AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli Şuranı «Titanik» gəmisinə bənzədirəm - Müsahibə

Milli Şuranı «Titanik» gəmisinə bənzədirəm - Müsahibə

Müsahibə
06 İyun 2013, 09:45 1645
Özlərini demokratik qüvvələr kimi qələmə verən bir qrup şəxs tərəfindən Milli Şuranın yaradılması, lakin sözügedən qurumun tərkibinin və nizamnaməsinin bəlli olmaması, Müsavat partiyası daxilində sözügedən təşkilat barədə fikir ayrılıqları, Şuranın xarici təsir altında formalaşması və sairlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

- Əli bəy, mayın 28-də Milli Şura elan edilsə də bu günə kimi nə tərkibi, nə də nizamnaməsi razılaşdırılmayıb. İstərdim bir qrup müxalifət təmsilçisi tərəfindən təsis edilən bu qurum barədə fikirlərinizi bildirəsiniz.

- Mən ilk gündən bu quruma münasibətimi bildirmişəm. Milli Şuraya Azərbaycanda Rusiya planlarının həyata keçirilməsi layihəsi kimi baxıram. Bugünkü mətbuat vasitəsi ilə elan olunmuş tərkibin hamısını Rusiya layihəsinin icraçıları elan etmək səhv olardı. Ancaq konkret olaraq bu layihənin müəllifi var. Həmin müəllif də kinorejissor Rüstəm İbrahimbəyovdur. Müəllifin özünün mətbuata bildirdiyinə görə, o, Azərbaycandakı seçkiöncəsi Kreml tərəfindən Moskvada yaradılmış “Milyarderlər ittifaqı”nın ölkəmiz üzrə koordinatoru elan edilmiş şəxsdir. “Milyarderlər ittifaqı” da Rusiyanın yeni SSRİ layihəsinin tərkib hissəsidir. Yəni, heç bir keçmiş SSRİ respublikası üçün yaradılmış belə bir qurum mövcud deyil. Amma Azərbaycan rəsmi Kreml maraqları üçün xüsusi önəm kəsb edir. Ona görə də Azərbaycanda siyasi proseslərə təsir etmək üçün belə bir ittifaq yaradılıb və Rusiyadakı azərbaycanlı milyarderləri bir araya gətiriblər. Əslində onlar milyarderlər deyil, Rusiya siyasətinin tərkib hissəsi olan oliqarxlardır. Onlar bir qayda olaraq hakimiyyətlə daim təmasda və əlaqədə olurlar. Ona görə də onlar bu qurumda cəmləşdirilərək, Azərbaycandakı siyasi proseslərə təsir etmək üçün təşkilatlandırılıblar. Onların da təsiri yalnız maddi nöqteyi-nəzərdən hansısa layihəni canlandırmaq ola bilər. Rüstəm İbrahimbəyov da həmin qurumun Azərbaycan üzrə koordinatoru elan edib özünü və bu fəaliyyətdə bulunmaqdadır. Bir halda ki, layihənin müəllifi, ilham vericiləri Moskvada əyləşiblər, həmçinin layihənin həyata keçirilməsi üçün vəsait ayıranlar da Moskvadadır, Rusiya siyasətinə qulluq edən Azərbaycan əsilli insanlardır, mənim fikrimcə, o layihənin məqsədi yalnız Rusiyanın planlarına uyğun ola bilər. Bu layihə Azərbaycanı Avrasiya İttifaqına sürükləmək üçün təşkil olunub, həyata keçirilir. Bir neçə partiyalar da bekarçılıqdan, proseslərdən kənarda qalmamaqdan, bəziləri hakimiyyətdən heyf almaqdan və ya nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməkdən ötrü bu layihəyə dəstək verirlər. Bizim partiya isə ilk gündən Milli Şuranı Azərbaycan maraqlarına zidd layihə elan etmişik. Buna qarşı demək olar ki, mübarizə aparmışıq, sona kimi də aparacağıq. Bu məsələnin belə qoyuluşunda da bizim heç bir şəxsi marağımız yoxdur. Nə Rüstəm İbrahimbəyovla, nə də onun digər əlaltıları ilə şəxsi ədavət aparmırıq. Sırf siyasi mövqeyimizdən irəli gələn bir platforma sərgiləyirik. Bu platforma da Azərbaycanın milli-maraqlarının qorunmasına yönəlib. Kim Azərbaycanın dövlət suverenliyini, müstəqilliyini təhdid altına salmaq cəhdləri göstərəcəksə, o bizim siyasi düşmənimizdir. Siyasi rəqabət şəraitində biz onu qüvvədən, sıradan çıxarmaq istiqamətində fəaliyyət göstərəcəyik.

- Sizin kimi bir çox siyasilər də Rüstəm İbrahimbəyovun və onun təsis etdiyi Milli Şuranın Rusiyanın təsiri altında olduğunu bildirirlər. Amma qarşı tərəf bu iddiaları inkar edir, bəzi müxalifət partiyalarının da bu birlikdə təmsil olunduğunu əsas gətirərək, yeni təşkilatın Azərbaycanın milli maraqlarına xidmət etdiyini söyləyirlər.

- Mənə qəribə görünərdi ki, əgər, həmin partiyanın rəhbərləri, - “Biz Rusiyanın maraqlarına xidmət edirik və o layihədə iştirak edirik” – kimi fikirlər səsləndirəydilər. Təbii ki, onlar elə deyəcəklər, öz mövqelərini elə ifadə edəcəklər, Milli Şurada başqa dövlətin iştirakçı olmadığını cəmiyyətə çatdırmağa çalışacaqlar. Amma bu yanlışdır. Mən müəllif haqqında, layihənin mahiyyəti haqqında dedim, kimin hansı marağa xidmət etməsi haqqında olan siyasi spektri göstərdim. Bir daha təkrar edirəm ki, kimsə vəziyyətin çıxılmazlığından, hakimiyyətdən, ayrı-ayrı onun fərdlərindən, təmsilçilərindən heyf almaq üçün, yaxud pul qazanmaq üçün bu işə qoşulub. Təəssüf olsun ki, uzun illər Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparmış şəxslər və siyasi təşkilatlar da bu avantüraya qoşulublar. Mənim mövqeyim Rusiyanın əleyhinə deyil. Biz partiya olaraq Rusiya ilə sırf təmaslarının qurulmasının tərəfdarıyıq. Azərbaycan dövlətinin Şimal qonşusunun böyük iqtisadi potensiala malik olmasının biz də fərqindəyik. Orada olan azərbaycanlı miqrantlar barədə bizim də məlumatımız var. Sadəcə biz istəmirik ki, Azərbaycanın dövlət maraqları ziyan alsın. Heç vaxt unutmaq lazım deyil ki, Rusiya son 20 ildə Azərbaycana yönəlik çox səhv siyasət yürüdüb. Xocalı faciəsini biz yenidən yaşamaq istəmirik. Qarabağın işğalını biz yenidən istəmirik. 20 Yanvarda Bakıda törədilmiş böhranı heç kəs unutmamalıdır. Bunların hamısının müəllifi Rusiya Federasiyasıdır. Bu günlərdə həmin dövlətin başında duran şəxslərin daxilində yeni “velikorus” şovinizmi baş qaldırıb.

Gizlətmədən, açıq surətdə bu dövlət xadimləri yenidən SSRİ-nin bərpası haqqında bəyanatlar verirlər. Məsələn, ötən həftə Dumadakı fraksiya rəhbərlərindən biri açıq surətdə Rusiya televiziya kanalı vasitəsilə - “Mən SSRİ-də yaşamaq istəyirəm” - bəyanatı ilə çıxış edib. Başqa bir fraksiya rəhbəri Gennadi Züqanov Bakıda Gülüstan sarayında çıxışı zamanı Avrasiya Birliyinin bərpa olunmasının zəruriliyi, bu birliyin yeni SSRİ layihəsi olması barədə fikirlər səsləndirib. Rusiya prezidenti Vladimir Putin isə hakimiyyətə gələn gündən SSRİ-nin himnini bərpa etməklə, öz siyasi ambisiyalarını ortaya qoyub. Hazırda Rusiya Federasiyasının rəhbərliyində təmsil olunan şəxslərin hamısı SSRİ-nin bərpası istiqamətində vahid komanda kimi fəaliyyət göstərirlər. bütün bunların fonunda, Azərbaycanın siyasətçilərinin bu cür özlərini korluğa və karlığa vurmaları, sadəcə olaraq biabırçılıqdır. Bunlar Azərbaycan ictimaiyyətini aldatmağa cəhd edirlər.

- Müsavat başqanı İsa Qəmbər Milli Şurada təmsil olunsa da, partiyanın icra aparatının rəhbəri Arif Hacılı mətbuata verdiyi son açıqlamasında, dolayısı yolla bu quruma qoşulmayacağını bildirib. Sizcə, Müsavat daxilində Milli Şura barədə fikir ayrılığının yaranmasına səbəb nədir?

- Mənim bu məsələyə özəl münasibətim var. Cənab Qəmbər mənim müxalifətdə çox ciddi rəqibimdir. Onunla prinsipial mübarizə apardığım qədər ikinci bir müxalifət lideri yoxdur. Mənim fikrimcə, bu prosesdə İsa Qəmbər ictimai rəyin əsiridir. İsa Qəmbər Rusiya layihəsinə qarşı çıxaraq yeni yaranan qurumun Avropa istiqamətində olması haqqında bəyanat verib. Bu onun siyasi yetkinliyindən xəbər verir. Hesab edirəm ki, İsa Qəmbər son anda bu ictimai rəyin əsarətindən çıxacaq. Təkcə o deyil, İsa Qəmbərin ən yaxın silahdaşları, o cümlədən Arif Hacılı, Pənah Hüseyn də Milli Şuranın haqqında, onun siyahısı barədə birmənalı söz demirlər. Mənə elə gəlir ki, Pənah Hüseyn də Milli Şuraya qoşulmamaq potensialını qoruyub saxlayır. Ən maraqlı məsələlərdən biri isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun mövqeyidir. Yadınızdadırsa, o İctimai Palatanın Koordinasiya Şurasının üzvü idi. O, da Milli Şuraya üzv olub-olmaması barədə hələlik susur. Məndə olan məlumatlara görə, Rauf Arifoğlu ümumiyyətcə, Milli Şuraya qoşulmayacaq. Təbii ki, bu siyasətçilər Azərbaycan siyasətinin üst qatında yer almış adamlardır. Bunların Milli Şura layihəsinə şübhə ilə baxması bizim dediklərimizin dolayısı ilə təsdiqidir. Üç aya yaxın müddətdir ki, Milli Şura layihəsinə qarşı mübarizə aparırıq və sonda bizə Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Ümid Partiyası, indi isə dolayısı ilə Müsavat Partiyası dəstək verməkdədir. İnanırıq ki, bizim dəstəkləyənlərin sayı daha da artacaq. Azərbaycan xalqı yenidən Azərbaycan dövlətinin boyunduruğa düşməsinə heç bir halda razılıq verə bilməz. Bu yolda Azərbaycan xalqı xeyli işlər görüb, xeyli itkilərimiz olub. Yenə də deyirəm, biz Rusiyaya qarşı daxilimizdə heç bir nifrət, mənfi hiss yaşatmadan, yalnız qonşuluq münasibətlərinin davam etdirilməsində, daha da inkişaf etdirilməsində maraqlıyıq. Rusiya ilə yaxın münasibətlərdə olmağı, bütün sahələr üzrə tərəfdaşlıq etməyi vacib sayırıq. Lakin Rusiyanın yeni imperiya ambisiyaları baş qaldırdığı üçün Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onun bütün vətəndaşlarının, xüsusilə önə çıxmış siyasətçilərinin əsas vəzifəsidir.

- Sizin də bildiyiniz kimi AXCP və Müsavat İctimai Palatada bir araya gəlsə də vahid namizədin müəyyənləşdirilməsində ortaq mövqedən çıxış edə bilmədilər. Vahid namizəd olmaq üçün açıq rəqabət aparan AXCP və Müsavatın Milli Şura daxilində müxalifətin birliyi üçün fəaliyyət göstərəcəyi nə dərəcədə realdır?

- Mənim fikrimcə, siyahının açıqlanmaması, təsisatın yubanması, proseslərin hətta çox məxfi saxlanmasının səbəbi, məhz vahid namizəd məsələsində razılığa gəlinməməsidir. Vahid namizəd məsələsi çox mürəkkəb məsələdir. Əminəm ki, hörmətli İsa Qəmbər bu seçkilərə namizəd qismində qatılacaq. Onu da bilirəm ki, Milli Şuranın əsas kütləsi İsa Qəmbərin həmin qurumdan namizəd olmamasını istəyir. Çox güman ki, İsa bəy öz partiyasının namizədi olacaq və mənə bu seçkilərdə ciddi rəqib olacaq. Mən Milli Şuranın vahid namizəd məsələsində razılığa gəlinməməsi qənaətindəyəm. Hesab edirəm ki, Milli Şurada bir neçə adam daxilində ciddi iddialar daşıyır. Daha sonrakı hadisələrin gedişatı zamanı onlar seçkilərə namizəd qismində qatıla bilərlər. Amma, ola bilər ki, bu gün təsisatda adları çəkilən bir qisim partiyalar müəyyən bir şəxsin üzərində, bu qeyri-fəal adam da ola bilər, - vahid namizəd məsələsində razılığa gəlsinlər. Ancaq bu, vahid namizəd olmayacaq, ümumi namizəd olacaq. Vahid namizəd müxalifət kəsiminin əsas qüvvələrini özündə əhatə etməlidir. Hətta bu gün Milli Şura elan olunmuş tərkibdə hər hansı bir namizəd üzərində dayansa belə, bu müxalifətin vahid namizədi olmayacaq. Bu Milli Şurada təmsil olunmuş müxalifət partiyalarının ümumi namizədi olacaq. Çünki müxalifəti təmsil edən bir sıra partiyalar, o cümlədən biz də bu seçkilərə namizəd kimi qatılmaq niyyətindəyik. Bizimlə Milli Şuranın, hakimiyyətin seçki namizədləri arasında ciddi rəqabətimiz olacaq.

- Ümumiyyətlə, seçkilərdə Milli Şuranın uğur qazanma şansı necədir?

- Milli Şuranı mən “Titanik” gəmisinə bənzədirəm. Bu səbəbdən Milli Şuranı da “Titanik”in aqibəti gözləyir. Rüstəm İbrahimbəyova gəlincə, o, kinorejissordur, fantaziya ilə yaşayan şəxsdir. Onun yeni layihəsi sayılan Milli Şuranın uğur qazanacağına, nəticə verəcəyinə inanmıram. Necə ki, Milli Şuranın əsasını və nüvəsini təşkil edən siyasi partiyalar cəmiyyətə İctimai Palatanın uğur qazanacağı barədə 3 ildir yalan məlumatlar verirdilər, indi də bu yalanlar tamamilə yeni formada, yeni siyasətdə təzahür edir. Əlbəttə ki, bunun da heç bir nəticəsi ola bilməz. Özləri də bilirlər ki, Azərbaycanın daxilində və onun ətrafında gedən proseslər hansı istiqamətdə gedir. Onlar beynəlxalq aləmin də bu məsələyə münasibətini gözəl bilirlər. Azərbaycan cəmiyyətinin psixoloji durumu barədə, siyasi simpatiyaları barədə məlumatlıdırlar. Bu səbəbdən hesab edirəm ki, onlar yanlış yol seçiblər. Müxalifəti bir araya gətirmək, narazı elektoratı onun ətrafında toplamaq əvəzinə, müxalifət daxilindəki bir-iki nəfər separatçının istəyi ilə bir qurum formalaşdırıblar. Təəssüflər olsun ki, bu qurumun da maliyyə dəstəyi Azərbaycandan kənardadır və mən deyən istiqamətdən gəlir. Çox böyük ehtimal ki, onun maliyyə dayağı olan qaynaqlar heç bir halda Azərbaycan maraqlarına xidmət edə bilməz. Belə olan halda, təbii olaraq Azərbaycan xalqı da həmin layihəyə dəstək verə bilməz.

Rufik İSMAYILOV