• çərşənbə, 24 Aprel, 22:09
  • Baku Bakı 23°C

Min illik tarixi olan sənət… - Sadə peşə

11.03.17 12:00 11499
Min illik tarixi olan sənət… - Sadə peşə

"Xına art”... O, gənc xanımların sevdiyi ən məşhur incəsənət növlərindəndir. İncəsənətdə xına sənətkarlığı dedikdə, ilk olaraq ağıla Şərq ölkələri gəlir. Son zamanlar ölkəmizdə də "xına art” deyilən kiçik, ancaq maraqlı üslubi naxışları ilə seçilən sənətə maraq artıb. Bu sənət növü ilə məşğul olan, hobbisini peşəyə çevirən gənclərdən biri də Gülər Cəfərlidir.

"Hobbimi peşəmə çevirdim”

Gülərin 24 yaşı var. Azərbaycan Dillər Universitetinin tələbəsidir. Gülər üçün xına gözəllik, zəriflik deməkdir. Deyir ki, uşaqlıqdan vurğunu olduğu xınadan nə vaxtsa peşə kimi istifadə edəcəyi ağlına belə gəlməyib: "Həmişə xınaya marağım olub. Xına çəkənlərin səhifələrini, əl işlərini izləyirdim. Sonra özümə, ətrafıma, dostlarıma çəkməyə başladım. Hara gedirdimsə, xına alətlərini də özümlə götürürdüm. Həqiqətən gördüm ki, Azərbaycanda xınaya həvəsi olan böyük kütlə var. Dostlarım da məni həvəsləndirdi. Və bu gün hobbi kimi sevdiyim işin ustasıyam”.

"Ən böyük qazancım”


Gülər deyir ki, toylarda, nişanlarda, şad günlərində gözəl görünmək xanımlar üçün hər şeydir. Xına isə insanın təbii gözəlliyini üzə çıxarır: "Xına bir sənətdir. Özü də min illik tarixi olan, zamanla az və ya çox istifadə edilən, amma hər zaman var olan sənətdir. Düzdür, Azərbaycanda da bu sənət var idi, amma çox da inkişaf etməmişdi. Bizim kimi gənc xına ustaları çoxaldıqca, bu iş daha müasir və professional olur. Mən bu sənəti təmsil etdiyim üçün çox xoşbəxtəm. Çünki işimi iş xatirinə yox, zövqlə görürəm. İnsanların əlinə naxış vurarkən üzlərindəki təbəssüm nəyə desəniz dəyər. Xına xanımların gözəlliyinə gözəllik qatır. Xınanı çəkdikdən sonra onların təşəkkürləri və gözlərindəki təbəssüm mənim ən böyük qazancımdır”.

Səbr, diqqət və xoş əhval...

İşinin çətinliklərinə gəldikdə, həmsöhbətimiz deyir ki, xına çəkmək maksimum diqqət və dəqiqlik tələb edir: "Xına çəkən mütləq səbirli olmalıdır. İncə naxışları düzmək həm vaxt, həm də səbir tələb edir. İnsanı ən çox incidən isə, kaprizli müştərilərdir. Bəzən elə hərəkətlər edirlər ki, səbirsiz usta deyər ki, "al, özün çək” (gülür - A.Ə). Üstəlik, xınalar da müxtəlif olur. Hər xınanın öz qoxusu var. 2 saat dayanmadan xına çəkmək insan orqanizminə pis təsir edir. Həm göz yorğunluğu olur, həm də nəfəs almaqda problemlər yaranır. Ən əsası isə, xına çəkən yüksək əhval-ruhiyyədə olmalıdır. Çünki insanın əhvalı həmin o naxışlara yansıyır və naxışlar gözəl alınır. Əhvalın pis olanda isə, nə qədər diqqətli olsan da, yaxşı nəticə ala bilmirsən”.
"Sena Henna” adı altında fəaliyyət göstərən, "insatgram”da, "facebook” və "youtube”da səhifələr açan gənc usta deyir ki, sadəcə, pul üçün deyil, "Sena Henna” olaraq Azərbaycana ən yaxşı xınanı gətirmək istəyir: "Səna keçmiş Həbəşistan, indiki Efiopiya dilində gözəl qız deməkdir. Bizim Azərbaycan qızlarının hamısı gözəldir. Biz də onların gözəlliyini üzə çıxarıb, xına vasitəsilə zəriflik veririk. Xına mənim üçün işdən əlavə, hobbidir. Maraqlı naxışlar öyrənmək, dünyadakı xına tətbiqlərini ölkəmizə gətirmək və istifadə etməkdən zövq alıram”.

"Keyfiyyətsiz xınalarla insanları xınadan soyudurlar”

Gənc xanımların xınaya olan marağına gəldikdə, Gülər deyir ki, keyfiyyətli iş ortaya qoyduqda, tələbat da çox olur: "Azərbaycanda xına və xına mərasimləri keçmişdən var. Toylarımızın "olmazsa olmaz”ı xına mərasimidir. Sadəcə, biz bunu müasir vəziyyətə gətirməyə çalışırıq. İndi xınadan yalnız toylarda yox, gündəlik həyatda da istifadə edənlər var. Gənclər ən çox qol bəzəklərinə, əl yazılarına, şəkillərə, ayaqda naxışlara üstünlük verirlər. Sadəcə, xına ustaları çalışmalıdırlar ki, keyfiyyətli xınalar tapsınlar və xına çəkdirməyə marağı olanları xınadan soyutmasınlar. Məsələn, Azərbaycanda satılan əksər xınanın keyfiyyəti yoxdur. Xına keyfiyyətli olanda günlərlə parıltılı qalır. Amma xaricdən belə xınaları sifariş verəndə baha başa gəlir və bu da qiymətin qalxmasına səbəb olur”.

"Xına çəkilən əl kremsiz olmalıdır”


Gülər evdə xına çəkmək istəyən xanımlar üçün də məsləhətlər verdi. Həmsöhbətimizin sözlərinə görə, dəriyə xına çəkərkən əllər təmiz olmalıdır: "Xınadan əvvəl əl sabunla yuyulur, təmizlənir. Dəridə olan yağlılıq və ya tozun təmizlənməsi vacibdir. Yuyulduqdan sonra dəri spirtlənir. Sonra isə mərhələlər başlayır. Xınalar növlərinə görə fərqlənir. Məsələn, təbii xına var ki, onun çəkilişindən sonra gərək bir gün sudan çox istifadə etməyəsən. Xına çəkilən əldə krem olmamalıdır. Xına çəkilir və quruması üçün 1 saata yaxın əldə saxlanılır. Yuduqdan sonra isə parlaq olması üçün əgər evdə xına yağı yoxdursa, uşaq kremi çəkilir”.

Xına çəkilişini rahatlıqla öyrənə biləcəyiniz məkan

Gülər müştərilərini əsasən "instagram” və "youtube”dan tapır. Deyir ki, tələbələrini də məhz "youtube” kanalı vasitəsilə öyrədir: "Youtube” tamam başqa dünyadır. Avropada insanlar televiziyadan çox, belə kanalları izləyib bilgi toplayırlar. Sadəcə, istedadınızla bağlı bir video çəkib bütün dünyaya səslənə bilərsiniz. Təəssüflər olsun ki, Azərbaycanda "youtube” kanalları demək olar, yoxdur. Sadəcə, əyləncə, xəbər və siyasi kanallar mövcuddur. Mənə də bir çox insan mesaj yazırdı və tələbəm olmaq istəyirdi. Sənəti öyrənmək üçün pul da təklif edirdilər. Belə qərara gəldim ki, "Sena Henna” adlı bir kanal açım və orada xına çəkilişinin incəliklərini hər kəslə bölüşüm. Hər kəs pul xərcləmədən, sadəcə, kanalımızı izləyərək xına çəkilişini rahatlıqla öyrənə bilər”.
Gülər sonda vurğuladı ki, bəzi şeylər var ki, heç vaxt aktuallığını itirmir, elə xına kimi. İstər milli adət-ənənələrimiz çərçivəsində, istərsə də müasir formasında. Əsas olan odur ki, o hələ də faydalı və gözəldir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər