• cümə axşamı, 25 aprel, 01:09
  • Baku Bakı 19°C

Min bir dərdin şirin dərmanı - Reportaj - Fotolar

07.09.13 09:51 4047
Min bir dərdin şirin dərmanı - Reportaj - Fotolar
Artıq bir neçə ildir davamlı olaraq keçirilən bal yarmarkası bu il də sentyabrın 5-indən etibarən alıcıların üzünə açıldı. Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən Dəniz Vağzalında arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası 1 ay, yəni oktyabrın 5-nə qədər davam edəcək. Bu il yarmarkada 47 rayondan 320 nəfər arıçı iştirak edəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, burada 500 tona yaxın bal sərgiyə çıxarılacaq və bal məhsulları içərisində 40 kiloqram çiçək tozu, 3 kiloqram arı südü və 10 kiloqram vələmur olacaq.
Biz də məşhur yarmarkada iştirak etmək və vəziyyətlə tanış olmaq üçün sözügedən ünvana yollandıq. Yarmarkaya daxil olduqda buradakı izdiham diqqətimizi çəkdi. İnsanların yarmarkaya marağı yüksək səviyyədə idi. Arıçılar alıcıların diqqətlərini çəkmək və öz məhsullarının keyfiyyətini nümayiş etdirmək üçün bir-biri ilə rəqabətə girirdilər. Hətta bəzi arıçılar sırf bu sahə ilə məşğul olduqlarını sübut etmək üçün bal yığımı zamanı öz arıları ilə çəkdirdikləri şəkillərdən albom düzəldib alıcılara təqdim edirdilər.
Təmiz balı necə müəyyən etməli?
Bal kimi şirin sözləri ilə alcıları öz piştaxtasına cəlb edən və balın təmizliyini sübut etmək üçün alıcılara öz balının ətrindən danışan arıçı Mustafayev Kamilə yaxınlaşdıq. İsmayıllı balını təmsil edən Kamil dayı əsl bal ilə tərkibində əlavə qarışıqlar olan balın fərqindən danışdı: "Mənim satdığm bal xalis baldır. Bunu balın ətrindən də anlamaq olar. Bundan əlavə, balın təmiz olduğunu müəyyən etmək üçün axşamdan 1 stəkan soyuq suya 1 çay qaşığı bal qarışdırıb gözləyirsən. Əgər səhərə kimi həmin rəngi saxladısa, deməli yaxşı baldır. Əgər şəffaflaşdısa, bu bal təmiz bal deyil. Rəngi boz bulanıq qalmalıdır".
Yarmarkada Astaranı təmsil edən və öz şirin ləhçəsi ilə hamını özünə cəlb edən arıçı xala təmiz balı seçə bilmək mövzusunda şəhər əhalisini maarifləndirmək lazım olduğunu bildirdi: "Biz arıçılıqla məşğul olduğumuz üçün bala baxan kimi onun təmiz və ya saxta olduğunu başa düşürük. Lakin şəhərdə yaşayan insanlar bunu ayırd edə bilmirlər. Tərkibində müxtəlif qarışıqlar olan bal acı olur və ağızı büzüşdürür. Təmiz bal isə ağızda yağ kimi gedir və sözün əsl mənasında bal kimi şirin olur".
Göygöl balını satışa çıxaran arıçı isə təmiz balı saxta baldan tam ayırmağın mümkün olmadığını bildirdi: "Onu ancaq laborotoriya üsulu ilə ayırmaq olar. Təmiz, ya saxta bal satmaq arıçının vicdanından asılıdır".
"Ən gözəl bal qaratikan balıdır"
Arıçı nəslində böyüyən və babalarının peşəsini davam etdirən Rövşən bizimlə söhbətində arıçılıq sənətinin çətinliklərindən danışdı: "Arıçı nəslində böyüyən bir insan kimi deyə bilərəm ki, arıçılıq çox çətin peşədir. Ən çətini isə yayda o arılara baxmaqdır. Arılarla birlikdə onları qidalandırmaq üçün daim gəzirəm. Əsasən yay vaxtı onları dağa çıxarırıq. May və iyun aylarında isə balı kəsməyə başlayırıq". Yarmarkada Lerik balını təqdim edən Rövşən dağ balının insan orqanizminə xeyrinin daha çox olduğunu bildirdi: "Əsl müalicə əhəmiyyətli bal dağ çiçəkləri ilə qidalanan arılırın balı olur. Onların ətirləri də fərqli olur. Onların içində ən gözəli isə qaratikan balıdır. Mən rayonda bu balı 30-35 manata satıram. Burada daha tez və çox satıldığı üçün 15 manata satırıq. Rayonlara nisbətən şəhər sakinlərinin təmiz bala tələbatı çoxdur".
Alıcıların izdihamı
Satıcılarla yanaşı, yarmarkada izdiham yaradan alıcılar da mövcud vəziyyətdən razı idilər. Necə deyərlər, burada alıcı əlindən iynə atsan, yerə düşməzdi. Yarmarkadan 5 kq bal alan Tükəzban xala bildirdi ki, bal yarmarkasının təşkili ən çox onu və ailəsini sevindirib: “Qış ayında bal tamaqda çətinlik çəkmişik. Bir həftə əvvəl isə Yardımlıdan balın bir kiloqramını 35 manata almışam. Burada qiymətlər olduqca ucuzdur. Elə bu baxımdan da bu yarmarkanın təşkili üçün Kənd Təsərrüfatı Nazirliyinə minnətdarıq“.
Hansı rayonunun balını alacağına qərar verə bilməyən Rüstəm isə şəhərdə belə yarmarkaların keçirilməsindən razı qaldığını bildirdi: "Bal min bir dərdin dərmanıdır. Lakin hər şeyin saxtası olduğu üçün balı da saxtalaşdırırlar, təmiz bal almaq çox çətindir. Şəhərdə yaşadığımız üçün təmiz balı tanımırıq və alandan bir müddət keçdikdən sonra isə bal xarlanır. Mən keçən il də balı buradan aldım və çox razı qaldım. Yarmarka bizə təmiz balı ucuz qiymətə almağımıza kömək edir".
Alıcı Sevincin sözlərinə görə, burada neçə yerdən bal gətirib satırlar, hamısı da öz balını tərifləyir. Amma hansına inanıb bal almasına qərar verə bilmir: “Deyirlər, qiymətlər 15 manatadır. Amma bir neçə yer var ki, orda endirim də edirlər. Məsələn, orda Qəbələ balı vardı, çox xoşuma gəldi və bu balın 2 kilosunu 25 manata aldım”.
Yarmarkanın ən bahalı məhsulu
Yarmarkada bal ilə yanaşı, arının digər məhsulları da, propolis, çiçək tozu və şanı da satılır. Amma satış sərgisində ən çox marağa səbəb olan və yarmarkanın ən bahalı məhsulu arının südüdür. Satıcılar deyir ki, arı bu südü balalarını qidalandırmaq üçün ifraz edir. Südü bala qarışdırıb satırlar. Arı südünün 1 qramı 40-50 manata satılır. Satıcıların sözlərinə görə, min bir dərdin dərmanıdır və xüsusilə mədə-bağırsaq xəstəliklərində insanlara tövsiyə olunur.
Qeyd edək ki, yarmarkada sərgiyə çıxarılan balın 1 kq-ı 15 manata satılır və yarmarkanın təşkilində məqsəd həm arıçılıqla məşğul olan şəxsləri ruhlandırmaq, həm də əhalinin təmiz bal əldə edə bilməsinə yardımçı olmaqdır.
Aygün Cəfərli

banner

Oxşar Xəbərlər