hərb və sülhündən
ölü canlar və
bədbəxt insanlardan) (İvan Axmetyev)

Eyni bir sözün dəyişdirilməsi ilə

Nə olur-olsun
rəhbərlik hamıdan mehribandı
al yanaqlı və gözəldi. (İvan Axmetyev)

Sitatların dırnaq işarəsi olmadan yazılma “qanunu” özlüyündə klassikayla birləşmə adlana bilər.

Sitata əlavə

Gecə, küçə, fanar
və burdan yüz metr aralıda
aptek var (Ruslan Elinin)

Belə təəssürat yaranır ki, ədəbiyyat canlanır. Sanki şair zaman maşınında keçmişə qayıdır, onu özünə uyğunlaşdıraraq indiki dövrə gətirir, hadisələri öz zamanına tətbiq edir. Təcrübi olaraq, minimalist klassikanın əsasını sovet mətnləri qoymuşdur. Bu günki minimalist poeziyada da sovet mətnləri ilə əlaqələndirmə var.

Sənin dahiliyinin ölçüsü yoxdur
cənub dağlarından şimal dənizlərinə qədər
yerişlərinlə həmişəlik ayaqlaşdın
mənim ucsuz-bucaqsız vətənimlə (Aleksandr Eremenko)
(Aleksandr Eremenko - Rus şairi, 1950)

Bu fonda mahnı-balladalar daha bəsit görünür. Eremenkonun Vısotskiyə nəzərən yazdığı mətnləri misal gətirmək olar.
Mən timsahların təmiri üzrə ustayam
ali məktəb bitirmişəm
indi də MDBƏİ*-ya qəbul olmaq istəyirəm
amma o firmaya kütləri götürmürlər (Aleksandr Eremenko)
(*-Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu)

Lakin bu halda mətnin xüsusiliyi gitarada çalınan nəğmə ritmi əsasında yaranmır.

Ulduzlara bant da bağlamaq olar
müxtəlif şeirlər də yayımlamaq
Səma meşədə suda olduğu kimi əks olunur
ağaclar yaşıl-yaşıl dayanır (Aleksandr Eremenko)

Şairlər mətnə uyğunlaşdıqlarını gizlətmirlər.

Mənim kəlləmin labirintində
günəşdə isinib
kölgədə dincəlirlər
Xlebnikov Sandrar
Eluar Maçado Eliot Kuzmin
gözləyirlər
mənim də nə vaxtsa, nəsə deyəcəyimi.

Borcu qaytarmaq+Beynəlxalq borc ifadələrindən alınan “Əfqan xalqına müraciət” şeiri —

Beynəlxalq borcları qaytarın (Aleksandr Makarov-Kratkov)

Avropaya qapı açmaq+meşəni doğramaq+yonqarlar uçur+qapıdan qovurlar, pəncərədən girir ifadələrindən alınan minimalist şeir

Birinci Pyotr
meşəni qırıb-qırıb
Avropaya pəncərə açdı
qapı aça bilmədi amma (Aleksandr Makarov-Kratkov)

Sözləri hecalara ayırmaqla və tavtalogiya (eyniköklü sözləri təkrarlamaqla) üsulu ilə

Biz də - bizdə.Biz də? (Tatyana Mixaylovskaya)
Materiyanın materiki-materiya materialından(Tatyana Mixaylovskaya)

Siyasi şüarlarla yazılma üsulu

Verlibr-azadlıqdır
üstəgəl bütün ölkənin kosmopolitikləri*
bütün ölkələrin planetarları*
birləşin! (Aleksandr Makarov-Kratkov)

Minimalist şeir oxuyan diqqətli oxucu dərhal yapon poeziyasını xatırlayır (hokku və tanka janrı). Amma bəzi nüanslar var. Əvvəla, bu bədii ifadə olaraq başqa mentalitetə aiddir (məsələn, Rusiyanın öz mentaliteti var). İkincisi, mövzu ciddiyyətidir, burda hər şey oyundur axı, karnavaldır.

Yaponları təqlid

Quyudakı gözəl qurbağa
sevgi haqda nəğmə oxuyur (Tatyana Mixaylovskaya)
Söz oyunu hiss olunur, belə məlum olur ki, yaponlar qurbağanı “gözəl” adlandırır. Qışda nəhəng, gonbul, baharın sonunda isə arıq qurbağa...

Yapon şüuruna daha bir nümunə
Yarpağın kölgəsi torpağa toxundu
Yarpaq səssizcə örtdü kölgənin üzünü (Ruslan Elinin)

Mürəkkəbləşmənin mövcud bədiiliyinə yaponlarda nadir hallarda rast gəlinir. Bədii təfəkkür üsulları ümumilikdə minimalist poeziyanın əsas məqsədi hesab olunur. Növbəti üsul stimul yox, əsas stimula reaksiyaya nümunədir:

Angina+qalın geyinmək+Şimal qütbündəki kimi geyinmək+coğrafiya
Məsələn:

şimal qütbü
angina
isitqac kimi isti suiti
yer kürəsini dinlədiyi qulaqcığı başına sıxıb
kiminsə qoltuğundan götürülmüş termometr
okeanın temperaturunu göstərir (Vladimir Buriç) (Rus şairi, tərcüməçi, ədəbiyyatşünas nəzəriyyəçi, 1932-1994 – X.N)

Minimalist mətnlərin xüsusiliyi sırasına mətnin yerləşməsinin poliqrafik görüntüsü də əlavə olunur.

Sağ əlimin çatlamasının
Ağrısından oyandım (Ruslan Elinin)

Sətrin kiçik hərflə başlaması və cümlənin sonunda nöqtə qoyulmaması - bütün bunlar daxili nitq sintaksisini daha çox xatırladır. Lakin bu cür-yəni düşündüyün kimi yazmaq ancaq yuxulu vəziyyətdə mümkündür. Normal vəziyyətdə olan adi insan orfoqrafiya və durğulara daha çox fikir verir.
Minimalist mətnlərin daha bir əlaməti – yuxulu vəziyyət, deyingənlik, daxili nitqin yazılı təsbitidir.

Beşin yarısı
nə isə etmək lazımdır (Ruslan Elinin)

Açıq-aşkar psixi hallar da var

Çifiri* qurtumla içərkən
Siqaretin tüstüsündən heroqliflər yaranır (Ruslan Elinin)
*Çifir- Çayın yüksək dərəcədə qaynadılaraq psixoaktiv maddəyə çevrilməsindən yaranan içki.

Əlbəttə ki, əgər hər şey bizim təqdim etdiyimiz kimi sadə olsaydı, şairlərin sayı həddən artıq çox olardı - yəni həndəsəni və cəbri öyrənmisənsə artıq şeir yaza bilərsən.
Poeziyaya (hətta minimalist poeziyaya) üsulların cəmi kimi yanaşmaq kifayət deyil. Məna, şəxsi duyğular olmadan şeirin (heç mətnin də) dərinliyinin mövcudluğundan danışmaq olmaz. O ki qaldı minimalist poeziyanın məzmununa, onu da sərbəst formada təsvir etmək digər formal əsasların modeli kimi qeyri-mümkündür.
Bəs minimalist şeirin yaranma səbəbləri hansıdır?

Qoca Rembrant kimi yeriyərkən
mənim şair olduğumu bilmirlər.
Paltonun astarı sökülür
taleyim məhv olur.
Mən çəkinmədən bu cür yaşayardım
gözəl qızlar olmasaydı (Arvo Mets) (Rus şairi, nəzəriyyəçi, rus sərbəst şeirinin yaradıcılarından biri, tərcüməçi -1937-1997 – X.N.)
Buradakı daxili konfliktlərin mənası budur: mən kasıbam+qızları xoşlayıram+qızların kasıb oğlanlardan xoşu gəlmir. Qızlar şairlərdən hiyləgərdir.

Öz kasıblığımı o zaman hiss edirəm ki,
Sən birdən-birə sakitcə əyləşirsən
gözlərində isə böyük, qorxaq kölgələr (Arvo Mets)

Yenə eyni vəziyyət. Demək olar ki, təkrar. Sözlər fərqlidi, ifadələr fərqli düzülüb, məna isə eynidi . Mətnlər “sarışın” və “qaraşın”, “yaxşı” və “pis”, “şən” və “kədərli”, “gözəl” və “qəddar” ola bilər.

1)“Kədərli” mətnlərə misal:

Nəhəng şəhərdə
O qədər gözəl qız var
Yorulmadan zövq alıram
Bəzən gülümsəyirlər mənə
Tam xoşbəxt oluram bu zaman
Və ancaq gecələr tək qaldığımı anlayıram (Arvo Mets)

Tənhalıq, ümidsizlik, gərəksizlik - kədərli şeirlərin ana xətti budur.

2)“Sarışın” şeirlər daha azdır:

Hava payız xəzəlinin qızılı rəngi ilə doludur
Sanki hardasa yaxınlıqda
məbəd günbəzi var (Arvo Mets)

3)“Qaraşın” şeirlər isə daha çoxdur:

“Taqanski” metrosu yaxınlığında tanış oldular
Birgə gecələdilər
Kişi- dəfn bürosunun mühasibidir
Qadın-doğum evinin tibb bacısı (İqor Xolin) (Rus şairi, nasiri, Moskva-lionozovçuları qrupunun üzvlərindən biri, 1920-1999 – X.N.), (Moskva-lionozovçuları qrupu 1950-70-ci illərdə postavanqardçıların yaratdığı ədəbi qrup – X.N,)

Sanki insanlar maneken, yaşadıqları həyat isə özgənindir.

Zibilliyə atılmış
Ölü kuklalar
Əzilmiş
Sındırılmış
Parçalanmış
Gözləri çıxarılmış
Qarınları cırılmış
Yenidən öldürülmüş
Avropa uşaqları (Vadim Sidur) (Rus şairi, nasiri, rəssamı, 1924-1986 – X.N.)

İnsan bədəndir. Ruh əvəzinə cisimdir.

4)“Qaraşın”- qaranlıq və darısqal dünyanı əks etdirən nəticəsiz şeirlər:


Yuxarıda qonşular dalaşır
darısqaldır yerləri (İvan Axmetyev)

***
Ancaq yad musiqi toxunur
birdən-birə tikələrə bölünən
kədər dolu ürəyimə (Ruslan Elinin)
“Toranlıq”, “bədən”,” su”,” böyük”, “fiziologiya” - əksər minimalist şeirlərin əsas simvollarıdır.

Moskvada hava yaxşı olmur
hər zaman ya tozdu
ya duman (İvan Axmetyev)

5) Qara yumor və qəddarlıqla ifadə olunan “qaraşın” şeirlər:

Hərəkətli kranın maşinisti idim
Çuxura yıxıldım
Komissiya qərara aldı:
“Səbəb yağışlı havadı”
Arvadım məmnun oldu
Dəfn zavodun hesabınadı (İqor Xolin)

Minimalist mətnlər haqda danışarkən əsas sual verilməlidir, bu şeirləri oxuyan oxucu olacaqmı?

Səninlə sevgidən yoruldum, qadın! (Ruslan Elinin)

Diqqətlə yanaşsaq, əslində bu cür şeirləri oxumaq gərəksizdir. “Mənə şeir maraqlı deyil!” deyir şeir oxumayanlar. Bədii mətnin paradoksu da ondadır ki, biz başqa mövzuda oxuyanda özümüzü oxuyuruq. Kim özü haqda öyrənmək istəməz? Buna görə də oxuyuruq, gözləyirik və daha çox öyrənməyə, hiss etməyə ümid edirik.
Oxucu suala cavab verməlidir:

Bilirəm ki, mənim şeirlərimi oxuyarkən
özünüzünkülərlə müqayisə edirsiz,
əgər sizinkilər daha yaxşıdırsa
çox şad olaram. (Ruslan Elinin)

Qəribə, möcüzəvi, monoloji dialoq. Minimalist şairlər öz daxili vəziyyətlərinə və yaradıcılıqlarına qarşı tənqidi yanaşırlar.

Nevroz və depressiya mübarizə aparır
ürəyimin uğrunda (İvan Axmetyev)

Nə etmək olar? Şair qəlbi...


Rus dilindən tərcümə edən: Xatirə Nurgül