• şənbə, 20 Aprel, 05:09
  • Baku Bakı 15°C

“Milli Şuranın reabilitasiya olunmaq imkanı yoxdur”

07.02.14 11:07 1303
“Milli Şuranın reabilitasiya olunmaq imkanı yoxdur”
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurasında baş verən son proseslər müttəfiqlər arasında münasibətləri yenidən gərginləşdirib. Qarşılıqlı ittihamlar nəticəsində Lalə Şövkət, Rəsul Quliyev, İsa Qəmbər, Eldar Namazov qurumu tərk edib, AXCP-Müsavat arasında açıq “savaş” başlayıb. Vəziyyəti normal məcrasına salmaq, Milli Şuranı dağılmaqdan qorumaq üçün Cəmil Həsənli AXCP liderinin təlimatı ilə Koordinasiya Şurası müəyyənləşdirib. Yeni tərkibdə ikinci iclasını keçirən Koordinasiya Şurasında isə qərara alınıb ki, Milli Şuranın Əsasnamə və Nizamnaməsində köklü dəyişikliklər olsun. Koordinasiya Şurasının üzvü Namizəd Səfərovun mətbuata açıqlamasından məlum olub ki, bu dəyişikliklərdən biri də qurum üzvlərinin sayının konkret rəqəmlə əks olunmamasıdır. Yəni, Milli Şura üzvlərinin sayının artırılması əsas hədəf olduğundan, kim istəsə qurumda təmsil oluna bilsin. Maraqlıdır, Koordinasiya Şurasının bu addımı Milli Şuranın özünü qoruyub saxlamasına nə dərəcədə təsir edəcək?
Bu barədə “Kaspi”yə açıqlama verən Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, Milli Şuranın bundan sonra hər hansı qərar qəbul etməklə nəyəsə nail olacağı, uğur qazanacağı şübhəli görünür. O, belə bir nailiyyəti görmədiyini ifadə edib: “Artıq Milli Şuraya daxil olan partiyaların böyük əksəriyyəti oranı tərk edib. Bu prezident seçkiləri ilə bağlı yaradılmış bir qurum idi. Bütün cəhdlərinə baxmayaraq uğursuzluğa düçar oldu. Bundan sonra isə orada ideologiyası bir-birinə zidd olan siyasi təşkilatlar olduğuna görə, onların konkret fəaliyyət istiqamətləri olmadığına görə hansısa uğur qazanmaları, ciddi nəticə ortaya qoymaları şübhəli görünür. Nizamnamə və Əsasnamədə dəyişiklik etməklə nəyə isə nail olunmur. Nizamnamə formal bir sənəddir. Dünənə qədər Milli Şura Müsavat və AXCP-nin razılığı ilə idarə olunurdu. Bu gün isə Müsavat orada yoxdur. Milli Şuranı indi idarə edən AXCP-dir. Belə şəraitdə Nizamnamədə nə yazılmasından asılı olmayaraq, AXCP-nin iradəsinə zidd mövqe ortaya qoyan istənilən şəxs və ya təşkilat oradan uzaqlaşdırıla bilər. Ona görə də Milli Şuranın Nizamnamə və Əsasnaməsində dəyişiklik etməyin heç bir əhəmiyyəti yoxdur”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli prezident seçkiləri öncəsi radikal müxalifət partiya və təşkilatlarının bir araya gəldiyi Milli Şura ilə XX əsrin əvvəllərindəki Milli Şuranın fəaliyyəti arasında böyük fərq olduğunu dilə gətirib. Bildirib ki, indiki Milli Şura özündən əvvəlkinin yalnız adını mənimsəmişdi: “Buna rəğmən, ən görkəmli şəxslər Milli Şuranı tərk ediblər. Lalə Şövkət, Rəsul Quliyev, İsa Qəmbər, Eldar Namazov və digərləri küsüb hərəsi bir tərəfə çəkilib. İndi Milli Şura həddən artıq zəifləmiş durumdadır. İndiki halda say məhdudiyyətinin qoyulmasının özü qeyri-ciddi addım olardı. Milli Şuranın bu gün ən böyük arzusu ondan ibarətdir ki, kim olursa-olsun vacib deyil, təki gəlsin, quruma üzv olsun. Bu qurum indi elə bir həddə deyil ki, keyfiyyət davası eləsin, mövqelərinə görə insanlar arasında seçim aparılsın və sair. Onlar əvvəllər görkəmli ziyalıları, siyasətçiləri, tanınmış partiya sədrlərini öz sıralarına cəlb etməyi planlaşdırmışdılar. Lakin bir-birini yola verməmək səbəbindən oradakı tanınmışlar Milli Şuradan uzaqlaşdı. İndi gör nə günə düşüblər ki, yalnız fiziki artım barədə düşünürlər. Bununla guya ki, qurumun hərəkətdə olduğu, yaşadığı rəyini formalaşdırırlar. Amma fakt budur ki, Milli Şura Prezident seçkiləri prosesində strateji məğlubiyyətə uğradı. Milli Şuranın “reabilitasiya” olunmaq imkanı yoxdur. Əsasnamə və Nizamnaməyə dəyişiklik etməklə qurumun xilas olunması mümkün deyil. Liderlərin öz aralarında müxalifətin ana partiyası olmaq uğrunda mübarizəsi milli şuranı tükədib. Hər partiya sədri digərinə o qədər iftiralar atdı, təhqir etdi, alçaltdı ki, özü lider olsun. Bu proseslər isə Milli Şuranı daxildən zəiflətdi, parçaladı. İndi də bu qurum Cəmil Həsənlinin timsalında yazıq günə qalıb. Ona görə də Nizamnamə və Əsasnaməyə hər hansı dəyişiklik Milli Şuraya süni nəfəs verə bilməz. Mahiyyətcə tükənən bu qurum formal olaraq adını yaşadır”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin isə Koordinasiya Şurasının son qərarlarına, - “Ölünün qıdığı gəlmir” – deyə münasibət bildirib. Qeyd edib ki, onlar min dəfə Nizamnamə və Əsasnaməni dəyişsələr də heç bir nəticə əldə olunmayacaq: “Məsələ burasındadır ki, Milli Şura nə idi? Guya, Azərbaycandakı müxalifət qüvvələrinin birliyi. 9 partiya, 100-ə yaxın qeyri-hökumət təşkilatı oraya üzv olmuşdu. Ora qəbul olmaq çox sadə idi. Sonda baxıb gördülər, heç nə alınmır. Çünki, sıfırın üstünə sıfır gələndə nəticə yenə də sıfır olur. İndi isə ayrı cür qərara gəliblər. Anlamırlar ki, nəticə yenə də sıfır olacaq. Əgər bundan sonra kim istəsə Milli Şuraya daxil ola bilərsə belə, o qurumdan keyfiyyət gözləməyin özü mənasızdır. Təsəvvür edin, fərd də, partiya da ora daxil ola biləcək. Bu zaman partiyanın bir, fərdin də bir səsi olacaq. Belə olan halda partiya özünü buraxıb fərdlər şəklində ora üzv olacaqmı? Axı, hər bir partiyanın öz Nizamnaməsi, Məramnaməsi var. Digər tərəfdən, birliklərə, bloklara müəyyən seçki kampaniyası dövründə daxil olurlar. Bunlar əvvəlki parlament və prezident seçkilərində birləşib hansı nailiyyətə imza atıblar ki, indi də o təcrübəni əldə əsas tutub seçkilərə getsinlər? Bir sözlə, Milli Şurada hansısa hadisənin baş verməsinin, qərar qəbul edilməsinin heç bir mənası yoxdur. Milli Şura ölüb”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər