• cümə, 29 Mart, 04:50
  • Baku Bakı 7°C

Milli və vətənpərvərlik ruhlu tərbiyənin yaradacağı perspektiv

17.09.18 19:24 2084
Milli və vətənpərvərlik ruhlu tərbiyənin yaradacağı perspektiv
"Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar”. Prezident İlham Əliyevin Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivindəki 28 nömrəli tam orta məktəbin açılış mərasimində, məktəbin bir qrup müəllim və şagirdi ilə görüşündə söylədiyi bu fikirlər əslində, böyüməkdə olan nəslin Vətəni, milləti sevmək, onun təəssübünü çəkmək, milli-mənəvi dəyərlərə önəm vermək istiqamətində tərbiyə edilməsinə çağırışıdır. Ölkələri inkişafa doğru aparan əsas amillərin savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklər olduğunu deyən prezident vurğulayıb ki, Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir.
Ölkə əvvəlki görüşlərində də siyasətimizin təməlində milli maraqlarımızın, milli dəyərlərimizin dayandığını qeyd edib: "Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar”.
Təhsilin məzmununda tərbiyə, milli mənəvi və ümumbəşəri dəyərlər, azərbaycançılıq məfkurəsi, milli vətənpərvərliyin prioritet ideyalar kimi həyata keçirilməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın da əsas hədəflərindəndir. Eləcə də dövlət başçısının sərəncamı ilə təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da yeni dövrün çağırışları nəzərə alınmaqla, ölkəmizdə gənclərin intellektual və mənəvi inkişafı, innovativ ideya və təşəbbüslərinin tətbiqi, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi əsas hədəf kimi qarşıya qoyulan və həyata keçirilən istiqamətlərdir.
Tanınmış ziyalılar ölkə başçısının mesajının əhəmiyyətini yüksək qiymətləndirərək, böyüyən nəslin vətənpərvərlik və milli ruhda tərbiyəsində təhsilin vacib amil olduğunu qeyd edirlər.

Tarixin ibrət dərsləri

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğuladı ki, milli-mənəvi dəyərlər, vətənpərvərlik tərbiyəsi, azərbaycançılıq məfkurəsi ilə böyümüş yeni nəslin hazırlanması qarşıda duran ən mühüm vəzifələrdən biridir: "Ölkə prezidenti İlham Əliyevin də ifadə etdiyi kimi, bu nəsil müstəqil Azərbaycan dövlətinin gələcək məsuliyyətini daşıyacaqdır”. Akademik Azərbaycan dili, ədəbiyyat, coğrafiya, tarix və s. kimi fənlərin tədrisinə xüsusi diqqət yetirilməli olduğunu bildirdi: ”Dərsdənkənar tədbirlərdə də milli-mənəvi dəyərləri aşılayan istiqamətlər, azərbaycançılıq məfkurəsi daim diqqət mərkəzində saxlanılmalıdır. Hesab edirəm ki, bu proses Təhsil Nazirliyi tərəfindən layiqli şəkildə təşkil olunub. Hazırda bu istiqamətdə məktəblərimizdə işlər görülür, ancaq bu sahəyə diqqəti daha da artırmaq, bu istiqamətdə hərtərəfli iş aparmaq hər bir pedaqoji işçinin borcudur”.
Millət vəkili Fəzail İbrahimli bildirdi ki, tarixən gənclər millətin, xalqın gələcəyi hesab edilib: "Gənclik ümumiyyətlə, sabahın, millətin, xalqın gələcəyidir. Böyük dövlətlər yalnız o halda öz böyüklüyünü saxlaya bilər ki, gələcək üçün böyük insanlar yetişdirə bilsinlər. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin 44 üzvü millətin tale yükünü öz üzərinə götürdü və 100 ildən sonra Azərbaycanda müstəqil dövlət yaratdılar. Onlar kimlər idi? Onlar Avropada, Rusiyada təhsil almış, qabaqcıl düşüncələrə malik insanlar idilər. Bunlar tarixin ibrət dərsləridir. Ona görə, biz də bütün addımlarımızda ilk növbədə bağçadan, daha sonra ibtidai sinifdən başlayaraq vətənpərvərlik işinin formalaşmasına çalışmalıyıq”. Millət vəkilinin fikrincə, vətənpərvərlik hisslərinin tərbiyəsi şüarlarla, xüsusi dərslərlə təbliğ olunmur. Şagird ilk növbədə ona dərs deyən müəllimin şəxsiyyətinə, ətrafındakı mənəvi-psixoloji mühitə baxır və formalaşır: "Birinci kurs tələbəsi necə vətənpərvər ola bilər? O, qarşısına çıxan professorun qabiliyyətindən, oturuşundan-duruşundan dərs götürür. Məsələnin digər tərəfi isə gənclərin dərin elmi biliyə malik olmalarıdır. Bu sahədə keçən müddət ərində kifayət qədər təcrübəmiz var. Artıq Avropa təhsil sisteminə qoşulmuşuq. Boloniya sistemini tətbiq edirik. Bunun cavabdehliyini də daşımalıyıq. Biz çox sürətlə bu sistemə keçdik. Maddi-texniki baza qurulmadan, bu məsələlər yerinə oturmadan, birdən-birə 900 illik tarixi olan Bolonya məktəbinin təhsil prosesinə qoşulmaq o qədər də asan iş deyil. Ancaq biz bunu bacardıq. Ona görə də, indi təhsilimizdə böyük uğurlar var. Aidiyyəti qurumlar nə bacarırsa edir”. Tarixçi alimin sözlərinə görə, vətənpərvərlik hissinin formalaşması ilk növbədə dərsliklərdə yer almalıdır. Belə ki, tarixi şəxsiyyətlərimizə münasibət ətraflı şəkildə dərsliklərdə ifadə olunmalıdır: "Bu məsələ bir söz və ya bir fikrin ortaya qoyulması ilə başa gələn iş deyil. Hər bir insan özü vətənpərvər olmalıdır ki, onun da övladı vətənpərvər olsun. Əgər əlində siqaret çəkən valideyn siqaretin ziyanından övladına danışırsa, bunun heç bir təsiri ola bilməz. Bu mənada, ciddi addımlar atılmalıdır və atılır. Dərsliklərdə vətənpərvərlik hissini gücləndirən məsələlər gündəmə gəlməlidir və s.”
Tarix dərsliyinə baxış dəyişməlidir
Professor Şahlar Əsgərovun fikrincə, ölkə prezidenti tərəfindən belə bir mesajın verilməsi siyasi yolu göstərir: "Bu fikirlərdən sonra təkcə Təhsil Nazirliyi deyil, bir çox qurumlar – Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər təşkilatlar bu sahədə düşünülmüş proqram hazırlamalı və geniş tətbiq etməlidirlər: «Öz tarixini bilməyən heç vaxt vətənpərvər ola bilməz. Tarixi bilmək üçün də tarix kitabları iddialı deyil, səlis yazılmalıdır. Hətta, orta məktəblərin tarix kitabında tarixdə baş vermiş müsbət hadisələrə daha çox yer verilməlidir”. Keçən həftə böyük bir tarixi günü - Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak, menşevik və eserlərdən azad olunmasının 100-cü ildönümünü qeyd etdiyimizi xatırladan Ş.Əsgərov, tarixdə bu cür günlərin az olmadığını deyir: "Tarix dərsliklərində bu hadisələr, onların iştirakçıları, zəfər qazananlar öz əksini tapmalıdır. Əgər biz Bakıda Nuru paşanın heykəlini qoysaq, məgər bu, vətənpərvərlik amilinə pis təsir edər? Ümumiyyətlə, orta məktəbdəki tarix dərsliklərində müsbət hadisələr çox əksini tapmalıdır. Ali məktəblərdəki dərsliklərdə isə real tarix necədirsə, o cür əks olunmalıdır. Orta məktəbdə ruh yüksəltmək, insanları vətənpərvər yetişdirmək üçün xoş hadisələrdən söhbət getməlidir. Yəni tarix dərsliyinə baxış dəyişməlidir”. Mədəniyyət sahəsinin gənclərin vətənpərvərlik ruhda tərbiyəsinə təsirinə gəlincə, professor bildirdi ki, milli-mənəvi dəyərləri qorumaq mühüm amildir: "Məsələn, hesab edək ki, Dərbənddə aşıq sənəti yoxdur. Dərbənd də Rusiyanın tərkibindədir. Əgər aşıq sənəti o şəhərdə olmasaydı, Dərbənd çoxdan ruslaşmışdı. Dərbəndi azərbaycanlı saxlayan milli-mənəvi dəyərlər, milli mədəniyyət, milli musiqidir. Bütün bunları araşdırmaq və təbliğ etmək lazımdır. Biz vətənpərvərliyi prezidentin dediyi səviyyəyə qaldırmaq istəyiriksə, bir çox qurumlar hərəkətə gəlməlidir və fəaliyyətində bu istiqaməti seçməlidir. Ümumiyyətlə, bu sahədə görüləsi işlər çoxdur”.

Vətəndaş olmaq üçün...
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov hesab edir ki, gənc nəsli vətənpərvər və dövlətçiliyi sadiq böyütmək, azərbaycançılıq ideologiyasının nə olduğunu onlara anlatmaq üçün hər bir fənn müəllimi dərsini bu istiqamətdə qurmalıdır: "Hər bir fənn müəllimi şagirdə Azərbaycan üçün əsl vətəndaş olmağın yolunu göstərməlidir. Azərbaycan üçün yaxşı vətəndaş olmaqdan ötrü ilk növbədə öz ixtisasını yaxşı bilməli, millətini, torpağını, ərazini, dilini sevməli, dininə sadiq olmalısan”. Filoloq sovet dövründə humanitar fənlər istiqamətində bu cür təbliğat işlərinin daha çox həyata keçirildiyini xatırlatdı: "Ancaq müasir dövrdə hər bir fənn müəllimi tədris etdiyi fənni bu istiqamətə yönəltməlidir. Biz orta məktəb üçün yaxşı riyaziyyat müəllimi hazırlayırıqsa, həmin müəllim fənni bilməklə yanaşı, millətinə, dövlətinə bağlı, vətənpərvər uşaqlar yetişdirməyə hazır olmalıdır. Eyni zamanda, coğrafiya, fizika, kimya və s. fənləri tədris edən müəllimlər də bu işləri həyata keçirməyə məsuliyyət daşımalıdır. Çünki bu gün dünya rəqabət meydanıdır. Belə bir dünyada təkcə mədəniyyətlər, iqtisadiyyatlar, siyasətlər rəqabət aparmır, hətta, ayrı-ayrı peşələr rəqabətə girir. Bu baxımdan, biz vətənpərvər, milli ruhda kadrları ona görə hazırlamalıyıq ki, onlar bir azərbaycanlı olaraq sabah dünyanın hər yerində özlərini təqdim edə bilsinlər. Dünyanın hansı bir nöqtəsində olsalar belə, vətəndaş kimi yetişdirdiyimiz milli ruhlu, vətənpərvər insanlar azərbaycanlı olduqlarını nümayiş etdirə bilsinlər”. B.Xəlilov hesab edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı yaşadığı regionda, ərazidə və ya dövlətlərdə özünü Azərbaycanın səfiri kimi təqdim etməyi bacarmalıdır: "Bu cür vətəndaşları hazırlamaq üçün onlar kifayət qədər vətənpərvər, milli ruhda olmalıdırlar, dövləti vətəni sevməlidirlər. Bu baxımdan, bu gün təhsil sistemi vətəndaş hazırlayır. Vətəndaş olmaq üçünsə ilk növbədə millətini və dövlətini sevməlisən. Əgər milli və vətənpərvər olmasaq, dünyanın bu rəqabət prosesinə dözə bilmərik. Müasir dünyadakı rəqabət artıq milli dəyərli atributları daha yaxşı qəbul edir. Ölkə başçımız dünyagörüşlü bir rəhbər olduğu üçün həm də onun mahiyyətinə varır ki, biz nə qədər dünyəvi olsaq da, nə qədər dünyada gedən mədəniyyətləri, dilləri öyrənsək də, bütün hallarda, dünyaya öz milli kimliyimizi təqdim etməyi bacarmalıyıq. Bu milli kimliyin təqdimatı vətənpərvərlikdən, milli dəyərlərə sadiqlikdən keçir. Bu da orta məktəblə birbaşa əlaqəlidir. Biz orta məktəbdə şagirdlərimizi bu ruhda tərbiyə etməliyik. Buna görə, yenə də orta məktəb müəllimlərinin çiyinləri üzərinə böyük yük düşür. Milli dəyərlərimizi, vətənimizi şagirdlərimizə sevdirməyi bacarmalıyıq. Bunun metodlarını, yollarını tapmalıyıq. Bu, müəllimlərin ilk növbədə kifayət qədər pedaqoji ustalığa malik olmasını tələb edir. Biz bu cür vətəndaşlar hazırlamaqla, nəsillər arasında körpü yaratmaqla dövlətimizin nüfuzunu qaldıra bilərik”. Professorun fikrincə, ölkə başçısının belə bir mesajı müasir dünyanın yaratdığı real mənzərənin gerçəklikləridir. Belə ki, ölkə başçısı Azərbaycan cəmiyyətini, xüsusilə onun müəllim təbəqəsini, onların dərs dediyi şagirdləri, tələbələri səfərbərliyə çağırır: "Prezident şagirdləri, tələbələri, müəllimləri milli ruhda əlbir olmaq istiqamətində səfərbərliyə çağırır ki, onlar dövlətimizin gələcək inkişaf yollarını düzgün perspektivlərə yönəldə bilsinlər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər