• çərşənbə, 24 Aprel, 04:00
  • Baku Bakı 14°C

Milli Şura «pat»dan çıxıb «mat»a düşdü

17.09.13 09:26 1354
Milli Şura «pat»dan çıxıb «mat»a düşdü
Bir neçə ay bundan öncəyədək müxaliflərin qələbə simvolu kimi təqdim etdikləri kinorejissor Rüstəm İbrahimbəyovun seçki marafonunun son mərhələsində düşərgəni tərk etməsi əməlli-başlı şok effekti yaradıb. Hələ bir müddət öncəyədək ismarıclarını verdiyi «ayrılığ»ı R.İbrahimbəyov son müsahibəsində birmənalı olaraq təsdiqlədi. Hətta o, bir qədər də irəli gedərək siyasətlə məşğul olmayacağını qəti şəkildə bildirdi.
Əslinə qalsa, heç bu günə kimi onun siyasətlə düz-əməlli məşğul olduğunu hiss edən də olmadı. Hər kəlməsində qeyri-peşəkar olduğunu nümayiş etdirməklə haqlı qınaqlara tuş gələn kinorejissor sonda ahıl yaşda birdən-birə siyasətə gəlməyin, siyasət meydanında duruş gətirməyin nə qədər çətin olduğunu anladı. Həmçinin onu da dərk etdi ki, kimə opponentlik edir və ətrafındakı komanda kimlərdən ibarətdir.
Bütün bunları götür-qoy etdikdən sonra seçki gününə az qalmış da olsa, reallıqla barışaraq proseslərdən uzaqlaşmağı üstün tutdu.
Özü və Milli Şura barəsində son günlər baş verənlərdən danışan kinorejissor APA-ya vediyi son müsahibəsinə Londona gözlənilən səfərini təxirə salmasının səbəblərindən başlayıb. O, bu barədə mətbuatda yayılan informasiyaları təkzib edib. Eldəniz Quliyevin onun Londona böyrək problemi səbəbilə getməməsi barədəki fikrinin doğru məlumat olmadığını deyib: «Londona getməməyim böyrəyimdə olan problemlə bağlı deyil. Mənim böyrəyimdə çoxdandır ki, daşlar var. Bunu orda Eldəniz Quliyev bilir, elə bu məlumatı da mətbuata o verib. Lakin mənim səfərə buna görə getməməyim həqiqət deyil. Mən indi çox məşğulam, Moskvada vacib işlərim çoxdur. Ona görə Londona gedə bilmədim».Görəsən özünü Azərbaycan müxalifətinin lideri hesab edən birisi xarici ölkə paytaxtında oturub hansı vacib işlərlə məşğuldur.
Düzdür, London səfərinin əhəmiyyətsizliyi hər kəsə aydın idi. O cümlədən İbrahimbəyova. Bununla belə əvvəlki müsahibələrində Londona səfərin çox ciddi mahiyyət kəsb etdiyini qabardan İbrahimbəyovun son anda ondan imtinası müxalifləri bir az da ümidsizləndirdi. Çünki müxalif media xeyli müddət London səfərinin əhəmiyyətini şişirdərək ictimai rəylə manipulyasiya etməyə cəhdlər göstərirdi. Sonda isə İbrahimbəyovun səfərə qoşulmaması hətta müxalifətin aparıcı funksionerlərini də təəssüfləndirdi.
Müsahibəsində prezidentliyə namizədliyinin qeydə alınmaması məsələsinə toxunarkən müxalifət düşərgəsini qanunları bilməməkdə ittiham edən İbrahimbəyov ümumiyyətlə namizəd olmaq arzusunda olmadığını da bildirib. O qeyd edib ki, Milli Şuradakılar onu buna məcbur edib: «Müxalifət də qanunları bilmirdi və bilmədiyi şeyə qarışmırdı. Mən onları başa düşürəm. İş ondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahid namizəd olum. Məni məcbur elədilər. Milli Şuranın yaradılması mənim təşəbbüsüm idi. Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi. İyunda Milli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim».
Göründüyü kimi, kinorejissor Milli Şura daxilində sağlam mühitin olmamasını da etiraf edir. Açıq şəkildə bildirir ki, müxaliflər Milli Şurada toplaşsalar da, bir-birinin mövqeyini qəbul etmək niyyətində deyillər. Xüsusi təmtəraqla, gurultu ilə müxalifətin vahid birliyi kimi təqdim olunan Milli Şuranın konkret olaraq İbrahimbəyovun adı ilə bağlı olduğu onun öz dilindən səsləndirilir. Bu isə onu göstərir ki, seçkilərədək qurum tamamilə tarixin arxivinə qovuşacaq.
İbrahimbəyovun müsahibəsində Rusiya vətəndaşlığından imtina etməməsi ilə bağlı fikirləri də diqqəti cəlb edir. O bildirib ki, artıq bu addımı atmayacaq: «Rusiya vətəndaşlığından çıxmaq mənə sərf eləmir. Əgər vahid namizəd deyiləmsə, seçkilərdə iştirak eləmirəmsə, bəlkə heç çıxmadım. Vətəndaşlığımdan çıxıb-çıxmayacağımla bağlı qərarım seçkilərin nəticəsindən asılı olacaq. Cəmil Həsənli və ya başqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağım çətin olacaq. Ona görə də, hər şeyi götür-qoy etdikdən sonra qərarı verəcəm. Yəni, vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni geri götürmək ehtimalım var».
Göründüyü kimi, müxalif düşərgəni Rusiya vətəndaşlığından imtina edəcəyi ilə aldadan İbrahimbəyov bu addımı atmaq niyyətində deyil. Digər tərəfdən maraqlı məqam ondan ibarətdir ki, Rusiya qarşısında heç bir öhdəliyi olmadığını bəyan edən İbrahimbəyov aşağıdakı fikirləri ilə özünün əsas fəaliyyətinin Rusiya ilə bağlı olduğunu və bundan sonra da belə olacağını bildirir. Siyasətə guya məcburən gətirildiyini iddia edən İbrahimbəyov müsahibəsində bundan bir növ peşmançılıq çəkdiyini də etiraf edib: «Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam. Sadəcə, seçki prosesinə qarışdım. Buna da ki məcburiyyət qarşısında qaldım».
İbrahimbəyovun müsahibəsinin sonu isə bir qədər sentimal olmaqla onun siyasətlə bilmərrə üzülüşdüyünü təsdiqləyir. O, ömrünün ahıl çağını yaşadığını, artıq yaradıcılığının son mərhələsinə gəldiyini bildirib: «Bu saat ömrümün elə bir çağındayam ki, yaradıcılıq işlərimi gərək yekunlaşdıram. “Günəş nöqtəsi” romanını bitirirəm, dörd hissəli romandır. Bu romanda Bakıda yaşayan dörd-beş nəfərin 1952-ci ildən əsrin axırınadək həyatından bəhs edilir. Film də çəkirəm».
Müxalifətin «Rüstəm İbrahimbəyov nağılı» artıq bitdi. O, özünün əvvəlki harmoniyalı həyatına qayıtmağı üstün tutub. Böyük ümidlərlə R.İbrahimbəyovu öz düşərgələrinə sürükləyən müxaliflər isə rus təfəkkürlü bir kino xadimini özlərinin naftalin qoxusu verən köhnə intriqa yuvalarında çox saxlaya bilmədilər. Bu, müxalif düşərgəyə bir növ dərs olmalıdır. Belə ki, seçki təşviqatının başladığı bir ərəfədə İbrahimbəyovun son addımı müxalifətə ən böyük zərbəni vurmuş oldu. Bu zərbədən sonra müxalifətin vahid namizədinin seçkilərdə hər hansı uğurundan bəhs edilməsi isə tamamilə absurddur.
R.İbrahimbəyovun əvvəl-axır belə bir addımı atacağı əslində gözlənilən idi. Çünki Rusiyada məskunlaşan kinorejissor hər dəfə ölkəyə qayıtma tarixi ilə bağlı bir yalan danışır, müxalif düşərgədə intriqaların baş alıb getdiyini söyləyir və s. Bütün bunlar isə sonda onun məlum addımı atacağının işartıları idi.
Müstəqil mətbuatda gedən obyektiv analitik təhlillər də R.İbrahimbəyovun gec-tez müxalifətlə yollarını ayıracağını əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi. Lakin bu tip qənaətlər hər dəfə müxalifət tərəfindən süngü ilə qarşılanırdı. Sonda kimin haqlı olması isə hər kəsə bəllidir. «Reneqat» Eldar Namazov Cəmil Həsənlinin vahid namizədliyindən sonra müsahibələrinin birində sevincəyə düşərək demişdi ki, Milli Şura artıq «pat» vəziyyətindən çıxdı. Amma indi İbrahimbəyov zərbəsindən sonra şuranının «mat» vəziyyətinə düşdüyünü artıq ondan soruşmağa ehtiyac yoxdu.
Göründüyü kimi, illər uzunu nifrətlə yanaşdıqları şimal qonşunun əli ilə Rüstəm İbrahimbəyovun prezident seçiləcəyinə inanaraq onu özlərinə lider edən müxalifətin sonda əli ətəyindən uzun çıxdı. Bu mənada ümid etmək olar ki, müxalif düşərgə nəhayət ki, İbrahimbəyovun tərs şapalağının təsiri ilə qəflət yuxusundan ayılacaq və bir daha seçkidə qalib gəlməyin yolunu xaricdə deyil, xalqla yaxınlıqda axtarmağın gərəkliyini dərk edəcək. Və bundan sonra müxaliflər xalqla görüşə, dünənədək ağız büzdükləri məkanlara - seçicilərlə görüş üçün ayrılmış xüsusi yerlərə - qaça-qaça gedəcəklər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər