
Min bir gecə: “Yeddi gecə” kitabından
Qərb xalqlarının tarixində ən mühüm hadisə Şərqin kəşf edilməsidir.
Əslində, buna Şərqdə yerləşən fars dövlətinin yunan tarixində rolunun şəkildə dərk
edilməsi demək daha doğru olar. Bundan başqa, (nəhəng, sabit, durğun, möhtəşəm)
Şərqin dərk edilməsində digər mühüm məqamlar da var, onlardan bir neçəsini qeyd
edəcəm. Məncə, uşaqlıqdan bəri çox sevdiyim mövzuya müraciət etməkdə haqlıyam.
Yəni "Min bir gecə kitabı”na və ya ingilis variantında oxuduğum kimi "The
Arabian Nights”a (Ərəb gecələri – X.N.). Onun bu cür adlanması da əsrarəngiz təsir
bağışlayır, amma "Min bir gecə” qədər gözəl deyil.
Mən Heredotun doqquz kitabını yada salmaq istərdim, onlarda uzaq
Misirin kəşfi təsvir edilib. Mən "uzaq” deyirəm, çünki həmin dönəmdə məkan
zamanla ölçülürdü, səyahətlər isə təhlükəli idi. Yunanlar üçün Misir dünyası nəhəng
ölçülü və sirli idi.
Sonra "Şərq” və "Qərb” sözlərini nəzərdən keçirək – onlara təyinat
vermək mümkündürmü, onlar real bir şeylərdirmi? Avqustin Blajennının (Avqustín
Avrelius, 354-430. Qərb Xristianlığının böyük ilahiyyatçılarından və
filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası – X.N.) zaman haqqında
dediklərini onlara aid etmək olar: "Zaman nədir? Bu sual məndən soruşulmadığı
vaxt cavabı bilirəm, soruşulduqda isə bilmirəm”. Onların anlayışı ilə barışmağa
çalışaq.
İskəndərin mübarizələrinə, müharibələrinə müraciət edək – Fars
diyarını fəth etmiş, Hindistanı əldə etməyə müvəffəq olmuş və güman edildiyinə
görə Vavilonda vəfat etmiş İskəndər. Şərqlə bu ilk toqquşma İskəndərə o qədər
güclü təsir göstərmişdi ki, o, farslara müraciət etmişdi. Farslar onu – hətta
yuxuda belə qılıncdan və "İliada”dan ayrılmayan İskəndəri öz tarixlərinin bir
hissəsi hesab edirlər. Biz irəlidə ona qayıdacağıq, amma indi ki, adı çəkildi,
bir əfsanəni yada salmaq istədim, düşünürəm ki, sizə maraqlı olacaq.
İskəndər otuz üç yaşında Vavilonda vəfat etmir. O, qoşunu tərk etdikdən
sonra səhra və meşələrdə azır. Nəhayət gözünə işıq görünür, bu isə heç demə tonqal
imiş. Tonqalın ətrafını sarı bənizli, çəpgöz döyüşçülər əhatə etmişdi. Onlar
İskəndəri tanımasalar da, bu yad adamı qəbul edirlər. Həmin, əsgər hesab edilən
şəxs tamamilə naməlum diyarda döyüşür. O, əsgərdir, müharibənin səbəblərinin
ona dəxli yoxdur və o, hər zaman həyatla vidalaşmağa hazırdır. İllər ötür, çox
şey onun yaddaşından silinir. Qoşuna pul ödəniləcək gün ona verilən pullardan
biri diqqətini cəlb edir. Pulu ovcunda saxlayır və deyir: "Sən qocasan, bax bu
isə Makedoniyalı İskəndər olduğum zaman Arbel yaxınlığındakı qələbənin şərəfinə
zərb edilməsini əmr etdiyim pullardan biridir”. Keçmiş cəmi bircə anlıq ona
geri qayıdır, sonra isə o, yenidən monqol və ya çin muzdlu əsgərinə çevrilir.
Bu, yadda saxladığım uydurma əhvalat ingilis şairi Robert Qreyvzə məxsusdur.
Şərq və Qərb üzərində hakimiyyət İskəndərə əvvəlcədən əyan olmuşdu. İslam ölkələrində
o, Qoşabuynuzlu İskəndər adıyla məşhurdur, həmin qoşa buynuz isə Şərq və Qərbə
işarədir.
Nümunə üçün Şərq və Qərb arasındakı uzunmüddətli olduğu qədər həm də
faciəli hesab edilən dialoqa müraciət edək. Uzaq ölkədə hazırlanan ipəyi əlini
toxunduraraq yoxlayan Gənc Vergilini xatırlayaq. Bu, Çin ölkəsidir, onun uzaqda
Şərqin ən ucqar sərhədlərində olduğu məlumdur, mehriban sakinləri isə say
etibarı ilə həddən artıq çoxdur. Vergili "Georgiklər”də (Vergilinin didaktik
poeması – X.N.) ona tanış olmayan ehramların, imperatorların, çayların, körpülərin,
göllərin təsvir edildiyi həmin tikişsiz ipəyi yada salır.
Şərqin digər kəşfi Plininin (Böyük Plini, e.23-79. Qədim roma
yazıçısı və filosofu – X.N.) "Həqiqi tarix” möhtəşəm kitabıdır. Orada çinlilərdən
bəhs edilir, Baktriya, Fars diyarı xatırlanır, Hindistandan, şah Pordan
danışılır. Yuvenalın qırx il bundan əvvəl oxuduğum bir şeiri var, o, bir anda
yaddaşımda təzələnir. Yuvenal uzaqlaşan yeri təyin etmək üçün deyir: "ultra
Auroram et Gangem”, yəni "şəfəqin və Qanqın arxasınca”. Bu, kəlmələrdə Şərq
bizim üçün ümumiləşib. Nə bilmək olar, Yuvenal da bunu bizim kimi duyubmu?
Düşünürəm ki, bəli. Şərq həmişə Qərb insanı üçün cəlbedici olmuşdur.
Tarixin gedişini izləyərkən bizə qəribə hədiyyə bəxş edilir: Harun
Ər-Rəşid – Saleh Harun silahdaşı Böyük Karla fil göndərir. Ola bilər ki,
Bağdaddan Fransaya fil göndərmək olmaz, amma bu, mühüm deyil. Bu filə inanmaq çətin
olmamalıdır. Fil bədheybətdir... O, franklara və Böyük Karla olduqca qəribə
görünməli idi (Böyük Karlın "Roland haqqında nəğmə”ni oxuya bilməməsini düşünmək
kədərlidir, çünki o, alman ləhcəsində danışırdı).
Fil Karla hədiyyə olaraq göndərilmişdi, "elefant” "fil” sözü də bizi
Rolandın fil sümüyündən olan şeypuru – Olifanı çaldığını yada salmağa məcbur
edir. Şeypurun bu cür adlanmasının səbəbi onun fil dişindən hazırlanması idi.
İndi ki, biz etimologiya haqqında danışmağa başladıq, şahmatdakı fili bildirən
ispan sözü "alfil”in ərəb dilində "fil” demək olduğunu, həm də marfil – fil
sümüyü sözü ilə eyniköklü olmasını yada salmaq olar. Şərqə məxsus şahmat
fiqurları arasında mənə üzərində adam əyləşmiş, başında qülləsi olan fil görmək
nəsibolub. Qeyd edim ki, qülləyə görə bənzərlik olsa belə bu, top yox, fildir,
yəni alfil.
Döyüşçülər səlib yürüşlərindən müxtəlif hekayələrlə geri
qayıdırdılar, məsələn, şirlər haqqındakı xatirələrlə. Biz Riçard the
Lion-Hearted – Riçard şir ürəyi adlı məşhur səlibçini tanıyırıq. Gerbə həkk
olunmuş şir şərq heyvanıdır. Siyahı sonsuz ola bilməz, amma Marko Polonu, onun
"Şərqin kəşfi” kitabını (kitab uzun müddət ən böyük kəşf hesab edilmişdir) –
genuyalıların venesiyalılar üzərində qələbə qazandıqları mübarizədən sonra
yoldaşına nəticə etibarilə diktə etdiyi həmin kitabı da yada salaq. Kitabda Şərq
tarixindən və sonralar Kolricin məşhur poemasında peyda olan Xubilay xandan bəhs
edilir. (Xubilay xan – 1215-1294. Monqol imperiyasının beşinci xaqanı və Yuan
sülaləsinin banisi – X.N.)
XV əsrdə İskəndəriyyədə – Qoşabuynuzlu İskəndərin şəhərində silsilə
nağıllar toplanmışdı. Təxmin etdiyiniz kimi bu nağılların qəribə tarixçəsi var.
Əvvəlcə onlar Hindistanda, sonra Fars diyarında, sonra Kiçik Asiyada və nəhayət
Qahirədə artıq ərəb dilində vərəq üzərinə köçürülmüş şəkildə bir yerə
toplanmışdı. Bu, məhz "Min bir gecə nağılları kitabı” idi.
Mən ad üzərində dayanmaq istəyirəm. O, mənim nəzərimdə dünyadakı ən
gözəl addır, mənim artıq qeyd etdiyim "Zamanla təcrübə” qədər gözəldir, həm də
onlar olduqca bənzərdirlər.
1754-cü ildə fransız şərqşünası Antuan Qallan tərəfindən Avropa dilinə
tərcümə olunmuş ilk altı cildlik nəşr edildi. Romantizm cərəyanı zamanı Şərq
bütünlüklə Avropa düşüncəsinə daxil oldu. Burada iki nəhəng adı xatırlamaq
kifayətdir – şəxsiyyəti əsərlərini üstələyən Bayron və bütün hallarda nəhəngliyini
qoruyub saxlayan Hüqo. Yeni tərcümələr meydana çıxır, bununla da Şərq yenidən kəşf
edilir. Bu proses 1890-cı illərə qədər davam edir. Ən böyük rolu isə Kiplinq
oynayır: "Kim Şərqin harayını eşitsə, həmin harayı əbədi yadda saxlayır”.
"Min bir gecə” kitabının ilk dəfə
tərcümə edildiyi zamana qayıdaq. Bu, bütün Avropa mədəniyyəti üçün olduqca
mühüm hadisədir. 1754-cü ildə Fransa nəhəng əsrin Fransası idi. Burada ədəbi
qanunları Bualo (Nikola Bualo, 1636-1711. Fransız şairi, tənqidçi, nəzəriyyəçi
– X.N.) diktə edirdi. O, 1711-ci ildə vəfat etdiyi zaman bütün ritorikasının şərq
axınının qorxusu qarşısında qalmasından şübhələnmirdi belə. Bualonun qayda və
qadağaları ilə zəngin ritorikasını, düşüncə kultunu, Fenelonun dediyi "Ruhun təzahürləri
arasında ən nadir görüləni düşüncədir” kəlamını yada salaq. Amma Bualo düşüncəni
poeziyanın əsasına çevirmək istəyirdi.
Biz kastil dili adlanan gözəl latın ləhcəsi ilə danışırıq, elə bu da
Qərbin Şərqə nostalgiyasının, bağlılığın, bəzən hərbi düşüncənin təzahürüdür,
axı Amerika Hindistanı fəth etmək cəhdi sayəsində kəşf edilmişdi. Biz Montesuma
xalqını, Ataulluları, Katrielləri Hindistana gəlib çıxdıqlarını zənn edən
ispanların yalnışı nəticəsində səhvən hind xalqı adlandırırıq. Bugünkü mühazirə
də Şərqlə Qərb arasındakı dialoqun bir hissəsidir.
"Qərb” sözünün mənşəyi məlumdur və indi bunu araşdırmağın mənası
yoxdur. Bizim mədəniyyətin əsasının Yunanıstandan (Roma ellinizmin davamıdır) və
şərq ölkəsi İsraildən qaynaqlandığı hesab olunur. Onlar bizim qərb mədəniyyəti
adlandırdığımız anlayışı yaradıblar. Şərqin kəşfi barədə danışarkən əbədi
ixtira olan müqəddəs yazını xatırlamaq lazımdır. Təsir qarşılıqlıdır, çünki Qərb
də Şərqə təsir edir. Fransız yazıçısının "Avropanın çinlilər tərəfindən kəşfi”
adlı kitabı mövcuddur və bu kəşf də mütləq baş verməli olan real hadisədir.
Şərq Günəşin doğulduğu yerdir. Alman dilində Şərqin tərənnümü üçün
sizə də ərz etmək istədiyim gözəl bir ad mövcuddur: "Morgenland” – "səhər
yeri”. Qərbin təsviri "Abendland” – "axşam yeri”dir. Şpenqlerin "Der Untergang
des Abendlandes”, yəni "Axşam yerinə geri dönüş” və ya daha nəsrvari tərcümə
edilərsə, "Avropanın qürubu” kitabı çoxuna tanışdır. Düşünürəm ki, "oriente” (şərq)
kimi gözəl sözün ilk hecasının "oro” (qızıl) sözündən ibarət olması xoşbəxt təsadüfdür.
"Orient” sözündə biz "oro” sözünü hiss edirik, çünki sübh zamanı səma qızılı rəngə
boyanır. Mən Dantenin sizə məlum olan "Dolce color d'oriental zaffiro” – "Şərq
yaqutunun ürəkaçan rəngi” misrasını yenidən xatırlatmaq istərdim.
Oriental sözü iki mənalıdır: şərq ölkələrinin şərq yaqutu və qızılı rəngli
şəfəq, Məhşərdə ilk səhərin qızılı rəngi.
Şərq nədir? Onu coğrafi cəhətdən təyin etmək üçün biz olduqca maraqlı
təzahürlə rastlaşırıq: Şərqin bir hissəsi Qərbdir, yunanlar və romalılar üçün Qərb
hesab etdikləri isə (məsələn, Şimali Afrika) Şərqdir. Əlbəttə ki, Şərq həm də
Misirdir, İsrail torpağıdır, Kiçik Asiya, Baktriya, Fars diyarı, Hindistandır.
Bütün bu ölkələr nə qədər geniş əraziyə malik olsalar belə, aralarında ortaq cəhətlər
o qədər azdır. Eynilə Tatarıstan, Çin, Yaponiya da bizim üçün Şərqdir. Düşünürəm
ki, Şərq haqqında danışarkən biz hər şeydən əvvəl islam Şərqini nəzərdə
tuturuq, coğrafi cəhətdən isə Hindistanın şimalını.
"Min bir gecə” kitabından əldə
edilən ilk təəssürat budur. Burada şərqi hiss etmək mümkündür, biz bunu İsraildə
duya bilmərik, amma Qranada və ya Kordovada duyarıq. Mən orada Şərqin varlığını
hiss etsəm belə, onu təyin edə bilmirəm, bu cür şəxsi duyğuları təyin etməyin gərəkli
olub-olmadığı haqqında isə heç bir mülahizəm yoxdur. Bu sözdən yaranan
assosiasiyaları "Min bir gecə” kitabına borcluyuq. O, bizim ağlımıza gələn ilk
fikirdi, biz hələ ondan sonra Marko Polo, İohan ata (orta əsrlər avropa əfsanələrinin
qəhrəmanı, Şərqdə xristianların mifik şahlığının banisi – X.N.), qızıl balıqlar
olan qum çayları haqqında xatırlayırıq. İlk növbədə isə biz islam haqqında
düşünürük.
Əvvəlcə kitabın tarixini, sonra tərcümələrini nəzərdən keçirək.
Kitabın mənşəyi aydın deyil. Yadıma uğursuz şəkildə qotik adlandırılan,
çoxsaylı nəsillərin əməyi nəticəsində ərsəyə gələn kilsələr düşür. Amma əsaslı
fərq var: sənətkarlar, kilsə inşaatçıları nə iş gördüklərini yaxşı başa
düşürdülər. "Min bir gecə” isə əksinə sirli şəkildə yaranır. Bu – ən məşhur, mənə
məlum olduğu qədərilə Qərbdə Şərqdən daha artıq dəyər verilən kitabın
yaranmasında iştirak etdiyinə dair şübhə duymayan minlərlə müəllifin əsəridir.
"Min bir gecə” kitabının iki ən
məşhur tərcüməsinin müəllifləri Leyn və Bertonun heyranlıqla sitat gətirdikləri
şərqşünas baron Hammer Purqştalın maraqlı qeydini nəzərinizə çatdırıram. O, gecə
nağılçıları adı almış, peşəsi gecələr nağıl danışmaq olan şəxslərdən bəhs edir.
O, gecə hekayələri adı altında yuxusuzluq yaratmaq məqsədilə insanları toplamaq
adətini ilk dəfə düşünən şəxsin Makedoniyalı İskəndər olması barədə qədim fars
mətnini misal gətirir. Çox güman ki, bunlar nağıllar idi. Düşünürəm ki,
nağılların gözəlliyi nəsihətvari olmalarında deyil. Ezopu, eləcə də digər induz
nağılçılarını heyvanları insan şəklində, onların komediya və faciələri ilə təsvir
etmək imkanının olması cəlb edirdi. Nəsihət sonda əlavə edilrdi, ən əsası isə
onda idi ki, canavar quzu ilə, öküz uzunqulaqla ya da şir bülbüllə söhbət
edirdi.
Makedoniyalı İskəndər bu adsız nağılçıları dinləyirdi. Bu cür peşə
uzun müddət mövcud olmuşdur. Leyn "Müasir misirlilərin adət və ənənələri”
kitabında qeyd edir ki, 1850-ci ilə qədər Qahirədə nağılçılar geniş
yayılmışdılar. Onların sayı əlliyə qədər idi və əsasən də "Min bir gecə”dən
hekayələr nəql edirdilər.
Berton və ispancaya gözəl tərcümənin müəllifi Kansinos-Assensin
gümanına görə hekayələrin Hindistanda yaranan bir qismi Fars diyarına gedib
çıxır, Fars diyarında onlar dəyişilir, zənginləşdirlir və ərəbləşdirlir, nəhayət
isə Misirə qədər yayılır. Bu, XV əsrdə baş verir. İlk kitab məhz o zaman tərtib
edilir, ardınca digəri – fars dilində olan "Hazar afsana” – "Min nağıl” adlanan
variant meydana gəlir.
Nağılların sayının əvvəlcə min, daha sonra min bir olmasının səbəbi nədir?
Düşünürəm ki, burada iki səbəb var. Onlardan biri cüt rəqəmlərin bədbəxtlik gətirdiyi
düşüncəsini özündə daşıyan mövhumatdır (bu kimi hallarda mövhumat böyük önəm kəsb
edir). Tək rəqəm axtarmağa başladılar və uğurlu şəkildə "bir”i əlavə etdilər.
Əgər toplu doqquz yüz doxsan doqquz gecədən ibarət olsaydı biz bir gecənin
çatmadığını düşünərdik. Bu cür isə əksinə hiss edirik ki, bizə ucu-bucağı
olmayan nəsnə bəxş edilir, hələ bir gecə də əlavə edilmişdir. Mətni oxuyaraq tərcümə
edən fransız şərqşünas Qallandır. Biz mətnin, həmin mətndə isə Şərqin təsvirini
görürük. Mətndə Şərq var, çünki biz oxuduqca özümüzü uzaq diyarda hiss edirik.
Tarixi silsilənin varlığı hər kəsə məlumdur, amma ondan əvvəl şərq
araşdırmaları mövcuddur. Fars ədəbiyyatı və ya hind fəlsəfəsinin tarixi yoxdur,
çin ədəbiyyatının tarixi də yoxdur, çünki bu xalq üçün hadisələrin axışı
maraqlı deyil. Ədəbiyyatın və poeziyanın əbədi olduğu hesab edilir. Mən düşünürəm
ki, mahiyyətcə onlar haqlıdırlar. Mənə belə gəlir ki, "Min bir gecə” adı (və ya
Bertonun üstünlük verdiyi kimi "Book of the Thousand nights and a night” – "Min
bir gecə kitabı”) bu gün səhər icad edilmiş olsaydı, möhtəşəm olardı. Əgər biz
bu işi indi həyata keçirmiş olsaydıq, adın əsrarəngiz olmasına səbəb təkcə gözəl
olması deyil (gözəl, yəni məsələn, Luqonesin "Bağda alaqaranlıq” əsəri kimi), həm
də kitabı oxumaq istəyi yaratmasıdır.
İnsan "Min bir gecə”nin içərisində itib-batmaq istəyir, o bilir ki,
bu kitaba köklənərək öz zavallı taleyini unuda, tam şəkildə arxetip-nümunələrlə
(arxetip – folklor və ədəbi əsərlərdə tez-tez təkrarlanan
obrazlar, süjetlər, motivlər – X.N) zəngin, eyni zamanda
individuallıqla dolu dünyaya qədəm basa bilər.
"Min bir gecə” adında kitabın
sonsuz olduğuna işarə edən olduqca mühüm əlamətlər yer alıb. Görünür, sonsuzluq
haqqındakı fikir gerçəkdir, ərəblər deyir ki, "Min bir gecə”ni heç kim axıra qədər
oxuya bilməz.
Mənim evimdə Bertonun tərcüməsində on yeddi cildlik var. Bilirəm ki,
heç vaxt onların hamısını oxuya bilməyəcəm, amma onlarda məni gözləyən gecələrin
yer aldığını; həyatımın bədbəxtlik içərisində keçə biləcəyini, amma onda Şərqin
"Min bir gecə”sinin əbədiyyət həqiqətinin birləşdiyi on yeddi cildliyin
olduğunu bilirəm.
Mövcud olmayan, həqiqi olmayan Şərqi necə tanımaq olar? Mən "Şərq” və
"Qərb” anlayışlarının ümumiləşdirmə olduğunu, eyni zamanda heç kəsin özünü şərqli
olaraq hiss etmədiyini qeyd etmişdim. Mən belə hesab edirəm ki, insan özünün
fars, indus, malayziyalı hiss edə bilər, amma şərqli əsla. Bu, heç kimin özünü
latın amerikalı hiss etməməsinə bənzəyir: biz özümüzü ancaq argentinalı,
uruqvaylı kimi hiss edirik. Buna baxmayaraq, belə bir anlayış mövcuddur. Bəs
kitab nədən bəhs edir? Hadisələr hər şeydən əvvəl ifratçılıq dünyasında
personajların ya olduqca xoşbəxt və ya olduqca bədbəxt, olduqca zəngin və ya
olduqca yoxsul olması ideyası üzərində, etdikləri əməllərin izahını vermək məcburiyyəti
olmayan, necə deyərlər, Tanrılar kimi məsuliyyətsiz padşahların dünyasında
qurulub.
Bundan başqa xəzinə ideyasına üz tutaq. Hər bir yoxsul onu tapa bilər.
Ovsun ideyası da olduqca vacibdir. Ovsun nədir? Ovsun fərqli səpgidə yaranan səbəbdir.
Belə düşünək ki, bizə məlum olan səbəb əlaqəsindən başqa digəri də mövcuddur.
Bu əlaqə təsadüfdən, üzükdən, çıraqdan asılı ola bilər. Biz üzüyü və ya çırağı
itirsək, cin peyda olacaq. Cin – kölədir, eyni zamanda isə bizim iradəmizlə fəaliyyət
göstərməsinə baxmayaraq, hər şeyə qadirdir. O, hər an peyda ola bilər.
Balıqçı və cin haqqındakı hekayəni yada salaq. Balıqçının dörd uşağı
var, özü isə yoxsuldur. O, hər səhər torunu dənizə atır. Naməlum, adını bilmədiyimiz
dəniz bizi anlaşılmaz dünyaya aparır. Balıqçının işi dənizə yaxınlaşıb toru
atmaqdır. Bir dəfə səhər onu atır, üç dəfə çəkir: ölü uzunqulaq, tısbağa
balaları, lazımsız əşyalar çıxarır. O, toru yenidən atır (hər dəfə də şeir
deyir), tor olduqca ağırlaşır. Balıqçı düşünür ki, onun içi balıqla doludur,
lakin çıxardığı ancaq Süleymanın möhürü həkk olunmuş, sarı misdən düzəldilmiş səhəng
olur. Balıqçı səhəngi götürdükdə onun içərisindən qatı duman qalxır. Balıqçı səhəngi
satmaq barədə düşünür, bu arada isə duman səmaya çatır və qatılaşaraq cinə
çevrilir.
Cinlər kimdir? Bu varlıqlar Adəmdən əvvəl yaranmışlar, onlar nəhəng
olmalarına baxmayaraq, insana tabedirlər. Müsəlmanlar hesab edir ki, bütün məkanlar
cinlərlə doludur, onlar gözə görünmür və hər yerdə mövcuddurlar.
Cin deyir: "Allaha və onun peyğəmbəri Süleymana salam olsun!”.
Balıqçı cindən soruşur ki, o niyə çoxdan vəfat etmiş Süleymanın adını çəkir,
indi Allahın peyğəmbəri Məhəmməddir. Bir də onun nə üçün səhəngə salındığını xəbər
alır. O, cavab verir ki, Süleymanın əleyhinə çıxmış cinlərdən biridir, Süleyman
isə buna görə onu səhəngə salmış, möhür vuraraq dənizin dibinə atmışdır. Dörd
yüz il keçir və cin dünyanın bütün qızılını onu azad edən şəxsə verəcəyinə and
içir. Amma azadlıq gəlib çıxmırdı. Növbəti andı onu azad edəcək şəxsə
heyvanların və quşların dilini öyrədəcəyi barədə olur. Əsrlər ötür, vədlər
çoxalırdı. Nəhayət o, xilaskarını öldürəcəyinə dair and içir. "Andı yerinə
yetirməyin vaxtı gəldi. Ölümə hazırlaş, mənim xilaskarım!”. Bu qəzəb qəribə şəkildə
cini insana bənzədir, özü də cazibədar insana.
Qorxuya düşmüş balıqçı Özünü elə aparır ki, guya nağıla inanmır və
soruşur: "sən başı səmaya, ayaqları yerə toxunan canlı bu qədər kiçik ölçülü
qaba necə sığışmısan?”
Cin cavab verir: "İnamsız insan! İndi əmin olarsan”. O, kiçilir və səhəngin
içində gizlənir, balıqçı isə səhəngin ağzını bağlayır və cini hədələyir.
Tarix davam edir, indi isə qəhrəman balıqçı yox, padşah, sonra Qara
adaların hökmdarıdır ,yekunda isə "Min bir gecə” üçün xarakterik olan hadisə
baş verir – süjet xətləri əlaqələnir. Burada çin kürələrini və ya rus
"matroşka”larını xatırlamaq olar. "Don Kixot”da biz buna bənzər hadisəyə rast gəlirik,
amma "Min bir gecə”dəki səviyyədə deyil. Bundan başqa, bütün əsər sizə məlum
olan əsas hadisənin çərçivəsinə sığışıb. Bu, arvadı xəyanət edən, xəyanətdən
qaçmaq üçün hər gecə yeni qadına sahib olmaq, ertəsi səhər isə onu öldürmək qərarına
gələn sultanın hekayəsidir. Bu vəziyyət Şəhrizad sultanı yekunlaşmayan hekayələrlə
dayandıraraq digərlərini xilas etmək qərarına gələnə qədər davam edir. Min bir
gecə bu cür keçir və bir gün o, sultana oğlunu göstərir.
Hekayə içində hekayə yüngül başgicəllənmə ilə müşayiət olunan qəribə
sonsuzluq hissini yaradır. Çox sonralar yazan müəlliflər də buna bənzər effektlər
əldə ediblər. Luis Kerrolun "Alisa” və ya yuxu daxilində yuxunun çoxalaraq şaxələndiyi
"Silvi və Bruno” romanı bu qəbildəndir.
Yuxuların mövzusu "Min bir gecə”də sevilənlərdən biridir. Məsələn,
iki yuxugörənin əsrarəngiz hekayəsi. Hansısa Qahirə sakini bir dəfə yuxuda ona
İsfahana gedərək xəzinə tapmağı əmr edən səs eşidir. O, uzun və təhlükəli səyahətə
çıxır, İsfahanda yorğun halda dincəlmək üçün məscidin həyətində əyləşir. Onun
heç ağlına da gəlməzdi ki, oğruların arasına düşüb. Onların hamısını nəzarət
altına götürürlər və qazi onu bu şəhərə gətirən səbəbin nə olduğunu soruşur.
Misirli danışır. Qazi var gücü ilə qəhqəhə çəkib deyir: "Ay düşüncəsiz sadəlövh!
Mən üç dəfə yuxuda Qahirədə bağında qum saatı, bulaq və əncir ağacı olan olan
ev görmüşəm, bulağın yaxınlığında isə xəzinə basdırılıb. Mən bu yalana bircə dəfə
də inanmadım. Bu pulu götür, get, bir də İsfahana gəlmə. O, Qahirəyə geri qayıdır:
qazinin yuxusunda o, öz evini tanımışdı. O, bulağın yaxınlığında qazmağa
başlayır və xəzinəni tapır”.
"Min bir gecə”də Qərbin əks-sədası
eşidilir. Biz burada Odisseyin macərası ilə rastlaşırıq, amma Odissey Dənizçi-Sindibad
adlanır. Bəzi macəralar olduqca oxşardır. "Min bir gecə” nəsillərin əməyi nəticəsində
ərsəyə gəlmişdir, bu insanlar bitib-tükənməyən, bir çox dəyişikliklərə məruz
qalan kitabı bizə miras qoymuş xeyirxahlarımızdır. Mənim dəyişikliklər barədə
qeyd etməyimin səbəbi Qallan tərəfindən nəşr edilən ilk mətnin olduqca sadə
olmasıdır və görünür bu, daha cəlbedicidir, oxucunu yormur. Kapitan Bertonun da
qeyd etdiyi kimi, birinci mətn olmasaydı sonrakı variantların yaranması da
mümkün olmayacaqdı.
Qallan ilk cildi 1754-cü ildə yayımlamışdır. Kitab narahatlıq yaratsa
da, XIV Lüdovikin uzaqgörən Fransasını ovsunlamağı bacarmışdır. Romantizm barədə
danışılan zaman daha əvvəlki dövrü nəzərdə tuturlar. Biz romantik cərəyanın öz
başlanğıcını kiminsə Normandiyada və ya Parisdə "Min bir gecə”ni oxuduğu
zamandan götürdüyünü deyə bilərik. O, Bualonun təlimatlar dünyasından qoparaq
romantik azadlıq aləminə daxil olmuşdur.
Sonra fransız Lesajın hiyləgər romanının kəşfi, 1750-ci ildə Persi tərəfindən
şotland və ingilis balladalarının nəşri kimi hadisələr baş verir. 1798-ci ildə
isə Marko Polonun himayədarı xan Xubilayı yuxuda görmüş Kolricin yaradıcılığı
ilə İngiltərədə romantizm dövrü başlayır. Biz burada dünyanın nə qədər
qeyri-adi, hadisələrin isə necə qarşılıqlı əlaqədə olduğunu görürük.
Sonra digər tərcümələr meydana çıxdı. Leynin tərcüməsi müsəlmanların
ensiklopediyası ilə "təchiz edilmişdir”. Bertonun antropoloji və ədəbsiz tərcüməsi
XIV əsr leksikası ilə, arxaizm və neologizmlərlə zəngin, gözəllikdən məhrum
olmayan, amma bəzən oxunuş üçün çətin hesab edilən ingilis dilində qələmə
alınmışdır. Sonra doktor Mardryusun hər bir mənada azad versiyası və Littmanın
alman dilinə orijinalı hərfbəhərf qorusa da, cazibədən məhrum tərcüməsi peyda
olur. İndi xoşbəxtlikdən bizdə, mənim müəllimim Rafael Kansinos-Assensin
yaratdığı ispan variantı da var. Kitab Meksikada çap edilib, yəqin ki, bu tərcümə
ən yaxşısıdır, çünki burada həm də çox saylı şərhlər də mövcuddur.
"Min bir gecə”nin ən məşhur
nağılı orijinal variantlarda tapılmayıb. Bu, "Ələddin və sehrli çıraq”dır.
Nağıl Qallanın toplusunda var, Berton isə onu uğursuzcasına ərəb və fars mətnlərində
axtarıb. O, Qallanın nağılı saxtlaşdırdığından şübhələnirdi. "Saxtalaşdırmaq”
sözü mənə ədalətsiz və qəddar təsiri bağışlayır. Qallanın da gecə nağılçıları
kimi nağıl quraşdırmaq hüququ vardı. Onun bu qədər nağılı tərcümə edərkən
özünün də nağıl yaratmaq istəyini və bu istəyi həyata keçirdiyini ehtimal edə
bilmərikmi?
Hekayə Qallanın nağılı ilə yekunlaşmır. De Kuinsi (Tomas de Kuinsi –
1785-1859. İngilis yazıçısı – X.N.) öz tərcümeyi-halında yazır ki, onun üçün
"Min bir gecə”də bir nağıl digərlərindən daha üstündür, bu da Ələddinin
nağılıdır. O, Çinə gələn Məğribli ovsunçudan bəhs edir, səfərinin səbəbi sehrli
çırağı tapa biləcək yeganə şəxsin orada yaşadığından xəbərdar olmasıdır. Qallan
bizə deyir ki, ovsunçu münəccimdir və ulduzlar ona gəncin axtarışı üçün Çinə
getməyi hökm edir. Möhtəşəm yaradıcı hafizəsi olan De Kuinsi bunu tamam başqa tərzdə
xatırlayır. Onun versiyasına görə ovsunçu qulağını yerə dayayıb insanların
saysız-hesabsız addım səslərini eşidir. Bu addımlar arasında o, çırağı axtarıb
tapacaq oğlanın addım səslərini müəyyən edəcəkdir. De Kuinsi deyir ki, bu onu
dünyanın uyğunluqla, sehrli güzgülərlə dolu olması, kiçik hadisələrin özündə
böyük işarələr gəzdirməsi düşüncəsinə gətirdi. Məğribli ovsunçunun qulağını
torpağa dayayaraq Ələddinin addımlarını müəyyən etməsi heç bir mətndə yoxdur.
De Kuinsinin danışdığı bu fikir uydurmadır. "Min bir gecə”nin əbədi yolu davam
edir. De Kuinsi XIX əsrin əvvəli və ya XVIII əsrin sonunu özünəməxsus şəkildə
yada salır. "Gecələr” davamlı olaraq yeni tərcüməçilər meydana çıxarır, hər bir
tərcüməçi isə öz variantını ortaya qoyur. Biz "Min bir gecə” adı altında çox
sayda kitab barədə danışa bilərik. Bunlara Qallan və Madrüsün fransız dilində
olan iki kitabını, Berton, Leyn və Peynin müəllifliyi ilə ingilis dilində üç
kitabını, Henninq, Littman və Vaylemin alman dilində qələmə aldıqları üç
kitabı, Kansinos Assensin müəllifliyi ilə ispan dilində nəşr edilmiş kitabı
misal göstərə bilərik. Bütün bu kitablar fərqlidir, çünki "Min bir gecə” şaxələnir
və yenidən doğulur. Möhtəşəm Stivensonun möhtəşəm "Yeni min bir gecə”sində
libasını dəyişərək vəzirin müşayiəti ilə şəhəri gözdən keçirən və müxtəlif macəralarla
rastlaşan şahzadə mövzusu yenidən yaranır. Bohemiyadan olan Florizel adlı
şahzadə və onun Londonda birlikdə səyahət etdiyi yol yoldaşı polkovnik
Ceraldini Stivensonun tapıntısıdı. Amma bu, həqiqi London deyil, çünki o,
Bağdada bənzəyir, amma həqiqi Bağdada deyil, "Min bir gecə”dən tanıdığımız
Bağdada.
Əsərləri bizi xoşbəxt edən daha bir müəllif var, bu, Stivensonun
varisi Çestertondur. Əgər Çesterton Stivensonu oxumasaydı, Braun atanın və Cümə
axşamı adlanan şəxsin macəralarının baş verdiyi fantastik London mövcud
olmazdı. Stivenson isə "Min bir gecə”ni oxumasaydı, "Yeni min bir gecə”ni
yazmazdı. Bu kitab o qədər nəhəngdir ki, onu oxumağa ehtiyac yoxdur, o, bizim
hafizəmizə həkk olunub və bugünkü dünənin bir hissəsi kimi peyda olur.
Xorxe Luis Borxes
Rus dilindən tərcümə edən: Xatirə NURGÜL