• cümə, 29 Mart, 16:26
  • Baku Bakı 14°C

Mingəçevirdə “KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirilib

01.07.16 12:34 1045
Mingəçevirdə “KİV və müəllif hüquqları”  mövzusunda tədbir keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 30-da Mingəçevir şəhərində "KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirib. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən ""İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım”layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən,internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: "Müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Biri-digərindən köçürmə, başqasının ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta "copy-paste” jurnalistikası deyilən anlayış da formalaşıb. İnformasiyanın qanuna zidd olaraq özününküləşdirilməsi, əsl müəllifi göstərilmədən köçürülərək tirajlanması müəllif hüquqlarının pozulması ilə paralel olaraq, digər problemlərə də yol açır. Bəzən ilkin mənbə tərəfindən yanlış faktlar üzərində qurulmuş informasiya mahiyyətinə varılmadan digərləri tərəfindən də köçürülüb tirajlanmaqla, hətta ölkənin təhlükəsizliyini təhdid edəcək səviyyəyə qalxır. Bu baxımdan, mətbuatda, elektron və onlayn mediada, sosial şəbəkələrdə müəllif hüquqlarının qorunması təkcə etik normaların təmin edilməsi üçün yox, həm də dövlət təhlükəsizliyinin qorunmasına yardımdır. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "KİV və müəllif hüquqları” adlı vəsait də çap edilib, jurnalistlər arasında pulsuz paylanır.

Mingəçevir tədbirində çıxış edən media eksperti, hüquqşünas Ələsgər Məmmədli müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar haqqında danışıb. O, müəllif hüquqlarının pozulması nəticəsində yaranan hüquqi məsuliyyət barədə seminar iştirakçılarını məlumatlandırıb. "Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və digər çıxışçılar "KİV və müəllif hüquqları” kitabının faydalarından danışıblar.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin şimal-şərq və cənub bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün də seminarların keçirilməsi, Bakıda isə mövzuya həsr edilmiş konfransın təşkili nəzərdə tutulub.
Kaspi.az
banner

Oxşar Xəbərlər