• cümə axşamı, 25 aprel, 05:33
  • Baku Bakı 19°C

Milli Şurada dava düşdü Fotolar

03.12.13 17:02 1576
Milli Şurada dava düşdü Fotolar
Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun sədr postundan istefa ərizəsi müzakirəyə çıxarılıb.
APA-nın verdiyi məlumata görə, AXCP sədri Əli Kərimli çıxışında deyib ki, Cəmil Həsənli Milli Şuranın sədri postuna ən layiqli namizəddir.
O, Rüstəm İbrahimbəyovun isə heç bir siyasi səlahiyyəti olmayan fəxri sədri olmasını təklif edib: “Rüstəm İbrahimbəyovla isə elə rəftar etməliyik ki, sonra iki ziyalı bir-biri ilə söhbətdə deməsin ki, Rüstəm İbrahimbəyov müxalifətə dəstək versə də, ona hörmət qoymadılar”.
“El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev R. İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefası məsələsində təzyiqlə üzləşdiyini dilə gətirib. O, R. İbrahimbəyova Milli Şuranın fəxri sədri statusu verilməsi təklifini dəstəkləyib.
KXCP Ali Məclisinin sədri Bəybala Əbil və ACP sədri Sülhəddin Əkbər isə Milli Şurada həmsədrlik institutunun yaradılmasını dəstəkləyiblər. S. Əkbər Milli Şuranın seçki blokuna çevrilməsi, yaxud başqa formada fəaliyyəti ilə bağlı Hərəkət Planı hazırlanması və təşkilati forma qismində Xalq Təmsilçilər Məclisi kimi fəaliyyət göstərməsini istəyib. O, Milli Şuranın Əsasnaməsində Avropaya inteqrasiya məsələsinin də əksini tapmasını zəruri sayıb.
Cəmil Həsənli isə məsələləri mürəkkəbləşdirməməyə çağırıb: “Rüstəm İbrahimbəyov son məktubunda yazmayıb ki, müxtəlif məsələləri müzakirə edək. Konkret istəyini yazıb. Gəlin həm struktur, həm də fəaliyyət istiqamətlərini müzakirə edək, qabağa gedək. Kimin sədr olmasından daha çox, necə işləmək vacibdir. Rüstəm İbrahimbəyov bundan sonra da Milli Şuranın fəaliyyətinə dəstək verəcək”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı R. İbrahimbəyova təşəkkür məktubu qəbul edilməsini təklif edib, gələcəkdə başqa ziyalıların, o cümlədən Cəmil Həsənlinin Milli Şuradan küsdürülməsi təhlükəsinin olduğunu dilə gətirib. O, Milli Şurada təmsilçilik prinsipi əsasında məşvərət orqanı yaradılmasını, komissiyaların formalaşdırılmasını, Milli Şuranın regional strukturlarının yaradılmasını istəyib.
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov isə Milli Şurada həmsədrlik institutunun yaradılması barədə təkidlərin biabırçılıq olduğunu söyləyib: “Ayıbdır, adam həmsədr olmaq istəmir, yenə bu məsələni qaldırırlar”.
H. Əzimov bir qədər danışdıqdan sonra AXCP üzvləri onun reqlamentdən artıq çıxış etdiyini bildirərək, çıxışının dayandırılmasını təklif ediblər. Ancaq Müsavat başqanı İsa Qəmbər və Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı buna qarşı çıxıb. İ. Qəmbər “Niyə Hacıbaba Əzimova çatanda reqlament yada düşür, danışsın”, - deyə bildirib.
H. Əzimov çıxışını davam etdirib və R. İbrahimbəyova hörmət əlaməti olaraq ona fəxri sədr statusunun verilməsinin mümkün olduğunu qeyd edib.
Sonra çıxış edən A. Hacılı isə bildirib ki, real, ölkədə demokratik islahatlar aparmaq istəyən qüvvələrin birliyi olmalıdır: “Burada kimisə qiymətləndirmək üçün başqalarının fəaliyyətini sıfırlamaq olmaz. Burada elə adamlar var, mən onları seçki dövründə görməmişəm. Elə adamlar var ki, mitinqdə çıxış etmələrini təklif etmişəm, getməyiblər. Guya partiyaların indiyə qədər bir araya gəlmədiyi barədə fikirlər işlətmək düzgün deyil. Mən Milli Şura yarananda dedim ki, Seçki Qərargahı, mətbuat xidməti yaradın. Eldar Namazov dedi ki, bunların hamısı İcra Aparatının nəzdində olacaq. Ancaq İcra Aparatının fəaliyyəti hiss olunmadı”.
A. Hacılı R. İbrahimbəyova qarşı kampaniya apardığı barədə fikirlərlə razılaşmayıb: “Yaxın keçmişdə Müsavat Partiyasının qərargahında keçirilən toplantıda 4-5 partiya dedi ki, gedirik. Müsavat Partiyası və ACP-nin birgə səyi nəticəsində biz Milli Şuranı xilas etdik. Bir vaxtlar ehtiyat namizəd məsələsini ələ salırdılar. Biz indi növbəti mərhələyə gəlmişik, birliyimizi davam etdirmək istəyiriksə, bünövrəni düzgün qoymalıydıq. Rəsul Quliyev Milli Şuranın namizədinin əleyhinə təbliğat aparırdı, aparır. Lalə Şövkət və partiyasının da mövqeyi ortadadır. Biz ilkin mərhələdə Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı ideyasını qəbul etdik, sonra da Müsavat və AXCP-nin təkidi ilə Cəmil Həsənli prezidentliyə namizəd oldu. Rüstəm İbrahimbəyov prezidentliyə namizədliyi irəli sürüləndə sənədlər 9 gündən sonra Mərkəzi Seçki Komissiyaya təqdim olundu, Cəmil Həsənlinin namizədliyi irəli sürüləndə 20 saata sənədləri MSK-ya təqdim etdik. İndi sizə nə lazımdı? Real qüvvələrin birliyi, yoxsa amorf birlik?”
A. Hacılının çıxışından sonra Müsavat Partiyasının üzvü Tural Abbaslı ilə KXCP üzvləri arasında qalmaqal yaranıb. Tərəflərin əlbəyaxa olmasının qarşısını Milli Şuranın digər üzvləri alıblar.
Sessiya davam edir.Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər