• cümə axşamı, 25 aprel, 19:26
  • Baku Bakı 21°C

Milli Şura müqəddəs inəkdir?

29.12.13 11:58 1287
Milli Şura müqəddəs inəkdir?
“Biz seçkidən sonra Milli Şura ilə bağlı bir neçə təklif irəli sürdük. Təklif etdik ki, yeni dönəmdə Milli Şuranın hədəfləri dəqiqləşdirilsin, Rüstəm İbrahimbəyov hörmətlə yola salınsın, Cəmil Həsənli sədr olsun. Burda Milli Şuranın hədəflərinə zidd olan nə var? Bir ay bu məsələni uzatdılar, həmsədrlik məsələsini atdılar ortaya, sonra da fəxri sədrlik məsələsi ortaya çıxdı”.
APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya məclisinin toplantısındakı çıxışı zamanı deyib.
İ. Qəmbər bildirib ki, R. İbrahimbəyovun istefasından sonra Müsavata qarşı elə bil, səlib müharibəsinə başlayıblar: “Açırsan qəzetlərini, Müsavat Partiyasına qarşı yazılar yazırlar. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər. Əvvəl ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov deyirdilər, indi də ya Milli Şura, ya da Milli Şura deyirlər. Bütün qurumlar - istər İctimai Palata, istər Milli Şura olsun - bizim üçün bir vasitədir. Biz başa düşürük ki, Milli Şura AXCP-siz mümkün deyil, ziyalılarsız mümkün deyil, gənclərsiz mümkün deyil. Ancaq bu qüvvələr anlamırlar ki, Milli Şura Müsavatsız da mümkün deyil”.
İ. Qəmbər qeyd edib ki, Milli Şuranın müsbət və mənfi tərəfləri olub: “Ən müsbət tərəfi isə Milli Şuranı yaratmaq və uğurlu namizəd seçilməsi idi. Amma bir çox dostlarımız bəzi məsələlərə diqqət etmirlər. Çünki bu modelin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri oldu. Nəticədə ölkədəki vəziyyəti dəyişmək mümkün oldumu? Xalq seçkiyə gəldimi? Mitinqlərimizə hər zamankından çox adam gəldimi? Bu seçkidə namizədimizin hüquqi qələbəsinə nail ola bildikmi? Bunların heç biri baş vermədi. Problem prosesdə iştirak edən qüvvələrin xalqı inandıra bilməməsindədir”.
Onun sözlərinə görə, Müsavat Partiyasının Milli Şuradan çıxmaq haqqında qərarı yoxdur: “Biz Milli Şuraya daxil olanlarla müzakirəyə başlamışıq, müttəfiqlik sazişi təklif etmişik ki, hansı formatda ölkədəki vəziyyəti dəyişmək olar? Hansı formatda uğur qazanmaq olar? Bizə deyirlər ki, Milli Şura varsa, sazişə ehtiyac yoxdur. Hər hansı partiya Müsavatla əməkdaşlığa hazır deyilsə, biz həmin qüvvələrə necə etimad göstərə bilərik?”
banner

Oxşar Xəbərlər