• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

“Min illik yemək mədəniyyəti təcrübəsinə sahibik” - Reportaj

28.03.18 14:45 3762
“Min illik yemək mədəniyyəti təcrübəsinə sahibik” - Reportaj
22-25 mart tarixlərində Ankara valisi və Aksaray Bələdiyyəsi tərəfindən Ankarada təşkil edilən, 23 ölkənin iştirakı ilə 3-cü dəfə keçirilən "Travel Expo” turizm sərgisi-qastronumu baş tutdu. Sərgidə bir tarix yaşandı, belə ki, türk paxlavası Ginnesin Rekordlar Kitabına daxil edildi.
3 gün davam edən sərginin ilk - açılış günü bayram ab-havasında keçdi. Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş açılış mərasimindəki çıxışında 2018-ci ilin onlar üçün uğurlu bir il olacağına ümid etdiyini bildirdi. Əlavə etdi ki, bu il 38 milyon turist qəbul olunub və bu heç də xəyal edilən bir rəqəm deyil. Daha sonra nazir Türk mədəniyyətinin, eyni zamanda, Türk mətbəxinin zəngin bir tarixə malik olduğunu qeyd etdi: "Böyük bir təcrübəyə sahib Türkiyədə min illik mətbəx təcrübəsi var. Türk yemək sənətinin dünya turizminə gətirilməsi vacibdir. Bunu dünya turizminə qazandıraraq, əhəmiyyətli bir maraq sahəsi halına gəlməsini təmin etməliyik. Orta Asiyadan Mesopotamiyaya, Balkanlardan Qafqaza qədər çox müxtəlif coğrafiyalarda minlərlə il içərisində inkişaf etmiş bir yemək mədəniyyəti təcrübəsinə sahibik. Buna görə də nə qədər öyünsək azdır. Ankaranın turizm sahəsində daha güclü bir vilayətə çevrilməsi bizim üçün çox önəmlidir. Bunun üçün turizm sərgisi əhəmiyyətli bir fürsətdir. Burada bu imkanın qapılarını əvvəl ankaralılara, sonra Türkiyəyə və bütün dünyaya açırıq. Türkiyənin sahib olduğu bütün zənginlikləri dünya turizminin diqqətinə təqdim etmək üçün səylə çalışırıq”.

Martın 21-də Türkdilli ölkələrin mədəniyyət paytaxtı seçilən Kastomonu şəhərində keçirilən Novruz şənliyinə qatıldığını bildirən N.Kurtulmuş bunun Türk mədəniyyətinin tanınmasında böyük rol oynadığını vurğuladı: "Türkiyənin hər yerində - Göbəkli təpədən tutmuş İstanbuldakı Bizans qalıntılarına, Qara dənizdən Egeyə qədər hər yerdə müxtəlif zənginliklərə sahibik. Roma, İtaliya, Monqolustandan daha çox Roma əsərləri olan bir ölkədir Türkiyə. Yunanıstanda olduğundan daha artıq yunan tarxinin antik əsərləri Türkiyədədir. Dünyanın ən qədim insanları burada yaşayıb. Göbəkli təpənin 9 min illik bir keçmişi olduğunu bilirik. Dünyanın ən böyük imkanlarına sahib olan ölkələrin bəlkə də birincisiyik. Nə yazıq ki, bunların yalnız bir hissəsini insanlara göstərə bilmişik. İnşallah, bunların hamısını dünyaya tanıdacaq və turizmə təqdim edəcəyik. Bu gün keçirdiyimiz bu sərgi bizim üçün bunları dünyaya tanıtmağımızda bir vəsilə olacaq”.
Ankara valisi Ercan Topaca isə çıxışında turizm sərgisinin Türk turizminə müvəffəqiyyət gətirəcəyini bildirdi. Türk turizminə qastronom yolu ilə müxtəliflik qazandırmağı, Ankaranın turizm, mədəni dəyərlərini Türkiyənin və dünyanın gündəminə gətirməyi qarşılarına məqsəd qoyduqlarını vurğuladı: "Bu sərgi valiliyimiz haqqında bizi maraqlandıran ölçüyə daha çox bağlıdır. Vali olaraq gəldiyimiz andan etibarən bu işi dəstəkləməyə çalışmışıq. Məqsədimiz eyni zamanda, Türk turizmini qastronomiya vasitəsilə dünyaya tanıtmaqdır. Bütün dünyada Ankara mədəni dəyərlərini təqdim etmək bizim üçün önəm kəsb edir. Uzun bir hazırlıqdan sonra bu zirvəni birlikdə təşkil edirik. Bugün deyiləcək fikirlər, təkliflər Türk turizminə, Ankaraya, ölkəmizə əhəmiyyətli qatqıları təmin edəcək”.

E.Topaca fikirlərinə rekordlar kitabına daxil ediləcək türk paxlası ilə davam etdi: "Bu hadisə təxminən 400 kiloqram paxlava bişirməklə rekord bir sınaq olacaq. Ümid edirəm ki, Ginnessin standartlarına uyğun bir şəkildə nəticələnəcək və inşallah, Türkiyəmizin ən məşhur qastronomik dəyərlərindən olan paxlavanı çox fərqli ölçülərdə və çox fərqli gözəlliklərdə bişirmək və hazırlamaq surətiylə bu sahəyə əhəmiyyətli bir qatqı etmiş olacağıq. Paxlavanın ərsəyə gəlməsi üçün böyük bir əmək tələb olundu, o cümlədən xüsusi sobanın hazırlanması, yüklənməsi, quraşdırılması və kəsilməsi. Bu səyi verən dostlarımıza da təşəkkür edirəm. İstər sərginin, istərsə də sammitin təşkil edilməsində əməyini bizdən əsirgəməyən başda Mədəniyyət və Turizm Nazirimiz olmaqla bütün işçilərimizə, aşpazlarımıza, onların federasiyalarına və bu işdə əlaqəsi olan bütün yoldaşlarımıza hüzurunuzda bir daha təşəkkür edirəm”.

Aşbazlar və Şirniyyatçılar Konfederasiyasının (TAŞPAKON) başçısı Gökhan Tufan çıxışında Türk qastronomiyasının milli dəyərlərinin ən əhəmiyyətlisi olan paxlavanın Ginnes Dünya Rekordlar Kitabına daxil olmasının əhəmiyyətliliyini vurğuladı: "Paxlavamızı çox əhəmiyyətli bir mükafatla taclandıracağıq. Bir sıra dövlətlərin sahib çıxmağa çalışdığı bu mədəni dəyərimizi artıq təsdiqləyərək, bunu ən yaxşı şəkildə tətbiq edən ölkə olaraq tarixə keçəcəyik”.
Böyükşəhər bələdiyyə başçısı Mustafa Tuna Qastronomi Zirvəsi və Turizm Sərgisinin faydalı olacağına ümid etdiyini bildirdi: "Ankara, sənaye və ticarət şəhəri olmaqdan başqa, sürətlə turizm şəhəri halına gəlir. Biz yerli administrasiyalar olaraq, turizmə olan töhfəmizin davam edəcəyini deyirik”.
Gazi Universitetinin müəllimi, Qastronomi Zirvəsi İcra Komitəsi və TUADER başqanı Məhərrəm Tuna qastronomiyanı turizm baxımından qiymətləndirdikdə, onun insanın əsas ehtiyacını ödəməsindən başqa, onunn səyahət etməsinə səbəb olan əsas amillərdən biri kimi dəyərləndirdi: "BMT-nin Dünya Turizm Təşkilatının 2017-ci il hesabatına görə, 1.3 milyard insan səyahət edir. Bu səfərlərdə qastronomiyanın yeri artmaqdadır. 3-cü turizm sərgisi və inkişaf planlarında ələ alınan bu xüsusi mövzunun ölkəmiz baxımından ən yüksək məhsuldarlığı təmin etməsi üçün bu sahədə aparılan araşdırmalar, yığıncaqlar, hesabatlar, tədbirlər və festivalların inkişaf etdirilməsi bizim üçün vacib olan amillərdəndir. Bu baxımdan qastronomi sammiti və turizm sərgisini ölkəmizin unikal dəyərlərini, qadınlarımızın əl işlərini, Türk mədəniyyətini və qonaqpərvərliyini beynəlxalq aləmdə tanıtmaq üçün yaxşı bir fürsət olaraq görürəm”.

Daha sonra Ankara Ticarət Otağı (ATO) Konqres Sərgisi və Kongres Mərkəzində təşkil edilən sərgidə bir dünya rekordunun qırılmasının şahidinə çevrildik. Böyük bir sobada 513 kiloqram türk paxlavası bişirildi. Bu paxlava ölçülərinə görə Ginnesin Rekordlar Kitabına daxil oldu. Dünyaya səs salan paxlava 2,5 metr enində, 7 metr uzunluğunda və 11 min 800 dilimdən ibarət idi. Paxlava istehsalında 100 kiloqram un, 100 kiloqram şəkər, 80 kiloqram qoz və 80 kiloqram kərə yağı istifadə edilib. Sərgiyə gələnlərin böyük diqqətini çəkən paxlavadan dadmaq bizim də qismətimizə düşdü. Dünyanın dörd bir yanından sərgiyə təşrif buyuran qonaqlar paxlavadan dadaraq stendləri gəzdilər.
Burada ölkələrin təhsil, otel imkanları, eyni zamanda suvenirlər, bayraqlar və sair nümayiş olunurdu. İlk olaraq, Qırğısıztan stendi diqqətimizi çəkdi. Onlar rəsm əsərləri ilə bu sərgiyə qatılmışdı. Stendə bələdçilik edən Yıldız Həsənəli bizimlə söhbətində mədəniyyətin elə rəsmdən başladığını dedi: "Burada öz çəkdiyimiz rəsmləri təqdim edirik. 8 nəfərin rəsmini gətirmişik. Biz bu sərgidən bacardığımız qədər istifadə edirik. İstəyirik ki, burada bizim də mədəniyyətimiz və rəsmlərimiz dünya xalqlarına nümayiş olunsun. Biz də bu sərgiyə öz sənət rəngimizi aşılayırıq. Ən böyük mədəniyyət göstəricisinin rəssamlıq olduğunu düşündük. Rəsmlərimiz sərgidə iştirak edən insanların böyük marağını çəkib. İnsanlar sərgimizdə şəkil çəkdirir və tariximizlə tanış olurlar. Qırğızıstanın geniş mədəniyyəti var, bu da onun bir nümunəsidir”.

Sərgidə insanların diqqətini çəkənlərdən biri də qədim çarıx sənəti ilə məşğul olan Kamil Kuyukazan oldu. Onunla söhbətdən doymaq olmurdu. Usta deyir ki, çarığın əsas özəlliyi odur ki, əvvəllər bunu folklor ustaları geyinərdilər: "Biz bunları suvenir məqsədilə hazırlayırıq. Çünki bunlar çox diqqət cəlb edir. İndi də istifadə edilir. Daha çox xaricilər alır. Əsasən də qulağı küpəli oğlanlar, hip-hop dinləyənlər, cırıq şalvarlar geyinənlər. Bu, xam dəridir, əldə hazırlanan dəridən düzəldilir. Bu ayaqqabılar qışda istifadə edilməz, yalnız yayda geyilir. Tərkibində kimyəvi maddə olmadığı üçün yayda çarıqların içərisi sərin olur. Biz bunları daha çox turistlər olan yerlərə aparırıq. Normalda bu sənət atadan oğula keçir. Ancaq mən bir müəllim yanına gedib öyrəndim. İndiki dövrdə bu sənətə maraq qalmayıb”.
Aksarayın təqdimatında çox böyük rol oynayan və Anadolu Aslanı olaraq tanınan Aksaray Malaklı cinsindən Artist adlı it də sərgidə ziyarətçilərin sevimlisi oldu.
Qeyd edək ki, Ankara ATO Konqresində təşkil edilən "Travel Expo” turizm sərgisinə millət vəkilləri, Aksaray bələdiyyə başçısı, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil olmaqla çoxlu sayda insanlar qatılmışdı. Dünyanın bir çox ölkəsindən sərgiyə media nümayəndələri də dəvət edilmişdi.
Xəyalə Rəis
Bakı-Ankara-Bakı












banner

Oxşar Xəbərlər