MİNİMALİST ŞAİR LEONİD VİNOQRADOVUN 8 KİTABI

MİNİMALİST ŞAİR LEONİD VİNOQRADOVUN 8 KİTABI

14 Yanvar 2016, 12:40 926
Leonid Vinoqradovun (Rus şairi - 1934-2004 – X.N.) ədəbi bioqrafiyası hətta anderqraund (müasir incəsənətdə-ədəbiyyat, musiqi, təsviri sənət və s.- yaradıcılıq istiqamətlərinin məcmusu - X.N.) yazıçı üçün də yetərincə qəribə görünə bilər. Qeyri-adilik isə göz qabağındadı.

1950-ci illərin sonlarından etibarən Vinoqradovun şeirləri dar çevrədə də olsa məşhur idi. Amma nə samizdat dövründə (SSRİ zamanında senzurasız jurnalistika – X.N.) nə də tamizdatda (SSRİ-dən kənarda nəşr olunan, amma onun ərazisində qeyri-qanuni yolla paylanan kitablar – X.N.) yayımlanmamışdı. 80-ci illər gəldi, sonra 90-cı, əvvəllər çap izni olmayan yayımların əksəriyyətinin işıq üzü görməsi artıq mümkün idi.
Beləliklə, əvvəlcə Vinoqradovun cəmi 5 şeiri ictimailəşdi. Ardınca 1997-ci ildə nəşr olunan “Əsrin samizdatı” antologiyasına böyük həcmdə seçilmiş əsərləri daxil edildi. İlk kitabı “Təmiz şeirlər” isə 1998-ci ildə 200 tirajla, biblioqraf Andrey Belaşkinin təşəbbüsü, şair Yevgeni Saburovun (müasir rus şairi və nasiri, 1946-2009 – X.N.) vasitəçiliyi ilə çapdan çıxdı. Gözəgəlimli üz qabığı olan kvadrat formalı kitabın redaktoru isə şair İvan Axmetyev (Rus şairi – 1950 – X.N.) idi. Maraqlı kollektiv idi.
Kitab oxucuya şair Leonid Vinoqradovu həm lirik, həm də minimalist şair kimi təqdim edirdi. Minimalist şair olaraq Vinoqradov kiçik şeirlər yazmağa üstünlük verirdi. Lirik şair olaraq isə şeirləri əlbəttə ki, lirik janrdadı.

Ey zaman... necə də sevirdim səni
Ötüb getdin, indi mane olma mənə.


Vinoqradovun demək olar ki, hər şeirində gözlənilməz düşüncə dəyişikliyi, qəfil formal qərar mühüm yer tutur. Bu şeirlər həm fəlsəfi, həm paradoksal, həm də ironikdir. Məsələn:

Bütün şəhər bilir, bilir hamı -
Puşkin ölüb, amma bütünlüklə yox.


Moskva-lianozovçularını (1950-70-ci illərdə postavanqardçıların yaratdığı ədəbi qrup – X.N. ) xatırladan Vinoqradovun “Marusya, Rusiyanı sevirsənmi?” sətrini mübahisəsiz Satunovski və ya Xolin yaradıcılığına aid etmək olar. “Lianozov” Moskvada meydana gələn spesifik hadisə deyildi. Poeziyanın dünyəviləşməsi obyektiv hadisədir. Leninqradın da öz leonozovçuları olmuşdur.
“Təmiz şeirlər” toplusunun ardınca Leonid Vinoqradovun 1999-cu ildə eyni nəşriyyatda analoji qeydiyyatla daha 2 kitabı çapdan çıxdı - “Ləkəli şeirlər” və “Soyuq şeirlər”. Fərq yalnız bunda idi ki, birinci kitabın üz qabığında qara kvadrat, ikincidə qara dairə, üçüncü kitabda isə ağ kvadrat çəkilmişdi (həmin “ləkə”)
Digər qeyri-bərabər “al rəngli ləkə” isə bu şeirin yerləşdiyi səhifədə təsvir olunmuşdur:

Sənə ağ qaban haqda danışım
Savaşa apardılar onu
Bizim təbirimizcə FK-ya
Sənə ağ qaban haqda danışım
Savaşa apardılar onu
Bizim təbirimizcə FK-ya
Sənə ağ qaban haqda danışım
Savaşa apardılar onu
Bizim təbirimizcə FK-ya
Sənə ağ qaban haqda danışım
Savaşa apardılar onu
Bizim təbirimizcə FK-ya
Sənə ağ qaban haqda danışım

(QEYD: FK- deyilərkən Fövqəladə komissiya nəzərdə tutulur – X.N.)

Böyük ehtimalla kitabın adındakı “ləkə” sözü də metaforikdir və aşağıdakı şeirdən götürülmüşdür:

Ey gözəgörünməz və
Böyük qara ləkəli bəyaz.


Bu rəsmlər əlbəttə ki, Maleviçdən götürülən vizual sitatlardır və Vinoqradovun ənənəvi rus avanqard poeziyasında iştirakının şahidliyidir. Ən üstün cəhət isə odur ki, kitabın bütün rəsmi işləri şairin özünə məxsusdur. Belə bir sual yaranır-kitabların mündəricatı adları ilə uyğundurmu? Bura daxil olan şeirlər nə dərəcədə “ləkəli” və “soyuqdur?” Uyğundur, amma bu uyğunluq tam olaraq nəzərə çarpmır. Bu kitablara kinayəli və kəskin şeirlər daxildir. Xeyirxah və yumşaq şeirlər azdır, lakin az da olsa var. Hər üç kitab yerdən göyə qədər geniş emosional spektrdə təqdim olunur.

Muzalar yüksəkdən qışqırdılar
“Sovet ittifaqına xidmət edirəm”


(QEYD: Qədim Yunan mifologiyasında Tanrı Zevsin qızları – X.N.)

***

Səmimi:
Mən hörümçəyəm, tor qururam
Bu çiçəkdən, o çiçəyə
***

Faciəli:
Sanki kimsə mənə tilov atır
Bəsdir oyatdılar məni

2001-ci ildə daha 2 kitab - kvadrat şəkilli, qalın broşuralar işıq üzü gördü - “Soyad şeirləri” və “Üfüqi şeirlər”. Bu kitabların əvvəlkilərdən əsas fərqi, hər səhifədə bir misranın olmasıdır. Xoşladığın şeirin sonu və əvvəli qrafik olaraq nəzərə çarpmır. “Oxu və mənimsəmə” prosesində səhifələrin çevrilməsi, əlavə olaraq ritmik şəkil çəkmək, yerli-yersiz gözləmək və sirr zamanı : növbəti səhifədə nə olacaq? Qafiyə yaranacaq, ya yox? Şeir yarıda kəsiləcək, yoxsa davam edəcək? Bu cür sırf konseptualist üslub Vinoqradovun sınaqlarını Lev Rubinşteynin (Rus şairi, tənqidçi, publisit – 1947 - – X.N.) poetik təcrübələri ilə yaxınlaşdırır. Minimalizm məntiqlə həm konseptualizmə (XX əsr Avanqard sənət cərəyanı. Demək olar ki, bütün sənət növlərində özünü göstərməkdədir. Konseptualizmin əsas özəlliyi odur ki, sənət nümunəsinin xarici görünüşünə yox, onun istifadəçidə yaradacağı fikri əsas götürür. Özü də bu fikir çox vaxt ziddiyyətli olub, bir-birini inkar edir – X.N.), həm də vizual poeziyaya uyğun gəlir. Vinoqradovun bir “üfüqi” şeirinin Lev Losev (Rus şairi - 1937-2009 – X.N.) tərəfindən izahını xatırlamaq yerinə düşərdi. “Deyə bilmərəm ki, Leonidin bütün minimalist şeirləri yekdilliklə xoşuma gəlir, amma bu yaxınlarda oxuduğumu çox bəyəndim - “Ot və külək”

Üz qabığında:
Ot və külək

Birinci səhifənin aşağısında bir sətir:

Ot və külək.
İkinci səhifənin aşağısında:
Ot və külək.

Üçüncü səhifənin:
Ot və külək.

Sonuncu səhifədə isə:
Turgenyev, setter*

(QEYD: Setter - xüsusi ov itləri cinsi – X.N.)

Necə asan düzəlib! Dalğalar bir-birini əvəz etdikcə ot və küləyin fonetik uyğunluğunu hiss edirik, ot və küləyin üçüncü dalğası eyni hərflərin ahəngi ilə yazıçı və onun itinin fiquru əsasında peyda olur”. Leonid Vinoqradovun altıncı toplusu “Məzəli şeirlərdir”. 2003-cü ildə “OQİ”də (Birləşmiş humanitar nəşriyyat – X.N.) çap olunub və ilk kitabdakı şeirlərin böyük əksəriyyəti - bəziləri redaktə olunaraq bura daxil edilib. Lakin bu standart qeydiyyat və formatda olan kitabda heç bir vizual eksperimentlər və oyunlar yoxdur. Vinoqradovun kitablarının əvəzedilməz redaktoru İvan Axmetyevin fikrincə toplu konseptualdır.
Vinoqradovun həyatda olduğu müddətdə çap olunan sonuncu kitabı “Faustun səhəri” adlı kiçik romandır (üz qabığında artıq adət olunmuş ağ kvadrat) Bu tarixi nəsrdir - Avropa, XIV əsr, hansısa Faust adlı doktor, müqəddəs Roma imperiyasından alman əsilli alim. Səhər yuxudan ayılır, yanına tanış aptekçi Ştraus gəlir və onlar birlikdə şərab içməyə yollanır. Bayram günüdür - Pasxa bayramı, meydanda isə “Məsihin ehtirası” tamaşası gedir. Lakin, hadisələrin zamanı və məkanı istisna olmaqla Vinoqradovun romanının Hötenin faciəsi ilə ortaq cəhətləri olduqca azdır (doğrudur onun səhifələrində də qara pudel “qaçır”, amma bu cəhənnəmdən gələn məxluq deyil, adi yer canlısıdır) “Faustun səhəri”ni alman koloritini nəzərə alsaq, daha çox “Dekameron”la müqayisə etmək olar. Vinoqradovun Faustu əyyaşdır, arvadbazdır, metafiziki problemlər onun heç vecinə də deyil, düşüncələrində ancaq “qədəhi harda doldurmaq olar?” və “ən gözəl qadın kimdi?” sualları dolaşır. Sadəlövh Ştraus dərindən düşünür, onunla bəhsləşən Faust isə hər zaman reallığa doğru qayıdış edir. Hərdən Faust və Ştraus Kürən və Ağ təlxəkləri xatırladırlar: biri enerjili və şən, digəri melonxolik və xəyalpərəst.

Romanın ikinci hissəsində Vinoqradovun şeirlərində tez-tez rast gəlindiyi kimi hekayənin gedişatı pozulur, yolundan çıxır. Hazırkı vəziyyətdə Puşkinin “Qavriliada”sı ilə səsləşən, İsanın həyatı, dirilməsi və ölümü ilə qarışıq düşən "Evangeliya" (İncil) hadisəsi şərh olunur. Lakin hadisəni romanın müəllifinin nəql etməsi, yoxsa Faustun beynində cərəyan etməsi o qədər də aydın deyil. Necə olmasından asılı olmayaraq mətn bir neçə dəfə təkrarlanan palindromik sətirlə partlayır - “Görürəm ki, sağam!”

Rasionallıq məğlub olub. Şəraba çevrilən yağış Doktor Faustun dodaqlarına yağır. “Göydən gələn şərab aptekçi Ştrausun hərəkət edən fincanına düşür”. Yeri gəlmişkən, xatırlamaq lazımdır ki, Vinoqradovun şeirlərində də kədərli ironiyalar arasında həmin eniş var: (“Tabutun arxasında nədir o? Mikrob cənnəti”) və möcüzəyə ümid (“Çiçəklər ətir saçır”)

Şairin ölümündən sonra isə sonuncu “Həzin şeirlər” kitabı çapdan çıxdı. Vinoqradovun 1999-2004-cü illər aralığında işıq üzü görən 8 kitabı yazıçının yaradıcılığının müxtəlif tərəfləri və dövrləri ilə tanış olmaq imkanı verir. Amma nüsxələrin sayı az qala mikroskopik sayıla bilər və bu da minimalist, lakin böyük şairin ədəbi miqyası ilə səsləşmir.

İVAN SMİRNOV MİNİMALİSTİN MAKSİMALİZMİ
Mixail Çerdıntsevin “Mələklərin ov mövsümü. İş əvəzinə” kitabı haqqında “nəzər nöqtəsi”...
Mixail Çerdıntsev 70-90-cı illərdə yaranan rus minimalizminin yaradıcısı və liderlərindən biridir. O, ötən əsrin 70-ci illərinin sonunda Ədəbiyyat İnstitutunu bitirmişdir. Elə həmin dövrdə nəzəri olaraq obrazlı və ritmik minimalizmin konsepsiyası (Hər hansı bir hadisə haqqında əsas fikir; görüşlər sistemi – X.N.) inkişaf etmişdir. Çerdıntsevin “Ödəniş və keçid qaydaları təqdim olundu”, “Baş verənlərdən daha dəqiq”, “Sadəcə küçənin tinində dayanmaq” adlı kitabları Rusiyada yaxşı tanınır.

Elə rəsmlər var ki, ilk baxışda rəngli ləkələrin mücərrəd qarışığı, kətan üzərindəki rəngbərənglik gözləri qamaşdırır - bu stereoqramdır. Amma əgər baxışlarını reallığın vizuallığına alışdırsan, möcüzənin necə baş verdiyini görəcəksən. Heç bir hiyləgərlikdən istifadə etmədən, səthi görüntünü yerini həcmli təsviri tutur. Stereoqramın özünəməxsus qeyri-adi görünüşünə poeziyada da rast gəlinir. Buna ən parlaq nümunə Mixail Çerdıntsevin şeirləridir. Əslində, onun tərəfindən əsası qoyulan ədəbi istiqamətdə yaranan bütün əksər mətnlər obrazlı “uzunçuluq” və ritmik minimalizmdir. Bəs “Mələklərin ov mövsümü. İş əvəzinə” kitabı ilə tanış olmaq istəyən oxucunu nə gözləyir? İlk səhifəni açıb, ilk şeiri oxuyuruq:

İşıqlı mələk, möhtərəm şahid
Vidanı zamanla qidalandırır,
gözlənilməz nəvazişlə
ədəbli qərarların istək mövzusunu
yekunları ilə birgə aydınlaşdırır


Dolaşıqdı? Əlbəttə dolaşıqdı. Hansısa zaman müddətində eynilə bu cür davam edəcək. İlk beş-altı mətn üzrə “dağılmaq” lazım gəlir. Ədəbiyyatın bir çox ənənəvi formalarına öyrəşmiş şüur bütün qüvvəsi ilə oxuduğunu anlamağa çalışır. Və bacarmır. Çünki birbaşa ifadələr Çerdıntsevin şeirlərində yoxdur. Uzun, mürəkkəb hecalı cümlələr, feli ifadələr, daimi inversiya (cümlə üzvlərinin yer dəyişməsi – X.N.) və qeyri-adi bənzətmələr məsələni ancaq çətinləşdirməyə xidmət edir. Müəyyən məqamda müəllifin nə yazdığını təxmin etməkdən imtina edirsən. Bax belə. Bu da sizə dönüş yaradan vacib nöqtə. Buna “transa düşmək” də demək olar. Heç bir halda kitabı təxirə salmaq olmaz. Lazımi vəziyyət demək olar ki, əldə edilib. Ruhdan düşdükdən sonra müəllifin fikrini artıq inversiya üzrə oxuyursan. Mətnlər fikrindəki parlaqlığa və fakturaya görə sənin şəxsi xatirələrinlə üst-üstə düşən qeyri-ixtiyari obrazlar yaratmağa hazırlaşır. Minimalizm hətta ən sürətli gözdən keçirmə zamanı mürəkkəb hadisəyə çevrilir.

Ağla ilk gələn budur ki, Çerdıntsevin şeirləri mantra (sanskrit dilində dini şeir – X.N.) prinsipi üzrə qurulub. Yeganə, hərçənd çətin tutulan ritm demək olar ki, eyni kəlmələrin təkrarı, anlaşılmazlıqla və bir çox şifahi ifadələrlə zəngindir. Dərk etmənin sadəliyi – tamamilə istisnadır. Sənətkar hər şey edir ki, onun əsərləri beynimizə "çatmasın". Görəsən, o nəyə ümid edir? Bir fərziyyəni yoxlayaq. Əgər iş dərin həddə doğru gedirsə, məlum olur ki, mətndə çoxlu arxetiplər (folklor və ədəbi əsərlərdə tez-tez təkrarlanan obrazlar, süjetlər, motivlər – X.N.) var. Həqiqətən də şeirlər “çay”, “alov”, “külək”, “ev”, “ad” anlayışları ilə zəngindir. “Dünyanın yaşıl əksi” şeirinə baxaq:

Biz çaya yaxınlaşan zaman
Boş skamyalar qayıqda qalmamışdı
Həyəcan və yorğunluğu azaltmaq üçün
Çaya doğru növbə yarananda...


Bəs arxetiplərin funksiyası nədir? Onlar şəxsiyyətin bizim hətta şübhələnmədiyimiz hissəsini istifadə etməyə mkan yaradır. Transa yaxın vəziyyətə düşərək oxucu sanki musiqi alətinə çevrilir, məsələn, virtuoz müəllifin ifa etdiyi pianoya. Əlbəttə ki, beynimizdə yaratdığımız rəsm əsəri son dərəcə dəqiqliklə və düşünülmüş şəkildə yaranan mətndən fərqlənir. Bu səthi nəsnənin geniş həcmliyə çevrilmək möcüzəsidir. Qayıq gəzintisi haqqında yox, olum və ölüm barədə düşünürsən. Bu cür eksperimentlər bizə nə verir? İlk növbədə dilin sərhədləri imkanlarını müəyyən etməyə imkan yaradır. Mixail Çerdıntsev hələ 70-ci illərdə, neyrolinqvistik proqramlaşma anlayışı bizim ölkədə məşhurlaşanda, poetik istiqamətin əsasını qoydu. Əlbəttə ki, metodların kökləri çox dərin keçmişə aparır - Xlebnikova (Velimir Xlebnikov - Rus şairi, nasiri, Rus avanqard janrının görkəmli xadimlərindən biri - 1985-1922 – X.N.) və oberiutlara (1927-1930-cu illər aralığında Leninqradda mövcud olan yazıçı və mədəniyyət xadimlərinin birliyi – X.N.). Amma yenə də heyran olmamaq mümkün deyil. Çerdıntsevin manerası illər ərzində istifadə olunmuş, bitmiş formaya yiyələnib. Bədii prinsipi əsas tutan minimalist qeyri-adi maksimalizmi ilə öz şah əsərinə bitkinlik və özünəməxsus mükəmməllik bəxş etmişdir. Neyləmək olar,

“baş verən hər şeyin adı,
ata adı,
hətta soyadı da var,
yeri gəlmişkən...”


Rus dilindən tərcümə edən: Xatirə Nurgül