• cümə axşamı, 25 aprel, 03:39
  • Baku Bakı 19°C

Milyonlarla ziyarətçimiz nə vaxt olacaq?

18.07.14 16:35 1030
Milyonlarla ziyarətçimiz nə vaxt olacaq?
Dünyanın ən populyar muzeyi. Onu hər kəs tanıyır. Luvru görmək hər kəsə qismət olmasa da, adını eşitməyən yəqin ki yoxdur. Fransa paytaxtının ən cəlbedici məkanı olan Luvrun ziyarətçi sayı son illər 500 min azalıb. Buna baxmayaraq, Luvr hələ də populyarlıq üzrə lider mövqeyini saxlaya bilib.
Hesablamalara görə, ötən il Paris muzeyini 9,3 milyon adam ziyarət edib. Ziyarətçi sayına görə muzeylər arasında dünya üzrə digər yerlər belə bölüşdürülüb: Britaniyanın fəxri London art-məkanını ziyarət edənlərin sayı 6,7 milyona, Metropoliteni ziyarət edənlərin sayı isə 6,2 milyona çatıb.
Londondakı Milli Qalereya 6 milyon ziyarətçi ilə 5-ci yerdədir. Tate Modern muzeyi isə 4,8 milyon ziyarətçi ilə reytinqdə 6-cıdır. Madriddəki Prado muzeyi ötən il 3,1 milyon ziyarətçidən 2,3 milyon adama düşüb. Salvador Dalinin sərgisi Madriddəki Kraliça Sofiyanın İncəsənət Mərkəzinə yeni qonaqlar toplayıb. Bununla da muzey 3,2 milyon ziyarətçi ilə 12-ci yeri tutub.
Göründüyü kimi, burada il ərzində azı bir neçə milyon ziyarətçidən söhbət gedir. Təəssüf ki, Azərbaycan muzeylərinin bu sıraya gəlib çatmasına çox var. Azərbaycanın ən çox ziyarət olunan muzeyləri - Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun ziyarətçilərinin sayı ildə 50 minə çatmır. Azərbaycanı dünyaya tanıtmaq iqtidarında olan Nizaminin uyuduğu Məqbərəyə gələnlərin sayı isə ümumiyyətlə bir neçə mindir.
Ekspertlər hesab edir ki, muzeylərdə ziyarətçi qıtlığının yaşanması təkcə eksponatlarla bağlı deyil. Çünki hazırda Azərbaycan muzeylərində turistləri cəlb etmək iqtidarında olan nadir tapıntılar var. Söhbət yalnız onların düzgün təqdimatından gedir.
Nizamini dünyaya tanıdaq

Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ramil Lətifoğlunun fikrincə, təkcə dahi Nizaminin adından istifadə etməklə Azərbaycana, xüsusilə də Gəncəyə çoxsaylı turistləri cəlb etmək olar: “Hansı ölkəyə səfər edirsənsə, otel otağında mütləq muzeylərin broşüraları qoyulur. Bu da bir cəlbetmə üsuludur. Biz Gəncədəki muzeylərə dair bukletlər hazırlayıb bu metoddan yararlanmaq istəyirik”.
R.Lətifoğlu hesab edir ki, Gəncənin dünyanın hər yerindən turist cəlb etmək iqtidarı var. Çünki Gəncə Nizami kimi dahi mütəfəkkirin məkanıdır: “Nizami dövrünün ən böyük şeyxi olub. O dövrün istənilən dahi mütəfəkkirinin - istər Mövlana olsun, istər Füzuli və digərlərinin əsərlərində Nizaminin adı çəkilir. Nizami dünyada əsərlərinə ən çox nəzirə yazılan şəxsiyyətdir. Nizami sadəcə şair deyil, böyük şeyx və fikir insanı olub. O, Şərq aləmində yunan fəlsəfəsini dərindən bilən yeganə insanlardan olub, Aristotellə tanış olan yeganə insandır. Lakin biz onu özün layiq səviyyədə təbliğ edə bilirikmi?”
Direktor hesab edir ki, hansı bir ölkədə Nizami səviyyəsində fikir adamı olsa, çoxdan oranı ziyarətgaha çevirmişdilər: “Bir misal çəkim. Hər ilin dekabrında Konyada Cəlaləddin Rumiyə həsr edilən ŞəbiAruz mərasimi keçirilir. Ora milyonlarla turist toplaşır. Dünyanın hər yerindən Zimbabvedən tutmuş Argentinaya kimi gələnlər olur. 2 milyon əhalisi olan bir şəhərə 1 milyon turist gəlir. Məgər argentinalı Rumini tanıyır? Onları hamısını maraqlandırmaq lazımdır”.
Bir sözlə, Ramil Lətifoğlu kimi ekspertlərin əksəriyyəti belə hesab edir ki ,gözəl muzeylər tikmək vacibdir. Amma bunlara ziyarətçiləri cəlb etmək xüsusi bacarıq tələb edir.
Heç pulsuz olanda da muzeylərə gələn yoxdur

Lakin açıq etiraf edək ki, muzeylərimizdə ziyarətçi qıtlığı təkcə turistlərin azlığından asılı deyil. Axı heç öz cəmiyyətimizdə də muzey mədəniyyəti formalaşmayıb. Məsələn, elə adamlar var ki, həyatı boyu bir dəfə olsun muzey qapısını açmayıblar. Halbuki Avropa ölkələrində muzeyə getmək hər səhər qəzet oxumaq kimi bir həyat tərzinə çevrilib.
Almaniyada il ərzində müxtəlif muzeylərə 200 milyondan çox giriş olur. Fransada, İtaliyada, Amerika Birləşmiş Ştatlarında insanlar öz ailə büdcələrini, məmurlar isə istehlak səbətini formalaşdıranda bu məsələyə xüsusi diqqət verirlər. Aylıq büdcədə mütləq muzey və teatrlar, konsertlər üçün bilet pulu da ayrılır.
Azərbaycan vətəndaşları üçün biletlər xarici vətəndaşlara nisbətən iki dəfə ucuzdur. Tələbələr, şagirdlər və təqaüdçülər üçün də müəyyən güzəştlər olur. Amma bundan çox az istifadə olunur. İldə bir dəfə - “Beynəlxalq muzey günü”ndə muzeylərin hamısına giriş sərbəst olur. Təəssüf ki, heç bu imkandan da yararlananların sayı çox olmur.
Mədəniyyət və Turizm Nazirliyini məlumatına görə, hazırda Azərbaycanda 200-dək muzey fəaliyyət göstərir. Bunlar tarix və tarix-diyarşünaslıq muzeyləri, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeyləri, incəsənət və ədəbiyyat, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləridir.
P.S. Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində dərc olunur.
banner

Oxşar Xəbərlər