• şənbə, 20 Aprel, 18:30
  • Baku Bakı 24°C

Milyarder naşir dünyasını dəyişdi

18.07.16 10:27 1565
Milyarder naşir dünyasını dəyişdi

Son bir əsrin nəşriyyat nəhəngi, əsası Ceofri Faber tərəfindən qoyulmuş "Faber and Faber” nəşriyyatının sahibi, 74 yaşlı milyarder naşir Metyu Evans dünyasını dəyişib. Ted Haqs, Hanif Kureyşi kimi ədəbiyyat nəhənglərinin naşiri olmuş, ədəbiyyata saysız-hesabsız yeni imzalar qazandırmış, neçə onillər ədəbi səhnənin aparıcı fiqurlarından olmuş Evans uzun sürən xəstəlikdən sonra iyulun 8-də ailəsi ilə birgə yaşadığı evində gözlərini yumub. "Guardian” xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı mətbuata xanımı, ədəbi agent Karolin Mişel təsdiqləyib. O, həyat yoldaşı ilə bağlı cəmi bircə cümləlik açıqlama verib: "O, möhtəşəm insan idi və mənim həyatımın sevgisi idi”.

Ədəbi mühitdə "Lord Evans”, "Baron Evans” kimi təqdim edilən mərhum naşirin yaxın dostu Melvin Breq vida mərasimində verdiyi açıqlamada deyib: "Onun dünya ədəbiyyatına verdiyi töhfələrin sayı-hesabı yoxdur. Dəyəri heç nə ilə ölçülməyən yazarların – Ted Haqs, Simus Haney, Hanif Kureyşi, Kazuo İşiquro, Uilyam Qoldinq, Paul Auster və s. - ədəbiyyata gəlişi, onlara çıxış imkanı verilməsi, inkişaf yolları məhz Lordun adı ilə bağlıdır. Onların ədəbiyyata gəlişi Metyunun Faberə rəhbər olduğu zamanlara təsadüf etsə də, onu tanıyan hamı ona heyran idi və onun əyilməz iradəsinə və dürüstlüyünə hörmət bəsləyirdi. O, özünü mənəvi cəhətdən zənginləşdirmək üçün ən çətin yollara girişməkdən əsla qorxmazdı, hər zaman "Faber and Faber”in və müəlliflərinə dəstək olmağı özünə borc bilərdi”.

Nəşriyyatın indiki idarəedici direktoru Stefen Peyc isə nəşriyyatda təşkil edilmiş anım mərasimindəki çıxışında bunları deyib: "O, öz nəslinin bəlkə də ən nüfuzlu və çox nadir keyfiyyətlərə malik nümayəndəsi idi. Həvəsli, enerji dolu, dəyişikliklərə, yeniliyə açıq, öz düşüncəsini mütləq hesab etməyən... Onun "Faber and Faber”ə qazandırdıqlarını, istər şəxsi, istər işgüzar həyatındakı nümunəvi tərzi ilə nəşriyyatımıza qatdığı nüfuz danılmaz və ölçüyəgəlməzdir. O, nəşriyyatda rəhbər vəzifəyə seçildiyi gündən "Faber and Faber”in tarixində yeni era başlayıb. Bütün bu illər ərzində biz ancaq uğur qazanmış və inkişafa doğru getmişik. Dünya ədəbiyyatına qazandırdığımız yazarlar Evansın təkcə əməkdaşları yox, yaxın dostları olub. O, böyük bir nəşriyyat nəhəngi bütün əməkdaşların birmənalı şəkildə qəbul etdiyi parlaq və hər an fərqli olduğunu sübut edən istedad sahibi kimi seçilirdi. Hər gün, hər yeni qərarda bizi məsələyə heç ağlımıza gəlməyən bir detalı irəli sürərək təəccübləndirməyi bacarırdı. Onun ölümü "Faber and Faber” üçün böyük itkidir. Evans 40 illik direktorluq fəaliyyəti dövründə təkcə bu nəşriyyatın yox, bütün dünya nəşriyyatının lideri olub”.

Naşirin dəfnində yaxın qələm dostları, həmkarları, Britaniyanın Mədəniyyət naziri, Britaniya Milli Kitabxanasının rəhbərliyi, Britaniya Lordlar Palatasının üzvləri, Muzey, Kitabxana və Milli Arxivlər idarəsinin sədri iştirak ediblər. "Faber and Faber” isə iyul ayının 9-u bütün nəşriyyatlarını və satış nöqtələrini, anbarlarını və mərkəzi ofis də daxil olmaqla, matəm elan edib. Təkcə nəşriyyatdan dəfnə 3 mindən çox adam qatılıb. Şair Ted Haqsın xanımı Karol Haqs: "Onun ölümü Baronu tanıyan və sevən hamı üçün yeri əsla dolmayacaq bir itkidir”.

banner

Oxşar Xəbərlər