• çərşənbə axşamı, 23 aprel, 11:54
  • Baku Bakı 20°C

Mingəçevirdə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib

02.06.16 19:03 1395
Mingəçevirdə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib
Bu gün Mingəçevir şəhərində "Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib. Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan Forum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırılıb.
Forumda giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov çıxış edib, tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti bütün region gənclərinə, o cümlədən Mingəçevir şəhərində yaşayan və kənardan gəlib təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərib: "Əminliklə deyə bilərik ki, region gənclərimiz intellektual səviyyəsinə, dünyagörüşünə və digər göstəricilərinə görə nəinki paytaxt Bakı gənclərindən, hətta qabaqcıl ölkələrin gənclərindən də geri qalmırlar. Onlar arasında xarici ölkələrdə təhsil alanların, müxtəlif beynəlxalq yarış və müsabiqələrdə yüksək nəticə göstərənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu Forum həm uğurlarımızı qeyd etməklə yanaşı, eyni zamanda problemlərimizi, reallaşdırmaq istədiyiniz təşəbbüslərin gerçəkləşdirilməsini müzakirə etmək baxımından əhəmiyyətlidir”.
"Davos” formatında keçirilən Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Avropanın nadir ölkələrindəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir: "Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, qalan 70 faiz isə 16-29 yaşlı fərdlərə məxsusdur. Region gəncləri də bütün müsabiqələrdə çoxluq təşkil edir və maraqlı təşəbbüslərlə gəlirlər. Gələcəkdə də onlardan maraqlı təşəbbüslərin gələcəyinə əminik”.
Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına zəngin informasiya verib. Qeyd edib ki, müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Hər 5 ildən bir Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları təsdiq edilir. Ötən il isə dövlət başçısı cənab İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edib. Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə obyektlər fəaliyyət göstərir. Son illər 40-dək gənclər evi inşa edilib. Onlardan biri də Mingəçevir şəhərində fəaliyyət göstərir. Bu ev də digərləri kimi, region gəncləri üçün ən böyük imkan və stimuldur.
Daha sonra Forum iştirakçıları öz fikirlərini bölüşüb, onları maraqlandıran suallar rəsmi qonaqlar tərəfindən cavablandırılıb. Gənclər bir sıra təşəbbüslərini də məhz Forum zamanı səsləndiriblər.
Forumun moderatoru Tural Kərimov bildirib ki, Forumda gənclər tərəfindən səsləndirilən təkliflər və fikirlər bir daha təhlil ediləcək, səmərəli təşəbbüslərin reallaşdırılması üçün yaxın zamanda "ideya yarmarkası” təşkil olunacaq. O, layihənin yalnız Forumla yekunlaşmayacağını, bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.
Forumun sonunda bir qrup fəal region gəncinə, eyni zamanda yerli gənclər və idman idarəsinə Mərkəzin diplomu təqdim olunub.
Qeyd edək ki, Forumlar Gəncə, Ağcabədi və Qubada da keçiriləcək.




banner

Oxşar Xəbərlər