• cümə axşamı, 28 mart, 13:01
  • Baku Bakı 16°C

Milli və müasir - Fotolar

20.05.17 09:30 10165
Milli və müasir - Fotolar
Əsrlərdir ki, aşıq sənəti xalqımızın milli kimliyini və mədəni koloritini özündə təcəssüm etdirir. Sadə xalqın həyat tərzi, məişət qayğıları, istək və arzularını tərənnüm edən aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Lakin qədim tarixə malik olan bu sənətin nümayəndələrinin ənənəvi geyim forması dəyişəcək.

Belə ki, Azərbaycan Aşıqlar Birliyində hesab edirlər ki, uzun çəkmə və hündür papaqlı hazırkı geyimlər daha çox hərbi formanı xatırladır. Onu yeniləməyə və daha da milliləşdirməyə ehtiyac var. "Xəzər Xəbər”in məlumatına görə, artıq yeni geyim formasının modelləri hazırdır. Yeni geyimlər milli və daha müasir formada hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyi də bunu təsdiqləyərsə, aşıqlar bundan sonra yeni geyimlərində görünəcəklər. Bəs görəsən yeni geyimlər hansı zərurətdən ortaya çıxıb? Aşıqların yeni geyimlərə münasibəti necədir?
Azərbaycan Aşıqlar Birliyinin sədri, folklorşünas alim, professor Məhərrəm Qasımlı "Xəzər Xəbər”-ə açıqlamasında bildirib ki, yeni geyimlərdə milli atributlardan istifadə dilib: "Yeni geyimlərdə əvvəlkilərdən fərqli olaraq papaq və çuxa mərkəzdədir. Bu geyimlərdə diqqət çəkən məqamlardan biri də odur ki, ənənəvi uzunboğaz aşıq çəkmələrindən və geniş balaqlı şalvardan imtina edilib. Bunun əvəzində normal ayaqqabı, şalvar və üstdən çuxa geyinilir. Yeni köynəklər milli cizgilər və butalarla bəzədilib. Papaqların ölçüsü də nisbətən kiçildilib. Qadınlar üçün hazırlanan yeni modellər isə iki - göy və narıncı rənglərdədir. Qadınların da geyimi və araxçınları butalarla bəzdilib. Xanımların kəməri ənənəvi olaraq diqqətdə saxlanılıb. Yeni geyimin üstün cəhətlərindən biri də odur ki, bu geyimlərdə saz ifa etmək daha rahatdır. Yeni hazırlanan aşıq geyimlərində millilik və müasirlik vəhdət təşkil edir”.
Aşıq Elməddin Məmmədli deyir ki, gənc aşıq kimi yeni geyim formalarını çox bəyənir: "Çünki milli paltarda aşıqlar çox sərbəst olur. Bu geyimlərdə sazda ifa etmək daha rahatdır. Məsələn, əvvəllər kostyum geyinib saz ifa edirdik ki, bu da bəzi narahatlıqlar yaradırdı. Milli paltarlar hər şeydən əvvəl rahatlığı təmin edə bilir. Həmçinin milli geyimdə sən paltar haqqında fikirləşmirsən, geyim qaydasında olduğuna görə, fikrin saz çalıb-oxumaqda, öz ifanda olur. Kostyum-qalstukda səhnə alanda isə, davamlı şəkildə özünü düzəltməyə çalışırsan. Düşünürəm ki, yeni geyimlə bu problemlər arxada qalacaq. Lap əvvəllər geyinilən aşıq formaları var idi ki, müasir dövrdə gənc aşıqlar onu geyinməkdə çətinlik çəkirdilər. Bir çox aşıqlar heç bu geyimə həvəs göstərmirdilər. Mən özüm indiyə kimi həmin formanı bircə dəfə məcburiyyətdən geyinmişəm. Milli geyimi isə xanəndələrimiz və rəqqaslarımız da geyinir. Bundan sonra artıq aşıqlar da bu geyimdən istifadə edəcəklər. Milli ornamentlərlə bəzədilən geyimi geyinmək hər kəs üçün maraqlıdır. Bəzi xarici ölkələr var ki, onların milli geyimlərini təkcə sənət adamları deyil, hətta adi adamlar da geyinir və hər kəs də buna normal yanaşır. Buna misal olaraq Qazaxıstanı nümunə göstərə bilərəm. Aşıqlar üçün tikilən yeni geyimi geyinmək heç kim üçün ayıb deyil. Geyim həm də insanın kimliyindən xəbər verir. Bundan sonra bu geyimi geyinən şəxslərin hansı sənət sahibi olduğu bilinəcək. Adi geyimdə bunu müəyyən etmək bir qədər çətindir. Yeni geyimləri biz Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbirdə geyindik. Həmin geyimdə olan şəkilləri sosial şəbəkədə paylaşdıqda, insanlardan müsbət rəylər aldıq. Hər kəs bu geyimləri çox bəyəndiyini bildirdi”.
Aşıq Ulduz Sönməzin də mövzu ilə bağlı fikirlərini öyrəndik. O da bu geyimlərdən çox razı qaldığını bildirdi: "Milli üslubda tikilən yeni formaları çox bəyənmişəm. Bildiyiniz kimi, bu geyimlər Aşıqlar Birliyinin nəzdində hazırlanır. Artıq başlanğıc olaraq bir neçə geyim tikilib. Bundan sonra birliyin bütün üzvləri üçün bu geyimlərin tikilməsi nəzərədə tutulub. Yeni formalar çox gözəl, rahat və rəngarəngdir. Düşünürəm ki, bu dəyişikliyə çox ciddi ehtiyac var idi. Çünki müasir dövrdə hər şey dəyişir. Biz də öz sənətimizdə milli üslubumuzu qoruyub saxlamaqla dəyişiklik etməliydik. İndiyədək hərə öz istədiyi kimi geyinirdisə, bundan sonra artıq hər kəs vahid formada ifa edəcək ki, bu da çox vacib məqamlardan biridir. Xüsusən kişilər üçün kostyumda saz ifa etmək çox çətin idi. Çünki kostyumun yaxası, qalstuk sazı tutanda narahatlıq yaradırdı. Milli forma ilə isə saz sinədə düzgün qaydada oturur. Bu geyim səhnədə də çox gözəl görünür. Həm də bizim milli kimliyimizdən və tariximizdən xəbər verir. Yeni geyimlərdən hələlik 10 dəst tikilib. Yaxın gələcəkdə bu geyimlərin bütün üzvlər üçün tikilməsi nəzərdə tutulur”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər