• cümə, 29 Mart, 10:16
  • Baku Bakı 5°C

MİLLİ TƏNQİDİ REALİZMİN BAYRAQDARI VƏ BANİSİ

07.03.19 10:00 3843
MİLLİ TƏNQİDİ REALİZMİN BAYRAQDARI VƏ BANİSİ
Artıq çoxdan məlumdur ki, Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində öz xidmətlərilə bir sıra yeni ədəbi-bədii istiqamət və meyillərin meydana gəlməsində geniş şöhrət qazanan görkəmli şəxsiyyət kimi Cəlil Məmmədquluzadənin (1869-1932) adı birinciliyə malikdir. Cəlil Məmmədquluzadə - Azərbaycan ictimai fikri və ədəbiyyat tarixində tənqidi realizmin banisi, mənzum, həm də alleqorik dramın müəllifi, tragikomediyanın qüdrətli yaradıcısı, yenitipli satiranın azmanı, azərbaycançılıq ideyasının öncülü, yenitipli mətbuatın və jurnalistikanın ustadı, mollanəsrəddinçilik təliminin ideoloqu, ağsaqqalı və yolgöstərəni və b. Çoxsaylı belə xidmətlərilə şöhrətli olan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının düşünən beyni və mübariz əsgəridir. Bu cəhətdən XX əsrin əvvəllərində yeni epoxada onun adı və yaradıcılığı yeniləşmə, milliləşmə və müstəqilləşmə düşüncəsinin məbədi kimi xatırlanır.
Artıq bu da çoxdan qəti olaraq deyilmişdir ki, Azərbaycan ədəbiyyatında tənqidi realizm mərhələsi ustad Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə müəyyənləşmişdir. Azərbaycan ədəbiyyatında realist bədii əsərlərin müəllifi Mirzə Fətəli Axundzadə olsa da, onun maarifçi realist səciyyə daşıyan ədəbi ənənələri üzərində zaman və ictimai tələblərə uyğun meydana gələn tənqidi realist ədəbiyyatın banisi ustad Cəlil Məmmədquluzadədir. Əlbəttə ki, tənqidi realizm ədəbi cərəyanı nə qədər dünyəvilik kəsb edir, ictimai-siyasi, ədəbi hadisələrlə bağlanırsa və ondan irəli gələn məsələlər ifadə edirsə, bir az da ondan çox milli-tarixi inkişafın nəticəsi olaraq ümummilli fikir, ədəbi ənənə, milli iradə, ictimai düşüncə ilə əlaqədar ədəbi-estetik fikir və məsələlər ehtiva edir. Bu mənada tənqidi realizm cərəyanı və ya ictimai fikir forması dünyəvi və milli hadisə olmaqla özünəməxsus səciyyəyə, ədəbi-estetik əsaslara malikdir. Dünya xalqlarının ədəbiyyatında tənqidi realizmin yaranma səbəbləri və mövcud ədəbi-nəzəri fikirlər kontekstində tamam aydınlığı ilə öz əsasını tapır ki, tənqidi realizm məhz konkret dövrün ictimai-tarixi, siyasi-iqtisadi məsələləri ilə əlaqəli olaraq meydana gəlir, ən əsası isə insana olan münasibət meyarından öz doğuluşunu tapır. Müasir dövrdə tənqidi realist fəlsəfənin banisi və nəzəriyyəçisi olan Roy Baskar və onun ardıcıllarının fikirlərini nəzərə alsaq, tənqidi realizm ictimai-iqtisadi münasibətlərin dəyişdiyi və yeni münasibətlərin, dəyər anlayışının meydana çıxdığı, sənayeləşmənin yarandığı bir zamanda insanın özünəməxsus, yeni ictimai məzmun kəsb etdiyi, insana baxışların dəyişdiyi, əxlaqi münasibətlərin yeniləndiyi, təbəqələşmə və sosial fərqlərin yarandığı bir vaxtda müəyyənləşir. Bu tip ədəbiyyat üçün xarakterik qəhrəman cəmiyyətin ən adisi, sıravisi, "kiçik” olanıdır. Bu, bütün xalqların ədəbiyyatı və ədəbiyyatşünaslığında vahid məntiqdədir (Lakin Mirzə Cəlilin tənqidi realizmi daha çox milli oyanış missiyasına xidmət etdiyi üçün cəmiyyətin bütün təbəqələrindən olan adamlar da yer alırlar. Burada "kiçik” adamlardan başqa Xudayarlar, Qazılar, mollalar, zırramalar, müəllim Həsənovlar, tacirlər və b. da günün mənzərisənə uyğun məqam tuturlar. Yeni ictimai təbəddülat və milli intibah idealından bütün ictimai mühit – cəmiyyət, xalq sərf-nəzər edilir). Azərbaycan ədəbiyyatında, artıq ədəbiyyatşünaslıqda deyildiyi kimi, ədəbiyyata "kiçik” adamları gətirən ədib ustad Cəlil Məmmədquluzadədir. "Çay dəsgahı” (1889) mənzum əsəri və "Danabaş kəndinin əhvalatları”ndan (1894) başlayaraq milli realizmdə tamamilə yeni, fərqli və özünəməxsus bir üslub ortaya çıxır. Cəmiyyətin ən adi, "kiçik” adamlarının yer aldığı, sosial təhlilin başlıca keyfiyyət qazandığı, milli tənqidi düşüncə sistemi və yeni fikir, ideya ehtiva edən əqli mühakimə üslubunun yer aldığı bu əsərlərlə milli tənqidi realizm meydana gəlir və getdikcə güclənməyə başlayır. Tənqidi realizmin banisi olan ustad Cəlil Məmmədquluzadə:
Mala mal deyiblər, insana insan,
Mən insanı hərgiz insan sanıram.
Sən sanmırsan, eybi yoxdur, utanma,
Çünki mən sanıram, mən də yanıram –
deyərək cəmiyyətin "çalxalandığı və bulandığı” (M.Ə.Sabir) bir zamanda "ən "adi” insanlara məhəbbətin yeni formasını təqdim edir” (Z.Əsgərli). "Yadınıza salın o günləri ki”, - deyə adamlara qəlblərinin dərinliklərində yerləşən ideal insanı, şəxsiyyəti, düşüncə, idrak və qüvvəti, İŞIĞI dartıb ortaya çıxarmağa çalışır.
Bizim fikrimizcə, tədqiqat mənbələrində Azərbaycan tənqidi realizminin daha çox təhrif olunaraq birtərəfli izah olunması və daha çox Rusiya tənqidi realizmi ilə əlaqələndirilməsi konkret dövrün ideoloji tələblərinin nəticəsi kimi qiymətləndirilə bilər. Müasir dövrdə isə daha çox Avropa və dünya ədəbi fikrində mövcud olan tənqidi realizmlə əlaqəli təhlil olunması məsələnin əsl milli mahiyyətinin kölgələnməsinə səbəb olur. Hər iki halda təhrif və birtərəfliliyin ortaya çıxmasına səbəb isə hazır, standard tezislərdən ədəbi fakta yanaşma olur. Bizim fikrimizcə, ədəbiyyatımızdakı, eləcə də, ümumən, ictimai fikrimizdəki tənqidi realizmə bədii faktların özündən gələn mətləblərlə yanaşılması ictimai fikir tariximizdəki tənqidi realizmi milli ictimai hadisə olaraq düzgün izah etməyə imkan verə bilər. Bu baxımdan, son dövrün tədqiqatlarından olan Təyyar Salamoğlunun "Azərbaycan tənqidi realizminin estetikası” əsərində də yer alan bu fikirlə tam razılaşmaq olar ki: "Bizim ədəbiyyatşünasıqda bədii mətnləri ideoloji mövqedən müəyyənləşdirilmiş "estetik” qəliblərə sığışdırmaq meyli üstünlük təşkil edir”. Bu cəhətdən, fikrimizcə, ictimai fikrimizdəki tənqidi realizmə sırf milli-ictimai hadisə olaraq yanaşmaq daha doğru olardı. Belə ki, Azərbaycan milli tənqidi realizmini özünəməxsuslaşdıran səciyyəvi xüsusiyyətlərdən biri məhz "milli initibah vədələrində” (C.Məmmədquluzadə) ortaya çıxışı, milli istiqlaliyyət, varoluşu və inkişaf ideyalarını özündə ifadə etməsi idi. Tam qətiyyətlə demək olar ki, məhz milli varoluşu məsələsi onu özünəməmxsuslaşdıran, fərqləndirən və ədəbi-ictimai cərəyana çevirən mühüm amil idi. Qəti fikrimizcə, Azərbaycan tənqidi realizmi dünya tənqidi realizmi ilə ümumi, oxşar xüsusiyyətlər kəsb etsə də (söz yox, ümumdünya ictimai hadisələri və ədəbi istiqamətləri təsirsiz deyil!), sırf milli-ictimai hadisədir və milli xüsusiyyətlər ehtiva edir, buna görə də Azərbaycan milli tənqidi realizmi kimi müəyyənləşir. Xalq düşüncəsini milli düşüncəyə transformasiya edən də (milli romantizmin payı olsa da) məhz milli tənqidi realizm ədəbi cərəyanıdır. Şifahi xalq və klassik ədəbi ənənələrdən bilavasitə qaynaq olaraq yararlanan və ona söykənən (çünki xalq məhz bu mənbələrdə özünü bütün varlığı ilə ehtiva edir) tənqidi realistlər milli tənqidi realizmi müəyyənləşdirməyə müvəffəq olmuşlar. Tənqidi realizmin estetikasında milli oyanış və milli müqəddəratı müəyyənləşdirmə idealı başlıca ideya-məfkurə xüsusiyyətinə malikdir. Azərbaycançılıq da məhz onların yetkin ədəbi-bədii məfkurələri kimi çıxış edir. Klassik realizmdən fərqli olaraq tənqidi realizm daha ciddi tipikləşdirmə (xarakter, əqidə, düşüncə, əməl, dil, ictimai, hətta məişət səciyyəsilə əhatəli və tam) keyfiyyətilə seçilir. Sosial münasibətlərin tam aydınlığı ilə göstərilməsi də (buna sosial təhlil də deyilir) bu realizmin səciyyəvi xüsusiyyəti olaraq ona özünəməxsusluq qazandırır. Milli düşüncəyə və dəyərlərə bağlılıq tənqidi realistlərin həyat, yaradıcılıq və mübarizə idealı idi (bu barədə ayrıca bəhs etməyi düşünürük – R.Q.). Təsadüfi də deyildi ki, Azərbaycan tənqidi realizmi bədii yaraıdıcılığı, publisistikanı, incəsənəti də əhatə etməklə daha inkişaf etmiş və əsaslı bir cərəyan halını almışdır.
Nə vaxt, hansı zaman çərçivəsində baş verməsinə baxmayaraq ümumxalq oyanışı və yeni düşüncəyə xidmət edən və hədəfi, məqsədi milli istiqlaliyyət, millət, vətən və dil olan fikir cərəyanı dünyanın hər yerində tənqidi realizm adlanmaqla fərqli elmi prinsip təzahür etdirmir. Lakin oxşar xüsusiyyətlərə malik olsa da, tənqidi realizm cərəyanı, fikrimizcə, fərqli, sırf milli ictimai-tarixi kontekstdə ictimai-mənəvi proseslərin məntiqi yekunu olaraq müəyyənləşir. Akademik İsa Həbibbəylinin də yazdığı kimi: "XIX əsrdə meydana çıxan maarifçi ideyalar XX əsrin əvvəllərində daha da inkişaf edərək milli-demokratik hərəkat səviyyəsinə qalxmışdır. Cəlil Məmmədquluzadənin "məktəb-məktəb deməklə Fatiya tuman olmaz” - fikirləri yeni tarixi epoxada ədəbiyyatın qarşısında duran daha ciddi ictimai-siyasi problemlərin əks-sədası kimi səslənmişdir. XIX əsr Azərbaycan maarifçi ədəbiyyatının əsas hədəfi xalqı gerilikdən xilas etmək, XX əsrin əvvəlləri ədəbiyyatının başlıca məramı isə milli istiqlal idi. XX əsrin əvvəllərinin ədəbiyyatında artıq maarifçi realizmdəki kimi cəmiyyəti islah edib təkmilləşdirmək yox, mövcud quruluşu dəyişmək, xalqı milli istiqlala çatdırmaq əsas strateji məqsəd idi. Bu, maarifçi realizmin tam mənası ilə inkişaf edərək yeni tarixi şəraitdə tənqidi realizmə çevrildiyini göstərir”. Professor Y.Qarayevin təbirincə deyilsə: "Tənqidi realizm mövcud iqtisadi həyat və əxlaq tərzinin artıq tənqidə və lənətə məruz qaldığı, inkar, ittiham və rədd olunduğu bir dövrün realizmi kimi formalaşır”.
Bunu da əlavə etmək lazımdır ki, bəzi hallarda (görünür, tənqidi realizmin mahiyyətinə dərindən bələd olmamaqla əlaqədar olaraq) Azərbaycanda tənqidi realizm mərhələsinin başlanğıcı "Molla Nəsrəddin” jurnalından götürülür. Bəzən isə Cəlil Məmmədquluzadənin "Poçt qutusu” əsəri ilə tənqidi realizmin başlandığı qeyd edilir. Prof. Y.Qarayev də: "Son bir əsrdə ədəbi inkişafın, tənqidi realist və demokratik fikrin ana xətti məhz bu hekayə (Poçt qutusu” – R.Q.) ilə proqram və manifest vüsəti kəsb etdi”, - deyə "Poçt qutusu” hekayəsinin Azərbaycan ədəbi inkişafında oynadığı rola nəzər salmışdır. Halbuki C.Məmmədquluzadənin yaradıcılığı 1889-cu ildən mövcud olmasına baxmayaraq, "Poçt qutusu”na qədər yaradıcılıq nümunələrini tənqidi realist ədəbiyyat nümunələri adlandırmağı şübhə altına almaq olmaz (bununla belə, "proqram və manifest” baxımından tamamilə doğru hesab etmək olar!). Bu faktın üzərində dayanan B.Əhmədov da: "Tənqidi realizmin konkret zaman çərçivəsinə aid edilməsi ona ideoloji yanaşmadan irəli gəlir və inqilabın, tarixi şəraitin məhsulu kimi götürülürdü. Əgər belədirsə, onda C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları”nı (1894)... hara qoymaq olar?”. Halbuki bir az əvvəl də qeyd etdiyimiz kimi, C.Məmmədquluzadənin "Çay dəsgahı” və "Danabaş kəndinin əhvalatları” kimi ilk əsərləri öz üslubu, realizmi ilə tamamilə yeni keyfiyyət nümayiş etdirməklə tənqidi realizmin ortaya çıxdığını elan edirdi. (Hər halda bu da doğrudur ki, adıgedən ilk əsərlərdəki tənqidi realizm "Poçt qutusu” və sonrakı əsərlərlə eyni yetkinlikdə deyil. Burada yaranma, inkişaf və yetkinləşmə prosesini aydın müşahidə etmək, bəlkə də ilk əsərlərə "klassik tənqidi realizm”, sonrakı bitkin əsərlərdəki realizmə isə "yetkin, kamil tənqidi realizm” də demək olar. Hər halda, burada ictimai-tarixi şəraitdəki dəyişmə və diqtəni də müşahidə etmək lazımdır!) "Molla Nəsrəddin” jurnalı isə tənqidi realizmin "cəbbəxanası” (İ.Həbibbəyli) kimi fəaliyyət göstərmiş, onun inkişafı, əhatələnməsi və kamala çatmasında həlledici rol oynamışdır. Bu mənada görkəmli ədəbiyyatşünas alim və nəhəng ədəbiyyat xadimi professor Mir Cəlal nəzəriyyə ilə praktikanı birləşdirən müdrik və fövqəladə elmi-praktik təfəkkürü ilə, həqiqətən, Azərbaycan tənqidi realizmini bütün səciyyəsi ilə ortaya qoymaqla, demək olar, ilk dəfə Azərbaycan milli tənqidi realizminin elmi-nəzəri, ədəbi və fəlsəfi mahiyyətini açmış, təfərrüatlı təhlil və şərh etmiş, Azərbaycan tənqidi realizmini sırf milli hadisə olaraq səciyyəsini verərək yazmışdı: "Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri onun inkişaf etdirdiyi realizm məktəbidir. Nəzəri qidasını demokratik ədəbiyyatdan alan, mənbəyini Mirzə Fətəli dramlarından, materialını isə o zamankı Azərbaycanın müstəmləkə vəziyyətindən, köhnə həyat və məişətdən alan Mirzə Cəlil realizmi XX əsrin ibtidasında güclü bir məktəb olaraq ədəbiyyatda üstünlük fəth etmişdi... Əlbət ki, Mirzə Cəlilin realizmi tənqidi realizm idi”.
Beləliklə, qətiyyətlə demək olar ki, Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi Cəlil Məmmədquluzadə olmuşdur. Məhz bu dövrdə Azərbaycanda inkişaf edən yeni ictimai-iqtisadi münasibətlərin gətirdiyi dəyişiklikləri və bu ictimai mühitdə insanın qazandığı yeni sosial məzmunu, ictimai münasibətlər daxilində milli-ictimai hərəkətverici qüvvə kimi insanın həyatı və taleyini, milli müqəddərat və istiqlal idealını və s. Cəlil Məmmədquluzadə ədəbiyyata gətirmişdir. "Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamşdır”, - deyən ulu öndər Heydər Əliyev də məhz Cəlil Məmmədquluzdə irsinin milli oyanış missiyasını başlıca məziyyət olaraq qiymətləndirmişdir. Mənsub olduğu xalqın milli oyanışı, maariflənməsi və istiqlal düşüncəsinin formalaşmasında misilsiz xidmətlər göstərdiyi üçündür ki, görkəmli söz ustadı, yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamda da deyildiyi kimi: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin" jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər