• şənbə, 20 Aprel, 18:35
  • Baku Bakı 24°C

Milli Şuranın sonu elə belə də olmalıydı

10.12.13 11:06 1452
Milli Şuranın sonu elə belə də olmalıydı
Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsi Müsavat partiyasının kəskin narazılığına səbəb oldu. Həm Müsavat başqanı İsa Qəmbər, həm də icra aparatının rəhbəri Arif Hacılı elə sessiyada bu barədə mövqelərini açıqladılar. Bu isə qurumun fəxri sədri R.İbrahimbəyovun xoşuna getmədi. Kinorejissor Müsavat Partiyasının Milli Şuradan ayrılmasını qurumun fəaliyyətinə heç bir təsir etməyəcək hal kimi qələmə verdi.
Milli Şurada təmsil olunan tərəflər arasında davam edən qarşılıqlı ittihamlar, narazılıq barədə “Kaspi”yə münasibətini açıqlayan Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) sədri Hürrü Əliyev sırf seçkidə iştirak etmək, hakimiyyətə gəlmək, yaxud da xaricdən gələn sifarişləri yerinə yetirmək üçün qurulan birliklərin heç zaman uğurlu sonu olmadığını vurğulayıb. Qeyd edib ki, özünə belə missiya seçən birlik və təşkilatların hər hansı perspektivi, uğuru olmur: “Parlament seçkiləri öncəsi indiki radikal müxalifət Rəsulzadə-Elçibəy birliyi, ardınca İctimai Palata, prezident seçkiləri qabağı isə Milli Şura yaratmışdılar. Gəlin baxaq görək nəticə nə oldu? Arxasında ideoloji sistem dayanmayan, xalqın, dövlətin maraqlarını özündə ifadə etməyən bu qurumlar özünü doğrultmadı. Belə birlikləri yaradanlar bütün işlərini ancaq seçkiyə hesablayırlar. Rəsulzadə-Elçibəy birliyi yoxdur, İctimai Palatanın adı tutulmur, Milli Şura da öz tərəfdarlarını itirə-itirə gedir. Bu “təşkilatlanma”nı ortaya atanlar seçkidən-seçkiyə oturub düşünür, hər hansı birlik, qurum, şura yaradıb mübarizəyə qoşulurlar. Hələ yanvar ayında Milli Şura adlı birliyin yaranması, müxalifət partiyalarının burada təmsil olunması barədə müzakirələr gedərkən öz mövqeyimizi bildirmişdik. Qeyd etmişdik ki, bu birlik Rusiyanın sifarişi ilə yaranır. Məqsəd seçki öncəsi Azərbaycan dövlətinə, iqtidarına təzyiq göstərmək, müəyyən maraqları bu yolla təmin etdirməkdir. Onu da diqqətə çatdırmışdıq ki, AXCP və Müsavat partiyaları heç zaman eyni mövqedən çıxış etmir, bir-birinə güzəştə getmirlər. Əgər onlar Milli Şurada təmsil olunurlarsa, deməli, ortada hər iki tərəfi razı salan məqamlar var. Bu maraqlar isə liderlərin şəxsi mənafeyindən, maddi marağından o tərəfə getmirdi. Belə şərtlər müqabilində AXC və Müsavat partiyalarının Şurada təmsil olunması Azərbaycana, onun xalqına qarşı milli xəyanətdən başqa bir şey deyildi. Onlar o zaman hətta sifarişli birlikdə təmsil olunmağa da razı idilər. Yetər ki, mövcud iqtidara, dövlətə, dövlətçiliyə ziyan dəysin, hakimiyyət dəyişsin. Lakin gözləntilər özünü doğrultmadı, Milli Şura seçkilərdə biabırçı şəkildə məğlub oldu. Bu kimi səbəblərdən Milli Şura parçalanmağa başladı. AXC-Müsavat partiyaları və Eldar Namazov arasında narazılıq açıq müstəviyə keçdi, Lalə Şövkət bəyanat verərək bu qurumdan getdi, Rəsul Quliyev və onun yaxın ətrafı şuradan istefa verdi. İndi də Müsavat partiyası Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə etiraz edib şuradan ayrılmaq istəyir. Əslində Müsavat başqanı İsa Qəmbərin bu barədə bildirdiyi fikir yalnız bəhanədir. Buna qədər də Müsavat Milli Şuradan uzaqlaşmaq istəyirdi. Başqanın Milli Şuraya həmsədr seçilməməsi bu istəyi həyata keçirmək üçün gözəl fürsətə çevrildi”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirib ki, Milli Şura yaranandan bu günə kimi onun haqqında verilən proqnozlar özünü doğrultmaqdadır. O, Milli Şurada son baş verən hadisələrin də əvvəlcədən gözlənildiyini diqqətə çatdırıb: “Qeyd olunurdu ki, Milli Şura 1918-ci və 1990-cı illərdə yaradılan eyniadlı qurumların funksiyasını deyil, sadəcə adını götürüb imitasiya etməklə məşğuldur. O zaman səlahiyyətli şəxslər tərəfindən yaradılmış Milli Şura ilə indiki arasında heç bir bağlılıq yoxdur. Rusiyanın təsiri altında yaradılmış “Milyarderlər İttifaqı”nın üzvü, heç zaman siyasətlə, müxalifətçiliklə məşğul olmayan kinorejissor Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr təyin edilməsi də maraqlı məsələ idi. Əslində bununla radikal müxalifət liderləri Kremlin layihəsinə cəlb olunmuşdular. Milli Şurada ənənəvi müxalifətlə, sonradan müxalifətə gələnlər arasında ziddiyyət əvvəlcədən sezilməkdə idi. Bu, gec-tez kəskin şəkildə təzahür etməliydi, etdi də. Ən nəhayət, ana müxalifət olmaq uğrunda mübarizə aparan, bir-birinə güzəştə getməyən AXCP və Müsavat partiyaları arasındakı fikir ayrılığı, ciddi qarşıdurma açıq müstəviyə keçməkdəydi. Liderlər arasındakı qeyri-səmimi münasibət də diqqətdən yayınmırdı. Bütün bunlar Milli Şuranın sonuncu sessiyasında özünü göstərdi”.
T.Kərimli zamanla Lalə Şövkətin Milli Şuradan imtina etməsinə, Rəsul Quliyevin ifşaedici bəyanatlarına görə qurumdan uzaqlaşdırılmasına da toxunub. Deyib ki, Milli Şurada demokratik görüntü abu-havası yaratmaq istəyənlər alternativ fikrə qarşı dözümsüzdürlər. Partiya sədri Cəmil Həsənlinin şuraya sədr seçilməsinə də münasibət bildirib. Qeyd edib ki, bu, Milli Şuranı milliləşdirmək cəhdidir: “Rüstəm İbrahimbəyovun sədrlikdən uzaqlaşdırılması Milli Şuranı ideoloji əsasdan məhrum edirdi. Belə vəziyyətdə Müsavat başqanının, - “Xarici ölkəyə bağlılığı olan bir şəxsin Milli Şuraya fəxri sədr seçilməsi Müsavat Partiyasını məcbur edir ki, bu qurumda təmsil olunmaq məsələsinə yenidən baxsın” – fikirlər səsləndirməsi də qeyri səmimidir. Milli Şura yaranandan ictimai prosesləri fəal şəkildə izləyən hər kəs bilirdi ki, Rüstəm İbrahimbəyov həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Əgər İsa Qəmbər bunu bilmirdisə, siyasətçi kimi bu, onun yanlışıdır. Yox, əgər bilərəkdən buna gedirdisə, deməli, ortada müəyyən maraqlar olub. Müsavat başqanı söylədiklərində səmimi olsaydı, bu proseslər başlayanda belə mövqe bildirər, qurumda təmsil olunmazdı”.
T.Kərimlinin sözlərinə görə, Müsavat Partiyası, - “Bəlkə nə isə alınar” – xülyası ilə Milli Şuraya qoşulubmuş: “Onlar ehtimal edirdilər ki, Rusiyanın ciddi dəstəyi, Rüstəm İbrahimbəyov faktı Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Amma bütün bunlar olmadı. Belə halda Müsavatın addımı özünüsığorta cəhdlərindən başqa bir şey deyil. Seçkinin nəticələri elan olunandan sonra Müsavat Partiyası, eləcə də başqan İsa Qəmbər ciddi pərtlik yaşayırdı. Hətta iş o yerə çatmışdı ki, Rüstəm İbrahimbəyov Tiflisdə olanda nə İsa Qəmbər, nə digərləri onunla görüşmədilər. Arada olan konflikt hətta bu səviyyəyə çatacaq qədər ciddi idi. Milli Şuranın son sessiyasından qabaq baş vermiş daha bir hadisə də İsa Qəmbərin pərtliyini ikiqat eləmişdi. AXCP sədri Əli Kərimli müttəfiqləri ilə müzakirə aparmadan, əsasən də Müsavat başqanının xəbəri olmadan Rüstəm İbrahimbəyovla “separat” danışıqlar aparmışdı. Əli Kərimli Rüstəm İbrahimbəyova fəxri sədr olması barədə təklifini çatdırmışdı. Milli Şuranın taleyi ilə bağlı hər hansı məsələnin qurumun Müsavatdan olan üzvləri ilə razılaşdırılmaması açıq-aşkar saymamazlıq idi. Bu da İsa Qəmbərin şəxsiyyətinə, partiya maraqlarına toxundu”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər