AZE | RUS | ENG |

Milli Şura milli yox, antimilli maraqların daşıyıcısıdır

Milli Şura milli yox, antimilli maraqların daşıyıcısıdır
Seymur Orucov: «Mitinqə az adam gəlməsinin yeganə səbəbi budur ki, partiya üzvləri Milli Şura adı altında Rüstəm İbrahimbəyovun ətrafında birləşməyi qəbul etmirlər»


Oktyabrın 9-a təyin edilən prezident seçkilərinə iki aydan az vaxt qalıb. Lakin bir neçə müxalifət partiyasının birləşərək yaratdıqları Milli Şura bu günə kimi vahid namizədini doğru-düzgün müəyyənləşdirə bilməyib. Bir müddət əvvəl kinorejissor Rüstəm İbrahimbəyovu özlərinin vahid namizədi elan etsələr də, sonradan baş verən bəzi proseslər onlar üçün ehtiyat namizədin də seçilməsini zəruri edib. Bu isə tərəfdaşlar arasında yenidən ciddi fikir ayrılığına, qarşıdurmaya, parçalanmaya səbəb olub. Müxalifət düşərgəsində cərəyan edən son proseslər, onların seçkiyə hazırlıq səviyyəsi, keçirdikləri mitinqin uğursuzluğu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov cavablandırır.

- Seymur müəllim, iqtidar partiyasının nümayəndəsi kimi müxalifət liderlərinin prezident seçkilərinə hazırlığını, onlar tərəfindən yaradılan Milli Şuranın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Özlərini demokratiya carçısı adlandıran bir qrup şəxs tərəfindən yaradılan yeni qurumu mən daha çox antimilli şura adlandırıram. Çünki bunların özlərinə lider seçdikləri, ətrafında birləşdikləri adam daha çox ermənipərəst mövqeyi ilə seçilib. O, hər zaman erməniləri müdafiə edir, əvəzində azərbaycanlıları aşağılayır. Belə bir adam ətrafında cəmləşən insanlar da ən azından onun qədər antimilli, qeyri-ciddi şəxslərdirlər. Görünür ki, radikal müxalifət təmsilçiləri hər hansı dövlətin, yaxud da təşkilatın əlaltısını özlərinə lider seçməklə, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər. Lakin öz müdrikliyi, uzaqgörənliyi ilə seçilən Azərbaycan xalqı onların bu istəyinin qarşısını alacaq. Necə ki, Şura yaradılanda Azərbaycan cəmiyyəti onları dəstəkləmədi. Halbuki qabaqcadan verilən bəyanatlarda Şuranın geniş xalq kütlələrinin maraqlarını ifadə edəcəyi söylənilir və bu səbəbdən kütləvi dəstək alacağı bildirilirdi. Proseslərin gedişində isə Şuranı təşkil edənlər iflasa uğradılar. Hər kəsə bəllidir ki, Rüstəm İbrahimbəyov ssenaristdir. Belə adamlar daha çox utopiya ilə yaşayırlar. Prezidentliyə iddialı olan İbrahimbəyov da belələrindən olmaqla, siyasətə də elə o cür baxır. Əsl gerçəklikdə bu adam Azərbaycanın ictimai-siyasi həyatında populyar olmayan bir şəxsdir. XX əsrin 1990-cı illərindən bu yana xalqımızın yaşadığı ağrı-acıların heç birində yanımızda olmayıb. Hətta Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsinə, orada qətliamlar, talanlar törətməsinə də göz yumub, Dağlıq Qarabağ probleminə yanaşmada ermənipərəst mövqe sərgiləyib. Bütün bu faktlar bir daha onu göstərir ki, radikal müxalifətçilərin Milli Şura adlandırdığı qurum və onun vahid namizədi antimilli maraqların daşıyıcısıdır. Ona görə də bu qurum iflasa uğradı.

- Milli Şuranın avqustun 18-ə təyin etdiyi ilk mitinq uğursuz oldu. Sizcə, bir neçə partiyanı özündə cəmləşdirən bu qurumun meydana az sayda adam toplamasının səbəbi nə idi?

- Özlərini ana müxalifət, demokratik qüvvələr adlandırmalarına, seçki təbliğatı aparmalarına baxmayaraq, seçkilərə 50 gün qalmış bir namizəd belə irəli sürməyi bacarmayan bu insanlar təşkil etdikləri mitinqə heç min nəfər çıxara bilməməklə bütünlüklə rüsvay oldular. Əslində bu, Azərbaycan xalqının onlara sərt silləsidir. Mitinqə az adam gəlməsinin yeganə səbəbi budur ki, partiya üzvləri Milli Şura adı altında Rüstəm İbrahimbəyovun ətrafında birləşməyi qəbul etmirlər. 20 ildir müxalifətçilik edən, özlərini ana-ata müxalifət, milli maraqların keşikçisi, siyasi lider adlandıran şəxslər xarici təsir altında olan, namizəd kimi bəzi Konstitusion tələblərə uyğun gəlməyən Rüstəm İbrahimbəyovu özlərinə lider seçməklə, ətraflarındakı 3-5 adamı da perik saldılar. Özlərini qeyri-peşəkar, siyasi uzaqgörənliyi olmayan, liderliyə yaramayan, qeyri-ciddi şəxslər kimi ortaya qoydular. İfşa olunduqları üçün ətrafları da onları tərk etməyə başladı. Xalqın gözü tərəzidir deyiblər. Sadə partiya üzvləri öz liderlərinin milli maraqlara xəyanət etdiyini, yalnız şəxsi mənafeyi üçün çalışdığını görən kimi, onları tərk etməyə, meydanda tək qoymağa başladılar. Əslində bu gözlənilən idi. Çünki həmin o liderlər bir dəfə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqını aldatmışdılar. Siyasi hakimiyyəti ələ keçirən bu şəxslər ölkədəki ictimai-siyasi sabitliyi daha da gərginləşdirdilər, iqtisadiyyatı zəiflətdilər, vəzifə uğrunda savaşmaqla Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoydular. Son anda da hakimiyyəti qoyub qaçdılar. İndi isə onlar Rüstəm İbrahimbəyovun çətiri altında təkrar siyasi hakimiyyətə yiyələnmək istəyirlər. Lakin xalqı yenidən aldatmaq onlara nəsib olmayacaq. Uzaqgörən xalqımız Milli Şuranı dəstəkləməməklə onlara layiq olduqları yeri göstərir. Bu isə seçkini bəri başdan uduzmaq deməkdir. Çünki, əgər bir neçə partiya birləşib aksiyaya min nəfər çıxara bilmirsə, məntiqlə səsvermə günü onları dəstəkləyən də elə bu qədər ancaq olacaq. Belələrinin özlərini lider, ana müxalifət adlandırması heç bir əsasa, məntiqə sığmır.

- Məgər müxalifət təmsilçiləri Rüstəm İbrahimbəyovun seçkidə namizəd olmaq üçün Konstitusiyada müəyyən edilən müddəalara uyğun gəlmədiyini bilmirdilərmi? Əgər bundan xəbərləri var idisə, bilərəkdən onları belə bir addım atmağa nə vadar edirdi?

- İnanmıram ki, siyasi partiya rəhbərinin Konstitusiyada yer alan müddəalardan xəbəri olmasın. Xüsusən də seçki ilə bağlı, namizədlərlə bağlı öhdəlik və tələblərdən məlumatsız olmaları qeyri-mümkündür. Əgər siyasi proseslərə qoşulan birinin bundan xəbəri yoxsa, demək o heç siyasətçi deyil. Bu səbəbdən düşünürəm ki, müxalifət liderlərinin də bu barədə yetərincə bilgisi var idi. Sadəcə onlar cəmiyyət arasında öz nüfuzlarını, etibarlarını itirdiklərinə görə, məcbur qalıb kənar bir adamı özlərinə vahid namizəd seçdilər. Digər tərəfdən hər zaman seçkiləri uduzan bu adamlar elə güman edirdilər ki, Rüstəm İbrahimbəyov xarici dövlətin Azərbaycana göndərdiyi böyük qüvvədir və yalnız ondan istifadə edib hakimiyyətə gəlmək, müəyyən postlar tutmaq olar. Məncə, bu maraqlar, üstəlik də xaricdən özlərinə dəstək qazanmaq hissi müxalifəti hər hansı siyasi lider deyil, kinorejissor ətrafında birləşməyə vadar etdi. Bu vəziyyət isə onların nə qədər siyasi səbatsız olduqlarını ortaya qoydu. Onlar öz ətrafında olan insanlara necə biganə yanaşırlarsa, milli maraqlara da elə o cür yanaşıb tələm-tələsik Rüstəm İbrahimbəyovu müxalifətin vahid namizədi etdilər. Bilə-bilə ki, Azərbaycanın Seçki Məcəlləsində müəyyən şərtlər var, Konstitusiyada ikili vətəndaşlıq, xarici dövlət qarşısında öhdəliklə bağlı müəyyən müddəalar var, onlar İbrahimbəyovu özlərinə siyasi lider seçdilər. Bunu çarəsizliyin göstəricisi kimi də qiymətləndirmək olar. Təəssüf ki, radikal müxalifət təmsilçiləri xalqdan əlini üzüb hər hansı xarici dövlətdən, qüvvədən dəstək umurlar. Çünki onlarda liderlik qabiliyyəti, özünə və xalqa inam yoxdur. Belə vəziyyətdə isə həmin müxalif partiya sədrləri nəinki prezident, heç kənd bələdiyyəsinin sədri də seçilə bilməzlər.

- Seymur müəllim, müxalifət liderləri Milli Şurada Rüstəm İbrahimbəyovun çətiri altına sığınsalar belə, ortaq mövqeyə gələ bilmir, mətbuatda bir-birinə qarşı müxtəlif ittihamlar səsləndirirlər. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Baş verənlər müxalifətin üzərinə düşən məsuliyyəti dərk edə bilməməsindən, müxalifət olmaq, müxalifətçilik etmək üçün qabiliyətsizliklərindən xəbər verir. Müxalifət liderləri arasında daxili qarşıdurma səngimək bilmir. 20 ildir onlar ortaq mövqeyə gələ bilmirlər. Xüsusən də AXC və Müsavat partiyaları arasında qarşılıqlı ittihamlar hər zaman olub, indi də var. Maraqlar toqquşanda ən sərt şəkildə bir-birlərini tənqid, hətta təhqir edirlər. Artıq ətraflarındakı insanları aldada bilmirlər. Uzun illərdən sonra antimilli maraqlara xidmət edən Milli Şura adı altında bir yerə cəm olsalar da orada da yekdil münasibət ortaya qoya bilmirlər. Bu səbəbdən adıçəkilən qurum da dağılır. Seçkiyə qədər hər zaman onlar özlərini birlik carçısı kimi qələmə verir, seçki keçirilən vaxt isə bir-birini didir, parçalanırlar.

- Milli Şuranın sessiyasında ehtiyat namizədin seçilməsi məsələsi müzakirə edilib. Tarixçi-alim Cəmil Həsənlinin, jurnalist Mehman Əliyevin ehtiyat namizəd olması barədə fikirlər səsləndirilib. Adıçəkilən şəxslərdən hər hansı biri Milli Şuranın əsas namizədi olsa müxalifət seçkidə hər hansı uğur qazana bilərmi?

- Əvvəla, Milli Şuranın heç bir yerdə qeydiyyatı yoxdur. Özünü demokratiya və insan hüquqlarının keşikçisi sayan bir təşkilat ilk öncə ölkənin qanunlarına hörmətlə yanaşıb qeydiyyatdan keçməlidir. İkincisi, bu təşkilatın elan etdiyi vahid namizəd seçkilərin keçiriləcəyi ölkəyə gəlmək istəmir, hər dəfə bununla bağlı müxtəlif bəhanələr gətirir, yalanlar uydurur. Yalnız virtual olaraq təşkilatın tədbirlərinə qatılır. Kinorejissor kimi Rüstəm İbrahimbəyov hər gün bir ssenari yazır, müxalifət liderlərini də o ssenari əsasında oynadır. Hər yeni gün ağlına bir ideya gəlir, yeni bir adamı vahid namizəd etmək fikri yaranır. Dünənə kimi akademik Rafiq Əliyevin, bu gün isə tarixçi-alim Cəmil Həsənlinin və jurnalist Mehman Əliyevin ehtiyat namizəd olmasını istəyirlər. Bax, bu cür qeyri-peşəkar, qeyri-ciddi adamların arxasınca insanlar nəyə görə getməlidirlər ki? Hesab edirəm ki, Cəmil Həsənli, Rafiq Əliyev, Mehman Əliyevlə yola çıxmaq istəyənlərin gəmisi elə sahildəcə batacaq.

- R.İbrahimbəyov müttəfiqləri ilə apardığı müzakirələrin birində azərbaycanlıları çox passiv xalq kimi qələmə verib və qeyd edib ki, belə insanlarla ciddi nailiyyətlərə imza atmaq olmaz. Doğrudanmı, Milli Şuranın uğursuzluğunun günahkarı azərbaycanlılardır?

- Rüstəm İbrahimbəyovun Azərbaycan cəmiyyətində heç bir ictimai-siyasi nüfuzu yoxdur. Nəinki onun, eləcə də başqa ölkə vətəndaşı olan şəxsin də hansısa dövlət və xalq haqqında aşağılayıcı fikir işlətməsi yolverilməzdir. O cümlədən heç kimin Azərbaycan xalqını da aşağılamağa haqqı yoxdur. Əgər Rüstəm İbrahimbəyov belə hərəkətə yol verirsə, bu ondan xəbər verir ki, onun normal psixoloji durumu yoxdur. Ola bilsin bu onun yaşı ilə əlaqədardır. Özünü mədəniyyət və incəsənət adamı hesab edən şəxs elə bu sahə ilə məşğul olmalıdır. Yoxsa, bu günə qədər kino çəkib, 75 yaşında siyasətə atılmağın heç bir mənası yoxdur. Məsəl var deyərlər, qırxında öyrənən gorunda çalar.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946