• cümə, 19 Aprel, 09:00
  • Baku Bakı 13°C

“Milli yaddaş”ın izi ilə...

04.05.18 20:06 1448
“Milli yaddaş”ın izi ilə...
Yol olmaq elə gözəldir ki… birinin həyatında, digərinin gəncliyində, kimisinin arzularının məqsəd çevrilməsində… Baxırsan ki, günlük qayğılar, iş-güc, məişət, bəzən də labüd həyat vərdişləri ucbatından insan ruhunun dincliyinə uzun zaman sükut verir.
Rüstəmxanlıları yenə yan-yana görürəm. Tənzilə xanım ömür-gün yoldaşının göz nuru, ürək ağrıları hesabına ərsəyə gələn əsərinin işığına toplaşan körpə fidanları valideynləri gözdən keçirir, gözləri yenə ömür-gün yoldaşının "yol olmasına” fəxrlə zillənir...
2 saat ərzində sözün əsl mənasında vətənpərvərlik duyğularını gəncliyin həyatına ən yaxşı şəkildə aşılayan şəxsin sabahlarımızla – orta sinif şagirdləri ilə görüşünü izlədim. Şairlərlə, görüş onları canlı görüb, səslərini eşitməyin nə qədər gözəl duyğular olduğunun bir daha fərqinə vardım... Bəlkə də bu, uşaqlıqdan söz adamlarına Tanrı elçisi kimi baxmağımdan irəli gəlirdi...
Görüşün çox səmimi, çox peşəkar təşkil olunması tam məsuliyyətimlə reportajı bəzəksiz-düzəksiz, ürəklə yazmağıma səbəb olur. Həm də mən bu şəxsi tədbirdən tədbirə xatırlamıram axı. "Ömrün payızı” olan kimi Sabir müəllimin sözlərinə bəstələnmiş "Halımı sorma” yadıma düşür. Fürsətdən istifadə edib o sözlərin yazılma tarixçəsi barədə müəllifə sual verirəm: Deyir: "Azərbaycanın param-parça vaxtları idi. Ağadadaş Ağayev zəng vurub dedi ki, "sənin sözlərinə bir mahnı oxumaq istəyirəm. Şeirlərindən birini gəlib götürüm, studiyaya gedirəm. Mənim də qanım qara. Belə çox əsəbi şəkildə "şeir-zad halında deyiləm” deyibən tərslədim onu. Fəqət yenə dediyindən tutub-yapışdı ki, 2 saata zəng vuracam sənə "söz istəyirəm”. Oturub fikirləşdim ki, heç sevgi, məhəbbət şeirlərinin ovqatında deyiləm. Və qeyri-ixtiyari bu mahnının sözləri yarandı... Mahnının ilk versiyasını gecə yarısı studiyadan mənə dinlədəndə hönkür-hönkür ağlamışdım...”

Nəyi itirmişdim, nəyi qazandım,
Harda şaxta vurdu, harda qızındım?
Ömrün payızıdı, halımı sorma!
Bu da bir yazıdı, halımı sorma!

Vətənim yaralı, elim yaralı,
Ürəyim yaralı, əlim yaralı,
Qaçqınam, köçkünəm – Halımı sorma!
Sıx məni köksünə, Halımı sorma!

Yarımçıq ürəklə – sevgimiz haram,
Mən belə səadət arzulamaram,
Şəhidəm, itkinəm – Halımı sorma!
Qisas gününəcən –
Halımı sorma...

Allah adama nə qədər kədər verə bilər, İlahi... Ki, insan bu sözləri qələmə alsın.
Bəli, məhz buna görə də mənim ən yaxşı istirahətim şeirdir. Çünki onun adama hüzur verən o qədər tərəfi var ki...
Xülasə bir az da tədbirin gedişatından yazım. Yoxsa, mənim şeir sevgim uzandıqca uzanacaq...
Qeyd etdiyim kimi, Azərbaycan tarixini, elmini, incəsənətini tanıtmaq adına "Kaspi” Liseylərində "Milli yaddaş” layihəsi keçirilir. Bu dəfə layihənin qonağı Azərbaycanın görkəmli yazıçısı, Xalq şairi Sabir Rüstəmxanlı oldu. Belə ki, şairin müəllifi olduğu "Akademikin son əsəri” adlı romanı müzakirəyə çıxarıldı. Qəhrəmanı akademik Ziya Bünyadov olan nəsr əsəri XX əsrin 90-cı illərinin hadisələrindən bəhs edir, o dövrdə Azərbaycan xalqının üzləşdiyi çətinliklərə işıq tutur. Tarixin sınağından üzüağ çıxan xalqın əlbəttə ki, öndə gedən liderləri var idi, hansı ki, yazıçı bu əsərində də Ziya Bünyadov başda olmaqla, məhz onları xatırlayır.
Afişanın bir küncündə "Təməl əyri olanda, zaman heç nəyi düzəldə bilmir” yazısı diqqətimi çəkdi. Düşünürəm ki, orta məktəb və liseylərdə vətənpərvər ədəbiyyata həssas yanaşmaq elə əyri olmayan təməlin özüdür.
Tədbiri giriş sözü ilə "Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyeva səmimi nitqi ilə açıq elan etdi. Sona xanım çıxışında Sabir müəllimin gənclik illərini xatırlayıb, onun cəsarətli və zəhmətkeşli ömür yolunu vərəqlədi.
Tədbir müəllifin əsəri əsasında hazırlanan kiçik bir səhnəciklə başladı. Romanı təkrarən onların baxışları ilə "oxumaq” başqa aləm idi. Başqa maraqlı məqam isə heç demə, baş qəhrəmanı canlandıran şagirdin valideynin yanında əyləşmişəmmiş. Səhnəni izlədikcə ananın fəxr göz yaşları, dodaqlarının altında "ana boyuna qurban” sözlərin eşidib, duyğulanmamaq mümkün deyildi. Şübhəsiz səhnəciyin bunca uğurlu qurulmasında liseyin bu yöndə fəaliyyət göstərən pedaqoqlarının əziyyəti danılmazdır.
Daha sonra şagirdlər üçün, Sabir Rüstəmxanlının həyat və yaradıcılığından bəhs edən video-təqdimat nümayiş etdirildi. Bundan başqa, şagirdlərin ifasında ədibin "Vətən”, "Bu millət ölməyi bacarır hələ”, "Qopsun millətdən”, "İnansa Təbriz deyil” kimi şeirləri də səsləndirildi.
Ədibin həyat yoldaşı Tənzilə Rüstəmxanlı tədbirin hazırlanmasında əziyyəti keçənlərə minnətdarlığını bildirdi.
Ardınca Sabir bəy çıxış edərək, onun yaradıcılığına belə yüksək qiymət verildiyindən dolayı öz məmnunluğunu ifadə etdi. O, 90-cı illərin iştirakçısı və şahidi kimi qələmə aldığı bəzi məqamları şagirdlər üçün aydınlaşdırdı, verilən sualları cavablandırdı, uşaqlara tarixi əsərləri oxumağın vacibliyini çatdırdı.

Hazırladı: Aysu Kərimova





banner

Oxşar Xəbərlər