AZE | RUS | ENG |

Milli Şuradakı liderlər gözlərini Rüstəm İbrahimbəyovun ağzına dikiblər

Milli Şuradakı liderlər gözlərini Rüstəm İbrahimbəyovun ağzına dikiblər
Sərdar Cəlaloğlu: “Onlar elə bilirlər ki, Cəmil Həsənli günah keçisi kimi Milli Şuranın bütün uğursuzluqlarını öz üzərinə götürəcək”


Milli Şuranın ötən həftə keçirilən iclasında müxalifət liderləri ehtiyat namizədin seçilməsini yenidən müzakirəyə çıxardılar. Bu məqsədlə davam edən fikir mübadiləsinə Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun toplantı iştirakçılarına ünvanladığı məktub son qoydu. Müxalifətin vahid namizədi Azərbaycana gələ bilmədiyini qeyd edərək, ehtiyat namizəd postuna tarixçi-alim Cəmil Həsənlini daha uyğun gördü və hamını onu dəstəkləməyə çağırdı. Milli Şuranın 75 üzvünün iştirak etdiyi həmin toplantıda təklif səsə qoyularaq qəbul olundu. Bununla da C.Həsənli müxalifətin ehtiyat namizədi oldu. Müxalifət düşərgəsində baş verən son proseslər, o cümlədən Eldar Namazov və Əli Kərimlinin Azərbaycanda Suriya hadisələrini təkrarlamaq planı, Müsavat başqanının namizədliyinin C.Həsənliyə görə geri götürülməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır. - Sərdar bəy, Milli Şuranın ehtiyat namizədi tarixçi alim Cəmil Həsənli oldu. Qarşıdan gələn prezident seçkilərində Siz onu müxalifət üçün nə dərəcədə şanslı namizəd hesab edirsiniz? - Mən əvvəlcədən düşünmürdüm ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəyir, lakin bu məqsədini reallaşdıra bilmir. Çünki Milli Şuranın real olaraq gələcək prezident seçkilərində iştirak edəcəyinə inanmırdım. Belə bir qənaətə gəlmək üçün əsas isə Milli Şurada təmsil olunan liderlərin bir-birinin ardınca müxtəlif bəyanatlar verməsi, fikirlər səsləndirməsi idi. Əslində, bütün bunlar Rusiyanın Azərbaycanda müəyyən siyasəti həyata keçirmək üçün Milli Şuraya verəcəyi dəstəklə bağlı idi. Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri zamanı hər iki dövlət arasında bir sıra sazişlərin imzalanmasından, qarşılıqlı fikir mübadiləsinin aparılmasından sonra artıq rəsmi Moskva Milli Şuradan yararlanaraq Azərbaycana təsir etmək istəyindən daşındı. Bununla da Milli Şura faktiki olaraq, ictimai-siyasi əhəmiyyətini itirdi. Əsl həqiqətdə Milli Şura bərabər idi Rüstəm İbrahimbəyova. Bu məntiqlə, əgər Rüstəm İbrahimbəyov seçkilərə qatılmırdısa, dərhal qurum özünü buraxmalı idi. Milli Şuraya daxil olan qüvvələr də ayrı-ayrılıqda seçkiyə qatılmalıydı. Amma biz tamamilə fərqli mənzərənin şahidi olduq. Rüstəm İbrahimbəyov uzun müddət qurumda təmsil olunanları, xüsusən də müxalifət liderlərini aldatdı. Hər dəfə müxtəlif bəhanələr gətirməklə, Azərbaycana səfər edəcəyi günün vaxtını uzatdı. Sonda da aydın oldu ki, onun ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi var və onun bu problemlərdən azad olması üçün 2014-cü ilin birinci rübünə kimi gözləmək lazımdır. Bu isə faktiki olaraq, prezident seçkilərinə qatılmamaq demək idi. Təəssüf ki, oradakı siyasi partiyalar bu həqiqəti gec başa düşdülər. Ona görə də qarşıdan gələn prezident seçkilərində özlərini sığortalamaq, gözlənilən məğlubiyyətdən canlarını qurtarmaq, uğursuzluqların günahını kiminsə üzərinə yıxmaq məqsədilə tarixçi alim Cəmil Həsənlinin üzərində dayandılar. Bununla hesab edirlər ki, guya Cəmil Həsənli günah keçisi kimi Milli Şuranın bütün uğursuzluqlarını öz üzərinə götürəcək. - Müsavat başqanının namizədliyi Cəmil Həsənliyə görə geri götürülsə də, hal-hazırda Milli Şurada təmsil olunan KXCP öz sədri Mirmahmud Mirəlioğlu ilə bağlı belə bir addım atmayıb. Sizcə, bu nə ilə əlaqədardır? - Milli Şuranın ehtiyat namizədi Cəmil Həsənli neytral adam deyil. O, AXCP-yə daha yaxın olan şəxs kimi KXCP sədri Mirmahmud Mirəlioğluna çox uzaqdır. Onu da xatırlamaq yerinə düşər ki, AXCP ilə KXCP arasında müəyyən problemlər hələ də qalmaqdadır. Bu səbəbdən Mirmahmud bəyin namizədliyi hələlik geri götürülməyib. - 2009-cu ildə Ziyalılar Forumu yaradılanda bu qurumun üzvləri, o cümlədən Rüstəm İbrahimbəyov, Eldar Namazov və Cəmil Həsənli siyasətə qarışmayacaqları barədə müxtəlif fikirlər səsləndirirdilər. İndi isə R.İbrahimbəyov vahid, C.Həsənli isə ehtiyat namizəd olub. Belə olan halda, onları nə dərəcədə səmimi insan kimi xarakterizə etmək olar? - Hadisələrə bir qədər geniş yanaşsaq görərik ki, Azərbaycan Ziyalılar Forumu, Rusiyadakı “Milyarderlər İttifaqı”, Milli Şura eyni planın ayrı-ayrı hissələridir. Milli Şura yaradılmazdan əvvəl də bur qurumun siyasətdən kənar olacağı, Rüstəm İbrahimbəyovun siyasi proseslərə qarışmayacağı bildirilirdi. Lakin sonrakı hadisələr tamamilə fərqli mənzərəni ortaya qoydu. Belə bir sual yaranır, bu Milli Şura hansı xüsusi xidmətləri ortaya qoydu ki, birdən-birə cəmiyyətin diqqətini cəlb etdi? Necə oldu ki, Milli Şura qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycandakı siyasi qüvvələrin böyük əksəriyyətini öz ətrafında toplaya bildi? Hər iki sualın yeganə cavabı budur ki, Milli Şura, Ziyalılar Forumu, “Milyarderlər İttifaqı” Rüstəm ibrahimbəyov simasında bir-biri ilə əlaqəli, 3 müxtəlif profilli təşkilat idi. Düzdür, bu təşkilatlarda baş verən siyasi oyunlardan xəbərsiz olanlar da var. Amma Rüstəm İbrahimbəyov və Eldar Namazov kimi insanlar qabaqcadan hansı oyunun tərkib hissəsi olduqlarını bilməmiş deyildilər. - “EL” Hərəkatı Ali Məclis sədrinin müavini Əflan İbrahimov bu günlərdə mətbuata açıqlama verərək, Eldar Namazov və AXCP sədri Əli Kərimlinin Azərbaycanda xaos yaratmaq, iğtişaşlar törətmək, Suriya olaylarını burada təkrarlamaq istəklərinin olduğunu bildirib. Sizin baş verənlərə münasibətiniz necədir? - Milli Şura yaranarkən oradakı həmtəsisçilər bəyan edirdilər ki, quruma daxil olunanlar Azərbaycan xalqının ən layiqli adamları, seçmə insanlardırlar. Onlar həm bu şəxslərin, həm də bütövlükdə Milli Şuranın əleyhinə fikir söyləyənləri hökumətin adamları kimi qələmə verirdilər. Bildirirdilər ki, Milli Şura haqqında deyilən fikirlərin heç bir əsası yoxdur. İndi isə aydın olur ki, Milli Şuranın öz daxilindəki qüvvələr və adamlar, “hökumətin təsiri altındadır” – deyib damğa vurulan bəzi şəxslərdən daha ağır ittihamlarla qurumu ittiham edirlər. Əflan İbrahimova gəlincə, mən onun söylədiklərinə o qədər də ciddi yanaşmıram. Çünki Milli Şura müstəqil bir təşkilat olmadığına görə, onun sərbəst fəaliyyəti mümkünsüzdür. Milli Şuranın hər hansı hərəkəti və ya hərəkətləri Moskvada müəyyən edilir. Yadınızdadırsa, Milli Şurayla bağlı hər hansı məsələ müzakirə olunan zaman qəti qərar qəbul etməzdən əvvəl Eldar Namazov dərhal Moskvaya gedir, orada Rüstəm İbrahimbəyovla məsləhətləşmə aparır, ondan sonra mətbuata açıqlama verilirdi. Bu mənada, əgər Milli Şura sərbəst bir qurum olsaydı, orada Əli Kərimli, Eldar Namazov və başqaları çıxış edib nə isə deyə bilərdi. Hazırda isə orada elə bir demokratik ab-hava yoxdur ki, kim nə istəyir dilinə gətirsin. Milli Şuradakı bütün liderlər gözlərini Rüstəm İbrahimbəyovun ağzına dikiblər. Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815