• cümə, 19 Aprel, 11:56
  • Baku Bakı 13°C

Milli təhsil quruculuğu tarixindən

13.11.18 10:00 944
Milli  təhsil  quruculuğu  tarixindən
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) Xalq Maarif Nazirliyinin təşəbbüsü ilə müəllim və pedaqoqların, təhsil işçilərinin iki qurultayı keçirilib. İlk qurultay 1918-ci il dekabrın 13-dən 28-dək olan müddətdə Bakı şəhərində, 2-ci real məktəbin akt zalında baş tutub. İlk qurultayın milli təhsil tariximizdəki əhəmiyyətli rolu haqqında hazırladığım məqalə " Kaspi” qəzetinin 23 oktyabr 2018-ci il və 24 oktyabr 2018-ci il tarixli saylarında, həmçinin " Kaspi.az” saytında dərc edilmişdir.
Müasir dövrdə yetişməkdə olan nəsil, xalqımızın çoxəsrlik zəngin tarixini, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, həmin dövrün məktəb və pedaqoji fikir tarixini bilməlidir. Azərbaycan təhsilinin keçdiyi zəngin tarixi inkişaf yolunda Cümhuriyyət dövrü xüsusi əhəmiyyət kəsb edir. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edilməsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə dilinə çevrilməsi, ana dilində tədris proqramlarının və dərsliklərin hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Hökumət hərc-mərclik və anarxiya dövründə, xüsusilə də 1918-ci ilin mart-may aylarında millətçi erməni-daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycanın müxtəlif qəzalarında törətdikləri dəhşətli qırğınlar zamanı dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası və yenilərinin tikilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsinə çalışmışdır. Bu məsələ müəllim və pedaqoqların Cümhuriyyət dövründə çağırılmış II qurultayında da müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.
Cümhuriyyət hökumətinin 2 avqust 1919-cu il tarixli sərəncamı ilə Bakı şəhərində avqustun 20-dən sentyabrın 1-dək müddətdə xalq məktəb müəllimlərinin qurultayının keçirilməsi qərara alınmışdır. Bu məqsədlə Xalq Maarif Nazirliyinin sərəncamına 35 min 600 rubl məbləğində pul vəsaiti ayrılmışdır. Xalq Maarif Naziri R.Kaplanov və Xalq Maarif Nazirliyinin orta məktəblər üzrə şöbəsinin müdiri A.Yusifbəyovanın imzası ilə orta məktəblərin müdirlərinə göndərilmiş 23 avqust 1919-cuil tarixli 7226 №-li məktubda qeyd edilirdi: "Respublikanın mədəni, etnoqrafik xüsusiyyətlərinə və dövrün tələblərinə uyğun olaraq orta təhsilin təşkili işində islahatların aparılması vaxtının artıq çoxdan çatdığını nəzərə alaraq, təklif edirəm ki, həmin məsələni tabeçiliyinizdə olan məktəblərin pedaqoji şuralarında müzakirəyə çıxarasınız və hərtərəfli müzakirələrdən sonra məsələ ilə bağlı öz təkliflərinizi sentyabrın 5-dən gec olmayaraq təqdim edəsiniz. Yaxşı olardı ki, orta məktəb kurslarından hansı fənlərin çıxarılmasının, hansının isə daxil edilməsinin mümkünlüyü və proqramlarda hansı dəyişikliklərin edilməsi barədə məsələlərə aydınlıq gətirilsin.”
Respublikada tədris ocaqlarının milliləşdirilməsi ilə əlaqədar olaraq, məktəb islahatlarının zəruriliyi gündəliyə çıxmışdı. Məktəb islahatının məqsədi - ölkədə məktəb-tədris işini yeni şəraitə uyğunlaşdırmaq, onu milli dövlətçilik ideyaları və mənafelərinə yaxınlaşdırmaq, yeni nəsli milli - tərbiyə üzərində yetişdirməkdən ibarət idi. Məktəb islahatı ilə bağlı əsaslı məsələləri hərtərəfli müzakirə etmək və lazımi təkliflər hazırlayaraq Hökumətə təqdim etmək məqsədi ilə 1919-cu il avqustun 20-də Bakı real məktəbin akt zalında Azərbaycan müəllimlərinin II qurultayının təntənəli açılışı oldu. Qurultayda Respublikanın bütün bölgələrindən olan məktəblərin nümayəndələri iştirak edirdilər. Azərbaycan türk müəllimlərinin qurultayında iştirak etməkdən ötrü məşhur müsəlman pedaqoqu və ədibi Mirzə Cəlal Yusifzadənin də Şuşadan Bakıya gəldiyi haqqında 22 avqust 1919-cu il tarixli, 177 №li "Azərbaycan” qəzetində (rus dilində-R.S.) məlumat verilmişdir. Qurultayı türk (Azərbaycan-R.S.) müəllimlər birliyinin sədri Ağabəy İsrafilbəyov açaraq, qısa nitqində məqsəd və vəzifələr haqqında məlumat vermişdi. Qurultayı Parlamentin rəyasət heyəti adından sədrin kiçik müavini S.M.Qənizadə, Bakı şəhər idarəsi adından müəllim Əli Cabbar Orucəliyev, "Musavat” partiyası parlament fraksiyası adından M.Ə.Rəsulzadə, sosialistlər fraksiyası adından Ə.C.Pepinov, Xalq Maarif Nazirliyi adından R.Kaplanov, ”Azərbaycan” qəzeti redaksiyası adından P.Mürsəlzadə və digər şəxslər salamlayıblar.
Qurultayın avqustun 28-də keçirilmişi 13-cü iclasında Türk Müəllimlər İttifaqının mərkəzi bürosuna seçkilər keçirilmişdir. Abdulla Şaiq, Əli Məmməd Mustafazadə, İdris Axundzadə, Rəsul bəy Tahirov, Ağa Əli Qasımov, Mustafa Mahmudov və Hüseyn Əli Əliyev mərkəzi büroya üzv, Qurban İbrahimov, Hüseynzadə Məmməd Qulu və Müseyib (soyadı göstərilmir -R.S.) isə mərkəzi büroya namizəd seçilmişdilər. Daha sonra günün aktual məsələləri üzrə müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarların birində qeyd edilirdi ki, şəhadəti olmayanlar müəllimliyə qəbul edilməsin. Şəhadəti olmayanların müəllimliyə qəbul edilməməsı haqqında qərar, tədrisin səviyyəsinin yüksəldilməsinə diqqətin artırıldığından xəbər verirdi. Cümhuriyyət dövründə müəllim və pedaqoqların II qurultayında qəbul edilmiş digər qərarlarda qeyd edilirdi ki, yoxsul şagirdləri olan məktəblərə pulsuz olaraq kitab və digər tədris vəsaitlərinin ayrılması hökumətdən xahiş edilsin. Bakıda və Gəncədə, habelə digər yerlərdə kişi və qadın müəllim kursları və seminariyaları təşkil edilsin. Məktəblərin nəzdində türk (Azərbaycan-R.S.) kitabxanaları açılsın və oradakı kitabların sayı artırılsın. İbtidai məktəb müəllimlərinin maaşları orta məktəb müəllimlərinin maaşlarına bərabər tutulsun.
Qurultayın avqustun 28-də axşam saat 5-də keçirilmiş 14-cü iclasında anarxiya dövründə dağıdılmış məktəb binalarının təmiri və yenilərinin inşası, habelə məktəb həyatının digər məsələləri müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Qərara alınmışdır ki, dağıdılmış məktəblərin yerləşdirilməsi üçün müvafiq bina və otaqlar ayrılsın, müəllimlərin maddi durumu yaxşılaşdırılsın. Bütün məktəblərdə şəriət müəllimlərinin, habelə əl işləri üzrə müəllim və müəllimələrin maaşları artırılsın. Xəstə müəllimlər və onların ailələri pulsuz müalicə edilsin və onlara maddi yardım göstərilsin.
Hökumətdən nazirliyin nəzdində ibtidai məktəblər üçün proqramların hazırlanması üçün xüsusi komissiyanın yaradılması xahiş edilmişdir.
Qurultayda bir sıra natiqlər çıxış etdikdən sonra yekdilliklə aşağıdakı qətnamə qəbul edilmişdir: "Müstəqil Azərbaycanın türk müəllim və müəllimələrinin birinci qurultayı hazırkı vaxt üzrə məsələləri müzakirə edərək belə qərara gəlir ki, xalq və onun rifahı məsələsində daim onunla qırılmaz təmasda olan müəllimlərin rolu böyükdür. Ona görə də, azərbaycanlı müəllimlər vətənin müstəqilliyi ideyasının möhkəmləndirilməsində, sağdan və yaxud soldan hər hansı bir təhlükə yarandığı halda, onun hüquqlarının bərpa edilməsi və qorunması yolunda vətən övladlarının canlarından keçməyə hazır olması istiqamətində geniş xalq kütlələri arasında ciddi səylə işlər aparmalıdırlar. Qurultay Azərbaycanın bütün müəllimlərini bu işə səsləyir”.
Qurultayın yekunu olaraq Xalq Maarif Nazirliyinə təqdim edilmiş təkliflər əsasında təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin nəşri üzrə komissiyalar yaradıldı.
Qurultay başa çatdıqdan sonra Xalq Maarif Nazirliyi yanında məktəb islahatı komissiyası yaradıldı. 1919-cu il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında yaradılan islahat komissiyasına nazir müavini H.Şahtaxtinski (sədr), Nurməmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyov, Sultan Məcid Qənizadə, Abdulla bəy Əfəndizadə, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə xanım Ağayeva, Məhəmməd ağa Şahtaxtlı, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idi. Komissiya qarşısında, növbəti dərs ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə proqramın hazırlamaq vəzifəsi qoyulmuşdu. Orta məktəb proqramlarının dəyişdirilməsi üzrə ayrı-ayrı fənn komissiyaları yaradılmışdı. Bu komissiyaların işinə C.b.Rəfibəyovun sədrliyi altında yaradılmış ümumi komissiya rəhbərlik edirdi. Ölkənin gələcəyini təmin edə biləcək kadrlar hazırlamaq üçün müxtəlif tədris müəssisələri - ibtidai, orta məktəblər açılır, respublikada ali təhsilin təşkili üzrə qanun layihələri işlənib hazırlanır, müxtəlif kurslar təşkil edilir, digər tərəfdən, dərsliklər və digər tədris vəsaitləri hazırlanaraq çap etdirilirdi.
Cümhuriyyətin təhsil siyasətində, dərsliklərin milli müəllimlər tərəfindən hazırlanmasına xüsusi diqqət yetirilirdi. Milli dərsliklərin hazırlanmasında Azərbaycan maarifi və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Səməd bə Acalov, Mahmud bəy Mahmudbəyov, Rəşid bəy Əfəndizadə, Abdulla bəy Əfəndizadə, Abdulla Şaiq, Camo Cəbrayılbəyov, Ağabəy İrafilbəyov və başqaları yaxından iştirak edirdilər.
Fənn komissiyaları tərəfindən hazırlanmış bir sıra yeni dərsliklər hökumətin ayırdığı vəsait hesabına, 1919-cu ildə nəşr edilərək tədris müəssisələrinin istifadəsinə verilmişdi. Dərsliklərin bəziləri təkrar nəşr olunsa da, bir çoxu elə həmin dövrdə yazılmışdı: Mahmud bəy Mahmudbəyov, "Türk əlifbası və ilk qiraət” - 1918; Rəşid bəy Əfəndiyev, "Türk qiraəti” - 1918; Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət, "Yeni məktəb” -1918; Qafur Rəşad Mirzəzadə, Məmməd Axundov, "Rəhbəri-sərf” - 1918; Rasim Əhməd. "Sərfi-türki” - 1919; Abdulla bəy Əfəndiyev, "Son türk əlifbası” - 1919; Abdulla Şaiq, "Milli qiraət” - 1919; "Müntəxəbat. Türk ədiblərindən nümunələr” - 1919; Camo Cəbrayılbəyli, "Tarixi-təbii” - 1919; Hüseyn Cavid, Abdulla Şaiq, "Ədəbiyyat dərsləri” - 1919; Hacı Səlim Səyyah Qasımzadə, Ağa Əli Qasımov, "Hesab məsələləri məcmuəsi” - 1919; Hacı Səməd bəy Əlizadə, "Rəhbəri cəbr” – 1919 və s.
1920-ci ilin aprelində Azərbaycan Respublikası sovetləşdirildikdən bir qədər sonra tərkibi Maarif Xalq Komissarlığının İşlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq icra edən Kondratyev, məktəb şöbəsinin nümayəndəsi A. Sübhanverdixanov, fəhlə-kəndli müfəttişliyinin nümayəndəsi Salayev; nəşriyyat şöbəsinin redaksiya kollegiyasının müdiri İsa Aşurbəyli, anbar müdiri Bakıxanov və onun köməkçisi Əliyevdən ibarət komissiya tərəfindən Bakı şəhərinin Sahil küçəsində, Mir-Babayevin evində yerləşən Maarif Xalq Komissarlığının anbarının dörd gözü əvvəlcədən möhürləndikdən sonra, anbarın beşinci gözündə iyulun 12-dən 18-dək və 21-dən 23-dək olan müddətdə yoxlamalar aparılmışdır. Anbarın 5-ci gözündən 68 min 585 ədəd türk dərslikləri və kitabları, habelə məktəb ləvazimatı olan 1547 ədəd karandaş, 3538 ədəd - rəsm üçün xətsiz; 2012 ədəd - bir xətli sahəli və sahəsiz, xətsiz dəftərlər aşkar edilmiş və protokol tərtib edilərək götürülmüşdür.
Qeyd edək ki, Cümhuriyyət dövründə Azərbaycan Hökuməti türk dilində dərslik və kitabların əldə edilməsinə diqqət yetirməklə yanaşı azlıqda olan qeyri-müsəlman xalqlarının da maraqlarını nəzərə alaraq, rus dilində dərslik və kitabların əldə edilməsinə də böyük diqqət yetirirdi. Bu məqsədlə Hökumətin 8 sentyabr 1919-cu il tarixli sərəncamı ilə Xalq Maarif Nazirinin sərəncamına 3 ay müddətinə tədavül kapitalı kimi 500 min rubl vəsait ayrılmışdı. Təsadüfü deyildi ki, aparılan yoxlamalar zamanı anbarda rus dilində olan kitablar da aşkar edilmişdi. Cümhuriyyət dövründə çağırılmış türk müəllim və pedaqoqların, təhsil işçilərinin II qurultayından 100 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu gün də tədqiq edilir, öyrənilir. Cümhuriyyət dövründə müəllim və pedaqoqların çağırılmış hər iki qurultaylarının materiallarından tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında geniş istifadə edilir. Həmin qurultaylar milli təhsil quruculuğu tariximizin şanlı səhifələrindən biri kimi unudulmur.
Rafiq Bahadır oğlu Səfərov
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin başməsləhətçisi
banner

Oxşar Xəbərlər