• cümə, 29 Mart, 05:41
  • Baku Bakı 7°C

Milli Şuraya Saakaşvil şapalağı

03.08.13 08:15 1855
Milli Şuraya Saakaşvil şapalağı
Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidə Azərbaycan müxalifət təmsilçilərinin birləşdiyi Milli Şura üzvlərinin görüşünü şərh edərkən maraqlı açıqlamalar verib. O, açıq şəkildə bildirib ki, Milli Şura Rusiya tərəfindən yaradılıb və dəstəklənir. M.Saakaşvili deyib ki, Gürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır: “Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır”.
Gürcüstan prezidenti vurğulayıb ki, sabit Azərbaycan sabit Gürcüstan deməkdir: “Gürcüstan hakimiyyəti özünü bu ölkə ilə bağlı çox ehtiyatla aparmalıdır. Ona son aylarda artıq zərər vura bilib”. Prezident deyib ki, "Azərbaycanla münasibətləri qorumaq lazımdır. Saakaşvili vurğulayıb ki, "hər bir halda Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır".
Əslində Gürcüstan prezidenti Azərbaycana təhdidlərlə bağlı ilk dəfədir ki bəyanat vermir. O, hələ bu ilin martında Bakıya səfərini başa vurub ölkəsinə dönəndən sonra Tbilisi aeroportundaca demişdi ki, Rusiya Azərbaycanda da Gürcüstan ssenarisi üzrə hakimiyyət dəyişikliyi hazırlaşır: “Gürcüstan və Azərbaycan Rusiyadan gələn real qeyri-sabitlik təhlükəsi ilə üz-üzədir. Bizi ölkənin muxtariyyətlərə parçalanması təhlükəsi gözləyir”, - deyə Saakaşvili jurnalistlərə bildirmişdi. Rusiyadakı azərbaycanlıların diaspor təşkilatı olan və Rusiya dövləti tərəfindən maliyyələşdirilən “AzerRos”un sabiq prezidenti Söyün Sadıqovu nəzərdə tutan gürcü prezident deyib ki, bu şəxs azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov və digərləri ilə birləşərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyirlər.
Üstündən iki ay keçəndən sonra – may ayında Gürcüstan prezidenti bu dəfə Bakıda Azərbaycan hakimiyyətinə qarşı Rusiya təhlükəsi barədə danışmışdı. Mixail Saakaşvili bu dəfə konkret ölkə adı çəkməsə də, “regionda Azərbaycanda sabitliyi pozmaq istəyən” qüvvələrin mövcudluğunun tamamilə aydın olduğunu bəyan etmişdi. “Hazırda mübaliğəsiz demək olar ki, regionumuzun taleyi Bakıda, Azərbaycanda həll olunur”, - deyə Saakaşvili jurnalistlərə bildirmişdi. O demişdi ki, «əlbəttə ki, regionda Azərbaycandakı sabitliyin pozulmasını istəyən neqativ qüvvələr var». M.Saakaşvili onu da əlavə etmişdi ki, bu, onlara çox aydındır, çünki bunu Gürcüstanda yaşayıblar: «Bu qüvvələr Azərbaycanda əldə olunan inkişafın davam etməməsi üçün əllərindən gələni edirlər. Çünki bu proses özünü imperiya iddiaları olmadan təsəvvür edə bilməyənlərin rahat yatmasına mane olur”.
İndi də qonşu dövlətin başçısı Azərbaycanın Rusiyaya sığınan müxalifətçiləri Tbilisidən platsdarm kimi istifadə etməyə başlayandan sonra dilə gəlib və növbəti dəfə xəbərdarlıq edib.
Əslində Milli Şuranın Rusiyanın müəyyən dairələrinin layihəsi olması barədə ilk dəfə danışılmır. Bununla bağlı mətbuat, müxtəlif siyasətçilər dəfələrlə öz fikirlərini ifadə ediblər. Milli Şuranın sədr seçdiyi şəxsin Moskvada məskunlaşması, dostlarının Rusiya hakimiyyətinə yaxın milyarderlər olması da deyilənlərin heç də təsadüfi olmadığını göstərirdi. Amma bu barədə qonşu ölkə prezidentinin danışması artıq şübhə üçün heç bir yer qoymur. Saakaşvili son parlament seçkilərini uduzduqdan sonra hakimiyyəti demək olar ki, əldə verib. Amma onun hələ də prezident kimi müxtəlif məxfi informasiyalara çıxış imkanları qalmaqdadır. Deməli, o, əlində ciddi əsas olmasaydı, heç vaxt bu barədə bu qədər özündən əmin açıqlamalar verməzdi.
M.Saakaşvili bu açıqlaması ilə Azərbaycan xalqına açıq şəkildə mesaj verib ki, İlham Əliyev yeganə siyasətçidir ki, Azərbaycanın müstəqilliyini təmin edir və ona qarşı çıxan qüvvələr idarəolunan qüvvələrdir. Uzun illərdir Azərbaycanın müstəqilliyindən, bu müstəqilliyə ən böyük təhlükənin Rusiyadan gəlməsindən danışan müxalifət qüvvələri isə indi özlərini yamanladıqları qüvvənin maraqlarının təmin edilməsi üçün təklif etməyə başlayıblar. Bu isə necə də onların yalançı vətənpərvər olduqlarını, Azərbaycan sevgilərinin qəzet səhifələrindəki müsahibələrindən o yana keçmədiyini bir daha təsdiqləyir. Özlərini demokratik qüvvələr kimi qələmə verən qüvvələr axı necə ola bilər ki, müəyyən dairələrin diktəsi ilə oturub-durmağa razı olurlar? Bu o demək deyilmi ki, onların demokratlıqları da ancaq sözdədir. Təbii ki, belədir. Onlar həmişə olduğu kimi yenə də başqalarının əlində Azərbaycana qarşı istifadə olunan vasitə rolundadırlar.
Təbii ki, Azərbaycan artıq güclü dövlət olduğu, dünyada sözsahibinə çevrildiyi heç kimdə şübhə doğurmur. Xarici təhlükəyə qarşı xalq və hakimiyyət arasında olan birlik ölkəmizin inkişafının əсas leytmotividir. Bu isə xarici qüvvələrin dəstəyinə arxalanıb Azərbaycanda hakimiyyətə gəlmək istəyənlərin arzularının ürəklərində qalacağını əminliklə deməyə əsas verir.
Məsələnin digər tərəfi də var. Reallığı nəzərə alsaq, Moskvadakı azərbaycanlı miylarderlərdən heç birinin Gürcüstanda Rusiyanın əli ilə uğur qazandığı iddia edilən baş nazir Bdzina İvanişvili kimi Azərbaycanda siyasi mübarizə aparıb uğur qazanmaq imkanları yoxdur. «Milyarderlər İttifaqı»da birləşənlərin əsas simaları heç Azərbaycan dilində danışa bilmirlər. Onların Azərbaycanla bağlılıqları da çox azdır. Üstəlik, onların əksəriyyətinin heç Azərbaycan vətəndaşlığı yoxdur. Belə olan halda onların hər hansı birinin Azərbaycandakı siyasi mübarizəyə qoşularaq uğur qazanacağını düşünmək reallıqdan çox uzaqdır və fərziyyədir.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər