• şənbə, 20 Aprel, 07:22
  • Baku Bakı 14°C

Milli xəbər agentlikləri türkdilli ölkələrin əlaqələrinin inkişafına mühüm töhfə verə bilər

27.11.14 18:03 1107
Milli xəbər agentlikləri türkdilli ölkələrin əlaqələrinin inkişafına mühüm töhfə verə bilər
Türkdilli dövlətlərin əlaqələrinin genişlənməsinə bu ölkələrin milli xəbər agentlikləri də mühüm töhfə verə bilər. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovun noyabrın 27-də keçirilən görüşündə bununla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə hazırda Türkdilli Xəbər Agentlikləri Birliyinə (TKA) sədrlik edən AzərTAc ilə TDƏŞ arasında əlaqələrin daha da möhkəmləndirilməsi, təşkilatın həyata keçirdiyi tədbirlərin agentlik tərəfindən geniş işıqlandırılması və digər məsələlər müzakirə olunub. R.Həsənov Şuranın gələn il Qazaxıstanda keçiriləcək növbəti Zirvə toplantısının media və informasiya texnologiyaları mövzusuna həsr olunacağını bildirib. O, toplantının gündəliyinə xəbər agentliklərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə dövlətlərarası müştərək informasiya qurumunun və ortaq televiziyanın yaradılması ilə bağlı məsələlərin daxil ediləcəyini deyib. Baş katib Zirvə toplantısına hazırlıq məqsədilə təşkilatın işçi qrupunun genişləndirilmiş iclasının keçiriləcəyini və burada AzərTAc-ın da təmsil olunmasının vacibliyini qeyd edib.
Söhbət zamanı türkdilli dövlətləri təmsil edən təşkilatlar arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, xəbər agentliklərinin bu əməkdaşlığa özünəməxsus töhfələr verəcəyinə əminlik ifadə olunub.
banner

Oxşar Xəbərlər