• cümə, 26 Aprel, 00:39
  • Baku Bakı 16°C

Milli Şuranın dini riyakarlığı narazılıq doğurub

22.09.16 12:37 1019
Milli Şuranın dini riyakarlığı narazılıq doğurub
Milli Şuranın növbəti mitinq qərarı, daha doğrusu, ona qeyri-ciddi yanaşaraq gah keçirəcəklərini elan etmələri, gah da belə bir qərar qəbul etmədiklərini söyləmələri ilə yanaşı, 17 sentyabr mitinqi barədə də tənqidi fikirlər səsləndirilməkdə davam edir. Belə ki, onların mitinqdə dindarlardan istifadə etmələri pis qarşılanıb və bu məqam müzakirə mövzusuna çevrilib. Maraqlıdır ki, onları tənqid edənlərin əksəriyyəti elə müxalif cameədən olan şəxslərdir. Bu dəfə isə D-18 Hərəkatının rəhbəri Ruslan İzzətli bu barədə danışıb və Milli Şuranın dindən siyasi alət kimi istifadə etməsini pisləyib. O, ölkə.az-a açıqlamasında qeyd edib ki, onların mitinqlərində dini şüarların səsləndirilməsi, "Allahu-əkbər” şüarları adi hal alıb: "Biz siyasətdə ideologiya fərqi qoymadan, hər kəsin pozulan hüququnu müdafiə etməliyik. İnsanları dindarlığına, solçuluğuna, millətçiliyinə görə qruplaşdırmamalıyıq. Özümüzün isə siyasətdə qırmızı xətlərimiz olmalıdır. Bir dindarın haqqı pozulursa, hicab, məscid problemi varsa, biz onları müdafiə etməliyik. Ancaq kütlə yanımıza gəlsin, çoxlu sayda tərəfdaş yığmaq xətrinə dindən istifadə etməməliyik”.
R.İzzətli əminliklə vurğulayıb ki, din dövlətdən ayrı olmalıdır və dünyəviliyin əsas qırmızı xətti də elə məhz budur: "Biz müqəddəs dinimizi siyasi alət kimi istifadə etməməliyik. Bu gün kimlərəsə bu xoş gələ bilər, bundan kimlərsə yararlana bilər, amma istəmirəm ki, sabah Azərbaycan da siyasi İslamın alətinə çevrilsin".
Göründüyü kimi, Milli Şuranın mitinqinə dindar kəsimi cəlb etməsi, onlardan öz məqsədləri üçün istifadə etmək istəməsi ictimaiyyətdə əməlli-başlı qıcıq yaradıb və öz həmfikirləri olan digər müxalif təşkilatlar da bu fakta susqunluqla yanaşı bilməyib kəskin mövqələrini açıqlayırlar.
Sözügedən şəxs bu barədə öz Facebook profilində də status yazıb fikirlərini bölüşüb. Bildirib ki, 18 sentyabr mitinqi həm də onu göstərdi ki, kimlərəsə xoş gəlməsə də, dünyəvilik önəmlidir: "Cümhuriyyətçilər meydana insan toplamaq üçün "Allahu Əkbər” deyə bilməz. Çünki müqəddəs dinimizi siyasi alət edə bilmərik”.
Bu statusa rəy yazan Aynur İmranadlı şəxs də ona dəstək çıxıb. Bildirib ki, din siyasətdən uzaq tutulmalıdır. Digər bir neçə şəxs də bu haqda fikir bildiriblər. Belə məqamda təbii bir hal baş verib və həmişəki kimi cəbhəçilər statusa hücum çəkiblər. R.İzzətli onların aqressiv rəylərinə bu cür cavab verib:"Axı nə zamana qədər normal müzakirə apara bilməyəcəyik. Mən normal fikrimi yazıram. Kimlərsə bunu bölücülüyə aparırsa, demək, düşüncə problemi var”.
Ceyhun Nəbi adlı istifadəçi də R.İzzətlini dəstəkləyib və onun doğru dediyini qeyd edib: "Bəy, doğru deyirsiniz, gərək sona qədər bu fikri müdafiə edək. Meydanı dini qruplara, insanların hisslərini siyasətə alət edənlərə vermək lazım deyil”.
Vüqar Mirzəyev yazıb ki,Milli Şuranın mitinqində dindarların çoxluq təşkil etməsi, dini şüarların səslənməsi, radikal şiələrə yarınmaq cəhdləri açıq-aydın görünürdü – deməli, məqsəd onların hesabına aksiyanın kütləviliyini təmin etmək olub, çünki başqa yolla adam yığa bilmirlər.
Aynur Əsgərova-Məmmədovanın şərhi də bu yöndədir: "Ruslan bəy, tamamilə haqlısınız. Mən Milli Şuranın mitinqində dindarların nə qədər çox olduğunun şahidiyəm. Bu isə ona əsas gətirir ki, özlərinin mitinqə adam yığmağa qüvvəsi yoxdur. Buna görə də dindarlardan istifadə edirlər”.
Kamilə Əliyevanın rəyi isə daha ironik olub:"Əlbəttə, dünyəvilik önəmlidir. Məsləhət görərdim ki, növbəti mitinqdə Əli Kərimli başına molla papağı qoyub, moizə də oxusun. O zaman daha maraqlı olar”.
Ayla Həşimova yazıb: "Ruslan, dedikləriniz tamamilə doğrudur, həqiqətdir. Əgər Milli Şuranın mitinqində dindarlar olmasaydı, çox az adam olacaqdı. Demək ki, AXCP artıq mitinqlərinə adam toplaya bilmir. İnsanların onlara inamı qalmayıb. Milli Şurada təmsil olunanların çoxu bir vaxt bu hakimiyyətə tərif yağdıranlar olublar.
Sabir Hüseynovbildirib ki, cəbhəçilərin Ruslan bəyi təklədikləri rəylərdən görünür: "Qənimət Zahid də şərhdə qeyd edib ki, "Din siyasətə müdaxilə etməməlidir, tamamilə razıyam". Bəs mitinqdə həbsdə olan Hacı Talehin müraciətini niyə oxuyurlar? İndi desinlər görək, Hacı Taleh dindardır, ya siyasətçi?”
Göründüyü kimi, demək olar hər kəs Milli Şuranın dindarlardan istifadə etdiyini, onların vasitəsilə meydana adam topladıqlarını başa düşüb. Onlar bu fikirlərini müxtəlif müzakirələr zamanı qeyd edirlər. Bu yerdə "xalqın gözü tərəzidir” misalı yerinə düşür və xalqın Milli Şuranı niyə dəstəkləmədiyi bir daha aydın olur.
H.Əsgər
banner

Oxşar Xəbərlər