• cümə axşamı, 25 aprel, 20:49
  • Baku Bakı 21°C

Milyonlar qazanır, ancaq kinoya 1 manat vermək istəmirlər

24.10.13 11:36 2957
Milyonlar qazanır, ancaq kinoya 1 manat vermək istəmirlər
Heç kimə sirr deyil ki, bu gün kinoya maliyyəni dövlət ayırır və il ərzində sifarişlə müəyyən qədər film istehsal olunur. Öz istedadınla, yəni prodüser mövqeyindən çıxış edərək maliyyə tapıb film çəkmək isə Azərbaycanda çox çətindir. Amma mümkündür. Gənc rejissor, prodüser Elnur Əliyev neçə illərdir ki, sponsorların hesabına filmlər çəkir. Belə ki, “Kənddə məktəb”, “Dumanın yolu ilə”, “Satılmış həyat”, “Günahkarlar, yoxsa günahsızlar”, “Dördbucaq içində”, “Güllələr altında”, “Erkən nigah” filmlərinin müəllifi olan Elnur Əliyev bizimlə söhbətində çəkdiyi filmlərdən və serial sahəsinin problemlərindən danışdı.
İntellektləri çatmır
- İlk olaraq sənətə gəlişiniz barədə danışmağınızı istərdim.
- 2000–2004-cü illərdə Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissorluğu ixtisası üzrə təhsil almışam. 2003-cü ildə “Gənclik və Sülh” adlı BMT-nin Beynəlxalq Sülh Gününə həsr olunmuş reklam filmim Fəxri Fərmana layiq görüldü. Daha sonra xalq artisti Cənnət Səlimovaya həsr olunmuş sənədli filmim “START” Tələbə Film Festivalında “Ən yaxşı sənədli film” üzrə II yer tutdu və Audiovizual Festivalın iştirakçısı oldu. 2004–2005-ci illərdə “Film” prodüser mərkəzində rejissor, 2005–2006-cı illərdə “Mozalan” Satirik kinojurnalında rejissor və ssenarist kimi işləmişəm. 2006–2009-cu illərdə isə Mədəniyyət və İncəsənət Universitetində montaj üzrə aparıcı mütəxəssis, eyni zamanda “Bakı film” kinostudiyasında prodüser vəzifəsində çalışmışam. Müxtəlif vaxtlarda bir sıra şirkət və firmalara reklam çarxları, çoxsaylı musiqili reklam klipləri çəkmişəm. Ötən aylarda “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin elan etdiyi “İlin gənc kinematoqrafı” Milli Mükafatında “İlin ən yaxşı gənc prodüseri” seçildim. Hazırda isə “Primyer Cinema” kino şirkətində rejissor kimi çalışıram.
- Bildiyimizə görə, milli qəhrəmanlardan bəhs edən film üzərində çalışırsınız. Hazırda film hansı mərhələdədir?
- Həmin film mənim vətənpərvərlik silsiləsindən çəkilən ikinci filmimdir. Bundan öncə Gədəbəy rayonunun dörd milli qəhrəmanından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” filmini çəkmişdim. Filminin təqdimetmə mərasimindən sonra Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Venera Əsgərova təklif etdi ki, Qazax rayonunda milli qəhrəmanlarından bəhs edən bir film çəkək. Mən də razılaşdım və “Qartal yuvası” adlı filmin çəkilişlərinə başladıq. Hazırda filmin montaj prosesi gedir. “Qartal yuvası” sənədli-bədii filmdir. Burda daha çox arxiv materiallarından istifadə olunub. Filmdə qəhrəmanları aktyorların ifası ilə canlandırmağa səy göstərmişik. Digər filmlərdən fərqli olaraq çalışmışıq ki, dünyasını dəyişmiş qəhrəmanların oxşarlarını tapaq və onların ifası ilə filmi daha da maraqlı edək. Filmin çəkilişlərinə gəlincə isə, onu deyə bilərəm ki, çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılıb.
- Sizi həm də prodüser kimi tanıyırıq. Azərbaycanda kinoprodüser olmağın çətinliyi nədədir?
- Azərbaycan reallığında kinoprodüser olmağın çətinliyi film üçün maliyyə mənbələrinin tapılmasındadır. Əksəriyyət iş adamlarının kinoya pul verməyə pulları çatır, ancaq intellektləri çatmır. Çünki ofislərində çin istehsalı olan rəsm əsərləri asırlar.
Sponsorlar hesabına film çəkirəm
- Başqa prodüserlər də biznesmenlərin kinoya pul ayırmamasından şikayətlənirlər. Hesab edirlər ki, məhz bu səbəbdən bizdə prodüser kinosu yaranmır.
- Qeyd etdiyiniz məsələ təəssüflər olsun ki, çox faciəli faktdır. Bu yaxınlarda Qaçaq Kərəm haqqında film çəkmək üçün bir iş adamına müraciət etdim və mənə çox qəribə bir cavab verdi. Dedi ki, biz indi zavod açmaqla məşğuluq, vaxtımız yoxdur. Bu ölkədə zavod açır, milyonlar qazanırlar, ancaq mədəniyyətə, incəsənətə 1 manat vermək istəmirlər. Yəqin ki, gələcəkdə bu məsələlər qanunla tənzimlənəcək.
- Belə vəziyyətdə siz filmlərinizə maliyyəni necə tapırsınız?
- 2006-cı ildə dövlət sifarişi ilə “Mozalan” studiyasında 2 süjet çəkmişəm. O vaxtdan bu vaxta qədər dəfələrlə müraciət etməyimə baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyindən heç bir film verilməyib. Ona görə də çəkdiyim bütün filmlərin maliyyəsini özüm axtarıb tapıram. Hesab edirəm ki, bu daha sivil bir yoldur. Qeyd etdiyim kimi, çox çətin və məsuliyyətli prosesdir, ancaq mən bunu edirəm, axı bu mənim ən çox sevdiyim sənətimdir. Mədəniyyətə dəstək olmağa çalışan bir neçə insan var ki, onlar mədəniyyətimizi inkişaf etdirməkdə bizlərə kömək edirlər. 7 ilə yaxın bir müddətdir ki, mən yalnız sponsorlar hesabına film çəkirəm.
- Azərbaycanda kimləri əsl kinoprodüser hesab edirsiniz?
- “Nərimanfilm” kino şirkətinin iş prinsipini daha məqbul hesab edirəm və onun rəhbəri Nəriman Məmmədovu yaxşı prodüserlərdən birincisi kimi qəbul edirəm.
- Az öncə qeyd etdiniz ki, nazirlik tərəfindən sizə film verilməyib. Amma səhv etmirəmsə, siz “Bu meydan, bu ekran” müsabiqəsinin qalib rejissorlarından biri olmusunuz.
- Bəli, 2009-cu ildə həmin müsabiqənin qaliblərindən biri də mən idim. Sadəcə, “Cavid ömrü” filminin prodüseri Rasim Həsənov mənim bu şansımı əlimdən aldı və filmi Yusif Quliyevə verdi. Filmi də hamı görüb. Bu haqda danışmağa dəyməz. Mən çox mübarizə apardım, ancaq mənası olmadı. Zaman sübut etdi ki, onlar kimi insanlar bu sənətdə müvəqqətidirlər.
“I” kateqoriyalı festivallar
- Bəs, daha sonra müsabiqəyə ssenari təqdim etmədiniz?
- Etdim, amma xeyri olmadı. 2009-cu ildən “Bu meydan, bu ekran” müsabiqəsi başlayıb, lakin filmlər müəyyən qisim, təxminən 4-5 gəncə verilib. Onlar isə heç bir uğur qazana bilmədilər, “ı” kateqoriyalı festivallarda iştirak edib, yer tuturlar.
- Elnur bəy, Lider TV-də yayımlanan “Ailəmiz” serialının quruluşçu rejissorusunuz. Həmin seriala necə dəvət aldınız? Və niyə ilk serialınız sitkom oldu?
- “Ailəmiz” serialına Ultra kino şirkətinin təklifi ilə başladıq. Sonra müəyyən səbəblərdən yollarımız ayrıldı və biz Primyer Cinema ilə işi davam etdirdik. Sitkom formatı mənə daha maraqlı gəldiyi üçün müraciət etdim. Əslində bu format göründüyündən çətindir. Lakin KVN ssenaristləri serial sahəsində çoxluq təşkil etdiyi üçün onların yazdığı ssenarilərdə hamı oturub və ya ayaq üstə dayanıb danışır. Bu düzgün deyil. Sitkom - məhdud məkan çərçivəsində baş verən maraqlı və dinamik bir film deməkdir.
- Digər sitkomlardan, eləcə də dizayn və rəngarənglik baxımından “Ailəmiz”ə yaxın olan “Üç bacı”dan fərqli olaraq, sizin serialda tanınmış aktyorlar azdır. Bu addım risk deyildimi?
- Riskli də olsa “Ailəmiz” serialı sübut etdi ki, Azərbaycanda kifayət qədər istedadlı insanlar var. Biz tanınmamış aktyorlardan istifadə etsək də, tamaşaçılar onları sevdi və tanıdı. Bir də ki, “Üç bacı” serialında olan baş qəhrəmanları artıq neçə illərdir tamaşaçılar görüb. Onları indi hər yerdə görmək olar: restoran reklamında, aş gətirməklə bağlı reklamda və sair. Belə olmaz.
- Reytinqlər sizi qane edirdimi?
- Serialın efirə yay mövsümündə getməsinə baxmayaraq, reytinqlərimiz həmişə yüksək olub. Ona görə də aktyorları dəyişməyə ehtiyac olmayıb. Ancaq aktyorların digər işlərinin olması bizi çox ləngidirdi. Teatr, restoran və sair işlərini deyirəm.
- Serial sektorunda çox yeniyik, bir rejissor kimi bu sektorda çətinliyiniz nədən ibarətdir?
- Pul, pul, yenə də pul. Seriallarda yeganə problem pul problemidir. Vaxtlı-vaxtında pullar verilmir. Bu isə işçi personalını ruhdan salır.
- Yəqin hiss etmiş olarsınız ki, serialların sayı artdıqca bu sahədə çalışan qeyri-peşəkarların sayı da çoxalır. Sizcə, bu nə ilə əlaqədardır?
- Qeyri-peşəkarlar mövzusu kinomuzun çox böyük problemidir. Film, reklam, musiqili klip sifariş edən şirkət və ya şəxs rejissordan partfoli tələb etmir ki, onun işləri ilə tanış olsun. Çünki sifarişçinin özü də bu işdə təsadüfi adamdır. 9 illik təhsilim olmasına baxmayaraq, hər hansı bir sifarişi aldıqda mövzu ilə bağlı informasiya toplayıram, mütəxəssislərlə görüşüb məlumat bazamı artırıram. Azərbaycanda rejissor işi ilə məşğul olan insanların 80%-i qeyri-peşəkardır, ya universitetin bufetindən çıxmayıblar, ya da dərslərə gəlməyiblər. Ancaq indi özlərini rejissor hesab edirlər. Televiziyalarda çalışan əksər rejissorlar ümumiyyətlə tamam başqa-başqa sahələrdən gəliblər ki, bu da öz növbəsində kanallarımıza baxanda özünü göstərir. Rejissor kamera arxasında dayanıb “motor” demək deyil.
- Bəzi rejissorlarımız serial çəkməyi özlərinə ar bilirlər. Sizcə, bu nədən irəli gəlir? Nə vaxtsa sizdə də belə bir düşüncə olubmu?
- Bəli, xüsusilə yaşlı rejissorlarımız bu barədə daha çox fikir bildirirlər. Məncə, onlar bunu ayıb bilmir, sadəcə, qeyri ciddi iş hesab edirlər. Acaq bu heç də belə deyil, çünki serial janrının da özünə məxsus çətinlikləri var ki bunu da iş prosesinə qoşulduqdan sonra bilirsən. Mən heç vaxt belə düşünməmişəm çünki bütün dünyada hal-hazırda serial janrı özünün yüksəliş dövrünü yaşayır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər