• çərşənbə, 17 Aprel, 00:16
  • Baku Bakı 14°C

Milli Şuranın Tiflis rüsvayçılığı

01.08.13 09:24 1464
Milli Şuranın Tiflis rüsvayçılığı
Söyün Sadıqova qəzəblənən rejissor onu Milli Şuranı təxribata çəkməkdə günahlandırdı
Bakıya qayıtmağa cəsarəti çatmayan adına «milli» sözü əlavə edilmiş şura sədri Rüstəm İbrahimbəyovun Tiflis qonaqlığı ciddi qınaqlara yol açıb. Milli Şuranın 100-ü ötən üzvlərindən 15-ni Gürcüstan paytaxtına qonaq çağıran kinorejissor onların incikliklərini neytrallaşdırmağa çalışırdı. Bunun üçün onların yol və qalmaq və digər bütün xərcləri ödənildi. İsa Qəmbərin mesajlarla dolu hərəkətləri ilə yadda qalan Tiflis müzakirələri gözlənildiyi kimi Rüstəm İbrahimbəyovun Bakıya gəlməmək qərarına haqq qazandırılması ilə başa çatdı. Amma nəticə təkcə bundan ibarət olmadı. Müxalifət funksionerlərinin Tiflis səfəri bir neçə qabarıq məqamla yadda qaldı.
Tiflisdən Əli Kərimliyə sarsıdıcı zərbə
Gürcüstan paytaxtında aparılan müzakirələrə paralel olaraq Müsavat başqanı İsa Qəmbər Milli Şuranın vahid namizədi ilə təkbətək görüş keçirməsi də diqqətdən qaçmadı. Təzyiqləri nəzərə alaraq Rüstəm İbrahimbəyovun vahid namizədliyinə razı olan, amma özünün namizədliyinin də qüvvədə qaldığını bəyan edən Müsavat başqanı bu addımlarına görə heç bir tənə ilə qarşılaşmadı. Əksinə, onunla xüsusi statusu olan bir qonaq kimi davranıldı. Hətta bəzi hallarda o özünü ev sahibi kimi aparmağa da çalışdı. İsa Qəmbər hətta iclas keçirilən zala da hamıdan gec gələrək Rüstəm İbrahimbəyovu özünü gözləməyə məcbur etdi. Kinorejissor namizədin Gürcüstan paytaxtına gələnlərdən yalnız İsa Qəmbərlə təkbətək görüşməsi də təsadüfü hesab oluna bilməz. Belə görünür, artıq o da İsa Qəmbərdən çəkinməyə başlayıb və onun müəyyən tələbləri ilə razılaşmalı olduğunu başa düşür. Müsavat başqanın görüşdən sonra verdiyi açıqlamalar da onun aparılan müzakirələrdən çox razı qaldığını nümayiş etdirir. Bu da səbəbsiz deyil. Çünki İsa Qəmbər son vaxtlardakı addımları ilə müxalifət daxilindəki mübarizədə əzəli rəqibi AXCP sədri Əli Kərimlini tamamilə küncə sıxışdırmış oldu. Əslində isə bu görüş öncəsi AXCP sədri müxtəlif vasitələrdən istifadə etməklə İsa Qəmbərin namizədlikdən tam imtina etməməsini müxalifətə qarşı xəyanət kimi qiymətləndirir, hətta onun partiyasının Milli Şuradan çıxarılması çağırışları edilirdi. Cəbhə sədrinə yaxın şəxslər qeyd edirdilər ki, İsa Qəmbər dərhal namizəd olmayacağını bəyan etməlidir. Əli Kərimli Sülhəddin Əkbər vasitəsilə hazırda ABŞ-da məskunlaşan Milli Şuranın digər üzvü Rəsul Quliyevi də bu oyuna qatmışdı. O da mətbuata verdiyi açıqlamalarda Müsavat başqanını az qala təhqir edirdi. Amma Rüstəm İbrahimbəyov bütün bunları görməməzlikdən gələrək İsa Qəmbərlə ayrıca görüş keçirdi, hələ mətbuatın yazdığına görə ona müəyyən vədlər də verdi. Beləliklə də, Tbilisidə Əli Kərimli güclü bir zərbə almış oldu.
Rüstəm İbrahimbəyovla Söyün Sadıqovun arası dəydi
Milli Şuranın Gürcüstandakı toplantısının bir diqqət çəkən məqamı da təbii ki, görüş üçün erməni sahibkara məxsus otelin seçilməsi oldu. Gələn məlumatlara görə, Rüstəm İbrahimbəyov əvvəlcədən görüşün keçiriləcəyi “The Vere Palace” otelinin Söyün Sadıqoun dostu olan erməniyə məxsus olmasını bilməyib. O, bu barədə yalnız müxtəlif mətbuat orqanları yazandan sonra məlumatlanıb və çox pəjmürdə olub. Kinorejissor dərhal Söyün Sadıqova telefon açaraq bununla bağlı narazılığını çatdırıb və deyib ki, bu qərar görüşün bütün effektini zay edib. Rüstəm İbrahimbəyov öz yaxınları ilə söhbətində də bu addımın Milli Şuraya qarşı təxribat olduğunu dilə gətirib.
Rüstəm İbrahimbəyovun kefinə soğan doğradılar
Ümumiyyətlə, Gürcüstan paytaxtındakı görüş Rüstəm İbrahimbəyov üçün heç də xoş əhval-ruhiyyədə keçməyib. Aparılın müzakirələr, müzakirələrdə ona ünvanlanan suallar heç də xoş olmayıb. Düzdür, müzakirələrin sonunda kinorejissorun Bakıya gəlməməklə bağlı verdiyi qərar dəstəklənib, amma gələcəkdə onun Azərbaycana gəlişi ilə bağlı qərarın özü tərəfindən deyil, Milli Şura tərəfindən verilməsi razılaşdırılıb. Bu da o deməkdir ki, bundan sonra artıq Rüstəm İbrahimbəovun ipi öz əlində olmayacaq. Onun Bakıya gəlişi ilə bağlı qərarı özü deyil, Milli Şuradakı dostları verəcək. Başqa sözlə desək, daha Rüstəm müəllim bu gün Vaşinqtonda, sabah Brüsseldə, o biri gün Moskvada görüşüm var deyib, qayıdışını təxirə sala bilməyəcək. Sabah Milli Şura onun gəlişi ilə bağlı qərar qəbul etsə, əlini-qolunu yanına salıb gəlməli olacaq. Əgər gəlməsə, təşkilatda sarsılan nüfuzunu daha da itirəcək və bu, Milli Şuranın sonu demək olacaq.
Tbilisidəki müzakirələrdən sonra Rüstəm İbrahimbəyovun heç də xoş əhval-ruhiyyədə olmamasını onun jurnalistlər üçün keçirilən brifinqə qatılmaması, öz yerinə Eldar Namazovu göndərməsi də sübut edir. Düzdür, ola bilər ki, bu qərar onun jurnalistlərlə hər canlı dialoqda «quş buraxması» ilə bağlı olub. Amma şübhə yoxdur ki, Rüstəm İbrahimbəyovun jurnalistlərin qarşısına çaxmamasının əsas səbəbi yaxşı əhval-ruhiyyədə olmaması ilə bağlı idi.
Beləliklə, yaranışı kimi, fəaliyyəti də müəmmalı olan Milli Şuranın Tiflis sərgüzəştləri bu cür başa çatıb. Sıravi müxalifətçilər də bu görüşün nəticələrindən narazı qalıblar. Bunu müşahidə etmək üçün sosial şəbəkələrdəki yazışmalara kiçik bir göz gəzdirmək kifayət edir. Sıravi müxalifətçilər həm Tiflisdə qəti qərarların qəbul edilməməsinə, həm də toplantının erməni sahibkarın otelində keçirilməsinə etiraz edirlər. Bu narazılıqlar təbii ki, nəticəsiz qalmayacaq. Müxalifət partiyalarının liderləri ya qarşıdan gələn seçkilərlə bağlı qəti qərar verməli olacaqlar, ya da narazı elektoratın idarə edilməsindəki rollarını itirəcəklər. Başqa sözlə desək yaxın vaxtlarda müxalifət partiyalarından yeni yarpaq tökümünün başlayacağını proqnozlaşdırmaq olar.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər