• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Mingəçevir sənədli filmlər festivalına ev sahibliyi edəcək

16.11.13 08:09 1434
Mingəçevir sənədli filmlər festivalına ev sahibliyi edəcək
Bir neçə aydır ki, Azərbaycanda davamlı olaraq beynəlxalq film festivalları keçirilir. Hər dəfə paytaxtda keçirilən beynəlxalq film festivalları yüksək nəticələr göstərir. Bu dəfə beynəlxalq sənədli filmlərin festivalı bölgələrimizin birində, yəni Mingəçevirdə baş tutacaq.
Noyabrın 19-dan 21-dək Mingəçevirdə “CAUCADOC” adlı sənədli filmlər festivalı keçiriləcək. Festivalın açılışı Mingəçevir Politexnik İnstitutunun akt zalında təşkil olunacaq. Bölgəmizdə gerçəkləşən festivalda ABŞ, İsveçrə, Hollandiya, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan, Türkiyə, Azərbaycan kinematoqrafçılarının filmləri nümayiş olunacaq. Aldığımız məlumata görə, filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirələr aparılacaq.
Festivalın açılışı noyabrın 19-da saat 16:00-da Mingəçevir Politexnik İnstitutunun akt zalında “Bizim Məktəb” (Mino Nikoara, Miruna Koka-Kozma/ABŞ, İsveçrə) və “Xarabalıq hekayələri” (Andrey Daskalesk/Hollandiya, Rumıniya) filmlərinin nümayişi ilə başlayacaq.
Festivalın davamı isə Mingəçevir Media Mərkəzində davam edəcək. Belə ki, 20 noyabrda saat 11:00-da “Qızıl Payız” (Yan Tethaven/Avstriya, Almaniya/2010/54 dəq), 17:00 -da “Gürcüstan qadınları” (Levan Kouqaşvili/Gürcüstan, ABŞ, 21 noyabrda 11:00-da isə “Sərhədsiz xatirələr” (Mehmet Binay, Ayaz Salayev, Levon Kalantar/Türkiyə, Azərbaycan, Ermənistan) filmlərinin nümayişi nəzərdə tutulub. Nümayiş olunan filmlər müxtəlif mövzulara müraciət olunub. Belə ki, onların içərisində münaqişəli ərazilər, müharibədən sonrakı travma, sülh, miqrasiya, qadın məsələləri, millətçilik, rasizm və ekstremizm, sosial məsələlər, ailə əlaqələri kimi mövzular yer alıb. Mövzuların seçilməsi isə müasir dövrümüzlə səsləşdirildiyi üçün seçildiyi söylənilir.
Festivalın keçirilməsi və ümumi prosesi barədə danışan əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, Azərbaycanda bədii filmdən çox sənədli filmlərə ehtiyac var: “Bədii filmin bədii təfəkkür yükü var. Bədii təfəkkürü kimsə bəyənə və ya bəyənməyə bilər. Çünki bu hansısa bir rejissorun təfəkkürünün məhsuldur. Amma sənədli film konkret fakta əsaslanır. Çox təəssüf edirəm ki, mənə müraciət etməyiblər. Mənim “Qan yaddaşı” adlı bir saatlıq sənədli filmim var. Bu film zaman-zaman xalqımıza qarşı təşkil olunan bu deportasiyalar, işğalçılıq siyasəti, ikili standartlar, erməni faktoru, ərazilərimizin işğalı, soyqırımlardan bəhs edir. Bu filmi Ulu Öndərimizə ithaf etmişəm. Çünki ilk dəfə azərbaycanlılara qarşı bu soyqırımları, deportasiyaları, işğalçı siyasəti rəsmən bəyan edən Heydər Əliyev olub. Filmi Heydər Əliyevlə başlamışam. Festivalda belə bir filmin nümayiş olunması çox gözəl olardı. Mənim də bu filmimi həmin festivalda festivaldan kənar olsa belə nümayiş etdirsələr çox gözəl olardı. Çünki bizim tariximizi əks etdirən bir filmdir. Mən özüm bu filmi 5-6 dildə yayımlanmasına hazırlaşıram. Bunun üçün iş aparılır. Heç nə etməməkdənsə cəhd etmək yaxşıdır. Mingəçevir şəhərinin belə bir festivala ev sahibliyi etməsi çox yaxşı haldır. Ümumiyyətlə, xalqımız, onun tarixi üçün nə iş görürlərsə Allah canlarını sağ eləsin, uğurları bol olsun”.
Azərbaycanda çəkilən sənədli filmlərin keyfiyyətinə gəlincə isə, Şeyx Əbdül Mahmudbəyov hazırda bir çoxlarının sənədli film çəkdiyini söylədi: “Belə bir obrazla bunu izah edək. Düşmən təyyarəsi başımızın üstündən uçur və biz də hər cür silahla ona hücum edirik. Təyyarəyə heç nə olmur və çıxıb gedir. Amma biz iş görürük. Nə qədər çalışsaq da, istədiyimiz nəticəni əldə edə bilmirik. Bizdə bu sahənin inkişafı belədir. Bədii sənədli film sənədlərə əsaslanır. Buna görə də filmi çəkən rejissorun savadı, intellektual səviyyəsi, yanaşma mədəniyyəti, cəsarəti olmalıdır. Çünki ortaya fakt qoymaq hər adamın işi deyil. Sözsüz ki, bunların əsası elmi olmaqdan asılıdır. Əgər elmi, savadlı, milli- mənəvi ruhlu insan bu işi görürsə təbii ki, o zaman gözəl sənət əsəri yaranır”.
Festivalın yerli təşkilatçısı olan “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fərman Nəbiyev bildirib ki, bu festival təşkilatın 2013-cü ildə keçirəcəyi ikinci kino bayramıdır: “Birinci festival bu ilin aprel ayının 8-dən 10-dək Mingəçevir Media Mərkəzində baş tutmuşdu. Hər iki layihəyə Avropa Komissiyası dəstək göstərib. Biz inanırıq ki, filmi izləməyə gələnlər heç də peşman olmayacaqlar. Belə festivalların davamlı olmasını təşkil etməyə çalışacağıq”.
Nəzərinə çatdıraq ki, filmləri izləmək üçün tamaşaçılara giriş pulsuz olacaq. Filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirə aparılacaq. Sonda festivala təqdim olunan filmlər müxtəlif mükafatlarla qiymətləndiriləcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər