• cümə axşamı, 28 mart, 19:00
  • Baku Bakı 13°C

Milli Şura reanimasiyadadır, onu süni nəfəs aparatına qoşublar

06.09.13 11:49 1388
Milli Şura reanimasiyadadır, onu süni nəfəs aparatına qoşublar
«EL» Hərəkatının funksioneri Eldəniz Quliyev birdən-birə politoloq Cümşüd Nuriyev haqqında onu aşağılayan məqalə yazıb. Artıq mətbuatda dərc olunan məqalədə C.Nuriyev nadanlıqda ittiham olunub. Haqqında yazılan bu məqalə və digər məsələlərlə bağlı politoloqun fikirlərini öyrəndik:
- Mən bu yazını oxuyandan sonra müxalifətimizə yazığım gəldi. Həm Ziyalılar Forumuna, həm «EL» Hərəkatına, həm də Milli Şuraya. Çünki Eldəniz Quliyev bu təşkilatların hər üçündə təmsil olunur. O məqalədə yalnız iki fakt düzdür. Biri mənim Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olmağım. Yəqin bu məlumatı internetdən tapıb. İkinci də mənim adım və soyadım. Yazıdakı digər fikirlərin hamısı cəfəngiyatdır. Ümumiyyətlə, Eldəniz Quliyevin ortaya qoyduğu bu məqalə cəfəngiyatdır. O öz səviyyəsinə uyğun bir yazı yazıb. Azərbaycan siyasəti 90-cı illərdə o səviyyədə idi. Belə çıxır ki, Eldəniz Quliyev təxminən 20 il geridədir. Məqalə kifayət qədər təhqirlərlə də doludur. Burada qeyd olunanlar müəllifin içindəki kini və nifrəti ortaya qoyub. Eyni zamanda, müəllif özünün həm də yazıqlığını, əlacsızlığını, gücsüzlüyünü göstərib. Bəli, mən dəfələrlə elan etmişəm ki, Azərbaycanda İlham Əliyevin alternativini görmürəm. Bununla bağlı saytlardan birində məqalə də yazmışdım. Mən Eldəniz Quliyev kimi səviyyəsiz bir adamın yazısından sonra heç vaxt öz mövqeyimi dəyişmərəm. Bu, mümkünsüz bir şeydir. Eldəniz Quliyevə xatırlatmaq istərdim ki, mən elmlər namizədi kimi müdafiə edəndə 26 yaşım var idi. Hazırda isə mən siyasi elmlər doktoruyam. Eldəniz Quliyev burada pul yığan vaxtı mən 3 il Qarabağda vuruşmuşam. Digər şeyləri qoyuram bir kənara, mən müharibə veteranıyam. Vaxtilə parlamentdə Azərbaycanın müstəqilliyinə səs vermiş deputatdan biriyəm. Amma bu məqaləni oxuyandan sonra həm də sevindim. Çünki bu məqaləni yazmaqla Eldəniz Quliyev həm özünün iç üzünü açdı, həm də Azərbaycan müxalifətinin müasir prototipini ortaya qoydu. Diqqətlə oxuyanda onun yazdıqlarının içində mən yoxam. O bu yazıda bir növ özünü təsvir edib. Diqqət yetirin, ən güclü yazıçılar, şairlər öz həyatlarından yazanlardır. Qeyd etdiyiniz məqalə də Eldəniz Quliyevin özü haqqında yazdığı şah əsərdir. Sadəcə bir yerdə səhv edib ki, öz adının yerinə mənim adımı yazıb.
- Sizcə, o niyə məhz sizi seçib?
- Onun harada doğulduğunu bilmirəm, heç maraqlanmamışam da. Amma türk olduğuna böyük şübhəm var. Çünki bu adam separatizmlə məşğuldur. Mən bir neçə dəfə onun separatizmi qızışdırmasını tənqid etmişəm. Yəqin buna görədir ki, bütün kinini-nifrətini bu cür kağız üzərinə töküb. Amma mən ona minnətdaram ki, özünü cəmiyyətə bu cür təqdim etdi. Ayrı bir şey demək istəmirəm. Onu Allaha tapşırıram.
- Hazırda Eldəniz Quliyevin təmsil olduğu «EL» Hərəkatı ölkədə sabitliyin pozulması planlarının olmasında ittiham olunur. Belə bir şəraitdə təşkilatın əsas funksionerlərindən birinin sizi hədəf seçməsi təsadüfi hesab oluna bilərmi?
- Mən qeyd etdiyiniz məsələ ilə bağlı hələlik heç bir yerdə danışmamışam. Yalnız yuxarıda qeyd etdiyim kimi Eldəniz Quliyevi separatçılıqda ittiham etmişəm. Amma separatçılığın özü də elə ölkədəki siyasi stabilliyin pozulmasına xidmət edir. Qeyd etdiyiniz yazıda Eldəniz Quliyev donosçuluqla bağlı bəzi qeydlər edib. Amma donosçunun nökəri olmaq donosçu olmaqdan daha təhlükəlidir. Getsin öz ətrafında kimlərin xarici ölkələrin xüsusi xidmət orqanlarına işlədiyini dəqiqləşdirsin. Gör bu adam nə qədər avam, siyasətdən uzaqdır ki, bu yaşında ondan istifadə edirlər. Xarici ölkələrin hərbi kəşfiyyat idarələrinin agentlərinin yanında fırlanır. Bundan o tərəfə daha nə deyim? Bir hərəkat ki, Əflan İbrahimovun əlində əsir-yesir olub artıq nə demək olar? Bu günlərdə onlar bir video yaydılar ki, Əflan İbrahimov terror çağırışları edib. Amma unudurlar ki, Əflan professional hərbçidir. O fikirləri «EL» Hərəkatının üzvlərindən söz almaq üçün söyləyib və o sözü də alıb. Deməli, bunlar siyasətdən çox uzaq adamdırlar. Əflan bir növ bunları ifşa edib. Təbii ki, hüquq mühafizə orqanları, prokurorluq bütün bunları araşdıracaq. Ən böyük faciə ondadır ki, qaz yerişi yerimək istəyən ördəklər iflasa uğrayıblar. Onlar qaz yerişi yerimək istəyərkən öz yerişlərini də itiriblər. Eldəniz Quliyev də bu proseslərə qoşularkən istədi Rüstəm İbrahimbəyov olsun. Çünki bu bədbəxti Azərbaycandan kənarda, Biləcəridən o tərəfdə heç kim tanımır. Bu istədi ki, dünya çapına çıxsın, amma öz çapını da itirdi. Bunlar hamısı hazırda aqoniyadadırlar. Hakimiyyətə nifrət gözlərini örtüb. Bu isə son nəticədə dövlət çevrilişi istəyini doğurur. Amma başqa şeyləri bir tərəfə qoyuram, bunların dövlət çevrilişi etmək üçün heç bir əqli potensialları yoxdur.
- «EL» Hərəkatı Milli Şuradan da inciyib.
- Bu inciklik təbiidir. Onlar istəyirdilər ki. Milli Şuranın namizədi Eldar Namazov olsun. Amma Əli Kərimli hiyləgər siyasətçi olduğundan «EL»i aldatdı. İndi də bu cür narazılıqlar ortaya çıxır. Əgər Eldar Namazovun müavini Milli Şuranın namizədi Cəmil Həsənlini deyil, İlqar Məmmədovu dəstəkləyirsə, hər şey ortadadır. Bu, açıq qarşıdurmadır. Sizə deyim ki, heç Milli Şuradakı digər partiyaların da «EL» Hərəkatından xoşları gəlmir. Müsavat Partiyası hərəkatı açıq şəkildə təxribatda ittiham edir. Rauf Arifoğlu bir neçə dəfə öz yazılarında «EL» Hərəkatının Rusiyanın layihəsi olduğunu açıq şəkildə ifadə edib. Bütün bunlar o deməkdir ki, Milli Şura artıq yoxdur. Bu qurum təşkilat kimi ölüb, üstəlik də meyidi ortada qalıb. Bir növ ölüyə yiyə duran yoxdur. Ölünü yerdən nə «EL», nə Müsavat, nə də AXCP götürmək istəyir. Milli Şura sanki reanimasiyadadır, onu süni nəfəs aparatına qoşublar. Bu şiş nə vaxt partlayacaq, aparatı ondan nə vaxt ayıracaqlar, bu sonranın işidir. Həm Milli Şuranın, həm də «EL» Hərəkatıın bütün səs-küyü oktyabrın 6-na qədərdir. Seçkidən sonra bunlardan əsər-əlamət qalmayacaq.
- Sizcə, Rüstəm İbrahimbəyovun proseslərdən bu cür kənara çəkilməsi nə ilə əlaqədardır? Yoxsa o da küsüb?
- Milli Şura layihəsi Rusiyanın idi. Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edib prezident İlham Əliyevi özü üçün yenidən kəşf etdi. Gördü ki, İlham Əliyev tam bir peşəkardır. Onun Azərbaycana rəhbərlik etməsi qonşuluq maraqları baxımından Rusiyaya da sərf edir. Onlar Rüstəm İbrahimbəyovu da çox gözəl tanıyırlar. Ona görə də səfərdən sonra Rüstəm İbrahimbəyovu bu layihədən kənara çəkdilər. Buradakılar da dərhal Milli Şuranı milliləşdirdiklərini bəyan etdilər. Digər tərəfdən. Rüstəm İbrahimbəyov həmişə müstəqil mövqeyi olmayan şəxs olub. Əslidə isə ölkəyə rəhbərlik etmək istəyən insanların mövqeyi dəyişməz olmalıdır. O isə Bakı küləyinə döndü, gah xəzri oldu, gah gilavar, gah da şimal küləyi. Hər şeyi bir-birinə qarışdırıb layihədən kənara çəkilmək məcburiyyətində qaldı. Digər tərəfdən yəqin ki, bu layihədən aldığı rola görə ona çatası maliyyəni alıb ki, artıq sakitləşib.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər