• cümə, 29 Mart, 12:57
  • Baku Bakı 14°C

Milli Şurada kölgə döyüşü

23.08.13 09:07 1510
Milli Şurada kölgə döyüşü
Müxalifətimizin seçkiqabağı siyasi "təlim-məşq" toplantıları mənə, tələbəlik illərində boksla məşğul olduğum "Ehtiyat əmək qüvvələri idman cəmiyyətinin" boks zalını xatırladır. Yığışırlar, komanda kimi məşqə başlamaq qərarı alırlar və başlayırlar kölgə döyüşünə (boksla məşğul olmağa başlayanların ən bezikdirici məşğuliyyəti kölgə döyüşüdür. Zərbələrin düz və sərrast olması üçün illərlə boksçular havanı yumruqlayırlar). Nizam-intizamsız, hərə bir tərəfdə özünü əsfanəvi Məhəmməd Əlinin yerində hiss edərək başlayır yumruq atmağa. Amma birincilik, "siyasi mübarizənin" sirlərinə daha dərindən yiyələnmək həvəsi müxalifləri o qədər vəcdə gətirir ki, arada yumruqları bir-birinə dəyir, kölgə yerinə bir-birlərini döyəcləyirlər.
Milli Şuraya daxil olan siyasi partiyaların rəhbərlərinin dünənki yığıncağından sonra "El" hərəkatının və İctimai Palatanın ayrılıqda görüş keçirmək haqqındakı qərarı suallar yaratdı. Əgər doğrudan da Milli Şura tam seçkiyə hesablanmış bir layihə idisə, onda müxalif düşərgə niyə yenidən qütblərə bölünür? Əgər İctimai Palata "birləşmiş" müxalifətin iradəsini əks etdirirdisə, onda Milli Şuraya nə ehtiyac vardı? Suallar çoxdur, biz bu suallara cavab tapmağa və müxalifət cəbhəsində gedən proseslər haqqında oxucularımızda düzgün təsəvvür yaratmağa çalışacağıq.
Nəticəsiz siyasi bazarlıq
Vahid namizəd məsələsində razılığa gəlməkdə çətinlik çəkən şura üzvü olan müxalif liderlərin aylardır davam edən siyasi bazarlığının bir nəticə vermədiyi, onların artıq fakt qarşısında qaldıqları tam çılpaqlığı ilə özünü göstərməkdədir. Müxalifətin son siyasi gedişləri və manevrləri artıq dəyişən dünyamızda ictimai şüura təsir baxımından həyata keçirdiyi təbliğat formasının köhnəlmiş olduğunu üzə çıxardı. 20 illlik müxalif siyasi təşkilatların yeni siyasi texnologiyalardan istifadə baxımından çox geridə qalması, lider kürsülərinin və funksioner yerlərinin bəlli insanlar tərəfindən "özəlləşdirilməsi", onların çağırışlarının, şüarlarının iki onillik ərzində Azərbaycanda yetişən yeni nəslin ortaya qoyduğu tamam fərqli ictimai, siyasi, iqtisadi düşüncəyə yad olması innovasiyalar əsrinin başlanğıcında bu təşkilatların qovluq şəklində arxiv rəflərinə ötürülməsini labüdləşdirib. 1992-ci ildəki yarımhərbiləşdirilmiş müxalifətin kütləyə qarışaraq həyata keçirdiyi çevrilişin havasına qapılaraq yenidən kütlələrin şüuruna təcavüz etmək cəhdləri müasir dünyamızda geosiyasi oyunların aparılması qaydaları baxımından ən uğursuz addım kimi qiymətləndirilə bilər. Artıq təfəkkür tərzi milli dövlətimizin yürütdüyü milli siyasətə uyğunlaşan cəmiyyətimizin şüuruna DTK zirzəmisində hazırlanmış 2-3 min işarəlik qısa bir mətnlə təcavuz etmək, onun beynini "yuyaraq" zombiləşdirmək qeyri-mümkündür. Ona görə də bu gün Azərbaycan siyasətində qalmaq istəyən liderlər və rəhbərlik etdikləri siyasi təşkilatlar intellektual kəsimlə və ziyalılarla iş aparmalıdırlar. Milli Şurada ortaq məxrəcə gələ bilməyən müxalifətin artıq radikalların toplaşdığı İctimai Palataya dönməsi, seçkilərin qərargahının da gələcəkdə məhz bura olacağını göstərir.
Xilaskar axtarışı və bayraq yarışı...
Azərbaycan müxalifətinin kütlənin reaksiyasını yoxlamaq cəhdi yuxarıda toxunduğumuz məsələnin həqiqət olduğunu bir daha sübut etdi. 18 avqust mitinqinin keçirilməsi Milli Şuraya daxil olan bəzi siyasi təşkilatların etirazı ilə qarşılansa da, bəziləri bunun keçirilməsinin marağında idi. Kütlənin ölkədə gedən proseslərə marağının səviyyəsini öyrənmək istəyən siyasi liderlərin seçkidən sonra atacaqları addımı indidən götür-qoy etmək baxımından bu aksiyaya böyük ehtiyacları vardı. Mötəbər mənbələrin verdiyi məlumata görə, Milli Şura daxilində aksiya keçirilməsində ən maraqlı lider Əli Kərimli, bu aksiyanın keçiriləməsinin qatı əleyhdarı isə məhz İsa Qəmbər olub. Aksiyadan çəkilmiş kadrlar da bu məlumatın doğruluğunu bir daha sübut edir. AXCP bayraqlarının çoxluğu, ilk baxışdan adamda mitinqin AXCP mitinqi olduğu təəssüratını yaradırdı. İnsanların mitinqə göstərdiyi reaksiya göz qarşısındadır. Ona görə də "rəngli və ağ-qara" iqilablara ümid bağlayıb olan-qalan elektoratını da itirmək istəməyən müxalifət, artıq batan iri gəmiyə pərçimlənmiş xırda qayıqlar kimi "xilaskar" axtarışındadır. Hazırda gedən proseslər də məhz onu göstərir ki, vahid namizəd kimi sinəsini irəli verəcək olan şəxs məhz müxalif liderlərin əsl "xilaskarı" olacaq.
Birləşmək adı altında imitasiya
Qeyd etmək istəyirik ki, Azərbaycanın klassik müxalifətinin çoxillik təcrübəsində bir sıra birləşmə və birləşməyə cəhdlər olub. 90-cı illərdə Demokratik Konqres, daha sonra 1998-ci il prezident seçkiləri ərəfəsində yaradılmış SİDSUH, "Dördlər", "Beşlər" kimi müxtəlif qurumlar artıq tarixin yaddaşında qalıblar. Bu illər ərzində dəyişməyən müxalifət və onun həminki liderləri isə elə həmin yolla da gedərək, seçkinin səhərisi günü özlərinin də yadlarından çıxaracağı qurumlar yaratmaqda davam edirlər. Aradan keçən illər onu sübut edib ki, Azərbaycan müxalifəti seçkilərdə vahid qurum və vahid namizədlə heç vaxt iştirak etməyəcək. Ən yeni siyasi tariximizdə bu, indiyədək mümkün olmayıb və indiki halda da Milli Şuranın vahid namizəd məsələsi münkünsüz görünür.
P.S. Əslində ölkəmizdə baş verənlər dilemma qarşısında qalmış, son nəfəsini verən müxalifətin onu məhvə aparan tarixi proseslər qarşısında uğursuz müqavimət cəhdləridir. Hər kəsə aydındır ki, bu, həqiqətən birləşmək yox, birləşmək adı altında imitasiyadır. Seçkilərdə iştirak - siyasi ölüm, seçkilərdən imtina - siyasi ölüm. Mat vəziyyətinə düşməsinə 1-2 gediş qalmış müxalifətin "qalaqurma" planı isə baş tutmur ki, tutmur. Çünki "qalaqurma" əməliyyatını topla yox, oyun masasına gizlicə daxil etmək istədikləri piyada ilə həyata keçirməyə çalışırlar. Bu piyadanın isə, hətta ona qarşı mübarizə aparılmayacağı təqdirdə belə, vəzirə dönmək ehtimalı sıfra bərabərdir...
Qafqaz Ömərov
banner

Oxşar Xəbərlər