• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

Minilliklərin şairi

29.11.13 17:40 2045
Minilliklərin şairi
«Onu zamanın güzgüsü adlandırırdılar. O, öz adını zamanın tarixinə yazmağı bacardı. Hüseyn Cavid minilliklərin şairidir». Bu fikirlər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunan "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının Qafqaz Universitetində keçirilən təqdimat mərasimində səslənib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin ədəbiyyat klubunun rəhbəri Rəhman Quliyev Azərbaycan ədəbiyyatı tarixində böyük rol oynayan şəxsiyyətlərə həsr olunan tədbirlərin keçirilməsinin artıq universitetdə ənənəyə çevrildiyini diqqətə çatdırıb: «Təsadüfi deyil ki, bu gün də Azərbaycan ədəbiyyatında xüsusi imzası olan, türk dünyasının ictimai fikir tarixində özünəməxsus rol oynayan, bu gün bütün dünyanın qlobal probleminə çevrilmiş «Kəssə hər kim ki, tökülən qan izini, qurtaran dahi odur yer üzünü» deyən Cavid yaradıcılığının işığına toplaşmışıq. «Hüseyn Cavid. Əsərləri» kitabı Azərbaycan və türk mədəniyyəti tarixi üçün böyük hadisədir».
Hüseyn Cavidin faciəli həyat hekayəsindən söhbət açan Qafqaz Universitetinin rektoru Əhməd Saniç görkəmli dramaturqu Azərbaycan ədəbiyyatının önəmli şəxslərindən biri adlandırıb: “Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan ədib, romantizm ədəbi cərəyanın banisidir. Azərbaycanda fəlsəfi ədəbiyyatının da böyük yaradıcılarından biri olan Hüseyn Cavid Türkiyədə təhsil alıb. Sibirə sürgün edilən və orada da dəfn edilən Cavidin nəşi 51 il sonra doğulduğu Naxçıvan torpağına gətirilib. O, sürgündə olduğu illərdə ən çətin şərtlərlə yazmaqda davam edib. Hüseyn Cavid Sibirdə də vəfat edib. Amma ümummilli lider Heydər Əliyev görkəmli şairi qürbətdə qoymadı. Onun nəşini uzaq Sibirdən doğulduğu Naxçıvana gətirdi. Hüseyn Cavidin həyat hekayəsində vətən sevgisi, insanlığa, bəşəriyyətə mesajlar var”. Universitet rektoru gənc tədqiqatçılara səslənərək «Bu kitab türkcə yazılıb. Bu üzdən tədqiqatçılar onu daha asan tədqiq etməlidir. Gənc tədqiqatçılar Hüseyn Cavid yaradıcılığının tədqiqi ilə daha geniş məşğul olmalıdırlar. Mən bu tədqiqatların davamını istəyirəm»- deyə bildirib.
Türkçülüyün başlanma dövrü

«Hüseyn Cavid. Əsərləri» kitabının işıq üzü görməsinə çoxdan ehtiyac olduğunu bildirən filologiya elmləri doktoru, cavidşünas alim Kamran Əliyev Hüseyn Cavidi həmişəyaşar sənətkar adlandırıb: «Hüseyn Cavidin hər misrası, hər beyti, hər cümləsi qarşısında söz acizdir. Sadəcə, onu tədqiq etməklə biz yenidən Hüseyn Cavidə qayıda bilərik. Hüseyn Cavid tək özü üçün deyil, xalq, millət və nəhayət, bütün bəşəriyyət üçündür. O sənətkarlar böyük sənətkar hesab olunur ki, təfəkkür genişliyinə malik olur». Hüseyn Cavid ideyalarının ölməz olduğunu bildirən tədqiqatçı ədəbiyyatın və həyatın şairin ideyalarını dönə-dönə təkrar etdiyini vurğulayıb: “Hüseyn Cavidin zamanı məhdud deyil. Onun romantizmi Avropanı darmadağın edib. Avropa bu romantizm üçün Şərqə borclu qaldı. Cavid Nizami Gəncəvi ideyalarını yenidən doğurdu və yenidən ədəbiyyata gətirdi. Nizami kimi Hüseyn Cavid də öz yaradıcılığında ideyalara söykəndi. Onun zamanı minilliklərlə ölçülür. Bu gün onun ideyalarından danışmaq gələcəkdən danışmaq kimidir. Onun məkanı bütün dünyadır. Onun əsərlərinin zamanı 1 ay, 1 il deyil. Onun məkanı şimaldan cənuba, şərqdən qərbə doğru uzanır”. K.Əliyev yeni nəşri Hüseyn Cavidin yenidən doğuluşu adlandırıb: “Hüseyn Cavid həmişəyaşar yazıçıdır. Hüseyn Cavidin müraciət etdiyi dövr birbaşa türkcülüyün başlanma dövrdür”.
Əbədi məfkurə sahibi

“Hüseyn Cavid elə bir yazardır ki, ona dəyər verməmək mümkün deyil”- deyən «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında Qafqaz Universitetinin təqdimata geniş və mötəbər şəkildə hazırlaşdığını bildirib: “Bu da bir universitetin Azərbaycanın böyük şairi Hüseyin Cavidə verdiyi dəyərdir”. Hüseyn Cavidin 20-ci əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına novatorluq gətirdiyini qeyd edən S.Vəliyeva görkəmli şairin mənzum dram janrı əsasında Azərbaycan romantizmini inkişaf etdirdiyini vurğulayıb: “Cavid minilliklərin yazarıdır. O, bundan sonra növbəti minilliklərin də yazarı olacaq. Belə sənətkarlar el üçün deyil, bəşəriyyət üçün doğulurlar. Bəşəriyyət üçün doğulanlarn yaradıcılığı isə həmişə öyrənilməlidir. Cavid taleyində xüsusi missiyası olan insan kimi dünyaya gəlib. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Hüseyn Cavidin İstanbula gəlməsi və təhsil alması onun dünyagörüşündə mühüm rol oynadı”. Hüseyn Cavidin türkcülük ideyasını daha da yüksəldən ideoloq olduğunu vurğulayan S.Vəliyeva şairin ən böyük ideyalarının kiçik bir şeirində - “Gülbahar”da öz əksini tapdığını qeyd edib: “Türkçülüyün fəlsəfəsini yığcam şəkildə, bütövlükdə əsaslandıra bilən ikinci belə bir şeir yoxdur”. Layihə rəhbəri Hüseyn Cavid məfkurəsinin əbədi olduğunu qeyd edib: “Cünki o, millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasını əsas götürdü. Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasından asılıdır. Hesab edirəm ki, min illər sonra keçəcək Hüseyn Cavidin ortaya qoyduğu türkçülük fəlsəfəsinin inkişafı gərəkli olacaq. Hüseyn Cavid türkçülük fəlsəfəsini önə çəkdiyi üçün, gərəkli olduğunu təsdiq eləmək istədiyi üçün bu elin qurbanı oldu. Buna görə də onun Azərbaycan və Türkiyədə təbliğ olunub qorunması, həm türkçülük fəlsəfəsi ideologiyası, həm də azərbaycançılıq fəlsəfəsi ideologiyasına təkan verməsi baxımından hər birimiz üçün zəruridir”.
Türkiyədə işıq üzü görən nəşri müasir dövr üçün əhəmiyyətli hesab edən layihə rəhbəri: “Bəşəriyyət üçün Hüseyin Cavidin öyrənilməsi vacibdir. Onun bəşəriyyətə münasibəti gələcəkdən xəbər verirdi. Cavidin öyrənilməsi türk millətinin özünə qayıdışıdır. Hər birimiz Cavidi öyrənməli və öyrətməliyik”- deyə qeyd edib.
Geniş tədqiqatlara ehtiyac

Mətbuat Şurasının sədri Əflatun Amaşov «Hüseyn Cavid. Əsərləri» kitabının məhz Qafqaz Universitetində keçirilməsinin mühüm əhəmiyyəti olduğunu qeyd edib. Belə ki, təhsil ocağında Türkiyədən, eləcə də ayrı-ayrı türkdilli dövlətlərdən çoxlu tələbələr təhsil alır: «Deyirlər, Azərbaycan xalqı şair xalqdır. Bizim görkəmli şairlərimiz, yazıçılarımız var. Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoyan şair kimi tanınır. Lermontov rus ədəbiyyatına, Şiller alman ədəbiyyatına, Bayron ingilis ədəbiyyatına nə veribsə, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatına onu verib».
“Hüseyin Caviddən danışmaq üçün insanda cəsarət olmalıdır”- deyən Naxçıvan MR-nın sabiq təhsil naziri Nazim Əkbərov ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin və digər görkəmli yazıçılarımızın xatirələrinin əbədiləşməsi üçün gördüyü işləri xatırlayıb:
“Ümummilli lider hakimiyyətə gəldikdən sonra ölkədə bir çox ziyalı şəxslərin yubileyləri keçirilməyə başladı. Həmin sənətkarlardan biri də Hüseyn Cavid idi. 1969-cu ildən sonra Heydər Əliyev Azərbaycan poeziyasının klassiklərini fransız-ingilis dillərində çap etdirdi. Ulu öndər Hüseyn Cavidin nəşini 1982-ci ildə Sibirdən Naxçıvana gətizdirdi. Hüseyn Cavidi sürgünə ona görə göndərdilər ki, onun pasportunda milliyyəti türk yazılıb. Ondan dinini soruşanda İslam dinini deməsi olub”.
Qafqaz Universitetinin Azərbaycan dili ədəbiyyat kafedrasının müdiri, professor Akif Hüseynli «Hüseyn Cavid. Əsərləri» kitabı ilə böyük dramaturqun ikinci vətəninə – Türkiyəyə üz tutduğunu bildirib: «Hüseyn Cavid bu gün türk oxucularına üz tutur. Bu kitabın nəşri böyük mədəni hadisədir. Ən önəmlisi odur ki, nəşrdə Cavid üslubunu və dilini qorumağa çalışıblar. Çünki Cavidə müraciət edən insan sadəcə onu tədqiq etmir, ona bağlanır, ona daha da yaxınlaşır. Hesab edirəm ki, Cavid yaradıcılığının hələ geniş tədqiqatlara ehtiyacı var».
“Hüseyn Cavid. Əsərləri” kitabını çapa hazırlamış Azər Turan İstanbul Universitetində Hüseyin Cavidə bir çox tanınmış yazıçıların dərs dediyini diqqətə çatdırıb: “Həmin yazıçılardan biri də məşhur türk şairi Mehmet Akif Ersoy olub. Hüseyn Cavidi həbs edərkən ona kimin dərs dediyini soruşanda Mehmet Akif Ersoyun tələbəsi olduğunu söyləyib. Hüseyn Cavid heç bir zaman pantürkizmi təbliğ etməyib”.
Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film təqdim olunub. Görkəmli şairin şeirləri universitetin tələbələri tərəfindən səslənib. Sonda layihəni həyata keçirdiklərinə görə «Hüsyen Cavid. Əsərləri» nəşrinin təşəbbüskarı Sona Vəliyeva və Hüseyn Cavidin tədqiqatçısı Azər Turan Universitetin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər